Məhkəmə qərarları › İş №2-1(105)-429/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-429/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-429/2024 19.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)- 2226/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə onun barəsində xəstəlik qərarı verilmiş və 11 oktyabr 2017-ci ildən 11 oktyabr 2022-ci ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Həmin tarixdən o, pensiya və təqaüdlə təmin edilmiş olsa da, daha sonra pensiya və təqaüdü dayandırılmışdır. Elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən təqaüdü dayandırılmışdır. Onun cavabdehin sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki 11 oktyabr 2017-ci ildə qiymətləndirilmiş və 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Hesab edir ki, cavabdeh əsassız olaraq əliliyini ləğv etdiyi üçün, etibarlı hesab edilməli və cavabdehin 11 oktyabr 2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi bərpa edilməlidir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, 11 oktyabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddia ərizəsinə dair etirazdan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçıya 11 oktyabr 2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 (beş) il müddətinə (11 oktyabr 2022-ci il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daxili işlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar aparılmış əlillik təyinatı qərarı 28 oktyabr 2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qərar iş materiallarına əlavə edilmişdir. Etirazda həmçinin, qeyd olunmuşdur ki, iddiaçının inzibati orqana müvafiq tələblə bağlı müraciəti olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-2226/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Şikayətdə göstərilir ki, məhkəmə ətraflı araşdırma aparmadan, xidməti vəzifəsini icra edərək hüquqi yardım göstərmədən, sosial və əlil hüquqlarının pozulmasına gətirib çıxaran qəradad qəbul etmişdir. Onun kimi hərbiçilərə həmin qaydada cavabdehin əsassız sonuncu müayinəyə dair məlumatın verilməsindən imtina edilməsi məhkəmə qaydasında bərpa edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-2226/2024 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə tam əməl edilməmiş, iddia ərizəsinin, habelə iddia ərizəsinə etirazın əsasını təşkil edən hallarla bağlı araşdırma aparılmamış, həmin dəlillərlə bağlı sübutlar əldə etməyərək dəlillərə mötəbər sübutlarla təsdiq olunmayan qiymət verilmişdir. İddia tələbindən göründüyü kimi, iddiaçının tələbi əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 noyabr 2021-ci il tarixdən bərpa edilməsi ilə bağlı olmuşdur. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin etirazında və ona qoşma şəklində əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi nəticəsi qərar əsasında ləğv edilmişdir. Hazırki işdə cavabdeh tərəfindən məhkəməyə göndirilmiş qərar yuxarıda sadalanmış inzibati aktın formal-hüquqi baxımından tələblərə uyğun gəlmir, həmin qərarın iddiaçıya göndərilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Qərarda iddiaçının adı qeyd olunmamışdır. Ümumiyyətlə bu qərarla iddiaçının bağlılığı müəyyən olumur. Bu səbəbdən məhkəmənin qənaətinə görə, qiymətləndirmənin ləğv edilməsi faktiki xarakterli hərəkətlə həyata keçirilmişdir. Belə olan halda isə hazırki iddia tələbi öhdəliyin icrasına dair iddiadır. Cavabdeh orqan öz etirazında qeyd etmişdir ki, iddiaçının inzibati orqana müvafiq tələblə bağlı müraciəti olmamışdır (§ 8). Beləliklə, məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 heyətinin qərarından görünür ki, müvafiq qərara əsasən 32 nəfər vətəndaşın əlillik təyinatı ləğv edilmişdir. Qərarda qeyd olunan 32 nəfər vətəndaşın siyahısının əlavə olunduğu bildirilsə də, müvafiq siyahı iş materiallarına əlavə edilməmişdir. Həmçinin, sözegedən qərarın rekvizitləri (tarix, nömrə və s.) yoxdur. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 heyətinin müvafiq qərarının tarixi və nömrəsi qeyd edilməklə təsiq edilmiş surətinin və müvafiq qərarda qeyd edilmiş 32 nəfər vətəndaşın siyahısının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 heyətinin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32 nəfər vətəndaşın əlillik təyinatının əsaslılığının müəyyən edilməsi, şübhəli halların araşdırılması məqsədilə birgə araşdırma həyata keçirilmiş və məlum olmuşdur ki, əlillik dərəcəsinin təyin edilməsi üçün DİN-in Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər İdarəyə bilavasitə tabe olan poliklinikalarda tibbi qeydiyyatda duran, eyni zamanda İdarənin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilən daxili işlər orqanlarının əməkdaşları barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyirjin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Altsisteminə daxil edilməli olduğu halda, bu işə məsül vəzifəli şəxslər tərəfindən poliklinikada tibbi qeydiyyatda durmayan, eləcə də Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilməyən vətəndaşlar barəsində əlilliyin təyin edilməsi üçün göndərişlər tərtib edilmiş, adları bu qərara əlavədə göstərilən 32 nəfər vətəndaşın Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığı və Nazirliyin tibb müəssisələri tərəfindən həmin şəxslər barəsində tərtib edilən göndərişlərin əsassız olaraq rəsmiləşdirilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2021ci il tarixli 029-2939-1221 nömrəli müraciəti nəzərə alaraq, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) Nizamnaməsinin 3,2.5 və 4.5.18-ci yarımbəndlərini rəhbər tutaraq X5 qərara alır: 1. Bu qərara əlavə edilmiş siyahıda adları göstərilən 32 nəfərə dair tibbi-sosial ekspert komissiyası qərarları ləğv edilsin (əlavə olunur). Qərara əlavə edilmiş siyahının 17-ci bəndində iddiaçının adı qeyd olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi qəbul olunmuş qərarının rekvizitlərinin olmaması, iddiaçıya bağlılığının müəyyən olunmamasını qeyd etsə də, məhkəmə kollegiyasının araşdırması ilə cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarının qəbul olunduğu və onun digər vətəndaşlarla yanaşı, iddiaçı barəsində qəbul olunduğu müəyyən olunmuşdur. Bu səbəbdən qiymətləndirmənin ləğv edilməsinin faktiki xarakterli hərəkətlə həyata keçirilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni kollegiya əsassız hesab edir. İddiaçının cavabdeh inzibati orqana müvafiq müraciətinin olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də işin hallarına uyğun deyildir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunu ilə müəyyən olunur ki, 1 oktyabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi xahiş olunmuşdur. Poçt göndərişi ilə bağlı qəbzdən görünür ki, həmin ərizə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Cavabdeh orqan etirazında və məhkəmə kollegiyasının iclasında iddiaçının inzibati orqana müvafiq tələblə bağlı müraciətinin olmamasını bildirsə də, iddiaçının müvafiq müraciətinin olduğu müəyyən olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Bu səbəbdən apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə qaytarılmalı, işə təkrar baxılarkən yuxarıda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, iddianın növü düzgün müəyyən olunmalı, müvafiq iddia növü üzrə tələb olunan mümkünlük şərtlərinin mövcudluğu bir daha yoxlanılmalı, buna əsaslar olduqda işə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-2226/2024 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar