Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-434/2025 24.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarından görünür ki, 0,80 ha torpaq sahəsinin İddiaçı kənd təsərrüfatı məqsədilə icarəyə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixli Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədi ilə icarəyə verilməsi təşkil edir. Müqavilə 99 il müddətinə bağlanılmışdır. DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, idarə Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin mülkiyyətindən 0,80 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə etiraz etmir. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,80 ha torpaq sahəsi barəsindədir. Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarının və həmin qərarla bağlı mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı Qərarı ilə iddiaçı X2 icarəyə verilmiş, naturada mövcud olan 0,80 ha torpaq sahəsini iddiaçı göstərmiş və koordinatları müəyyən edilmiş, iddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlarıdır. İddiaçı DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 0,80 ha torpaq sahəsinin üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh 06 yanvar 2023-cü il tarixli, **********05 nömrəli məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 19 saylı qərarı ilə onun icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsinin üzərində icarə hüququnun qeydə alınmasını və çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsi ilə bağlı onunla Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi arasında 09 dekabr 2004-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürdüyü torpaq sahəsi barədə kənd bələdiyyəsi müvafiq qərar və plan cizgi kimi sənədləri iddiaçıya təqdim etmişdir. Sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən torpaq sahəsi iddiçıaya 99 il müddətinə icarəyə verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hiiquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin idarənin rəisi Məmmədov Nazim müraciətə baxsa da, mübahisəli torpaq sahəsinin örüş və biçənək torpaq növünə aid olduğuna görə fiziki və hüquqi şəxslərə on ildən on beş ilədək verilə bildiyini bildirmişdir. Bu səbəbdən qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyinə görə ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər, İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyinə görə, ərizəsinin icrası mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova) Məhkəmə qərarını qanunvericilikdə olan dəyişikliyə istinad edərək, qeyd etmişdir ki, “Göründüyü kimi hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə örüş sahələri ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı hər hansı müddət məhdudiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, bu hal iddiaçının vəziyyətini yaxşılaşdırır və cavabdehin imtina cavabında göstərilən dəlili aradan qaldırır.” Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 30 may 2024-cü il tarixli, 2- 1(105)-549/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(102)- 49/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(105)-549/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8 ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 19 saylı qərarı ilə iddaçının icarəsinə verilmiş 0.80 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. İddiaçı Ərazi İdarəsinə müraciət zamanı qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4- cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icrarə müddəti bitdiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən qərarın əsaslandırma hissəsində Azərbaycan Respublikası 24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliklərə istinad olunaraq, iddiaçının iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, İddiaçı icarəsində olan 0.80 ha torpaq sahəsinin qanunla müəyyən edilmiş 15 illik icarə müddəti 2019-cu ildə bitmişdir.Ona görə də, 24 fevral 2023-cü il tarixli 826- VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə edilmiş dəyişikliklərə istinad edilməsi qanunaziddir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsi (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri ...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir). Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanun Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1 Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2 Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərardadı
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından görsəndiyi kimi hazırkı mübahisənin əsasını cavabdehin iddiaçının icarəsinə verilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyinə görə və İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Hazırkı işin halları ilə müəyyən olunur ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi 0.80 ha örüş torpaq sahəsini 99 il müddətinə iddiaçıya icarəyə vermiş (xx.xx.2004-cü il tarixli icarə müqaviləsi) və bu barədə qərar (16.12. 2004-cü il tarixli, 19 saylı qərar) qəbul etmişdir. Qeyd edilməlidir ki, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndi örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Belə ki, həmin maddəyə yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, nəzərə alınmalıdır ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların İİ və İİİ bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, İİİ bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Beləliklə, 99 il müddətinə bağlanmış icarə müqaviləsi qanunvericiliyə uyğun gəlmir və bu, mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra, icarə müddətinin uzadılması yalnız qanuni prosedurlarla mümkündür. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən isə, icarə müqaviləsinin müddəti başa çatdıqda (2019-cu ildə), müqavilənin uzadılması yalnız torpaq hərracı və ya müsabiqəsi yolu ilə həyata keçirilməli idi. Belə ki, qanunvericiliyin başqa bir mühüm tələbi bələdiyyə torpaqlarının icarəyə verilməsi prosedurunun düzgün aparılması ilə bağlıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və digər əlaqəli normativ aktlar, bələdiyyə torpaqlarının icarəyə verilməsini yalnız bələdiyyə qərarına və tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həyata keçirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin, indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2019-cu ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi. Lakin iş materialları ilə də müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi 2004-cü il tarixdə bağlanmış, 2019-cu il tarixdə torpaq sahəsinə dair icarə müddəti başa çatmış, müqavilənin müddəti uzadılmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya instansiya məhkəməsi qeyd edilən örüş torpaq sahəsinə dair icarə müddəti bitdikdən sonra müqavilənin uzadılmamasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-316/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 19 saylı qərarı ilə icarəsinə verilmiş 0,80 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.