Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-432/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışının verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 2 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 86,4 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə olunmuş 3480 reyestr və 173 inventar nömrəli texniki pasportda göstərilən göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) üçün baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə dair bundan əvvəl başqa şəxsin müraciəti daxil olmuşdur. Cavabdehin 20 avqust 2024-cü il tarixli, 32/332/2-11325/24 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin TEKUİS (X2 X8) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Həmçinin başqa şəxsin torpağı ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Cavabdehin 29 aprel 2025-ci il tarixli, 3-21-3-32/2-6680/2025 nömrəli məktubundan görünür ki, reyestr kitabında aparılmış qeydiyyata əsasən 3480 reyestr nömrəli qeydiyyat vəsiqəsi Xırdalan qəsəbə XDS-in xx.xx.1989-cu il tarixli 70-3 nömrəli qərarı əsasında tərtib edilmişdir. Lakin həmin qərar arxivdə aşkar edilmədiyindən təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün olmamışdır. Fərdi yaşayış evi üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(012)-346/2024 saylı və xx.xx.2024-cü il tarixli, 16(012)-346/2024 saylı icra vərəqələrinə əsasən qadağa qoyulmuşdur. Cavabdehin 02 may 2025-ci il tarixli, 3-21-3-32/2-6923/2025 nömrəli məktubundan görünür ki, sözügedən qeydiyyat vəsiqəsinin və texniki pasportun verilməsinə əsas olmuş sənədlər 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv əsaslarında aşkarlanmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda Abşeron rayonu, Masazır kəndində yaşayır. Masazır kəndində 0,10 ha torpaq sahəsi ona ayrılmışdır. 1992-ci il tarixdə həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə dair texniki pasport və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla təmin olunmuşdur. Fərdi yaşayış evinə dair texniki pasportda istifadəsində olan ona məxsus 0,10 ha torpaq sahəsinə dair müvafiq qeydlər aparılmışdır. Lakin sənədləşmə vaxtı torpaqa dair ilkin sənədləri Daşınmaz Əmlak Komitəsinə təqdim edildyi üçün hal-hazırda həmin sənədlərin bir nüsxəsi onda yoxdur. Lakin arxivdə torpaq sahəsinə dair bütün ilkin sənədlər mövcuddur. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmiş, cavabdeh isə müraciətin icrasından imtina etmişdir. İmtina əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər lazımı orqana təqdim edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina bilirişinə uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid, dövlət mülkiyyətində olaraq, iddiaçının istifadəsindədir. Belə ki, 2 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa, eyni zamanda 173 inventar nömrəli, 3480 qeyd nömrəli texniki pasportuna əsasən iddiaçının mülkiyyətində Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi olmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evinin mövcud olmaması mübahisələndirilən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Odur ki, qeyd edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququna malikdir. Eyni zamanda yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olsa da, həm texniki paspotda, həm də cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında mübahisələndirilən torpağın ümumi faktiki sahəsi 0,1 ha olduğundan, cavabdehin bu dəlili əsassız hesab edilir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri əsassız hesab edir. Mübahisələndirilən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmışdır və həmin müayinə aktında digər qonşu torpaq sahələri ilə üst-üstə düşməsi halı, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətləri keçməsi aşkarlanmamışdır, torpaq sahəsinin koordinatları ilə əlaqədar heç bir nöqsan qeyd edilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar araşdırma zamanı mübahisə predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********48-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(012)-346/2024 saylı icra vərəqəsinə əsasən məhdudiyyətin qoyulduğu müəyyən edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi qeyd olunan icra vərəqəsinin verilməsi üçün əsas olan mülki iş üzrə tərəf kimi cəlb edilməmişdir. 16(012)-346/2024 saylı icra vərəqəsinin mətnindən məlum olmuşdur ki, barəsində cari qərarın çıxarıldığı mübahisə predmeti olan torpaq sahəsinə dair Abşeron Rayon Məhkəməsinin icraatında mülki iş vardır və həmin iş üzrə iddiaçı qismində X10, cavabdeh qismində isə İddiaçı çıxış edirlər. Həmin mülki mübahisənin nəticəsi barədə hər-hansı məlumat Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Göründüyü kimi qeyd olunan mülki mübahisə barədə məlumat Sumqayıt İnzibati Məhkəməsində olmamış, bu səbəbdən də qeyd olunan mübahisə müvafiq münasibət bildirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər....... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.;..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyasının .....
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ..... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, 3480 reyestr və 173 inventar nömrəli texniki pasportda göstərilən göstərilən fərdi yaşayış evi söküldüyündən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış, sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu müəyyən edilmiş, həmin torpaq sahəsi ilə bağlıbaşqa şəxsin müraciəti daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu masazır kəndində yerləşən ümumi sahəsi 86,4 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışın məzmununda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0,108 ha olduğu, dövlət mülkiyyətində olduğu, iddiaçının torpaq üzərində istifadə hüququ olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi TEKUİS məlumatında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi kimi qeyd edildiyi, yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğu, başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmiş, habelə cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı və koordinatlarını əks etdirən sxem tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 0,1 ha və orada yerləşən fərdi yaşayış evinin ümumi sahəsi sənəd üzrə 86,4 kv.m. (yaşayış sahəsi 55.0 kv.m. və köməkçi sahə 31,4 kv.m. olmaqla) və faktiki ölçüsü 140,1 və 58.0 kv.m. kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsa solan və 173 inventar nömrəsi və 3480 qeyd nömrəsi olan texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Təqdim edilmiş sənədlərin məzmunundan görünür ki, iddiaçı ilə X9 arasında xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən hədiyyə verən Abşeron rayonu Texniki İnvertarlaşdırma Bürosunun 05 avqust 2002-ci il tarixli 3480 saylı arayşına və 3480 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış sahəsi 55,0 kv.m., köməkçi sahəsi31,4 kv.m. olan 1000 kv.m. torpaq sahəsində yerləşən yerləşən iki yaşayış otaqlı evinini qardaşı iddiaçıya bağışladığını bildirmişdir. Xırdalan südçülük sovxozunun əmək kollektivi şuarsı,ilk həmkarlar ittifaqı təşkilatı müdiriyyətin 20 mart 1989-cu il tarixli birgə qərarı (protokol №2) və sovxoz direktorunun 23 mart 1989-cu il tarixli 25 №li əmri ilə adları qeyd edilən şəxslərə X4 adına ayrılmış 0,10 ha torpaq sahəsində Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nın 31 oktyabr 1989-cu il tarixli 70-3 №li qərarı ilə fərdi yaşayış evi tikməsi məqsədəuyğun hesab edilmişdir. Sözügedən torpaq sahəsində yerləşən 86,4 kv.m. yaşayış sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınmasına əsas olmuş sənəd 173 inventar nömrəsi və 3480 qeyd nömrəsi olan qeydiyyat vəsiqəsi olmuş, həmin qeydiyyat vəsiqəsinin tərtib edilməsinə əsas Abşeron rayonu 1 №li Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4Ə-236 06 avqust 2002-ci il tarixli bağışlanma müqaviləsi çıxış etmişdir. Əvvəlki mülkiyyətçi qismində X6 adına Texniki İnvertarlaşdırma Bürosu tərəfindən fevral 1992-ci il tarixli texniki pasport tərtib edilmiş, daha sonra həmin texniki pasportun üzərində Abşeron rayonu 1 №li Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4Ə-236 06 avqust 2002-c il tarixli alqıs-satqı müqaviləsinə əsasən İddiaçı adına keçməsi qeyd edilmiş, texniki pasportun məzmununda torpaq sahəsinin faktiki ölçüsü 1000 kv.m, tikintialtı sahəsi 110 kv.m., həyətyanı sahəsi kimi 890 kv.m. olduğu, torpaq sahəsinin plan ölçüsü və fərdi yaşayış evinin plan ölçüsü, fərdi yaşayış evinin ümumi sahəsinin 86,4 kv.m. (köməkçi sahəsi 31,4 kv.m., yaşayış sahəsi 55,0 kv.m. olmaqla) olduğu qeyd edilmişdir. Sözügedən torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yeruquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sözügedən torpaq sahəsi notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında əldə edilmiş və onun adına həmin müqaviləyə əsasən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi tərtib edilmiş, habelə əvvəlki mülkiyyətçinin adına tərti edilmiş fevral 1992-ci il tarixli texniki pasportda onun adına keçməsi barədə dəyişiklik edilmiş, həmin sənədlər əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Halbuki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin predmeti qismində məhz 1000 v.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 86,4 kv.m. olan fərdi yaşayış evi təşkil etmişdir. Budan əlavə, tərtib edilmiş fevral 1992-ci il tarixli texniki pasportun məzmununda da torpaq sahəsinin ölçüsü qismində 1000 kv.m. olduğu qeyd edilmişdir. Kollegiya hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının sözügedən torpaq sahəsi üzərində hər iki əsasla (daşınmaz əmlakın bağışlanması müqaviləsi və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə 2001-ci ilin 1 yanvar tarixinədək tərtib edilmiş texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququ yaranmışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda fərdi yaşayış evinin faktiki ölçüsü 140,1 və 58,1 kv.m. olsa da, məhz qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında ümumi sahəsi 86,4 kv.m. olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin fərdi yaşayış evinin sökülməsi ilə bağlı istinad etdyi hallar əsassız olmaqla, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün əsas qismində çıxış etməmişdir. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğunu qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş torpaq sahəsinin texniki göstəricilərini əks etdirən müayinə aktının məzmununda həmin hala dair heç bir məlumat qeyd edilməmiş, hər hansı sxem və s. təqdim edilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, torpaq sahəsinin plan ölçüsü, yerləşmə vəziyyətinə dair məlumatlar müvafiq texniki pasportun məzmununda da öz əksini tapmışdır. İddiaçının hüquqi marağı məhz həmin hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur.Belə olan halda kollegiya hesba edir ki, cavabdeh tərəfindən həmin hala formal olaraq istinad edildiyindən, qeyd edilən arqumenti də əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı ilə başqa şəxs (sözügedən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin oğlu) arasında mülki xarakterli məhkəmə mübahisəsi olmuşdur. Başqa şəxsin sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin mövcudluğu müəyyən edilməmiş, onun atasının mövcud olan hüquqmüəyyənedici sənədlər əsasənda sözügedən torpaq sahəsi üzərində yaranmış mükiyyət hüququ iddiaçıya ötürülmüşdür. Kollegiya hesab edir ki, indiki halda iddiaçının tələbi mövcud olan hüquqmüəyyənedici sənədlər əsasında yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İstinad edilən mülki mübahisə üzrə həmin hüquqmüəyyənedici sənədlər mübahisə predmeti olmamış, mülki mübahisənin xarakteri torpaq sahəsindən çıxarılma ilə bağlı olmuşdur. Həmçinin, həmin mülki iş üzrə müvəqqəti xarakterli təminat tədbiri kimi torpaq sahəsinin satılmasına qadağa qoyulması ilə bağlı tədbir görülmüşdür, hansı ki həmin tədbirin mahiyyəti məhz torpaq sahəsinin özgəninkiləşdirilməsinin qarşısının alınmasına yönəlməklə, mülkiyyət hüququnun qeydiyyatına alınmasının qadağan olunmasını özündə ehtiva etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki inzibati işin halların araşdırılmasının qeyd edilən mülki iş üzrə məsələnin həllindən asılı olması (işin nəticəsinə hər hansı təsirinin olması) halı müəyyən edilmədiyindən, cavabdehin istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.