Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-428/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X12, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0.25 ha sahəsi olmuş 3049 nömrəli bağ sahəsindən yerdə qalmış 0.14 ha torpaq sahəsinin mərhum xx.xx.2006-cı ildə vəfat etmiş X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-946/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər XDS İK-nın nəzdində bağlar təsərrüfatı idarəsi tərəfindən “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 227 nömrəli, xx.xx.1985-ci il tarixli icarə müqaviləsi əsasında X10 Sumqayıt şəhəri, bağ massivi, 3049 ünvanı ərazisində 0.25 ha torpaq sahəsi ayrılmışdır. Döğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X2r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı ildə ölmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, “təqdim etdiyiniz bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş sahəsi 0.25 ha olan 3049 saylı bağ sahəsinə dair xx.xx.1985-ci il tarixli 227 nömrəli icarə müqaviləsində müqavilənin bağlanmasına səbəb olan hüquqi əsas qeyd edilməmiş və idarənin arxiv məlumatlarında həmin əsasla bağlı məlumat aşkar olunmamışdır.Bundan əlavə bildiririk ki, idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman tərəfinizdən faktiki göstərilən torpaq sahəsinin ölçüsünün sənəd üzrə göstərilən torpaq sahəsindən fərqli, 0.14 ha olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin naturada sərhəd ölçülərini göstərən sənəd müraciətinizə əlavə olunmadığından və arxiv məlumatlarında aşkar edilmədiyindən tərəfinizdən göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 3.389 saylı qərarının tələblərinə uyğun olaraq 0.12 ha-ya qədər torpaq sahəsinin ayrılması ilə bağlı məhdudiyyət nəzərə alınmaqla sözügedən torpaq sahəsinin bölgüsü aparılaraq yenidən icarə müqaviləsi bağlanmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktunubdan görünür ki, tələb olunan sənədlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin, eləcə də Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin arxivində aşkar olunmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağları ərazisi, 0.14 ha torpaq sahəsində yerləşən 3049-li bağ sahəsinin xx.xx.2006-cı ildə vəfat etmiş X3 adına dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0.25 ha sahəsi olmuş 3049 nömrəli bağ sahəsindən yerdə qalmış 0.14 ha torpaq sahəsinin mərhum xx.xx.2006- ci ildə vəfat etmiş X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Saray bağları ərazisi, 3049 ünvanda yerləşən 0,14 ha torpaq sahəsi üzərində mərhum atası X4 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin imtina verilmişdir. Adı çəkilən 3049 nömrəli 0,25 ha bağ sahəsi 10 dekabr 1985ci ildə Sumqayıt XDS İK-nin bağ təsərrüfatı idarəsi tərəfindən 227 nömrəli müqaviləyə əsasən X1nun icarəsinə verilmişdir. Həmin vaxtdan bu bağ sahəsi ailənin istifadəsində olmaqla, həmin torpaq sahəsində ev tikmiş və orada bağ təssərrüfatnı idarə etmişdir. Göstərilən bağ sahəsinin təsdiq edilmiş plan ölçüsü vardır və müqaviləyə əlavə olunmuşdur. X1 05 dekabr 2006-cı ildə, anası X24 isə 08 fevral 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Hazırda bağ sahəsi onun istifadədədir və bağ sahəsində istifadə olunan kommunal xərcləri və vergiləri ödəyir. Bağ sahəsindən istifadə etdiyi dövrdə torpaq sahəsindən heç kəsə kəsilib verilməyib, torpaq sahəsi necə varsa, elə dəyişilmədən qalmışdır. Lakin müqavilədə göstərilir ki, torpaq sahəsi 0,25 ha olmuşdur. Bu ölçünün nəyə əsasən 0.14 ha qeyd edilməsi ona məlum deyildir. Həm də o istifadəsində göstəriləndən artıq torpaq sahəsinə iddia etmir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, ərizəçi Sumqayıt şəhəri, Saray bağları ərazisi, 3049 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və onun müraciəti qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, “təqdim etdiyiniz bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş sahəsi 0.25 ha olan 3049 saylı bağ sahəsinə dair xx.xx.1985-ci il tarixli 227 nömrəli icarə müqaviləsində müqavilənin bağlanmasına səbəb olan hüquqi əsas qeyd edilməmiş və idarənin arxiv məlumatlarında həmin əsasla bağlı məlumat aşkar olunmamışdır.Bundan əlavə bildiririk ki, idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman tərəfinizdən faktiki göstərilən torpaq sahəsinin ölçüsünün sənəd üzrə göstərilən torpaq sahəsindən fərqli, 0.14 ha olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin naturada sərhəd ölçülərini göstərən sənəd müraciətinizə əlavə olunmadığından və arxiv məlumatlarında aşkar edilmədiyindən tərəfinizdən göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatından daxil olan, xx.xx.2023-cü il tarixli 5-6/2-1400/2023 saylı sorğuya cavab məktubunda 1986-cı ilə dair sənədlərin arxivdə aşkarlanmadığından sözügedən ünvanla bağlı yaranmış uyğunsuzluğa münasibət bildirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 3.389 saylı qərarının tələblərinə uyğun olaraq 0.12 ha-ya qədər torpaq sahəsinin ayrılması ilə bağlı məhdudiyyət nəzərə alınmaqla sözügedən torpaq sahəsinin bölgüsü aparılaraq yenidən icarə müqaviləsi bağlanmamışdır”. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-946/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0.25 ha sahəsi olmuş 3049 nömrəli bağ sahəsindən yerdə qalmış 0.14 ha torpaq sahəsinin mərhum xx.xx.2006-ci ildə vəfat etmiş X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə havalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Bağlar təsərrüfatı idarəsi mülkiyyətində olan torpaq sahəsi üzərində fiziki şəxs ilə icarə müqaviləsinin rəsmiləşdirilməsində diskression səlahiyyətə malikdir və onun bu səlahiyyəti qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan 0,14 ha torpaq sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 10 dekabr 1985-ci il tarixli 277 saylı müqavilə əsasında X6 ayrılmışdır. Həmin torpaq sahəsinin faktiki ölçülərinin az olması iddiaçının arxivdə olan ölçü nisbətində mülkiyyət hüququn qeydiyyata almasının istəməsi, cavabdeh inzibati orqan tərəfindən məhdudlaşdırılmamalıdır. Cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Bağlar Təsərrüfatı idarəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi, həmin bağ sahəsinin uzun müddət mübahisəsiz iddiaçının istifadəsində olması və eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsininin tələblərinə uyğun həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-946/2024 nömrəli qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi “Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0.25 ha sahəsi olmuş 3049 nömrəli bağ sahəsindən yerdə qalmış 0.14 ha torpaq sahəsinin mərhum xx.xx.2006-cı ildə vəfat etmiş X1na məxsus olması barədə arayışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müvafiq icarə müqaviləsinin bağlanmasına səbəb olan hüquqi əsas müqavilədə qeyd edilməmiş, arxiv məlumatlarında həmin əsas barədə məlumat aşkar edilməmiş,torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,25 ha olduğu halda, 0,14 ha olmuş, torpaq sahəsinin sənəd üzrə ölçülərini göstərən sənəd əlavə olunmadığından, arxiv məlumatlarında aşkar olunmadığından, göstərilən torpaq sahəsinin ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamış, müvafiq qərara əsasən 0,12 ha qədər torpaq sahəsi ayrılması ilə bağlı məhdudiyyət nəzərə alınmaqla, sözügdən torpaq shaəsinin bölgüsü aparılmaqla, yenidən icarə müqaviləsi bağlanılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1985-ci il tarixli 227 nömrəli icarə müqaviləsinə əsasən 3049 saylı 0,25 ha bağ torpaq sahəsi X8 istifadəsinə verilmiş, onun yerləşmə mövqeyinə dair plan tərtib edilmişdir. X14 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, iddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtb edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, qeyd edilən torpaq sahəsi sənəd üzrə 0,25 ha, faktiki 0,1476 ha ölçüdə olduğu, torpaq sahəsinin iki tərəfdən mişar daşı, 2 tərəfi dəmir hasar örtük ilə hasarlanmışdır, 2 tərəf qonşu, 2 tərəf yoldur, ünvanı var, mübahisəli baş vermədi, tikililər mövcuddur, torpaq sahəsinin tikintialtı sahəsi 125,0 kv.m olan 2 mərtəbəli bağ evi və tikintialtı sahəsi 21,0 kv.m olan həyət tikililəri var, təqdim edilmiş xx.xx.1985-ci ildə verilmiş sənədə əsasən torpaq sahəsi 0,25 ha göstərilmişdir, bundan əlavə həmin sənəddə verilmiş torpağın planına əsasən torpaq sahəsinin eni 36 metr, uzunluğu 50 metr və bu ölçülərə əsasən 0,18 ha olur, lakin torpaq sahəsinin faktiki 0,1476 ha təşkil edir, yerləşmə yerinə dair rəngli ortofoto görüntüsü əlavə edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı ilk növbədə onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən qeyd edilən icarə müqaviləsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qanunvericilik normalarının təhlilindən görünür ki, həmin müqavilənin hansı əsasla verilməsi halına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi icarə müqaviləsində onun bağlanmasına səbəb olan hüquqi əsasın qeyd edilməməsi halına istinad edilməsi formal xarakter daşımaqla, əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, müvafiq sənəd əsasında iddiaçının atasının adına ayrılmış torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,25 ha olmuş, faktiki istifadəsində isə 0,1476 ha ölçüdə olmuşdur. İndiki halda iddiaçının tələbi məhz faktiki istifadəsində olan 0,14 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, torpaq sahəsinin ölçüsünün hər hansı bir səbəbdən azalması halı, sənəd üzrə ayrılmış torpaq sahəsinin naturada mövcud olan ölçüdə hissəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir, qanunvericilikdə buna dair hər hansı tələb ehtiva edilməmişdir. Əksi yanaşmanın tətbqi edilməsi özlüyündə torpaq sahəsinə dair mövcud olan əmlak hüquqlarının realizəsinin əsassız olaraq məhdudlaşıdırılmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən müayinə edilmiş, texniki göstəricilərinə və yerləşmə vəziyyətinə dair müayinə aktı tərtib edilmiş və ortofoto görünütüsü təqdim edilmişdir. Göründüyü kimi qeyd edilən torpaq sahəsi naturada mövcuddur, iddiaçının faktiki istifadəsindədir, başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən həmin torpaq sahəsinin yerləşmə planına dair sənəd təqdim edilmişdir. Cavabdeh tərəf isə qeyd edilən arqumenti ümumi sözlər şəklində ifadə etməklə, ona dair heç bir dəlilə istinad etməmişdir. Belə olan halda, cavabdeh tərəfindən həmin torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olmasının müəyyən edilməsinin mümkün olmaması halına istinad edilməsi formal xarakter daşımışdır. Bu baxımından həmin hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlillə bağlı qeyd edir ki, iddiaçının atasının adına torpaq sahəsinin verilməsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halı müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən yenidən icarə müqvailə bağlanılmaması əsaslarına istinad edilməsi qnaunvericiliyin tələbinə zidd olmaqla, əsassız olaraq iddiaçının hüquqlarının məhdudlaşıdırılmasına səbəb olmuşdur. Bu baxımından həmin hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Həmçinin, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsəsləsinin araşdırılmaması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün hər hansı əsas müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə iddia tələbi məhz daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələ olduğundan, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin münasibətlərin həlli ilə bağlı səlahiyyətli orqan qismində məhz cavabdeh inzibati orqan çıxış etdiyindən, hazırki iş üzrə iddia tələbinə cavab verməli orqan qismində də məhz cavabdeh inzibati orqan çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-946/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-428/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-428/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver