Məhkəmə qərarları › İş №2-1(105)-433/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-433/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-433/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, iddiaçılar İddiaçı8, İddiaçı4, İddiaçı10, cavabdehin nümayəndəsi Mövsümov Emin Nazim oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1009/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiyaşikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı10, İddiaçı3, X1 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara məxsus mülklərin sökülməsinin qanunsiz hesab edilməsi və vurulan ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1009/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Həmin qərardaddan iddiaçılar tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1009/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: Məhkəməyə qədərki mübahisənin həlli yolu kimi pretenziya qaydasının bu işə tətbiqi ilə bağlı hakimin gəldiyi nəticə qanunvericiliyə ziddir. İnzibati mübahisələrdən doğan işlərlə bağlı qanunvericilik məhkəməyə qədərki mübahisənin həlli yolu kimi pretenziya qaydasını məcburi şərt kimi müəyyən etməyib. Bu tələb mülki xarakterli bəzi işlərdə müəyyən edilib. Bu iş mülki yox, inzibati münasibətlərdən doğan mübahisə olduğu üçün hakimin qanunda nəzərdə tutulmayan əsasla şikayəti mümkün olmayan sayması onun açıq-aşkar qərəzliyindən və işin həllini yubatmaq niyyətindən xəbər verir. Bu işdə prosessual iştirakçılığın yolverilməzliyi ilə bağlı hakimin gəldiyi nəticə qanunvericiliyə ziddir. Bütün şikayətçilərin hüquqları eyni faktiki və hüquqi əsaslara söykənib, onların hamısı eyni ərazidə yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləridir, hamısının mülkləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülüb, hamısının tələbləri və tələblərinin əsası kimi istinad etdikləri hüquq normaları eynidir. tərəflərin izahatları: apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi Mövsümov Emin Nazim oğlu apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mübahisə predmetinin bir neçə iddiaçının ümumi marağı olmamasına, hazırki iddiada müxtəlif iddia predmetləri olmasına və hər bir iddiaçının marağının öz predmetinə uyğun istiqamətlənməsinə, ticarət obyektlərinin eyni ərazidə yerləşməsi, tələblərin və cavabdehin eyni olmasının onlara dair mübahisəyə bir icraatda baxılması üçün yetərli olmamasına, iddiaçılar tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunmamasına və həmin orqandan imtina cavabı alınmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı11 və qeyriləri cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi və nəticədə vurulan ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Çünki iddiaçıların tələbi inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsinə yönəlmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə istinad etmiş, bununla da prosessual normanın tətbiqində səhvə yol vermişdir. Belə ki, həmin maddənin tələbinə görə, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallardabir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, həmin maddədə iddiaçı tərəfindən bir neçə tələbin bir iddiada birləşdirilməsi müəyyən olunmuşdur və həmin maddə hazırki işə tətbiq oluna bilməz. Hazırki işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Qərardadın kompensasiya ilə bağlı cavabdehə müraciət olunmaması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı təqdim edilmiş ərizə və müraciətlərdən görünür ki, iddiaçılar tərəfindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə vurulan ziyanın və itkilərin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə müraciət olunmuş, həmin müraciətə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Beləliklə, kompensasiya ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət olunması iş materialları ilə təsdiqləndiyi üçün qərardad həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1009/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı10, İddiaçı3, X1 və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1009/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar