Məhkəmə qərarları › İş №2-1(105)-428/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-428/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-428/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “seriya RX0853211 nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq digər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla (0.0814 ha) qalan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-1176/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi üzrə torpaq sahəsinin sxeminin həmin torpaq sahəsina dair JN-509A seriyalı 30800036 kodlu şəhadətnamədə ilkin yeri müəyyən edilmiş torpaq sahəsinin sxeminə uyğun tərtib edilərək torpaq sahəsinin plan-ölçü sənədinin və texniki pasportun verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “seriya RX0853211 nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq digər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla (0.0814 ha) qalan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 509A seriyalı, 30800036 kodlu şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 nömrali qərarı ilə X2 mülkiyyətinə 0,1 hektar torpaq sahəsi verilmişdir. AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də göründüyü kimi, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində satıcı Qəhrəmanova (Daşdəmirova) Ceyran Masim qızından alınmışdır. Bundan sonra sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-ci il tarixinda RX seriyalı, ******* nömrəli hüquqların Çıxarış iddiaçıya təqdim edilmişdir. Həmin vaxtdan etibarən Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus sözü gedən torpaq sahəsinə dair JN-509A seriyalı, 30800036 kodlu şəhadətnamədə çəkilmiş torpaq sahəsinə uyğun olaraq "torpaq sahəsinin planı və ölçüsü” sənədinin və texniki pasportunun verilməsi məqsədilə iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsinə rəsmi qaydada müraciət edilmişdir. Müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-İ-0031/02-8/2024 saylı məktubla iddiaçıya məxsus torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu və yerinin dəyişdirilməsi səbəbi, həmçinin, faktiki torpaq sahəsinin bir hissəsi digər vətəndaşın mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən müraciətinin təmin olunmasından imtina edilmiş, sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş AN-İ ******* nömrəli, 20 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsi X5 tərəfindən İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən 23 aprel 2016-cı il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-1176/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Seriya RX0853211 nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq digər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla (0.0814 ha) qalan torpaq sahəsinə dair “Torpaq sahəsinin Planı və Ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Əlavə olaraq bildirilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tärixli, 2-1(118)-1176/2025 saylı qərarında 0,0814 ha torpaq sahəsinə dair yalnız torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavadehə həvalə edilmiş, lakin çıxarışın verilməsinə münasibət bildirilməmişdir. Belə ki, torpaq sahəsinə dair verilmiş çıxarışda torpaq sahəsinin ölçüsünün 0.10 ha göstərilməsinə məhkəmə qərarında münasibət bildirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsi onun mülkiyyətinə aiddir, istifadə hüququnu təmin etmək və yaşayış sahəsi kimi istifadə etmək istəyir. Birinci instansiya məhkəməsində ona 2 fərqli formada torpaq sahəsi göstərildi, onlardan biri onun özünə ayrılan 0,08 ha torpaq sahəsidir, sahəsi 0,08 ha göstərilir, lakin ona çıxarışla 0,1 ha torpaq sahəsi ayrılmışdır. O da 0,08 ha torpaq sahəsi ilə razılaşdı və qərar qəbul edildi. Baldızı, qaynanası və qaynı vasitəsilə torpaq sahəsi alınmışdır. Arxa qonşunun yaşadığı sahə qaynının adına olmuşdur və daha sonra başqasına satılmışdır. Torpaq sahəsi onun mülkiyyətindədir, boş sahədir, hasar yoxdur, 2 tərəfində qonşular yaşayır, digər 2 tərəfi yola çıxır. Qaynanasıgil torpaq sahəsini göstərərək ona məxsus olduğunu bildiriblər. Qaynının torpaq sahəsinin sənədləri mövcuddur. Çıxarışı var, texniki pasport əldə etmək istəyir. Maddi imkanı olmadığı üçün hasar çəkə bilmir, lakin torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. İddiaçı eyni zamanda X3 0,1 ha torpaq sahəsi ayrılması ilə bağlı Abşeron rayonu Hökməli bələdiyyəsinin 01 iyun 2004-cü il tarixli qərarının sürətini təqdim etmiş və torpaq sahəsinin bələdiyyə qərarı ilə qaynanasına ayrıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı iddia tələbini seriya RX0853211 nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq digər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla (0.0814 ha) qalan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi təşkil edir. İddiaçının hüquqi marağı ona “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış verilməsinə baxmayaraq, cavabdeh orqanın plan-ölçü sənədinin tərtib edilməsindən imtinası əsassız olmaqla iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olur ki, çıxarış əsasında İddiaçı məxsus olan 0.10 ha torpaq sahəsinin faktiki vəziyyətinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 509A, KOD 30800036 nömrəli Şəhadətnamədən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 nömrəli qərarı ilə X4 0,10 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Hökməli bələdiyyəsinin 01 iyun 2004cü il tarixli, 78 nömrəli qərarı ilə X4 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. AN-İ ******* nömrəli, 20 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsi X5 tərəfindən İddiaçı satılmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən 23 aprel 2016-cı il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Hökməli qəsəbəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 01 mart 2024-cü il tarixli, 3-21-3-02/2-İ-0031/02-8/2024 nömrəli məktubundan görünür ki, araşdırma zamanı sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu və yerinin dəyişdirildiyi məlum olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin bir hissəsi digər vətəndaşın mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 01 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. JN 509A, KOD 30800036 saylı şəhadətnaməyə əsasən X4 məxsus 0,10 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmə halı aşkarlanmamışdır. 22 aprel 2016-cı il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsində tikili yoxdur, torpaq sahəsinin yeri 260 metr dəyişdirilmişdir. Torpaq sahəsinin yeri dəyişdirildiyi üçün texniki pasportun verilməsi məqsədəmüvafiq deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, 3-21-3-32/2-15744/2024 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin TEKUİS məlumatlarında yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğu aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin yararlıq dərəcəsi barədə məlumatın verilməsi idarənin səlahiyyəti xaricində olduğundan "xxxx" MMC-yə müraciət olunması məqsədəuyğun hesab edilir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Elektron məlumat bazasına əsasən JN-509A nömrəli şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh inzibati orqanın 16 dekabr 2024-cü il tarixli, 3-21-3-32/2-18750/2024 nömrəli məktubundan görünür ki, JN-509A nömrəli şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmədiyindən (yeri dəyişdirilmişdir) torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilməmiş, lakin İddiaçı mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yalnız sənəd üzrə **********45 nömrəli tək çıxarış verilmişdir. Torpaq sahəsinin xx.xx.2023-cü il tarixli texniki vəziyyətini əks etdirən müayinə (baxışı) aktına əsasən torpaq sahəsi üzərində mübahisənin olması barədə məlumat qeyd edilməmişdir. Lakin İddiaçı faktiki istifadəsində olan (naturada tanıdılan 0.083 ha) torpaq sahəsinin 10 kv.metr hissəsi **********69-10301 reyestr nömrəli çıxarışla, 6 kv.metr hissəsi isə **********77 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı müvafiq boş sahəni göstərərək həmin sahəyə plan-ölçü sənədinin verilməsini istəyir. Belə ki, iş materiallarına əlavə olunmuş müayinə aktından da görünür ki, torpaq sahəsi üzərində hər hansı tikinti aparılmamış, o cümlədən torpaq sahəsinin yeri 260 metr dəyişdirilmişdir. Torpaq sahəsinin yeri dəyişdirildiyi üçün texniki pasportun verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı müvafiq sorğular nəticəsində müəyyən edilmişdir ki, JN 509A, KOD 30800036 saylı şəhadətnaməyə əsasən X4 məxsus 0,10 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmə halı aşkarlanmamışdır. Beləliklə göründüyü kimi iddiaçının istinad etdiyi torpaq sahəsi müvafiq çıxarışla ona məxsus olan torpaq sahəsi olmamaqla başqa ərazidə yerləşir. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdeh inzibati orqan yerləşmə yeri dəyişdirilmiş torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsindən imtina etməklə düzgün qərara gəlmişdir. Bundan əlavə iddiaçı istinad etdiyi torpaq sahəsinin qaynanasına Hökməli bələdiyyəsinin 01 iyun 2004-cü il tarixli, 78 nömrəli qərarına əsasən ayrıldığını bildirmiş həmin qərarın surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Lakin iş materiallarına əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-509A, KOD 30800036 nömrəli Şəhadətnamədən görünür ki, X4 0,10 ha torpaq sahəsi Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 nömrəli qərarı ilə ayrılmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əldə etdiyi sənəd üzrə (Torpağın mülkiyyətə verilməsinə dair” JN-509A, KOD 30800036 nömrəli Şəhadətnamə) torpaq sahəsinin yerləşməsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi arasında 260 metr fərqin mövcud olduğu və torpaq sahəsinin yerinin dəyişdirildiyi müəyyən olunduğu üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-1176/2025 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “seriya RX0853211 nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq digər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla (0.0814 ha) qalan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar