Məhkəmə qərarları › İş №2-1(105)-430/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-430/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-430/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zəngilan rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (açar sözlər: vahid aylıq müavinətin ödənilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qurbanova Səkinə Ağakərim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş, 01.08.2020-ci il tarixdən qeyri-qanuni bərpa edilməyən vahid aylıq müavinətinin bərpa edilməsi, 01.08.2020-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)- 591/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 1.İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş, 01.08.2020-ci il tarixdən qeyri-qanuni bərpa edilməyən vahid aylıq müavinətinin bərpa edilməsi, 01.08.2020-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə getdiyi üçün ona verilən vahid aylıq müavinət Azərbaycan Respulikasının 30.12.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.14-cü bəndinin tələblərinə uyğun olaraq dayandırılmışdır. 01.07.2020-ci ildə müddətli həqiqi hərbi xidməti başa vuraraq qayıtdıqdan sonra o, vahid aylıq müavinətinin bərpa olunması üçün müvafiq sənədləri Cavabdehnə təqdim etmişdir. 10.08.2020-ci ildə yerli icra nümayəndəliyindən zəng edərək bildirmişlər ki, “adına mənzil olduğu üçün Qaçqınların və X8 üzrə Dövlət Komitəsi onun vahid aylıq müavinətini bərpa etməkdən imtina edib”. O, dərhal X1 ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilinin kiçik bir hissəsini (11 kv.m sahə) ona bağışladığını (Daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətini iddiasına əlavə etmişdir) təsdiq edən sənədləri Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə təqdim etməyinə baxmayaraq onun aylıq müavinəti bərpa edilməmişdir.

3. İddiada o da vurgulanır ki, Azərbaycan Respulikasının 30.12.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.1-ci bəndinə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə vahid aylıq müavinəti verilmir. Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bacısı X5 verilmiş ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, həmən mənzildən ona bağışlanmış kiçik hissə ayrıca yaşayış sahəsi yox, ümumi mülkiyyətdir. Ona bağışlanmış və ümumi mülkiyyətdə olan evin hissənin ayrıca giriş qapısı belə yoxdur. Məcburi köçkünlər üçün təyin edilmiş vahid aylıq müavinətinin bərpa edilməsi məqsədilə 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmiş, orada ərizəyə baxılaraq icrası üçün aidiyyəti üzrə 08.09.2020-ci il tarixli 01/20281 saylı rəsmi məktubla Cavabdehnə göndərilmiş olsa da, Cavabdeh həmin məktubun icrasına səthi yanaşaraq (“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublkasının Qanununun tələblərinə zidd olaraq 2 ay gecikmə ilə) 13.10.2020-ci il tarixli 748 saylı imtina məktubu dəfələrlə müraciət etdikdən sonra 07.11.2020-ci il tarixdə ona təqdim edilmişdir. Həmin məktubda onun vahid aylıq müavinətinin bərpa olunmaması absurd və heç bir qanuna əsaslanmayan, arayış xarakterli səbəb göstərilmişdir. Orada da qeyd edirlər ki, “Azərbaycan Respulikası Nazirlər X3 2.1-ci bəndinə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə vahid aylıq müavinəti verilmir”. Hansı ki, X1 ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilindən ona bağışladığı 11 kv.m kiçik bir hissə ayrıca yaşayış sahəsi yox, ümumi paylı mülkiyyət növüdür.

Cavabdehin etirazları:

4. Cavabdeh 26 yanvar 2021-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd olunmuşdur ki, Vənətli kənd sakini, məcburi köçkün İddiaçı 2019-cu ilin iyul ayında hərbi xidmətə getdiyi üçün ona verilən aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və diğər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.14 bəndinə əsasən (“dövlət təminatında olan məcburi köçkünlərə həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək aylıq müavinət verilmir”) avqust 2019-cu il tarixdən dayandırılmışdır. O, 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuş və aylıq müavinətinin bərpa olunması üçün sənədlərini nümayəndəliyə təqdim etmişdir. Onun adı avqust 2020-ci ilin aylıq müavinət hesabatına daxil edilib, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə göndərilsə də, İddiaçı adına mənzil olduğu üçün onun aylıq müavinəti Yeni Qaydaların 2.1 bəndinə əsasən bərpa olunmamışdır (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinət verilmir).

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-591/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddianın təmin olunmaması qərara alınmışdır.

6. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-591/2021 saylı qərarının tam ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-591/2021 saylı qərarı tamamilə əsassız və qanunsuzdur, onun hüquqlarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.1-ci bəndinə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bacısı X5 verilmiş ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, həmin mənzildən ona bağışlanmış kiçik hissə ayrıca yaşayış sahəsi yox, paylı mülkiyyətdir. X1 Bakı şəhəri, Təbriz küçəsi, ev 31, mənzil 7 A ünvanda yerləşən 4 otaqlı mənzilindən ona kiçik bir hissə (11 kv.metr sahə) bağışlanmışdır. Həmin sahənin ayrıca girişi-çıxışı olmamaqla həmin sahənin yaşayış üçün yararlı olmasını ehtiva edən heç bir şərt yoxdur. Yaşayış üçün heç bir tələbə cavab verməyən, ayrıca giriş qapısı, sanitar qovşağı, digər yardımçı hissələri olmayan bir sahə yaşayış sahəsi ola bilməz. Hesab edir ki, Cavabdeh məcburi köçkün şəxslərə qarşı birmənalı yanaşmadığı, qərəzli mövqedə olması digər şəxslərin analoji tələblərinə qarşı başqa mövqe sərgiləməsidir. Belə ki, yaxın qohumu İradə Əliyevaya münasibətdə olan mübahisə üzrə də sonuncuya verilən aylıq müavinəti əvvəl dayandırılmış və İ.Əliyeva məhkəməyə müraciət etdikdən sonra Cavabdeh sonuncu ilə barışıq əldə edərək vahid aylıq ödənişini bərpa etmişdir ki, bu barədə Sumqayıt İnzibati Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadını da apelyasiya şikayətinə əlavə edir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-591/2021 saylı qərarının tam ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş edərək əlavə olaraq bildirdi ki, İddiaçı 2019-cu ilin iyul ayında hərbi xidmətə getdiyi üçün ona verilən aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli 11№-li qərarı ilə təsdiq edilmiş, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.14-cü bəndinə əsasən 2019-cu ilin avqust ayından dayandırılmışdır. İddiaçı 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurandan sonra aylıq müavinətinin bərpa olunması üçün sənədlərini nümayəndəliyə təqdim edilməklə adı 2020-ci ilin avqust ayının müavinət hesabatına daxil edilib Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə göndərilsə də, İddiaçı adına mənzil olduğu üçün onun aylıq müavinəti Qaydaların 2.1-ci bəndinə əsasən bərpa olunmamışdır. Buna əsas isə odur ki, ayrıca yaşayış sahəsi olan qaçqın və məcburi köçkünlərə müavinat verilmir və yemək xərci kəsilir.

11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 25 Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

28. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun: Maddə 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Maddə 9: Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası: Bənd 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Bənd 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; Bənd 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; Bənd 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;

30. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

31. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

32. Həmin Qanunun 7.0.6. maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin oluna bilər.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi olması müəyyən olunmuşdur. Hazırki qərarın 29-cu bəndində qeyd edilən Qaydaların tələblərinə görə nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsi, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satması və ya bağışlaması da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal kimi müəyyən edilmişdir.

35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 28, 30-32-ci bəndlərində istinad olunan normaların tələblərinə görə şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tədbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Digər tərəfdən şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Belə ki, müvafiq qaydalara görə imtiyazı olan məcburi kökçün sonradan mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdikdən, hətta həmin yaşayış sahəsini başqa şəxsə satması və ya bağışlaması halı belə ona vahid aylıq müavinətin ödənilməsinə əsas vermir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür.

37. İddiaçı hazırki qərarın 7-ci bəndində qeyd edilən apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə həmin dəlilləri qəbul etmir ona görə ki, iddiaçıya bağışlanmış 11 kv.m (y/s-7.3 kv.m, k/s-3.7 kv.m) ümumi sahəsi olan yaşayış evi mülki qanunvericiliyin mülkiyyət hüququnun xüsusi növləri fəslində yer alan maddi hüquq normalarının tələbləri baxımından ayrıca yaşayış sahəsi anlamını təsbit edir və iddiaçı həmin yaşayış sahəsinin mülkiyyətçisi kimi qanunla nəzərdə tutulan bütün hüquqlara və vəzifələrə malikdir. Apelyasiya şikayətinin dəlili kimi istinad edilən Sumqayıt İnzibati Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadı ilə oxşar mübahisəyə fərqli münasibət göstərilməsinə baglı kollegiya qeyd edir ki, şikayətin bu dəlili də əsaslı hesab edilə bilməz ona görə ki, həmin iş üzrə tərəf olan X6 mülkiyyətində hər hansı yaşayış sahəsinin olmasına dair sübut mövcud deyildir, eyni zamanda sonuncunun iddia ərizəsində kirayədə yaşaması vurgulanmaqla faktiki yaşayış ünvanı kimi ünvan 3ir otaq və bir köməkçi sahəsinin (y/s-7.3 kv.m, k/s-3.7 kv.m), yəni ümumi 11 kv.metr sahəsinin mülkiyyətçisi məhz İddiaçı ogludur. Lakin sonuncu məhkəmə iclasında mülkiyyətində olan ünvanda yaşayış sahəsinin ayrıca giriş-çıxışı olmamaqla həmin sahənin yaşayış üçün yararlı olmamasını vurgulamışdır.

38. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçıya bacısı X7 tərəfindən bagışlanmış Bakı şəhəri, Təbriz küçəsi, ev 31, mənzil 7 A ünvanında yerləşən 11 kv.metr yaşayış sahəsi N.Bədəlzədənin mülkiyyətində olduğundan məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndinin tələbinə müvafiq olaraq vahid aylıq müavinətin ödənilməməsinin əsaslı olması barədə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-591/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(118)-591/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar