Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-427/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Həsənova (Abdullayeva) Gülzadə Tahir qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının müddətsiz əlilliyinin “əlillik” altsistemində xx.xx.2020-ci ildən bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-cü il tarixli, 2-1(118)-420/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Həsənova (Abdullayeva) Gülzadə Tahir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının müddətsiz əlilliyinin “əlillik” altsistemində xx.xx.2020-ci ildən bərpası vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonunun Qayalı kəndində yaşadığı vaxt mərmi partlayışı zamanı dağıntılar altında qalmaqla ağır xəsarətlər almış və həmin xəsarətlərlə bağlı aldığı müalicələr nəticə verməmiş və ona 2014-cü ildən müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur, lakin xx.xx.2020-ci ildən ona pensiyanın verilməsi dayandırılmış və bərpa olunacağı vəd edilsə də, xeyli müddət keçməsinə baxmayaraq məsələ öz həllini tapmamışdır. İddiaçı hazırda xəstə olduğunu və mütəmadi müalicələrə ehtiyacı olduğunu, habelə pensiyanın kəsilməsinin özünə maddi sıxıntılar yaşatdığını bildirmişdir. Əlavə olaraq iddiaçının həyat yoldaşı da 2-ci qrup müddətsiz əlildir. Hərəkət qabiliyyəti məhdudluğundan əziyyət çəkir. İddiaçı ərizə ilə cavabdehə xx.xx.2023cü ildə müraciət etməklə onun müddətsiz əlilliyinin əlillik altsistemində dayandırıldığı vaxtdan bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının məktubunu xx.xx.2023cü il tarixdə alsa da, cavablandırmamışdır. Hazırda isə altsistemə daxil edilmiş məlumata baxdıqda iddiaçıya 2014-cü ildə əlilliyin 1 il müddətinə təyin olunması və həmin müddətin xx.xx.2015-ci ildə bitməsi barədə məlumat daxil edilmişdir. Halbuki iddiaçı 2014-cü ildə özünə əlilliyin müddətsiz təyin olunduğunu və bu səbəbdən xx.xx.2020-ci il tarixə kimi pensiya aldığını bildirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində ilk dəfə qiymətləndirilmiş va ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və “hərbi xidmət vəzifələrini yerinə yetirməklə” səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2015-ci il tarixindən sonra "Əlillik" altsistemində vətəndaşa dair göndəriş va ya məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarında olan TSEK-də müayinə aktından çıxarışlara əsasən iddiaçıya 28 mart 2011-ci il tarixdə ümumi xəstəlik səbəbindən 1 il müddətinə İİ qrup əlilliyin təyin edilməsi, 12 mart 2014-cü il tarixdə hərbi əməliyyatlar keçirilən zaman alınmış xəsarətlər səbəbindən növbəti müayinə tarixi 12 mart 2015-ci il tarixi göstərilməklə 1 aprel 2015-ci il tarixədək İİ qrup əlilliyini təyin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək İİ qrup əlilliyə görə 150,59 manat pensiya təyin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş arayışda xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-cü il tarixli, 2-1(118)-420/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Abdullayeva (Həsənova) Gülzadə Tahir qızı barəsində təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin dayandırıldığı - 30 aprel 2020-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2011-2014-cü illərdə ikinci dərəcə əlillik təyinatına əsas verən xəstəliklərinin onda təsbit edilməsi, həmçinin, sonuncu dəfə ona müddətsiz əlilliyin 2014-cü il tarixdə təyin edilməsi, 2020-ci il tarixədək müddətsiz əlilliyə görə pensiya ödənişlərinin davam etməsi, eləcə də iddiaçının vəziyyətində hər hansı sağalma hallarının müşayiət olunmaması, lakin buna baxmayaraq cavabdeh orqan tərəfindən şəxsin əyani müayinəyə cəlb edilmədən mövcud əlilliyinin dayandırılması onun sosial təminat hüquqlarının birbaşa pozulması ilə nəticələnir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq müvafiq tibbi ekspertiza və vətəndaşın əyani vəziyyətinin yoxlanılması üçün əyani müayinənin keçirilməsi barədə aralıq qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki mübahisə cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının müddətsiz əlilliyinin “əlillik” altsistemində bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində ilk dəfə qiymətləndirilmiş va ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və “hərbi xidmət vəzifələrini yerinə yetirməklə” səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2015-ci il tarixindən sonra "Əlillik" altsistemində vətəndaşa dair göndəriş va ya məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Həsənova (Abdullayeva) Gülzadə Tahir qızına 30 dekabr 2014-cü ildən müddətsiz ikinci qrup əlilliklə bağlı müvafiq sənəd verilmiş (520017 saylı arayış, iş materialları səh.5), o xx.xx.2020-ci il tarixinədək əlilliklə bağlı pensiya almışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2- 156179/2024 nömrəli məktubda qeyd edilir ki, iddiaçı Həsənova (Abdullayeva) Gülzadə Tahir qızının pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya 28 mart 2011-ci il tarixdə əmək pensiyası təyin olunmuşdur. 29 dekabr 2022-ci il tarixli mail vasitəsilə daxil olmuş məktuba əsasən vətəndaşın əlilliyinin müddətinin xx.xx.2015-ci il tarixdə bitməsinə baxmayaraq 10111,22 manat artıq ödəmə aşkarlanmışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş 3-17-7/2-A-39721/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əlilliyə görə əmək pensiyası almışdır. Beləliklə, cavabdeh şikayətinin dəlilində 2015-ci ildən sonra iddiaçıya əlillik təyin edilmədiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya 2014-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və 2020-ci ilin aprel ayınadək pensiya ödənilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın öhdəlik daşıdığı vəzifəni düzgün icra etməməsi iddiaçının hüquqlarını pozmaqla, onun sosial təminat hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Hazırki işdə cavabdeh inzibati orqan yalnız “altsistemdə” olan məlumatlara istinad etməklə, “altsistemə” məlumatların düzgün daxil edilməsinin onun öhdəlik daşıdığı məsələ olduğunu diqqətə almır. Məhkəmə kollegiyası qeyd edir ki, elektron sistemə (altsistemə) zəruri məlumatların yerləşdirilməməsi cavabdeh inzibati orqanın öhdəliyində olan bir məsələ olmaqla iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya 2020-ci ilin aprel ayınadək əmək pensiyasının ödənişinin davam etdirilməsi elektron sistem ilə digər sənədlər arasında uyğunsuzluq olması faktını bir daha təsdiqləyir. Belə ki, cavabdeh inzibati orqan əlillik müddətinin 2015-ci ildə bitdiyini qeyd etsə də, iddiaçıda əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin mövcud olması və eyni zamanda 2020-ci ilin aprel ayınadək pensiya almağa davam etməsi cavabdehin dəlillərini təkzib etmiş olur. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin verilməsi və eyni zamanda 2020-ci ilin aprel ayınadək pensiya almağa davam etməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətsiz əlilliyi ilə bağlı məlumatlar elektron sistemə yerləşdirilməli, onun etimad hüququ qorunmalıdır. Həmin məlumatların mötəbərliyi ilə bağlı inzibati orqanda əsaslı şübhələr olduğu təqdirdə isə, sözügedən inzibati orqan inzibati icraat aparmaqla qanunauyğun olaraq əlilliyin dayandırılması barədə qərar qəbul edə bilər. Lakin hazırki iş materiallarında belə bir inzibati icraatın həyata keçirilməsi müəyyən olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən iddiaçının müddətsiz əlilliyinin “əlillik” altsistemində xx.xx.2020-ci ildən bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı pensiyanın dayandırıldığı tarixi qeyd etməklə, həmin tarixdən altsistemdə bərpa edilməsini tələb etmişdir. Belə ki, cavabdeh inzibati orqan xx.xx.2015-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsinin dayandırılması, həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciət etməməsi halına istinad etmişdir. Elektron altsistemdə iddiaçı ilə bağlı sonuncu təyinat 2014-2015-ci illəri əhatə etdiyindən 30 aprel 2020-ci il tarixdən hər hansı dayandırılma tətbiq olunmamış, bununla bağlı elektron altsistemdə qeyd aparılmamışdır. Hazırda iddiaçının hüquqi marağının pensiyanın bərpa olunması olduğunu nəzərə almaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı X2 barəsində olan 30 dekabr 2014-cü il tarixli müddətsiz əlilliklə bağlı məlumatların əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, X2 xx.xx.2014-cü il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyinin əlillik elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda hazırkı məhkəmə qərarı yuxarıda qeyd edilən qaydaların tətbiqini istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-cü il tarixli, 2-1(118)-420/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı X2 xx.xx.2014-cü il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyinin əlillik elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.