Məhkəmə qərarları › İş №2-1(105)-432/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-432/2024

26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-432/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsininin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-271/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən onun adına 2006-cı il tarixli, JN-062, KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı 13 aprel 2022-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, 0,05 ha torpaq sahəsi üzrərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan 19 aprel 2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, JN-062 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı və JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi əsasında, fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin YTT ərazisindən (Quba şəhərinin “Qəçrəş yolu” yaşayış sahəsi) onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 saylı qərarı ilə 0,05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş, həmin hüquq reyestr kitabında 1691 nömrə ilə qeydə alınmaqla, ona JN - 062 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini əldə etdikdən dərhal sonra orada fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə yaşamağa başlamış, həyətyanı torpaq sahəsini əkib-becərmiş, torpaq sahəsinə dair vergiləri daima ödəmişdir. Cavabdehə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinin tələblərini və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının tələblərini pozmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(118)-271/2023 nömrəli qərardadı ilə Quba rayonu Quba bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-271/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli iclas protokolu arxivdə olsa da, iddiaçıya 0.05 ha torpaq sahəsinin satılması barədə qərar mövcud deyil. Eyni zamanda, Quba bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçıya bələdiyyənin 28 aprel 2006-cı il tarixli, 15/04 nömrəli qərarı əsasında Qəçreş yolu massivində 0.05 ha torpaq sahəsi ayrılması ilə bağlı heç bir (ilkin torpaqayırma sənədləri və digər) sənəd aşkarlanmadığını bildirmişdir. Göründüyü kimi JN- 062, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin dövlətin müvafiq qurumlarında qeydiyyatının aparıldığı müəyyən edilməmiş, eyni zamanda həmin Şəhadətnamənin verilməsinə əsas kimi göstərilən bələdiyyə qərarının və ilkin torpaqayırma sənədlərinin mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının mülkiyyət hüququnun yaranmasının əsasını qeyd edilən şəhadətnamə yox, müvafiq bələdiyyə qərarı və ilkin torpaqayırma sənədləri təşkil edə bilər. İnzibati akt sayılan və hüquq yaradan bələdiyyə qərarı və ilkin torpaqayırma sənədləri olduğu və buna uyğun müvafiq şəhadətnamə verildiyi halda isə şəhadətnamə ilə tanınan hüququn müvafiq qurumda qeydiyyatının aparılmaması vətəndaşın hüquqlarını pozmamalıdır. Lakin, hazırkı halda iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas ola biləcək bələdiyyə qərarının mövcudluğu ilə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında da iddiaçı torpaq sahəsinin bələdiyyə tərəfindən necə hansı prosedura uyğun ayrılmasını izah edə bilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin cavabdehə təhvil verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin qeydiyyat kitabını cavabdehdən tələb etməmişdir. Bundan başqa, Aqrar İslahat Komissiyası tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, o ləğv edildikdə isə Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinə və Quba bələdiyyəsinə təhvil verilmiş Quba şəhərinin “Qəçrəş yolu” adlandırılan ərazisinin kağız üzərində xəritəsi, ƏMDX-dən, Quba bələdiyyəsindən və "xxxx" MMC-dən tələb edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin JN-062, KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri iki hissədən ibarətdir: 1) İddiaçının adına olan JN-062, KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qeydiyyat kitablarında qeydə alınmaması və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmaması; 2) Torpaq sahəsinin yerinin dəqiq məlum olmaması, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İşdən görünür ki, Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 15/04 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən onun adına 2006-cı il tarixli, JN-062, KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq: - X7 Filialı 05 iyul 2022-ci il tarixli, 637 nömrəli məktubla Quba bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli iclas protokolunda iddiaçıya 0,05 ha torpaq sahəsi ayrılması barədə 15/04 nömrəli qərarın aşkar edilmədiyini; - Quba bələdiyyəsi 08 iyul 2022-ci il tarixli, 583 nömrəli məktubla iddiaçıya bələdiyyənin 28 aprel 2006-cı il tarixli, 15/04 nömrəli qərarı ilə iddiaçıya 0,05 ha torpaq sahəsi ayrılması ilə bağlı ilkin torpaqayırma və s. sənədlərin aşkarlanmadığını; - "xxxx" MMC də 25 iyul 2017-ci il tarixli məktubla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin aşkar edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara istinad edərək iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olan sənədlər müəyyən edilmədiyindən cavabdehin imtinasını əsaslı sayaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olan sənədlərin aşkar edilməməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola və onun ziyanına şərh oluna bilməz. Belə ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən həmin Şəhadətnamə qüvvədə olduğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar həmin Şəhadətnamənin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə həmin dövrdə (2006-cı ildə) belə aktın verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin aktın həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı, həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Kollegiya, eyni zamanda, qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 71/2023 nömrəli qərarından görünür ki, həmin iş üzrə ilkin mülkiyyətçinin adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olan sənədlərin arxiv əsasları aşkar edilməsə də, kassasiya instansiya məhkəməsi cavabdehin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığı və elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığına dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırda qüvvədə olmaqla, 2006-ci ildə belə şəhadətnamənin verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin şəhadətnamənin həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Həmçinin, işdən görünür ki, mübahisəli 0,05 ha torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya ayrıldığı 2006-cı ildən etibarən onun faktiki istifadəsində və sahibliyindədir, sonuncu tərəfindən həmin tarixdən bələdiyyəyə torpaq sahəsinə görə mütəmadi olaraq əmlak və torpaq vergisi ödənilir. Cavabdehin növbəti dəlilində torpaq sahəsinin yerinin dəqiq məlum olmaması, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməməsini bildirsə də, işdən görünür ki, DTXK-nin Quba rayon şöbəsi tərəfindən mübahisəli 0,05 ha torpaq sahəsinin 1:10000 miqyasında yerquruluşu planı tərtib edilmişdir. Qeyd olunan sənəd torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verir. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı həmin torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilməklə, mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,05 olmaqla, həmin torpaq sahəsi X3 X4 (TEKUİS) bələdiyyə mülkiyyəti, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanı, əmlak növü fərdi yaşayış evləri kimi göstərilmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusu əsasında torpaq sahəsi cavabdeh tərəfindən təkrarən müayinə edilmiş və müayinə nəticəsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu, elektron baza məlumatlarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Odur ki, cavabdehin ikinci dəlilinin də əsassızlığı müəyyən edilir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.5-ci maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədə - 2006-cı il tarixli, JN-062, KOD 30301004 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. İstinad olunan həmin normalarda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qismində təsbit edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-271/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. JN-062, KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar