Məhkəmə qərarları › İş №2-1(105)-430/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-430/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-430/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “iddiaçının Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.metr olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1068/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli Mənzilin tikintisi haqqında müqavilə ilə içraçı "xxxx" MTK Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilini payçı İddiaçı satmışdır.

2. "xxxx" MTK tərəfindən verilmiş 01 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir.

3. "xxxx" MTK tərəfindən verilmiş 102 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri 16-cı mkr İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 17/15-ci mərtəbəsi, 102 saylı mənzildə yaşayır.

4. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək onun Sumqayıt şəhəri 16-cı mkr., İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.metr olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyyatına alınmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh məktubda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, yalnız sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun Sumqayıt şəhəri 16-cı mkr.,İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.metr olan 1 otaqlı 102 saylı mənzilinə passport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən mənzilə köçməsi və nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

10. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə nəzərə almamışdır ki, “Yaşayış yeri və olduğu yer haqqında” qanunda nəzərdə tutulan sənədlərin iddiaçının təqdim etdiyi mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı ilə hərfi mənada üstüstə düşməməsi həm müqavilənin, həm də maliyyə arayışının pasport qeydiyyatına alınma üçün yetərli olmaması nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışı əslində “Yaşayış yeri və olduğu yer haqqında” qanunda sadalanan reyestrdən çıxarış, order, icarə müqaviləsi və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər sırasına daxildir. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2014-cü il tarixli qərarlarına zidd olaraq maliyyə arayışına yenidən hüquqi qiymət vermiş və həmin sənədin “vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil olmaması” nəticəsinə gəlmişdir. Halbuki, Konstitusiya Məhkəməsi hər iki qərarında maliyyə arayışına hüquqi qiymət verərək həmin sənədin “əmlaka sahiblik və istifadə etmək hüququnu” yaratması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin Konstitusiya Məhkəməsi tərəfindən hüquqi statusu müəyyən edilən sənədə yenidən hüquqi qiymət verməsi və Konstitusiya Məhkəməsinin mövqeyinə zidd nəticəyə gəlməsi qanunsuz və əsassızdır. İddiaçı tərəfindən oxşar işlər üzrə digər məhkəmə qərarlarının təqdim edilməsi belə hazırkı inzibati işdə sədrlik edənin yanlış nəticəyə gəlməkdən çəkinməsinə yetərli olmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddia tələbinin rədd edilməsi hüquqi-müəyyənlik prinsiplərinə ziddir. Başqa sözlə məhkəmə iddia tələbini rədd etməklə hazırda mövcud olan mənzilin hüquqi statusunun formalaşmasını qeyri-müəyyən müddətədək təxirə salmışdır. Beləliklə məhkəmə iddiaçını məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər.

12. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. Cavabdeh 25 may 2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək 23 iyun 2022-ci il tarixli iclasında nümayəndələrinin iştirakının təmin ediləcəyini bildirmiş, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir:

1. Bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;

2. Bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;

3. Şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

4. Şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

16. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları 2.1-ci bəndinə əsasən, ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu Qaydaların 3.7.1-3.7.6-cı bəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır; 2.5-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məlumatlar «qüvvədə olanlar (Q)», «qüvvədən düşmüş (D)» və «müvəqqəti (M)» statuslardan ibarətdir. 3.2-ci maddəsinə əsasən, daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; - 3.9-cü maddəsinə əsasən, çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir; - 4.2-ci maddəsinə əsasən, dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu Qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər.

17. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı istifadə və sahibliyində olan mənzilə pasport qeydiyyatına alınmadır.

21. Cavabdeh imtinasında bildirmişdir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, yalnız sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır.

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən mənzilə köçməsi və nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir ki, iddiaçı müvafiq ünvana qeydiyyata düşmək üçün əsas kimi maliyyə arayışını və mənzilin tikintisi barədə müqaviləni cavabehə təqdim etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir.

24. Bundan əlavə bu qərarın 15-17-ci bəndlərində istinad edilmiş normaların tələblərindən göründüyü kimi, qeydiyyat yaşayış yeri və ya olduğu yer üzrə aparıldığından, şəxsin yaşayış yeri isə onun daimi və ya daha çox yaşadığı ev, mənzil sayıldığından, həmin ev və ya mənzil üzrə qeydiyyat rəsmi qəbul edilmiş ünvan üzrə aparılmalıdır. Yəni, bu normaların və yuxarıda göstərilmiş normaların əlaqəli təhlili o nəticəni yaradır ki, cavabdeh dövlət orqanı yalnız yuxarıda göstərilmiş Qaydalara əsasən ünvan reyestrinə daxil edilən ünvan üzrə bu və ya digər şəxsi yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata almalıdır. İddiaçının qeydiyyata xahiş etdiyi evə dair ünvanın verilməsi və onun ünvan reyestrinə daxil edilməsi müəyyən olunmadığından, iddia tələbinin təmin edilməməsi qanunamüvafiq hesab edilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçının yaşayış yeri üzrə qeydiyyata düşməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

26. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1068/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar