Məhkəmə qərarları › İş №2-1(105)-433/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-433/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-433/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(118)-418/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci il təvəllüdlü olmaqla Qusar rayonun Samur qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Əmək fəaliyyətinə 1972-ci ildə başlamış, 24 dekabr 1972-ci il tarixli 327 saylı əmrə əsasən, Qusar rayonunun sabiq “Oktyabr İnqilabı” sovxozuna çilingər işinə təyin olunmuş, 1978-ci ilin noyabr ayına kimi çilingər işləmiş, 20 noyabr 1978-ci il tarixli 372 saylı əmrə əsasən, həmin sovxozda sürücü təyin edilməklə çilingər işindən azad olunmuş və 30 sentyabr 1998-ci il tarixə kimi həmin sovxozda sürücü işləmiş, 30 sentyabr 1998-ci il tarixli 65 saylı əmrə əsasən sovxozda aparılan aqrar islahatlar ilə əlaqədar sürücülük işindən azad olunmuşdur. 2020-ci ilin iyul ayında müvafiq sənədləri təqdim etməklə cavabdeh təşkilatdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh, yəni Dövlət Sosial X5 rayon şöbəsi 13 iyul 2020-ci il tarixli **********5 saylı məktubu (qərarı) ilə yaşa görə əmək pensiyasının təyin edilməsini qeyri-mümkün hesab etmişdir. İmtina məktubu tərəfindən işə daxil olma əmrləri və əmək haqları barədə rəsmi məlumatın olmaması ilə əsaslandırılmışdır. İddiaçı Dövlət Sosial X5 rayon şöbəsinin yuxarıda sözügedən məktubu (qərarı) ilə razı deyil, ona görə də 2021-ci ilin oktyabr ayının əvvəllərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına əlavə sənədlər təqdim etməklə pensiya işinə ikinci dəfə baxılmasını xahiş etmiş, cavabdeh təşkilat 11 oktyabr 2021-ci il tarixli **********4 saylı məktubla (qərarla) yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmiş, təqdim etdiyi sənədləri nəzərə almamışdır. Cavabdeh təşkilatın 11 oktyabr 2021-ci il tarixli **********4 saylı qərarını da qanunsuz və əsassız hesab edir. Belə ki, 01 mart 1996-cı il tarixdə Qusar rayonunun Samur sovxozunun (sabiq Oktyabr İnqilabı) inzibati binasında baş vermiş yanğın nəticəsində sənədlər məhv olmuşdur. Sonradan müvafiq komissiya tərəfindən sovxoz fəhlələrinin adlı siyahısı bərpa olunmuş, yanğından xilas olunmuş sənədlər əsasında həmin siyahıda bir sıra məlumatlar verilmişdir. Həmin siyahı üzrə 313 nömrə ilə o, yəni İddiaçı qeyd olunmuş, dekabr 1972-ci ildən sürücü işləməyi qeyd edilmişdir. Yanğından xilas olunan sənədlər əsasında adına əmək kitabçasının dublikatı tərtib edilmiş, həmin dublikatda sovxoza 1972-ci ildə çilingər işinə qəbul edilməsi barədə, 1978ci ildə çilingər işindən sürücülük işinə keçirilməsi barədə, həmçinin 1998-ci ildə işdən azad olunmağı barədə rəsmi əmrlər qeyd edilmiş, 1996-cı ildən 1998-ci ilə kimi hesablanmış əmək haqqı barədə arxiv arayışı mövcuddur. Başqa hər hansı bir təşkilatda işləməmişdir, təqdim etdiyi sənədlərlə sübuta yetirilir ki, ümumi əmək stajı 25 il 9 ay 7 gün təşkil edir, hesab edir ki, həmin iş stajına görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. (fəhlələrin bərpa edilmiş adlı siyahısı, əmək kitabçasının dublikatı, yanğın haqqında 13 sentyabr 2021-ci il tarixli 37/37-21 1 saylı arayış və 1996-1998-ci illər üzrə əmək haqqı barədə xx.xx.2020-ci il tarixli 106 saylı arxiv arayışı əlavə olunur). Dövlət Sosial X5 rayon şöbəsinin 13 iyul 2020-ci il tarixli **********5 saylı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının 11 oktyabr 2021-ci il tarixli **********4 saylı qərarlarını qanunsuz və əsassız sayır, şərh olunan qərarların etibarsız sayılmasına, iddiaya əlavə olunmuş sənədlərdə əks olunmuş iş dövrünün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə qoyulmasını zəruri sayır.

3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aşağıdakı xüsusatlara görə iddiaçının tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Cavabehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda.

4. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olması nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh orqan da şübhə yaradan hal mübahisələndirilən dövrlər üzrə müvafiq qeydlər aparılsa da, həmin dövrlər müəssisə rəhbərinin imzası ilə təsdiq olunmamış və Qusar rayonunun sabiq “Oktyabr İnqilabı” adına sovxozun kadr üzrə inspektoru tərəfindən dublikat yazılaraq təsdiqlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən tərəflərindən Qusar rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Lakin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı sabiq “Oktyabr İnqilabı” adına sovxozun direktorunun xx.xx.1988-ci il tarixli, 65 saylı əmri ilə müəssisədə aparılan aqrar islahatla əlaqədar xx.xx.1998-ci ildən işdən azad edilmişdir. Lakin işə daxil olma əmrləri, o, cümlədən 1996-cı il tarixədək əmək haqqı cədvəlləri barədə hər hansı məlumat olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Həmçinin xx.xx.2021-ci il tarixli 519/70 nömrəli arxiv arayışından göründüyü kimi, iddiaçı 1996, 1997, 1998-ci il tarixlərdə müəyyən aylarda əmək haqqı almamışdır. Əmək pensiyaları Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı sosial sığorta stajı arxiv arayışı əsasında qəbul edilsə belə, onun stajı 24 il 9 ay 6 gün təşkil edəcəkdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit edilmiş digər hüquqlarla bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsinin və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

5. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(118)-418/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Leyla Mirzəyeva)

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri

63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

18. Cavabdeh imtinasında göstərmişdir ki, arxiv sənədlərində sovxoza işə daxil olma əmrləri və əmək haqları barədə hər hansı məlumat olmadığı üçün həmin, yəni xx.xx.1972ci ildən xx.xx.1998-ci ilə kimi olan dövrün iş stajına daxil edilməsi mümkün olmamışdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur.

20. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955ci il tarixdə doğulmuşdur.

21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qusar rayon X2 İdarəsinin 13 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 01 mart 1996-cı il tarixində Qusar rayonunun Tahircal palasa kəndində Samur sovxozunun (sabiq Oktyabr İnqilabı) inzibati binasında yanğın baş vermişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi “ Qaydalarının 3.10-cu bəndinə əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.

23. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur.

24. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

25. İş materiallarında olan ИТ-İ ******* saylı əmək kitabçasının dublikatının surətindən görünür ki, İddiaçı 24 dekabr 1972-ci ildə “Oktyabr inqilabı” adına üzümçülük sovxozunda çilingər vəzifəsinə təyin edilmiş, 20 noyabr 1978-ci ildə sovxozda sürücü təyin edilməklə çilingər vəzifəsindən azad edilmiş, 30 sentyabr 1998-ci ildə sovxozda aparılan islahatla əlaqədar sürücü vəzifəsindən azad edilmişdir.

26. 17 dekabr 1987-ci il vəziyyətinə “Oktyabr İnqilabı” adına üzümçülük sovxozunda işləyən fəhlələrin adlı siyahısının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı dekabr 1972-ci il tarixdən həmin sovxozda işləmişdir.

27. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin 162 saylı, 18 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən 12.1976-cı ilədək keçmiş SSRİ silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

28. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 106 saylı arxiv arayışında, Samur İstehsal və Emal müəssisəsinin şəxsi hesab kitablarına əsasən İddiaçı 1996-1998-ci illərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir.

29. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar Rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı Samur Üzümçülük sovxozunun 07 mart 1995-ci il tarixli 28 nömrəli əmri ilə 1993/1994-cü illər hesabına növbəti məzuniyyətə buraxılmış, 65 saylı 30 sentyabr 1998-ci il tarixli əmrlə işdən azad edilmişdir. Həmin arxiv çıxarışında eyni zamanda qeyd edilmişdir ki, rayon arxivində saxlanılan keçmiş Oktyabr İnqilabı üzümçülük sovxozunun sənədlərindən görünür ki, sonradan həmin sovxoz Samur üzümçülük sovxozu və sonda X4 və emalı müəssisəsi kimi adlandırılmış, lakin bu barədə rayon arxivində saxlanılan sənədlərdə və əmrlər kitabında heç bir məlumat aşkar edilmədi. Oktyabr İnqilabı sovxozu, Samur üzümçülük sovxozu və X4 müəssisəsinə aid olan əmr kitabları xx.xx.1987-ci ildən, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997 və 1998-ci illəri, şəxsi hesab kitabları isə 1996, 1997, 1998-1999-2000-ci illəri əhatə edir. xx.xx.1987-ci ilə qədər olan şəxsi hesab kitabları rayon dövlət arxivinə təhvil verilməmişdir.

30. Göründüyü kimi, hərbi xidmətdə olduğu dövrlər istisna olmaqla iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilədək “Oktyabr İnqilabı” sovxozu və Samur üzümçülük sovxozunda işləməsi iş materialları ilə təsdiqini tapır.

31. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir.

32. Məhkəmə kollegiyası qeyd olunan sənədləri iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmin sənədlərdə qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 il sosial sığorta stajı mövcud olur.

33. Mübahisələndirilən dövr üzrə işə daxil olma əmrləri və əmək haqları barədə hər hansı məlumatın olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi illər əmək kitabçasında əksini tapmışdır və əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(118)-418/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar