Məhkəmə qərarları › İş №2-1(105)-429/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-429/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-429/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (açar sözlər: mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 və 3-cü şəxs Sumqayıt şəhəri X4 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri X5 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin alqı-satqı aktının bağlanmış hesab edilməsi (müəyyən edilməsi) və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin «Sumqayıt şəhəri X5 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» hissəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri X5 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin alqı-satqı aktının bağlanmış hesab edilməsi (müəyyən edilməsi) və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri X4 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə ona fərdi ev tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılması mövcud qanunvericiliyə uyğun aparılmış və o, bələdiyyəyə torpaq sahəsinə görə 1080 manat torpaq haqqı ödəmişdir. Bundan sonra torpaq sahəsi ayrılmasını və onun üzərində fərdi yaşayış evi tikintisini müvafiq dövlət orqanları ilə - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsi, "xxxx" ASC-i və s. dövlət orqanları ilə razılaşdırılmışdır.

3. İddiada o da vurğulanır ki, torpaq ayrıldığı tarixdən qanuni əsaslarla həmin torpaq sahəsindən istifadə edir və ona sahiblik edir. Belə ki, torpaq sahəsini hasara almış, üzərində ev tikmiş və digər işlər görmüşdür. Bu müddət ərzində torpaq sahəsi ilə əlaqədar heç kimin (dövlət və ya qeyri dövlət orqanlarının, bələdiyyə, hüquqi və fiziki şəxslərin) ona qarşı iddiası, tələbi və ya narazılığı olmamışdır. Bu ilin əvvəlində cavabdeh - DƏDRX-in 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət edib həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasını xahiş etmiş, müraciətinə 02 fevral 2021-ci il tarixli məktubla cavab verən reyestr İdarəsi bələdiyyə ilə aralarında alqı-satqı aktının olmamasına istinad edərək akt olmadan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmadığını bildirməklə dövlət qeydiyyatından imtina etmişdir. Bundan sonra o, alqı-satqı aktının əldə edilməsi məqsədilə reyestr xidmətinin imtina məktubunu təqdim etməklə üçüncü şəxs X6 müraciət etmiş olsa da, Bələdiyyə də 19 fevral 2021-ci il tarixli 34 saylı imtina məktubunda qeyd etmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bələdiyyə və onun arasında alqı-satqı aktı tərtib olunmalı olduğu halda belə bir akt tərtib edilməmiş, hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən alqı-satqı aktının tərtib edilməsi mümkün olmadığından onun müraciətinə imtina məktubu verilməklə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin etirazları:

4. Cavabdeh İdarə iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi ilə əlaqədar 28 yanvar 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət araşdırılaraq müəyyən edilmişdir ki, 06 iyun 2007-ci il tarixli 07 saylı bələdiyyə qərarının olmasına baxmayaraq “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqı qaydalarının müddəalarına zidd olaraq alqı-satqı aktı tərtib edilməmişdir. Bu baxımdan İddiaçı müraciətinə imtina cavabı verilmiş və hesab edirlər ki, İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmadığından iddiaçının İdarəyə qarşı iddiası mümkün sayılmamalıdır.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərardadı (hakim İ.Quliyev) ilə hazırki iddia tələbinin “Sumqayıt şəhəri X5 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin alqı-satqı aktının bağlanmış hesab edilməsi”nə dair hissəsinin mümkün sayılmaması, eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərarı ilə də hazırki iddia tələbinin «Sumqayıt şəhəri X5 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin qəsəbənin ərazisində ona fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» hissəsində təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 28 аprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iddianın mahiyyəti iddia ərizəsində qeyd edildiyi kimi, qanuni əsaslarla Sumqayıt şəhəri X4 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə ona fərdi ev tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarət olduğundan cavabdeh İdarə ona yanlız bələdiyyə ilə aralarında alqı-satqı aktının olmadığından mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınmasının mümkün olmamasını bildirərək dövlət qeydiyyatından imtina etmişdir. Bu çatışmamazlığı aradan qaldırmaq məqsədilə üçüncü şəxs X6 müraciət etmiş olsa da, Bələdiyyə də öz növbəsində qərar qəbul olunan tarixdə, yəni 2007-ci ildə Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi, Bələdiyyə və onun arasında alqı-satqı aktı tərtib olunmalı olduğu halda bu aktın tərtib olunmadığına, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq ləğv olunduğuna görə alqı-satqı aktının tərtib edilməsinin mümkün olmadığını bildirib müraciətinə imtina verərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək bu komitənin torpaq kadastrı, yer quruluşu və s. funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (komitənin DƏDRX-nə) verildiyindən alqı-satqı aktının bağlanması üçün üç tərəfdən biri məhz cavabdeh Reyestr Xidməti İdarəsidir. Cavabdeh idarə isə müraciətinə imtina edir və köhnə tarixə bağlanmış alqı-satqı aktı tələb edir. Bu isə Torpaq Komitəsinin ləğv olunması səbəbindən mümkünsüzdür. Qeyd olunan tarixdə vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən ona satılan torpağa alqı-satqı aktının tərtib edilməməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtinası üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərinə uyğun torpaq sahəsi əldə etdiyinə, tələb olunan ödənişləri apardığına və torpaqdan qanuni əsaslarla istifadə edib ona sahibliyi həyata keçirdiyinə görə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Buna görə də məhkəmə qaydasında Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi, Bələdiyyə və оnunla torpaq sahəsinin alqı-satqı aktının faktiki bağlanmış hesab edilməsi və cavabdeh reyеstr idarəsinin üzərinə torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müvafiq öhdəlik qoyulmalıdır.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəf və 3-cü şəxsin etirazları təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Pirquliyeva apelyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək, əlavə olaraq onu da qeyd etdi ki, dəfələrlə cavabdeh təşkilatda, bələdiyyədə və vəkillərlə apardıqları sorğulardan оnlara məlum olmuşdur ki, 2007-ci il tarixdə bələdiyyənin günahı ucbatından pulunu ödəməklə aldıqları torpaq sahəsinin rəsmiləşdirilməsinin başa çatdırılmaması hazırda iddiaçı olan anasının və onların hüquqlarının pozulması nəticəsinə səbəb olmamalıdır. Digər tərəfdən ləğv olunmuş bir dövlət qurumunun səlahiyyətlərinin hazırki iş üzrə cavabdeh təşkilatın tabe olduğu Komitə tərəfindən həyata keçirildiyi nəzərə alınmaqla iddianın təmin olunmalı olduğu halda əsassız olaraq təmin edilməməsi onların qanunla qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qərarının da ləğv edilərək iddia tələbinə tam şəkildə mahiyyəti üzrə baxılmaqla iddialarının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Əliyev apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmsil etdiyi İdarənin imtinasının tam qanuni olmasını, mübahisə üzrə alqı-satqı aktının bağlanması vəzifəsinin inzibati orqanın üzərinə qoyulmasının qanunla yol verilməzliyini vurğulayaraq, eyni zamanda mübahisənin ümumilikdə həlli yolununun yalnız iddiaçıya məxsus torpaq sahəsinin Bələdiyyə tərəfindən mülkiyyət hüquqi əsasında rəsmiləşdirilməsinin həyata keçirildikdən sonra yenidən vətəndaşa alqı-satqı yolu ilə iddiaçının adına rəsmiləşdirilməsinin mümkün olmasında gördüklərini, bu səbəbdən də apelyasiya şikayətini əsassız hesab etməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi T.Q.Novruzov apelyasiya şikayətinin dəlillərinə etiraz etmədiyini bildirərək, onu da qeyd etdi ki, Sumqayıt şəhəri X4 06.06.2007-ci il tarixli 07 saylı iclas protokolunun qərarına əsasən iddiaçıya 600 kv.metr torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmaqla satılmış və iddiaçıya o dövr üçün fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. İddiaçı tərəfindən 600 kv.metr torpaq sahəsinə görə torpaq haqqı qismində 1080 manat vəsait ödənilmişdir. Bunu təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərini də məhkəməyə təqdim etmişik. Lakin yuxarıda qeyd olunan qərarın 2-ci bəndində göstərilən “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair akt - DT və XK-si, Bələdiyyə və vətəndaş arasında nəzərdə tutulan alqı-satqı aktı tərtib olunmamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən alqı-satqı aktının tərtib olunması qeyri mümkündür. Ona görə də Bələdiyyə tərəfindən də vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bələdiyyə olaraq onların da mövqeyi vətəndaşa qanuni əsaslarla satılan torpaq sahəsinin qeydiyyata alınması üçün müvafiq qərar qəbul edilməsini xahiş edirlər.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

15. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmiş və bunlardan: a) maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. b) maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir; c) maddə 6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir; d) maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır; e) maddə 7.3., 7.3.1. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir.

16. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

17. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

22. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

23. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

24. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

26. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

27. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

28. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

30. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

31. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

32. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

33. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

34. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

36. Məhkəmə kollegiyası hazırki qərarın 20-34-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin olunmalıdır.

37. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərardad və qərardan şikayət vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2- 1(118)-829/2021 saylı qərardadı ləğv edilməklə iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün davam etdirilməsi qərara alınmışdır.

38. Məhkəmə kollegiyası iddiaçının hazırki qərarın 7 və 9-cu bəndlərində qeyd edilən apelyaiya şikayətinin dəlillərinə və məhkəmədəki ifadələrinə, o cümlədən cavabdeh tərəf və 3-cü şəxsin hazırki qərarın 10-11-ci bəndlərindəki izahatlarında göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, hazırki qərarın 12-18-ci bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçıya 2007-ci ildə Bələdiyyənin qərarı əsasında satılan torpaq sahəsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 17 may 2007-ci il tarixli 224 saylı rəyi, Şəhərin Baş memarının təsdiq etdiyi mövqe planı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin 23 may 2007-ci il tarixli 02/1058 saylı rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin məsləhətçiləri və şöbə müdirinin imzaları ilə təsdiq edilmiş torpaq sahəsinin M1:100 miqyasda planı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin müdirinin imzası ilə təsdiq edilmiş torpaq sahəsinin hansı qiymət zonasına aid olmaqla sahəsi və qiyməti barədə arayış tərtib edilməklə həmin sənədlər əsasında iddiaçı tərəfindən 29 may 2007-ci il tarixində torpağın müəyyən olunmuş 1080 manat məbləğinin Bələdiyyənin hesabına ödənilməsinə dair qəbz cavabdeh İdarəyə təqdim edilmiş olsa da, iddiaçıya imtina məktubu verilmişdir (qeyd edilən sənədlərin təsdiq edilmiş surətləri bələdiyyənin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmişdir).

39. Halbuki hazırki qərarın 19-cu bəndində istinad edilən Qanun normalarının tələbləri baxımından inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh İdarə iddiaçıya Bələdiyyə tərəfindən satılan torpağın qeydə alınmasına imtinasını yalnız alqı-satqı aktının olmaması ilə şərtləndirməsi özü-özlüyündə hazırki qərarın 38-ci bəndində şərh olunan rəsmi sənədləri şübhə altına alır ki, bu da qeyd edildiyi kimi qanunla qadağandır.

40. Digər tərəfdən torpağın alqı-satqısının mövcudluğu işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyərək cavabdeh yalnız alqı-satqı aparılmasına dair aktın tərtib edilməməsini göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini etirazında vurğulayaraq iddianın mümkün sayılmamasını xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır.

41. Kollegiya hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən 29 may 2007-ci il tarixində bələdiyyənin hesabına 1080 (min səksən) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1-ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz.

42. İddia tələbinin toprağın alqı-satqı aktının bağlanmış hesab edilməsi (müəyyən edilməsi) hissəsinə gəldikdə isə, kollegiya hesab edir ki, torpağın Bələdiyyə tərəfindən müvafiq prosedurlara riayət edilməklə faktiki olaraq iddiaçının istifadəsinə verilməsi, eyni zamanda alqı-satqının baş tutmasını torpağa görə 2007-ci ildə 1080 manat məbləğin ödənilməsilə təsdiq olunduğundan, həmçinin torpağın alqı-satqısının real həyata keçirilməsi iddia tələbi üzrə mübahisələndirilmədiyindən iddia tələbi alqı-satqı aktının bağlanmış hesab edilməsinə dair hissədə təmin edilməməli, iddia tələbi digər hissədə təmin olunmaqla iddiaçının torpağa dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh İdarənin üzərinə qoyulmalıdır.

43. Yuxarıda sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərarı ləğv edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-829/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri X5 06 iyun 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin qəsəbənin ərazisində fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar