Məhkəmə qərarları › İş №2-1(105)-434/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-434/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-434/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron- Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı “xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər “Monolit” kiçik müəsisəsində və xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər “Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyyətində işlədiyi dövrün sosial sığorta stajı hesab olunması və pensiya təyin olunduğu tarixdən - 26 dekabr 2016-cı ildən xəstəliyi ilə əlaqədar olaraq pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-246/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ona ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2015-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Bundan sonra, iddiaçı xx.xx.2021-ci il tarixində yenidən cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2021-ci il tarixli **********5 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. İmtinada cavabdeh inzibati orqan xx.xx.2017-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunun 12.1-ci maddəsinə əsaslanaraq tələb olunan 27648,00 manat sığorta kapitalına qarşı 10309.45 manat sığorta kapitalının olması, iddiaçının xx.xx.2015-ci il tarixdə şöbəyə müraciəti zamanı tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması, habelə əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, 02.01,1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək sığorta stajının qarşılıqlı yoxlanılmasının “Azərenerjimənziltikinti” idarəsinin qeyd olunan dövrdə məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmaması səbəbilə mümkün olmadığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Qafan rayonunda anadan olmuşdur. 1977-ci ilin noyabr ayından 1978-ci ilin avqust ayına kimi keçmiş SSRİ-nin ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1979cu ilə kimi ermənistanın X1 Ekspertizasının yeraltı işlərdə fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi X2 Zavodunun təchizat şöbəsində yükboşaldan, 09.01,1981-ci ildən xx.xx.1981-ci ilə kimi Qafan tədarük kontorunda fəhlə, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə kimi 27 nömrəli mexanikləşdirilmiş kalonda fəhlə, xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə kimi X1 İdarəsində müxtəlif işlərdə fəhlə, Azərbaycana qayıdandan sonra xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi Mexanikləşdirilmiş ev tikinti kalonunda betonçu çilingər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi “Monolif” kiçik müəssisəsində fəhlə, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi Azerenerji Mənzil-Tikinti Səhmdar Cəmiyyətində çilingər peşəsində işləmişdir. Ümumilikdə hərbi xidmətlə birlikdə 16 ildən artıq ümumi əmək stajı vardır. xx.xx.2019-cu ildən hal-hazıra qədər "xxxx" İş Mərkəzi MMC-də işləyir. Ona xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2016-cı ildən 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Buna görə də sənədlərini pensiya təyini məqsədilə AR ƏƏSMN tabeliyində olan DSMF-nin 1 saylı regional ərazi filialına təqdim etmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli, **********5 saylı məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi qeyd edilmişdir ki, “Əmək kitabçasına qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Mingəçevir şəhər DSMF-nin xx.xx.2016-cı il tarixli, 57/33 saylı məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək “Azərenerjimənziltikinti” İdarəsi DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən araşdırılmışdır. Həmin müəssisənin qeyd olunan dövrdə məcburi sosial sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmadığından iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır”. Qeyd edilən səbəblərə görə iddiaçıya pensiya təyin olunmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə qədər Xalq Təsərrüfatının müxtəlif sahələrində işləmişdir. 1977-ci ilin noyabrından 1978-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 16 ildən artıqdır. xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər Mingəçevir şəhərində fəaliyyət göstərən “Monolit” kiçik müəssisəsində xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər “Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyətində işləmişdir. Hər iki müəssisə dövlət mülkiyyətində, dövlət müəssisəsi olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” qaydalarının 3.1.1-ci bəndinə görə “əmək pensiyaları haqqında qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir”. Həmin qaydaların 4.2.7-ci bəndinə görə “pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisəsində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir”. Qaydaların qeyd olunan bəndi yalnız qeyri-dövlət müəssisəində çalışanlara şamil edilməlidir. Yuxarıda adı qeyd olunan hər iki müəssisə elektrik enerjisi istehsalı sahəsinə aid olub dövlətə məxsus olmuşdur.

5. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı 03 avqust 2021-ci il tarixində Fondun 1 saylı regional ərazi filialına əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı vətəndaşın İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27448,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalı olması səbəbindən vətəndaşa əliliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2016cı il tarixli 57/33 saylı məktubuna əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Azərenerjimənziltikinti” idarəsi DSMF-nin Mingəçevir şəhər şöbəsinə tərəfindən araşdırılmışdır. Həmin müəssisənin qeyd olunan dövrdə məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmadığından iş stajınının qarşılıqlı yoxlanılması mümkün olmamasını bildirilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, “Azərenerjimənziltikinti” idarəsi məcburi sosial-sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək vətəndaşın işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına daxil edilmir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1991-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci müddəasına əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27448,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalı olması səbəbindən vətəndaşa əilliyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliyə ziddir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi xidməti məruzəsində qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına təqdim edilmiş sənədlərin surətinə əsasən, vətəndaşa İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27648,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalının olması səbəbilə vətəndaşa əliliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Əliliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaş xx.xx.2015-ci il tarixdə şöbəyə müraciəti olmuşdur. Vətəndaşa əliliyə görə əmək pensiyasının təyin edilməməsinin səbəbi həmin dövrdə qüvvədə olmuş qanuna əsasən tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olması bildirilmişdir. Məlumat üçün bildirirlər ki, vətəndaşın əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2016-cı il tarixli 57/33 saylı məktubuna əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-ci tarixədək “Azərenerjimənziltikinti” idarəsi DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən araşdırılmışdır. Həmin müəssisənin qeyd olunan dövrdə məcburi sosial sığorta haqlarının ödənilməsi barədə hesabat təqdim etməməsi və müəssisənin hüquqi ünvanı olmadığından stajının qarşılıqlı yoxlanılması mümkün olmamasını bildirilmişdir. Əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1991-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmışdır. Təhsil aldığı xx.xx.1974-xx.xx.1977-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Bu səbəbdən də vətəndaşa qeyd olunan dövrdə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-246/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 26 dekabr 2016-cı ildən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev)

8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiya)

Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya)

Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri

32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. (hazırda qüvvədə olan redaksiya)

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

19. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya əlillik 2016cı ilin dekabr ayında təyin olduğundan, həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinin müddəaları tətbiq olunmalıdır.

20. İddiaçı əliliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2015-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərkən ona bildirilmişdir ki, vətəndaşa əliliyə görə əmək pensiyasının təyin edilməməsinin səbəbi həmin dövrdə qüvvədə olmuş qanuna əsasən tələb olunan 13 il 08 ay sığorta stajına qarşı 12 il 02 ay sığorta stajının olmasıdır.

21. xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina cavabında isə cavabdeh inzibati orqan göstərmişdir ki, vətəndaşa tələb olunan 13 il 08 ay sığorta stajından başqa İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı da lazımdır. 27648,00 manat sığorta kapitalına qarşı 10309,45 manat sığorta kapitalının olması səbəbilə vətəndaşa əliliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir.

22. İlkin olaraq məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin pensiya kapitalının tələb olunması barədə dəlili ilə bağlı qeyd edir ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya əlillik 2016-cı ilin dekabr ayında təyin olduğundan, həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinin normalarına əsasən pensiya kapitalı tələb olunmurdu. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün yeganə şərt zəruri sığorta stajının mövcudluğu idi.

23. Bu səbəbdən pensiya kapitalının tələb olunması barədə cavabdehin dəlili əsassızdır.

24. Sığorta stajı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün ona 13 il 08 ay sığorta stajı lazım olmuşdur. Cavabdeh isə iddiaçının 12 il 02 ay sığorta stajının olduğunu qəbul etmişdir.

25. Cavabdeh məhkəmə təqdim etdiyi xidməti məruzəsində qeyd etmişdir ki, iddiaçının təhsil aldığı xx.xx.1974-xx.xx.1977-ci il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Bu səbəbdən də vətəndaşa qeyd olunan dövrdə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

26. İddiaçının təhsil aldığı xx.xx.1974-xx.xx.1977-ci il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 852887 nömrəli, 23 iyul 1977-ci il tarixli diplomdan görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil almışdır.

27. Belə olan halda, iddiaçının təhsil aldığı illər də nəzərə alındıqda, onun cavabdeh orqana ilkin müraciəti zamanı əlilliyə görə əmək pensiyası hüququ artıq yaranmış olur

28. Məhkəmənin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 2015-ci ildə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciəti zamanı iddiaçı diplomunu itirdiyi üçün təqdim edə bilməmişdir.

29. Beləliklə, göstərilən dövrləri cəmlədikdə iddiaçının 13 il 8 aydan artıq sığorta stajı yaranmış olur.

30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanuni olmamışdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-246/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar