Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-43/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndələri X2 və Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)- 301/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 sentyabr 2021-ci il tarixli, **********881900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci ilin iyul ayı üzrə İddiaçı MMC barəsində 32.055,60 manat əlavə dəyər vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 017973 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyat riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. Cavabdehin 03 oktyabr 2022-ci il tarixli, **********911500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci ilin iyun ayı üzrə iddiaçı barəsində 88.200,00 manat əlavə dəyər vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBD seriyalı, 641770 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyat riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. Cavabdehin 21 noyabr 2022-ci il tarixli, **********210300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci il üzrə iddiaçı barəsində 160.155,81 manat mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas kimi iddiaçı tərəfindən riskli vergi ödəyiciləri "xxxx" MMC-dən EBBN seriyalı 913026 və 913505 nömrəli ümumi ƏDV-siz dəyəri 9527,30 manat, "xxxx" MMC-dən EBBN seriyalı 192211 nömrəli ümumi ƏDV-siz dəyəri 7275,42 manat, "xxxx" MMC-dən EBBL seriyalı 353721 nömrəli ümumi ƏDV-siz dəyəri 9761,83 manat, "xxxx" MMC-dən EBBM seriyalı 756789 və 624611 nömrəli ümumi ƏDV-siz dəyəri 27126,65 manat, "xxxx" MMC-dən EBBJ seriyalı 987925 nömrəli ümumi ƏDV-siz dəyəri 11400,00 manat, "xxxx" MMC-dən EBBD seriyalı 641770 nömrəli ümumi ƏDV-siz dəyəri 490211,33 manat, EBBE seriyalı 017973 və 568765 nömrəli ümumi ƏDV-siz dəyəri 227875,31 manat və "xxxx" MMC-dən EBBF seriyalı 882234 nömrəli ümumi ƏDV-siz dəyəri 17601,21 manat olan e-qaimə fakturalar üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. Yaranmış kənarlaşma üzrə ümumilikdə 800779,05*20%=160155,81 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********881900 saylı, xx.xx.2022ci il tarixli **********911500 saylı və xx.xx.2022-ci il tarixli **********10300 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlarla iddiaçı barəsində hesablanmış ƏDV üzrə qeyd edir ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış və müqavilə şərtlərini əsasən satıcı alıcıya metal qırıntısı satmağı öhdəsinə götürmüşdür. Vergi Məcəlləsinin riskli vergi ödəyicisi anlayışını özündə əks etdirən 13.2.82-ci maddəsinin və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarı qüvvədə olduğu üçün İddiaçı MMC tərəfdaş vergi ödəyicilərinin riskli ödəyici olmasını araşdırır, əməliyyat baş verən tarixə “onlayn kargüzarlıq” vasitəsi ilə araşdırmanın nəticəsi üzrə ekran görüntüsü saxlanılır və nəticə müsbət olduqda əməliyyatların aparılması davam etdirilir. Eyni ilə tərəflərindən ödəniş aparılarkən yenə də riskli ödəyici siyahısına baxılaraq ödənişlər həyata keçirilir. Bu məqsədlə "xxxx" MMC-nin riskli ödəyici olması araşdırılmış və riskli ödəyicilərin siyahısında həmin müəssisənin adı olmadığı üçün mal alınmış və malın dəyəri ödənilmişdir. Bundan başqa "xxxx" MMC-nin riskli ödəyici olması barədə DVX-nin xx.xx.2021-ci il tarixli **********507400 saylı qərarı qəbul edilmişdir ki, yalnız bu qərar qəbul edildikdən sonra vergi ödəyicilərinin, habelə onların apardıqları əməliyyatlar riskli hesab edilərək və Vergi Məcəlləsinin 175.11-ci maddəsi tətbiq edilə bilər. Elekton qaimə-faktura əsasında mallar təqdim edilən zaman "xxxx" MMC riskli ödəyici olmamışdır. Həmçinin, alınmış mal - metal qırıntısı müəssisəyə daxil olduğu anda cavabdehin əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilirdi ki, faktın özü də təqdim edilmiş malın əmtəəsiz əməliyyat olmadığını sübut etmiş olur. Bundan əlavə, mövcud qanunvericiliyə əsasən istənilən vergi ödəyicisi öz tərəfdaşının adının riskli vergi ödəyicilərinin siyahısında olması barədə “İnternet Vergi İdarəsi” vasitəsi ilə yoxlamaq imkanından başqa hər hansı hüquq və ya vəzifələri təsbit olunmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, "xxxx" MMC-yə 2021ci ilin iyul ayı üzrə ƏDV üzrə kameral vergi yoxlaması ilə 32055,60 manat və 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 160155,81 manat əlavə vergi məbləğləri hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2021-ci ilin iyul ayı əlavə dəyər vergisi bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBD seriyalı 641770 nömrəli, EBBE seriyalı 568765 nömrəli və EBBE seriyalı 017973 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-fakturala üzrə müvafiq olaraq 38,04 manat, 13076,60 manat və 18940,96 manat ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0 manat olması nəticəsində ümumi 32055,60 manat kənarlaşma yaranmışdır. Həmçinin, aparılmış araşdırılma zamanı vergi ödəyicisi tərəfindən riskli vergi ödəyiciləri "xxxx" MMC-dən EBBN seriyalı 913026 və 913505 nömrəli ümumi ƏDV-siz dəyəri 9527,30 manat, "xxxx" MMC-dən EBBN seriyalı 192211 nömrəli ümumi ƏDV-siz dəyəri 7275,42 manat, "xxxx" MMC-dən EBBL seriyalı 353721 nömrəli ümumi ƏDV-siz dəyəri 9761,83 manat, "xxxx" MMC-dən EBBM seriyalı 756789 və 624611 nömrəli ümumi ƏDVsiz dəyəri 27126,65 manat, "xxxx" MMC-dən EBBJ seriyalı 987925 nömrəli ümumi ƏDVsiz dəyəri 11400,00 manat, "xxxx" MMC-dən EBBD seriyalı 641770 nömrəli ümumi ƏDVsiz dəyəri 490211,33 manat, EBBE seriyalı 017973 və 568765 nömrəli ümumi ƏDV-siz dəyəri 227875,31 manat və "xxxx" MMC-dən EBBF seriyalı 882234 nömrəli ümumi ƏDVsiz dəyəri 17601,21 manat olan e-qaimə fakturalar əldə edildiyi və mənfəət vergisi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma üzrə ümumilikdə 800779,05*20%=160155,81 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Nəticədə vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılaraq iddiaçı barəsində ƏDV və mənfəət vergisi hesablanaraq müvafiq qərarlar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-301/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********881900 saylı, xx.xx.2022-ci il tarixli **********911500 saylı və xx.xx.2022-ci il tarixli **********10300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv edillməsi qərara alınmışdır (hakim: L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı MMC barəsində qəbul edilmiş qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə aparılan əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, əməliyyatlar aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı MMC-nin bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatlarhəyata keçirdiyi müəssisələr, iddiaçı ilə əməliyyatlar apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etmişdir. Belə ki, işə baxan məhkəmə qərarında alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən hüquqi şəxslərin həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmadığını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, həmin vergi ödəyiciləri məhz iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: (-) 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. (-) Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 109. Gəlirdən çıxılmayan xərclər (-) 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”: 1) 10 sentyabr 2021-ci il tarixli, **********881900 nömrəli; 2) 03 oktyabr 2022-ci il tarixli, **********911500 nömrəli; 3) 21 noyabr 2022-ci il tarixli, **********210300 nömrəli qərarlarının ləğvinə yönəlmişdir. Birinci qərarla iddiaçı barəsində 2021-ci ilin iyul ayı üzrə 32.055,60 manat ƏDV hesablanmış və verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 017973 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. İkinci qərarla iddiaçı barəsində 2021-ci ilin iyun ayı üzrə 88.200,00 manat ƏDV hesablanmış və verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBD seriyalı, 641770 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçı barəsində ƏDV hesablanmasının əsaslarında yuxarıda qeyd edilən elektron qaiməfakturalarla yanaşı, EBBE seriyalı 568765 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatı da göstərmişdir. Halbuki, həmin əməliyyat barədə məlumatlar 10 sentyabr 2021-ci il tarixli, **********881900 nömrəli və 03 oktyabr 2022-ci il tarixli, **********911500 nömrəli qərarlarda ƏDV-nin hesablanmasına əsas olan hallar kimi qeyd edilməmişdir. Üçüncü qərarla isə iddiaçı barəsində 2021-ci il üzrə 160.155,81 manat mənfəət vergisi hesablanmış və verginin hesablanmasına əsas iddiaçı tərəfindən riskli vergi ödəyiciləri "xxxx" MMC-dən EBBN seriyalı 913026 və 913505 nömrəli ümumi ƏDV-siz dəyəri 9527,30 manat, "xxxx" MMC-dən EBBN seriyalı 192211 nömrəli ümumi ƏDV-siz dəyəri 7275,42 manat, "xxxx" MMC-dən EBBL seriyalı 353721 nömrəli ümumi ƏDV-siz dəyəri 9761,83 manat, "xxxx" MMC-dən EBBM seriyalı 756789 və 624611 nömrəli ümumi ƏDV-siz dəyəri 27126,65 manat, "xxxx" MMC-dən EBBJ seriyalı 987925 nömrəli ümumi ƏDV-siz dəyəri 11400,00 manat, "xxxx" MMC-dən EBBD seriyalı 641770 nömrəli ümumi ƏDV-siz dəyəri 490211,33 manat, EBBE seriyalı 017973 və 568765 nömrəli ümumi ƏDV-siz dəyəri 227875,31 manat və "xxxx" MMC-dən EBBF seriyalı 882234 nömrəli ümumi ƏDV-siz dəyəri 17601,21 manat olan e-qaimə fakturalar üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. Birinci instansiya məhkəməsi müvafiq qərarlarla iddiaçı barəsində vergilərin hesablanmasına əsas olmuş hüquqi şəxslərlə aparılmış alqı-satqı əməliyyatları zamanı sonuncuların riskli vergi ödəyicisi olmadığını, iddiaçının bu barədə məlumatlı olmadığını və onun bu hallara görə məsuliyyət daşımadığını bildirərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının hər iki tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-dən EBBN seriyalı 913026 və 913505 nömrəli, "xxxx" MMC-dən EBBN seriyalı 192211 nömrəli, "xxxx" MMC-dən EBBL seriyalı 353721 nömrəli, "xxxx" MMC-dən EBBM seriyalı 756789 və 624611 nömrəli, "xxxx" MMC-dən EBBJ seriyalı 987925 nömrəli, "xxxx" MMC-dən EBBD seriyalı 641770 nömrəli, EBBE seriyalı 017973 və 568765 nömrəli və "xxxx" MMC-dən EBBF seriyalı 882234 nömrəli e-qaimə fakturalar üzrə mal (iş, xidmət) almışdır. Göründüyü kimi mübahisələndirilən qərarlarla iddiaçı barəsində ƏDV hesablanmasına əsas yuxarıda qeyd edilən hüquqi şəxslər riskli vergi ödəyicisi hesab edildiyindən müvafiq olaraq onlarla aparılmış alqı-satqı əməliyyatlarına görə ƏDV əvəzləşdirmələrinin qəbul edilməməsi, mənfəət vergisinin hesablanmasına əsas isə həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edildiyindən onlar tərəfindən təqdim edilən elektron qaimə-fakturalar üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. İşdən görünür ki, "xxxx" MMC barəsində iddiaçı ilə aparılmış yuxarıda qeyd olunan əməliyyatlara görə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********988300 nömrəli, "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli, **********099600 nömrəli, “TASTER-100" MMC barəsində xx.xx.2021-ci il tarixli, **********0507400 nömrəli, "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli, **********0563800 nömrəli, "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli, **********343600 nömrəli, "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli, **********296200 nömrəli və "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli, **********799500 nömrəli qərarlar qəbul edilmiş və həmin qərarlarda vergi ödəyicisinin riskli hesab edilməsinin əsası kimi təqdim edilmiş elektron qaimə fakturalarda əks olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı malları satdığının müəyyən edildiyi qeyd olunmuşdur. Həmin müəssisələr iddiaçı MMC-yə də mal (iş, xidmət) təqdim etdiyindən, onlarla 160.155.81 məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçı MMC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal, həmçinin, iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə mənfəət vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən hesablamışdır. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə kollegiyası riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu, eləcə də 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri təsbit edilmişdir. Həmin maddəyə xx.xx.2024-cü il tarixdən əlavə edilən 16.1.11-14-cü bəndə əsasən təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Göründüyü kimi malları təqdim edən vergi ödəyicilərindən onların qanuni sahibliyində müvafiq malların mövcudluğuna dair təsdiqedici sənədlərin tələb edilməsi ilə bağlı vergi ödəyicilərinin vəzifəsi hazırki iş üzrə mübahisəli hüquq münasibətləri yarandıqdan sonra - xx.xx.2024-cü il tarixdən müəyyən edilmişdir. Odur ki, həmin norma iddiaçı barəsində tətbiq edilə bilməz. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, eləcə də, 175.11-ci maddəsinə istinadla ƏDV əvəzləşdirilmələrini qəbul etməyərkən yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadığı malları satdığının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini VM-nin 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddənin vergi orqanın qərarı qəbul edilən zaman qüvvədə olan redaksiyasına görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi normada təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki halda iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu və 175.11-ci maddələri tətbiq edilə bilməz, o, yuxarıda sadalanan elektron qaimə fakturaları ƏDV bəyannaməsində əvəzləşməyə təqdim etməkdə, eləcə də həmin əməliyyatlar üzrə çəkdiyi xərcləri mənfəət bəyannaməsinin xərc maddələrində qeyd edərək vergi orqanına təqdim etməkdə haqlı olmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-301/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-43/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-43/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver