Məhkəmə qərarları › İş №2-1(105)-427/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-427/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-427/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: hərbi rütbənin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-787/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Təltif komissiyasının Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının order və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilməsi qaydaları haqqında”Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldıqda və yüxarı qərargahlarda müsbət baxılmış sənədlər əsasında baxılır. Xidmət etdiyiniz hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmusuz. Bundan başqa “Vətən müharibəsinin iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə təltif olunmağınız barədə yuxarı komandanlıq qarşıında vəsatər qaldırılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Ordusunda xidmət keçdiyiniz N nömrəli hərbi hissə tərəfindən “Hərbi xidmətkeçmə” haqqında'” Əsasnamənin tələblərinə müvafiq olaraq, növbəti hərbi rütbənin verilməsi üçün təqdimatınız daxıl olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1978-ci ildə anadan olmuş, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində hərbi kafedranı bitirmiş və hərbi rütbəsi Leytenantdır. Bunu ona məxsus olan ZE Seriyalı ******* saylı hərbi bilet təsdiq edir. Vətən müharibəsi iştirakçısıdır. xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda gedən döyüşlər zamanı yaralanmış, “Bud sümüyünün zədələnməsi. Sağ femoral və femoral kutanoz sinirlərinin postravmatik neyropatiya. Sensor-motor pozulma, funksiyanın mülayim dərəcədə pozulması” diaqnozu ilə ona xx.xx.2021 -ci ildə 3-cü dərəcəli əlillik verilmişdir. O, Vətən müharibəsi zamanı X3 vəzifəsini icra etmiş (N saylı h/h-nin 4-cü MAT) və hərbi rütbəsi Leytenant olmuşdur. Azərbaycan Respublikası MN-nin xx.xx.2020- ci il tarixli, 01452 saylı əmrlə səfərbərlikdən ehtiyata buraxılmış və onunla eyni vaxtda Vətən müharibəsində iştirak etmiş zabitlərə növbəti rütbələr verilsə də ona hərbi hissə komandanlığı tərəfindən Baş Leytenant rütbəsi verilməmişdir. N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun tabor komandiri mayor Elbrus Quliyev tərəfindən göstərdiyi şücaətə və qəhrəmanlığa görə həvəsləndirmə vasitəsi olaraq Baş Leytenant rütbəsi verilməsi üçün hərbi hissə komandirinə raport vermişdir. Həmçinin mayor E.Qarayev ona “Xocavənd”in azad edilməsi və “Cəsur döyüşçü” medallarının verilməsi üçün vəsadət qaldırılmışdır. “Füzulinin azad edilməsi” medalı ilə təltif edilsə də ona “Xocavənd”in azad edilməsi və “Cəsur döyüşçü” medalları verilməmişdir. Halbuki həmin medalların verilməsi üçün hərbi hissə komandanlığı qarşısında vəsadət qaldırılmışdır. Həmçinin hesab edir ki, ona Baş Leytenant rütbəsi zamanında verilmiş olsaydı xəsarətlə əlaqədar olaraq təyin edilmiş pensiyanın məbləği fərqli olardı. Yəni hazırki məbləğdən artıq olardı. Buna görə də ona Leytenant rütbəsi ilə Baş Leytenant rütbəsi arasında ödənilən rütbə maaşına görə əlavə kompensasiya ödənilməlidir. Ona Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. - təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. -bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur.Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin xx.xx.2023-cü il tarixli 1/3974 nömrəli məktubunda Şəxsi Heyət Baş idarəsinin Kadrlar idarəsində aparılan uçot sənədlərində İddiaçı “Cəsur döyüşçü, Xocəvəndin azad olunması görə medallarla və növbəti rütbə” təltif olunması ilə bağlı hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat aşkar olunmadığı qeyd edilmişdir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-787/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təltif komissiyasındakı sənədlərdə İddiaçı Cəsur döyüşçü, Xocəvəndin azad olunması görə medallarla təltif olunması və növbəti rütbənin verilməsi üçün hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat və ya təqdimat mövcud deyil. Belə olan halda Müdafiə Nazirliyinin üzərinə müvafiq öhdəliklərin qoyulması yolverilməzdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbləri üzrə kifayət qədər araşdırma aparmamış, səthi, qeyri-obyektiv qərar qəbul etmişdir. O, Füzuli və Xocavəndin azad edilməsində iştirak etmiş və bu zaman yaralanmışdır. O döyüşlər zamanı X3 vəzifəsini icra etmişdir. Ştat üzrə tutduğu vəzifə Taqım Komandiri olduğundan rütbə Baş Leytenant olmalıdır. Bir qayda olaraq Taqım Komandirləri Baş Leytenant rütbəsində olur. Vətən müharibəsində iştirak etmiş zabit həmkarlarıma növbəti rütbə, yəni Baş Leytenant rütbəsi verilmişdir. Tabor Komandiri E.Quliyev tərəfindən göstərdiyi şücayətə və qəhrəmanlığa görə Baş Leytenant rütbəsinin verilməsi üçün hərbi hissə komandirinə raport verilmişdir. Həmçinin taqım komandiri E.Quliyev “Xocavəndin azad edilməsi” və “Cəsur döyüşçü” medallarının verilməsi məqsədilə vəsadət qaldırmışdı. Hal-hazırda vətən qarşısında borcumu yerinə yetirərkən xəsarət almış və 3-cü qrup əlildir. Baş Leytenant layiq olsa da həmin rütbəni almamışdır. Vaxtında həmin rütbəni almadığından təyin edilmiş pensiya məbləği fərqlidir. Məhkəmə qərar qəbul edərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 32-ci maddəsinin tələblərini pozmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 32-ci maddəsinə görə “Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən hərbi qulluqçulara həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər”. Qanunun bu normasından görünür ki, müharibə dövründə xidmət müddətindən asılı olmayaraq hərbi qulluqçuya tutduğu hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. Buna görə də iş üzrə qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(118)- 787/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

10. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı hərbi rütbələr verilir: zabitlər- kiçik leytenant, leytenant, baş leytenant, kapitan....

22. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin edilmək və ya həqiqi hərbi xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara (müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, kursant və bağlaşma üzrə hərbi xidmət keçənlərdən başqa) hərbi hissələrdə alay (briqada), əlahiddə tabor komandiri, onlara bərabər və onlardan yuxarı birbaşa rəislər tərəfindən (5 və 6 saylı əlavələr) imzalanan təqdimatlar tərtib edilir və vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə göndərilir. Qeyd olunan məsələlər üzrə təqdimatları imzalamaq hüququ olmayan hərbi hissə bölmələrinin komandirləri və digər birbaşa rəislər komanda üzrə raport verməklə bu barədə vəsatət qaldırırlar.

23. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin olunmaq və ya həqiqi hərbi xidmətdən (kursantlar üçün — kursantların həqiqi hərbi xidmətindən) buraxılmaq üçün təqdim olunan müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və kursantlara hərbi hissələrdə (hərbi təhsil müəssisələrində) bu barədə bilavasitə və yuxarı birbaşa rəislər (komandirlər) tərəfindən imzalanan vəsatət qaldırılır və raport verməklə komanda üzrə müvafiq qurumların vasitəsilə vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq rəislərə göndərilir.

24. Müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, eləcə də hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar gizir (miçman) heyətinin hərbi rütbələri verilməklə, gizirlər (miçmanlar) tutan vəzifələrə təyin olunmağa təqdim edildikdə, hərbi hissələrdə onlara təqdimatlar bu Əsasnamənin 22-ci maddəsinin tələblərinə müvafiq olaraq tərtib edilir.

25. Bu Əsasnamənin tələblərinin hərbi qulluqçulara tətbiqi Əsasnamə ilə hüquq verilmiş birbaşa rəislərin qərarı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və direktivləri ilə həyata keçirilir. Müəyyən edilmiş hallarda bu qərar şəxsi heyət və ya nizami hissə üzrə əmrlərlə tərtib edilir. Rəis müvəqqəti olaraq yerində olmadıqda hərbi xidmətin keçilməsi məsələləri üzrə qərarlar rəisin vəzifəsini icra edən şəxs (əgər vəzifənin müvəqqəti icra edilməsi haqqında əmr verilibsə) tərəfindən qəbul edilir.

41. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. ...

42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir. ...

43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim edilirlər. ... “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 30. Hərbi rütbələr 30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Maddə 31. Hərbi rütbələrin verilməsi 31.1. Ali zabit hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 31.2. Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı X1”nin tələblərinə müvafiq qaydada verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ....2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;.... Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;... Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “Baş leytenant rütbəsinin” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi “Baş Leytenant rütbəsinin, “Xocavənd”in azad edilməsi, “Cəsur döyüşçü” medallarının verilməsi və Baş Leytenant rütbəsinə görə əlavə rütbə maaşının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müvafiq hərbi hissədən iddiaçıya növbəti hərbi rütbə verilməsi ilə bağlı təqdimat daxil olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu olmaqla, leytetnant hərbi rütbəsinə malikdir. Həmçinin, iddiaçı vətən müharibəsi dövründə xx.xx.2020xx.xx.2020-ci il tarixədək müvafiq hərbi hissədə xidmət keçmiş, həmin hərbi hissə komandiri tərəfindən verilmiş təltif sənədlərinə əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. İndiki halda iddiaçının hüquqi marağı ona növbəti hərbi rütbənin verilməsindən ibarət olmuşdur. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən hərbi qulluqçular növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Qanunvericilik normasının dispotiziv şərtlərindən görünür ki, hərbi qulluqçunun növbəti hərbi rütbəyə təqdim edilməsi müvafiq inzibati orqanın diskresion səlahiyyətinə aid edilmiş (seçim hüququ inzibati orqana məxsus olmuş), habelə həmin səlahiyyətin icrası da cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməklə, onun xüsusi diskression səlahiyyət forması kimi qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Həmçinin, qeyd edilməlidir ki, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilsə də, bu səlahiyyətlərin həyata keçirilməsində ona tam sərbəstlik verilməmişdir. Belə ki, inzibati orqan özbaşına fəaliyyət göstərə bilməz və o, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədlərini, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə almalıdır. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi sevirir edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq hərbi hissə tərəfindən iddiaçı barəsində hərbi rütbənin verilməsi bağlı təqdimatın verilməsi və onun əsasında cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmə aparılması halı müəyyən edilməmişdir. Bu baxımından da indiki halda cavabdeh inzibati orqanın hərəkətləri iddiaçının hüquqlarına müdaxilə və ya əsassız məhdudlaşıdırılmasına səbəb olan hal kimi ortaya çıxmamışdır. Belə ki, yuxarıda istinad edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir. İndiki halda, iddiaçı iddia tələbinin əsası kimi məhz Vətən müharibəsində iştirak etməsi, qəhrəmanlıq və şücaət göstərməsi, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, yaralandığından, ona əlillik təyin edilməsi kimi hallara istinad edilmişdir. Qanunvericiliyin qeyd olunan normasının dispozitiv şərtinin məzmunundan görünür ki, qeyd olunan hallar hərbi rütbəyə təqdim edilmə üçün imperativ norma kimi deyil, dispozitiv səlahiyyət kimi ehtiva olunmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən digər faktiki şərtlərin (attestasiya olunması və digər) mövcudluğu sübuta yetirilə bilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona hərbi rütbənin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qeyd edilən hissədə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bir hissəsi üzrə müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “Baş leytenant” rütbəsinin verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-787/2024 nömrəli qərarı iddia tələbinin “Baş leytenant” rütbəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar