Məhkəmə qərarları › İş №2-1(105)-430/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-430/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-430/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(118)-1921/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardad qəbul etdi. İŞİN HALLARİ İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin üzrə cavabdeh, qarşılıqlı iddiaçı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus 0,10 ha torpaq sahəsindən cavabdehin çıxarılması və cavabdeh tərəfindən əraziyə qoyulmuş vaqonun götürülərək torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, X6 isə qarşılıqlı iddia tələbi məhkəməyə müraciət edərək sözügedən 0,10 ha torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin inşasına xərclədiyi 35.000 manat məbləğində pul vəsaitinin ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə ilkin iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsindən X1 çıxarılması, X6 tərəfindən əraziyə qoyulmuş vaqonun götürülərək torpaq sahəsinin İddiaçı sahibliyinə qaytarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2015-ci il tarixli, 2(105)-913/2015 nömrəli qətnaməsi ilə X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi “qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 28.518 manat pul vəsaitinin alınaraq X4 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin torpaq sahəsindən çıxarılma, vaqonun götürülərək torpaq sahəsinin qaytarılması və 28.518 manat pul vəsaitinin alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən məhkəmənin 2(105)-913/2015 nömrəli qətnaməsinin icrası ilə əlaqədar 15 mart 2016-cı il tarixdə icra vərəqəsi verilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmiş, Abşeron rayon İcra şöbəsinin böyük icra məmuru X12 28 mart 2016-cı il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. İcra sənədi borclu İddiaçı tərəfindən könüllü icra müddətində icra olunmadığı üçün Abşeron rayon İcra şöbəsinin icra məmuru Cavad Həsənov tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq borcluya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 8(012)-151/2017 nömrəli qərardadına əsasən təqdimat təmin olunmuş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra Abşeron rayon İcra şöbəsi 26 may 2017-ci il tarixli, xx/xx-8108/17-5 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(105)-913/2015 nömrəli icra vərəqəsinə əsasən “İcra haqqında” Qanunun 53-cü maddəsi nəzərə alınmaqla, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin tələbkar X1 adına sənədləşdirilməli və həbs götürülməklə həmin torpaq sahəsi ilə bağlı X1 mülkiyyət hüququnun tanınması üçün dövlət reyestrindən çıxarış verilməli olmasını bildirmişdir. Bundan sonra sözügedən 0,06 ha torpaq sahəsi X1 xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra Abşeron rayon İcra şöbəsinin icra məmurunun müvafiq təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 8(012)-851/2017 nömrəli qərardadına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin də üzərinə həbs qoyulmuşdur. Abşeron rayon İcra şöbəsi həmin 0,04 ha torpaq sahəsi üzərində də tələbkar X1 mülkiyyət hüququnun tanınmasına dair dövlət reyestrindən çıxarış verilməsi barədə analoji 27 dekabr 2017-ci il tarixli, xx/xx-27778/17-5 nömrəli məktubla DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, bundan sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən, ümumilikdə, 0,10 ha torpaq sahəsi X1 xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra X6 həmin 0,10 ha torpaq sahəsini alqı-satqı qaydasında X3, sözügedən torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı 13 sentyabr 2023-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, X1 adına xx.xx.2018-ci il tarixli, **********22 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 25 sentyabr 2023-cü il tarixli, 3-21-3-32/2-B-0109 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən X4 verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra şöbəsinin icra məmurunun təqdimatı əsasında iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin 0,06 ha hissəsi qanunsuz olaraq X1 adına özgəninkiləşdirilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən tələbin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin 0,06 ha hissəsinə yönəldilməsi həmin torpaq sahəsinin tələbkarın mülkiyyətinə verilməsini özündə ehtiva etmir. Əksinə həmin 0,06 ha torpaq sahəsi hərraca yönəldilməli, torpaq sahəsinə qanunvericiliyin tələbinə uyğun olaraq qiymət qoyulmalı, torpaq sahəsi hərracdan satıldıqdan sonra borclu olduğu pul məbləği tələbkara verilməli, qalan məbləğ isə ona qaytarılmalı idi. Abşeron rayon icra şöbəsi isə torpaq sahəsinin dəyərini dəfələrlə aşağı qiymətə hesablayaraq 0,06 ha torpaq sahəsinin birbaşa tələbkarın mülkiyyətinə verilməsi ilə bağlı məktubla 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, bundan sonra həmin 0,06 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnu qeydiyyata almışdır. Abşeron rayon icra şöbəsinin məktubunda "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə istinad edilmişdir. Bütün bunlara baxmayaraq, icra məmurunun təqdimatı əsasında ona məxsus 0,10 ha torpaq sahəsinin yerdə qalan 0,04 ha torpaq sahəsinin üzərinə də həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. Qeyd olunan 0,04 ha və 0,06 ha torpaq sahələri **********22 reyestr nömrəli çıxarışa əsasən Ş.M.Bayramovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Dəfələrlə Abşeron rayon icra və probasiya şöbəsinə müraciət edərək hansı əsaslarla mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin Ş.M.Bayramovun adına özgəninkiləşdirildiyi barədə məlumat almaq istəsə də, ona bununla bağlı heç bir məlumatın olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(118)-1921/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı X1 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsini tələb etsə də, o, mahiyyəti etibarı ilə məhkəmə qərarının düzgün icra edilməməsindən narazıdır. Hazırkı iddiaya mahiyyəti üzrə baxılması digər məhkəmə qərarının icrasına inzibati məhkəmə icraatı qaydasında nəzarət edilməsi kimi qiymətləndirilməlidir. İddiaçının məhkəmə qərarına nəzarət edən müvafiq məhkəməyə məhkəmə qərarının icrasına nəzarət formasında tələblər irəli sürmək kimi hüquq müdafiə vasitələri olsa da, düzgün hüquq müdafiə vasitəsi seçmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında məhkəmə iclasında iddiaçıya hüquqi yardım edildiyi, mümkün hüquq müdafiə vasitələri izah edildiyi qeyd olunmuş, lakin, məhkəmə tərəfindən ona heç bir hüquqi yardım göstərilməmiş, həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaya münasibət bildirməmiş, məhkəmə çəkişmə prinsipinə əməl etmədən iddianı mümkün hesab etməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən həmin faktların nəzərə alınmaması şikayət dəlilləri əsasında qərardadın ləğvi üçün əsas hesab oluna bilər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinə dair X1 mülkiyyət hüququnun tanınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış məktublarla əlaqədar Abşeron rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərini Abşeron Rayon Məhkəməsində mübahisələndirmişlər. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümatəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha və həmin torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, 0,10 ha torpaq sahəsinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********65 və **********22 reyestr nömrəli qeydiyyatları mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı o əsasla mümkün saymamışdır ki, iddiaçı Ş.M.Bayramovun adına reyestrdə aparılmış qeydiyyatların ləğvini tələb etsə də, o əslində, sonuncu ilə onun arasında olmuş mülki mübahisə üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli, 2(105)-913/2015 nömrəli qətnaməsinin icrasından narazıdır, bu baxımdan, qeyd olunan məsələ ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət etməlidir. Kollegiya hesab edir ki, işə baxan məhkəmə qaldırılmış iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Plenum qərarının müddəalarından müəyyən edilir ki, ümumilikdə dövlət reyestrindəki qeydiyyatın qanuniliyi mübahisə doğurursa, ilk növbədə qeydiyyatın aparılmasına əsas olmuş müvafiq aktlar və ya müvafiq orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilməlidir. Hazırkı işdən isə görünür ki, dövlət reyestrində aparılmış mübahisələndirilən qeydiyyatlar Abşeron rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış 26 may 2017-ci il tarixli, xx/xx-8108/17-5 nömrəli və 27 dekabr 2017-ci il tarixli, xx/xx-27778/17-5 nömrəli məktublar əsasında aparılmışdır. Yəni, qeydiyyatların aparılmış əsas icra məmurunun hərəkətləri təşkil edir. Belə olan halda, iddiaçı əvvəlcə icra məmurunun sözügedən hərəkətlərini mübahisələndirməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən, əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Apellyasiya instansiyasında icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 nömrəli icra sənədinin tələblərinin yerinə yetirilməsinin icra məmuruna tapşırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətinin dəlillərində icra məmuru tərəfindən reyestr xidmətinə ünvanlanmış müvafiq məktublarla ona məxsus torpaq sahəsinin X1 adına rəsmiləşdirildiyini, qeyd olunan sənədlərin isə qanunvericiliyin tələbi baxımından mülkiyyət hüququnu təsdiq edən qeydiyyatın aparılmasına əsas təşkil etmədiyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-7/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə iddiaçının müvafiq şikayəti təmin edilməmiş və məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, şikayət əsaslı hesab edilməmişdir. Beləliklə, işin sadalanan hallarından göründüyü kimi hazırda mübahisələndirilən dövlət reyestrindəki qeydiyyatlar icra məmurunun hərəkətləri əsasında aparılmış və iddiaçı hazırkı iş üzrə hüquqi marağına uyğun olaraq əlverişli hüquqi müdafiə vasitəsindən növündən istifadə etməklə, bu hərəkətlərin qanuliyini məhkəmə qaydasında mübahisələndirsə də, ərizəsi rədd edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxılmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(118)-1921/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar