Məhkəmə qərarları › İş №2-1(105)-431/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-431/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-431/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 iyun 2020-ci il tarixli, **********6919600 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1050/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il üçün əlavə hesablanmış mənfəət vergisi üzrə 2524.98 manat borcun və 20.16 manat faiz borcunun, cəmi 2545.14 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı MMC-nin direktoru F.Məmmədov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 11 iyun 2020-ci il tarixli, **********6919600 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş və iddiaçı müəssisənin elektron poçt ünvanına göndərilmiş 15.05.2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə müəssisənin həmin tarixə olan vergi borcunun 1170.19 manat olduğu göstərilmişdir. MMC-nin vergi şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, vergi orqanı tərəfinfən 04.05.2020-ci il tarixdə mənfəət vergisi üzrə kameral qaydada 2524.98 manat əlavə vergi və 20.16 manat faiz hesablanmış, lakin vergi orqanı tərəfindən bu verginin hansı üsullarla hesablanması barədə heç bir açıqlama və məlumat verilməmişdir. Bundan əlavə həmin borcun ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən MMC-nin bank hesablarına sərəncam qoyulmuşdur. Cavabdehin əlavə zəruri sənədlərin tələb edilməsi haqqında 04.05.2020-ci il tarixli məktubuna cavab olaraq iddiaçı tərəfindən təhvil-təslim aktının surəti və bank ödəniş tapşırığının surəti təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1050/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli **********919600 saylı qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-105/2021saylı, 02 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(0118-1050/2020 saylı qərarının dəyişdirilimədən saxlanılması qərara alınmışdır (sədrlik edən hakim Fuad Məmmədov). Qərardan cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2-1(105)-105/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 899/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2-1(105)-105/2021 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim Zakir Quliyev). APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (135762,16 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaiməfakturaların məbləği (121619,56 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri ( 121619,56 manat), çıxılsın (- ) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 14142,60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd edilənlərə əsasən, 02.03.2020-ci il tarixli **********701700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37.4.-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini bu maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə 2828,52 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının 11.06.2020-ci il tarixli **********919600 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Məhkəmə qərarında hesab etmişdir ki, cavabdeh orqan kameral vergi yoxlaması zamanı “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyinə görə qanuni hesab edilməməli və ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd olunur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İddiaçı vergi orqanına mənfəət vergisi ilə bağlı dəqiqləşmiş vergi bəyannaməsini 12.05.2020-ci il tarixdə təqdim etmiş, cavabdeh vergi orqanı 30 iş günü müddətini gözləməklə 11.06.2020-ci il tarixli **********919600 nömrəli elektron kameral hesablama barədə qərar qəbul etmiş və heç bir müddət pozuntusuna yol verməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almamış, cavabdeh orqan kameral vergi yoxlaması zamanı “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyi nəticəsinə gəlmişdir ki, bu da işin faktiki hallarına uyğun deyildir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, həmin maddəyə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, kameral vergi yoxlaması zamanı vergi orqanının “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyinə görə qanuni hesab edilməməli və ləğv edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 59-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmiş, habelə həmin Məcəllənin 61.1-ci və 61.2ci maddələrinin tələblərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 02 mart 2020-ci il tarixli, **********701700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, iddiaçı tərəfindən 2019-cu il üçün mənfəət vergisinin bəyannaməsi 26 fevral 2020-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. 12 may 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC 12.05.2020-ci il tarixdə 2019-cu ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsinə əlavə etmişdir. 12 may 2020-ci il tarixli ərizəyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən bir ədədi 34.92 manat olmaqla, 14142.60 manat dəyərində 405 ədəd həyət üçün zibil qutuları İddiaçı MMC-yə təhvil verilmişdir. 12 may 2020-ci il tarixli ərizəyə əlavə edilmiş bank ödəniş tapşırığından görünür ki, 13.12.2019-cu il tarixdə iddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 13968 manat məbləğində ödəniş edilmişdir. 11 iyun 2020-ci il tarixli **********919600 saylı qərardan görünür ki, 2019-cu ilin mənfəət vergisi kimi iddiaçıya 2788,71 manat vergi borcu hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməsi 12.05.2020-ci il tarixdə təqdim edilmiş, kameral yoxlama ilə əlaqədar qəbul edilmiş qərar isə 30 iş günlük müddət ötürülmədən 11.06.2020-ci il tarixində qəbul edilmişdir. Kameral yoxlama üzrə 2788.71 manat əlavə mənfəət vergisi isə cavabdeh tərəfindən aşağıdakı hesablama üzrə aparılmışdır. Mənfəət vergi bəyamnaməsinə əsasən müəssisənin 2019-cu il üzrə gəliri 139185,69 manat, həmin il üzrə sənədlərlə təsdiqini tapan xərclərin isə 123433,71 manat olduğu müəyyən edilmiş, kameral yoxlama üzrə 2788,71 manat ( 139.185,69 – 123.433,71) % 20%- 361,63 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə müəssisə tərəfindən Vergi Məcəlləsinin 106.1.23-cü maddəsinə əsasən qeyd olunmuş 5.424,47 manat mənfəət üzrə azadolma yoxlama ilə müəyyən edilməmiş, yəni müəssisənin 2019-cu il üzrə qeyd olunan mənfəət üzrə azad olma üçün «Startap» şəhadətnaməsi alması təsdiq olunmur. İnzibati qərarın düzgün əsaslandırılmaması ilə bağlı birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar müvafiq məbləğləri və dövrləri özündə göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı kameral vergi yoxlamalarında «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi» haqqında məktubda əks etdirilir. Buna görə yalnız bu meyarı əsas götürməklə qərarın ləğv edilməsi düzgün deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2-1(118)-1050/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 iyun 2020-ci il tarixli, **********6919600 saylı qərarının ləğv edilməsinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar