Məhkəmə qərarları › İş №2-1(105)-429/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-429/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-429/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən 2021ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-542/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1948-ci il tarixdə anadan Qubadlı rayonu Zor kəndində anadan olub, məcburi köçkündür və hazırda Sumqayıt şəhərində məskunlaşmışdır. İddiaçının məcburi köçkünlər üçün yemək xərci müavinətinin dayandırılması ilə bağlı müraciətləri Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin sədr müavinin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktubları ilə baxılması üçün Qubadlı Rayon İcra Hakimiyyətinin başçısına göndərilmişdir. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda onun Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətinə Qubadlı rayon İcra Hakimiyyətində baxıldığı, onun yemək xərci müavinətinin X1 Qaçqınkomda apardığı yoxlama zamanı Azərbaycan Respublikasının Nazirlər Kabineti 24 yanvar 2017-ci il 11 saylı qərarın 2.13 (Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara) maddəsinə əsasən qanunla nəzərdə tutulmuş qaydada dayandırıldığı bildirilmişdir. İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün olmaqla ailəsi ilə çox ağır və imkansız bir vəziyyətdədirlər. Hal-hazırda müvəqqəti olaraq ərizədə göstərilən ünvanda yaşayır, ağır həyat keçirirlər. Qubadlı rayonundan mənfur erməni millətçilərinin cinayətləri və etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşmüş, Sumqayıt şəhərinə pənah gətirməyə məcbur olmuşlar. X3 Əliyev keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdana kimi 2023-cü ilə kimi müavinətlərlə təmin olunmasını uzatmışdır. Lakin onların çörək pulunu 2021-ci ilin fevral ayının 25-dən kəsilmişdir. Səbəb də bu olmuşdur ki, onun rəsmi nikahda olduğu həyat yoldaşı rəhmətə gedəndən sonra o dövlət qulluğunda işləyərək yüksək pensiya almış və onun vəfatından sonra onun pensiyasını iddiaçı, almağa başlamışdır. Halbuki bütün bunların çörək puluna heç bir aidiyyatı yoxdur. Beləliklə onların məcburi köçkünlərə verilən müavinət və çörək pulundan məhrum olunmaqla problemləri həll edilməmiş qalmışdır. Onlar çox çarəsiz bir vəziyyətdə qalmışlar. Aztəminatlı ailələri dözülməz işgəncə vəziyyətindədirlər. Cavabdeh onlara məcburi köçkünlərə verilən müavinət və çörək pulunu verməkdən rəsmi surətdə imtina etmişdir. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Qeyd edilənlərə əsasən məhkləmədən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və halhazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasını xahiş edir. Cavabdeh iddiaya qarşı yazılı münasibət və etiraz təqdim etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs məhkəməyə ünvanladığı etirazında qeyd etmişdir ki, İddiaçı iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı Prezident Administrasiyasına müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Komitənin xx.xx.2021-ci il tarixli 01/5887 nömrəli məktubu ilə iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün Qubadlı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, “Lakin bizim çörək pulumuzu 2021-ci ilin fevral ayının 25-dən kəsilmişdir. Səbəbdə bu olmuşdur ki, mənim rəsmi nikahda olduğum həyat yoldaşım rəhmətə gedəndən sonra o dövlət qulluğunda işləyərək yüksək pensiya almışdır və onun vəfatından sonra onun pensiyasını mən almağa başlamışdım'’. Aparılmış araşdırma zamanı, İddiaçı həyat yoldaşı vəfat etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası təyin olduğu və bu səbəbdən ona ödənilən vahid aylıq müavinətin dayandırıldığı müəyyən olunmuşdur. Etirazda Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara istinad edilməklə göstərilir ki, qüvvədə olan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən bildirmişdir ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ailə başçısını itirməyə görə əmək pensiyası aldığından vahid aylıq müavinətin bərpasına dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-542/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni cavabdehin məktubunda və üçüncü şəxsdin etirazında qeyd edilən hallarla əsaslandırmaqla göstərmişdir ki, aylıq müavinət almalı olmayan məcburi köçkünlərin dairəsi imperativ olaraq müəyyən edilmişdir. İddiaçıya məcburi köçkün kimi aylıq müqavinətin verilməsinin dayandırılmasının səbəbi yuxarıda da qeyd olunduğu kimi onun əvvəllər dövlət qulluqçusu olmuş mərhum arvadının əmək pensiyasını onun özünün alması təşkil edir. Bu halda isə ona məcburi köçkün kimi aylıq müqavinətin verilməsini qanun qadağan edir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, müvafiq qanunvericilik nornalarına istinad edilmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə işə baxarkən maddi normaların tələblərini pozmuş, mübahisəyə düzgün qiymət verməmişdir. İşə baxılarkən ayrı-ayrı məhkəmə tərkibləri arasında məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi, bu cür münasibətlərə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Apellyasiya Məhkəməsinin mübahisəli hüquqi məsələyə dair vahid hüquqi mövqeyini təsbit edən qərarının qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmənin qərarı qanunsuz və əsassız hesab edilməli, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməlidir. Üçüncü şəxs apellyasiya şikayətinə dair etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz birinci instaniys məhkəməsinə təqdim edilmiş etirazla eyni məzmunda əsaslandırılımışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: ...dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarınımüəyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ...2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyatakeçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iddiaçını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının vahid aylıq müavinətin dayandırılması ilə bağlı müraciətləri hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdeh Qubadlı Rayon İcra Hakimiyyətinə göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya yuxarıda məzmunu göstərilən xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Kollegiya qeyd edir ki, həmin məktubda iddiaçıya müavinətin dayandırılmasının əsası barədə məlumat verilsə də, məktubun məzmunundan onun hansı qurum - Qubadlı Rayon İcra Hakimiyyəti, yaxud Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, habelə hansı vaxtdan dayandırılması müəyyən olunmur. Eyni zamanda üçüncü şəxsin təqdim etdiyi etirazın məzmunundan da bu müəyyən olunmur. Birinci instansiya məhkəməsi cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə iddiaçının müvainətinin hansı səbəbdən dayandırılması barədə ətraflı məlumatın verilməsi və eyni zamanda dayandırılmanın əsasını təşkil edən bütün sənədlərin təqdim edilməsi barədə sorğu vermiş, lakin həmin sorğuya cavab verilmədiyi halda bununla əlaqədar İPM-də nəzərədə tutulmuş hər-hansı tədbir görməyərək məhkəmə araşdırmasını yekunlaşdırmışdır. İşə apellyasiya qaydasında baxılarkən Qubadlı rayon İcra hakimiyyəti tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 3-3/756 saylı məktubdaa bildirmişdir ki, Qubadlı şəhər sakini İddiaçı yemək xərci müavinətini X1 Qaçqınkomda apardığı yoxlama zamanı Azərbaycan Respublikasının Nazirlər Kabineti 24 yanvar 2017-ci il 11 saylı qərarın 2.13 maddəsinə əsasən qanunla nəzərdə tutulmuş qaydada yanvar 2020-ci il tarixində dayandırılmışdır. Lakin, iddiaçı iddia ərizəsində müavinətin xx.xx.2021ci il tarixdən dayandırıldığını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı “...fevral ayından Qaçqınların və X2 üzrə Dövlət Komitəsi yoxlamanı əsas gətirib çörək pululun dayandırmışdır” məzmununda izahat vermiş, xx.xx.2022-ci il tarixli iclasda isə yazılı izahatını təqdim etmişdir. İddiaçı qeyd edilən yazılı izahatında “...dedilər ki, bizə veriləcək vəsait qaçqınkom tərəfindən çoxdan kəsilib” göstərmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunverciliyin tələbinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları, o cümlədən Qubadlı rayon İcra Hakimiyyəti aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Yuxarıda istinad edilən “Qayda”nın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Yəni, mübahisə edilən müavinəti almaq hüququ olan şəxslərin yekun tərkibinin və dairəsinin müəyyən edilməsi, eləcə də həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma sifarişin verilməsi Komitənin səlahiyyət dairəsinə aid edilmişdir. Müavinətin ödənilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qeyd edilən tənzimləmə həmin müavinətin hansı mərhələdə və hansı qurum tərəfindən dayandırılmasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Lakin, iş materiallarından görünür ki, iddiaçının bu barədə bildirməsinə, cavabdehin məktubundan və üçüncü şəxsin etirazından müəyyən edilməsinin mümkün olmamasına baxmayaraq birinci instansiya məhkəməsi iddiaçıya verilmiş müavinətin hansı qurum tərəfindən (Qubadlı Rayon İcra Hakimiyyəti, yaxud Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) və hansı tarixdən dayandırımasının müəyyən edilməsi istiqamətində hər-hansı araşdırılma aparmamış, bununla əlaqədar sübutlar əldə edilərək işə əlavə edilməmişdir. Halbuki, İPM-nin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan əlavə, İnzibati Prosessual Məcəllənin 12.1, 13 və 48.1-ci maddələrin tələbləri baxımından yuxarıda qeyd olunan xüsusatlara dair işə baxan birinci instansiya məhkəməsi tərəfindən zəruri hüquqi dəyərləndirmə aparılmamış, eyni zamanda iddiaçıya hüquqi yardım göstərilməmişdir. Halbuki, Ali Məhkəmənin Plenumunun istinad edilən xx.xx.2015ci il tarixli, 5 nömrəli qərarına əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.1, 3.2 və 3.3-cü bəndlər). Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçıya hüquqi yardım göstərməmiş, müvafiq hüquqi təkliflər verməmiş, bununla da prosessual pozuntulara yol vermişdir. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Üçüncü şəxsin etirazında “Sosial müavinətlər haqqında” Qanuna istinadı ilə bağlı məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar iş üzrə qərarda (2-1(102)-838/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar) ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi ilə bağlı hallar həmin Qanunun tənzimləmə sferasına aid edilə və həmin hallara tətbiq oluna bilməz. Həmçinin qeyd olunmalıdır k, göstərilən müavinət şəxsin məcburi köçkün statusuna bağlıdır və bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyi xarakteri daşıyır. Ona görə də, həmin Qanun anlamında sosial müavinət kimi təfsir oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-542/2022 nömrəli qərarı ləğv edilsin,işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar