Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-428/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Ağaverdioba Bələdiyyəsinin 28 dekabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən Xaçmaz rayonu, Balaqusar kəndi ərazisində ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakda qeydə alınması və çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-862/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim etdiyiniz sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyiniz 0.10 ha torpaq sahəsi Xaçmaz rayon Ağaverdioba bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə verilmiş və həmin qərar əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Bildiririk ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Ağaverdioba bələdiyyəsinin 28 dekabr 2007 ci il tarixli 13 saylı qərarina əsasən Xaçmaz rayonu Balaqusar kəndi ərazisində yerləşən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Xaçmaz rayonu Balaqusar kəndi ərazisində yerləşən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqəli,uqodiyası həyətyanıdır, faktiki naturada istifadəsində torpaq sahəsi 0.10 ha təşkil edir, kommunikasiya xətləri keçmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz rayon Ağaverdioba Bələdiyyəsinin 28 dekabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən Xaçmaz rayonu, Balaqusar kəndi ərazisində ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakda qeydə alınması və çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə fərdi mənzil tikmək üçün torpaq sahəsinin ayrılması məqsədi ilə Balaqusar kəndinin aid olduğu Ağaverdioba Bələdiyyəsinə müraciət etsə də 2007-ci ildə rəsmi olaraq qeydə alınmışdır. 2007-ci il 19 noyabr tarixli rəsmi müraciətindən sonra torpaq alqı-satqısı gerçəkləşmiş, 360 manat pul Ağaverdi oba bələdiyyəsinin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Ağaverdi oba bələdiyyə nümayəndəsi X4, mən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovanun iştirakı ilə imza və möhürlərlə təsdiq edilmişdir. Bundan başqa 05 avqust 2022- ci il Həsənqala bələdiyyəsinin verdiyi arayışda göstərir ki, həqiqətən bu torpaq sahəsi 28 dekabr 2022-ci il tarixli 13 saylı iclasın qərarı ilə mənə fərdi evin tikilməsi üçün verilib və hazırda həmin qərar qanuni qüvvədədir. 14 dekabr 2007- ci il qəbz nömrə 34dən görünür ki, 360 manat rüsum ödəmiş, həmçinin xx.xx.2022-ci il tarixli Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay kənd İƏD-də nümayəndəsinin verdiyi arayışdan göstərilir ki, 0.10 ha həyətyanı sahə 2005-ci ildən onun istifadəsindədir. Torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reysterində qeydə alınması və çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin imtina verilmiş və göstərilir ki, bu torpağa çıxarış verilməsi qanunsuzdur və imtina edilir. Səbəb isə xx.xx.2007-ci ildən bu yana bələdiyyələrin torpaq üzərində hüquqları yalnız müsabiqələr vasitəsilə mümkündür. 29 dekabr 2007- ci il tarixli qərarından görünür ki, o həmin torpaq sahəsi üçün 19 noyabr 2007- ci ildə müraciət etmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, idarəyə xx.xx.2022-ci il tarxli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Təqdim etdiyiniz sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyiniz 0.10 ha torpaq sahəsi Xaçmaz rayon Ağaverdioba bələdiyyəsinin xx.xx.2007-ci ıl tarixli 13 saylı qərarı ilə verilmiş və həınin qərar əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. Həmçinin bildirilir ki, vətəndaş tərəfindən yuxanda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-862/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Ağaverdioba Bələdiyyəsinin 28 dekabr 2007-ci il tarixli 13 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DT və XK-nin müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olubolmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DTXK-dən alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2- ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. Torpaq sahəsinin yerləşdiyi yerin məlum olamaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Hazırkı, iddia tələbi üzrə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayonu Balaqusar kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Təqdim etdiyiniz sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyiniz 0.10 ha torpaq sahəsi Xaçmaz rayon Ağaverdioba bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə verilmiş və həmin qərar əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Belə ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı müvafiq bələdiyyə qərarı əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bundan imtina edilərək, imtinanı əsası kimi sözügedən torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli bələdiyyə qərarının və həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktın Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınması, mülkiyyət hüququnun yalnız torpaq hərracları və ya müsabiqələr vasitəsilə əldə edilməsinin mümkünlüyü halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Xaçmaz rayonu, Ağaverdioba bələdiyyəsinin 28 dekabr 2007-ci il tarixli, 13 saylı qərarına əsasən İddiaçı bələdiyyənin ehtiyat fondundan fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaqların alıqsatqısına dair akt tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan 14 dekabr 2007-ci il tarixli qəbzin surətindən görünür ki, müvafiq məbləğdə pul vəsaiti İddiaçı tərəfindən Xaçmaz rayonu Ağaverdioba bələdiyyəsinin hesabına ödənilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin yeruquluşu planından çıxarış tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, imtina əsası kimi istinad edilən hallar iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etmədiyindən və cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunduğundan, imtina və apellyasiya şikayətinin qeyd edilən hissədə dəlilləri formal olmaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və apellyasiya şikayətinin digər dəlilləri (hərrac və ya müsabiqə vasitəsilə əldə edilməsinin mümkünlüyü və texniki hissəyə münasibət bildirilməməsi) ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinin məzmununda Xaçmaz rayonu Balaqusar kəndi ərazisində yerləşən sözügedən torpaq sahəsinin 0,10 ha olmaqla, kateqoriyasının yaşayış məntəqəli, uqodiyası həyətyanı, faktiki naturada istifadəsində torpaq sahəsinin 0,10 ha təşkil etdiyi, kommunikasiya xətlərinin keçməməsi qeyd edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı 1987-ci il tarixdən həmin kənd üzrə daimi pasport qeydiyyatında olmaqla, orada yaşayır. Qeyd edilən hallar özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş,birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş,iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-862/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.