Məhkəmə qərarları › İş №2-1(105)-435/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-435/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-435/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 734b saylı bağ torpaq sahəsinə dair hüquqların qeydə alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(118)-782/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 06.08.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 734B saylı, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 2020-ci il 13 avqust tarixli məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, araşdırmalar zamanı təqdim edilmiş bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 08.06.1990-ci il tarixli, 11246 nömrəli müqavilənin arxiv əsaslarınını Sumqayıt Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı 2021-ci il 18 fevral tarixində Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Novxanı bağlar massivində yerləşən 734B saylı bağ torpaq sahəsinə dair hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 18 mart 1966-cı il tarixli, 7 saylı protokol qərarı əsasında “Novxanı” bağlar massivində yerləşən 1200 kvadrat metr torpaq sahəsindən ibarət “734b” saylı bağ iddiaçının icarəsinə verilib. Faktiki olaraq iddiaçı həmin bağın mülkiyyətiçisi kimi çıxış edir. Ətrafda yaşayan qonşular da, onu mülkiyyətçi kimi qəbul edirlər. Bu bağ sahəsi iddiaçının icarəsində olmaqla o və ailəsi burada yaşayır və ümumi təsərrüfatı bu günə kimi həyata keçirirlər. Sonuncu icarə müqaviləsi Sumqayıt Bağ təsərrüfatı tresti ilə 8 iyun 1990- cı il tarixdə bağlanılmış və tərəflərin imzası ilə təsdiqlənmişdir. Torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı Haqqında” Qanuna müvafiq olaraq iddiaçı torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ilkin olaraq Sumqayıt Bələdiyyəsinə müraciət edib həmin torpaq sahəsinə dair müvafiq texniki pasportu almışdır. Növbəti mərhələ olaraq qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə birlikdə, onunla Sumqayıt Bağ təsərrüfatı tresti arasında 8 iyun 1990-cı il tarixdə bağlanılmış müqavilənin əslini və həmin bağ torpaq sahəsinə dair texniki pasportu cavabdehə təqdim edərək, torpaq sahəsinə dair çxarışın verilməsini xahiş etsə də, imtina cavabı almşdır. Araşdırma zamanı “Novxanı” bağlar massivində yerləşən 734b saylı bağ torpaq sahəsinə dair “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 08.06.1990-cı il tarixli, 11246 nömrəli müqavilənin ona verilən əslinin olmasına baxmayaraq, Sumqayıt Bələdiyyəsindən bildirildi ki, “İddiaçı istifadəsində olan Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 18 mart 1966-cı il tarixli, 07 saylı protokol qərarı əsasında ayrılmış “Novxanı” bağlar massivində yerləşən sahəsi 1200 kv.m olan ərazinin sxematik xəritəsinə əsasən 734b saylı bağ torpaq sahəsinin arxiv sənədləri 2004-cü ildə keçmiş X3 tərəfindən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş arxiv sənədləri içərisində qeydə alınmamışdır. İnzibati orqan formal mülahizələrə əsasən iddiaçıya rədd cavabı vermişdir. Cavabdehin etirazı: İddiaçının etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, 734B saylı, 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 06 avqust 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, araşdırmalar zamanı təqdim edilmiş bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 08 iyun 1990-cı il tarixli 11246 nömrəli müqavilənin arxiv əsaslarının Sumqayıt Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi məqsədəmüvafiq hesab edilmiş, həmçinin icarə müqaviləsinin arxiv əsasları təqdim ediləcəyi təqdirdə müraciətinin icrasına təkrar baxılacağı bildirilmiş və bu barədə ona 13 avqust 2020- ci il tarixli **********20 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(118)-782/2021 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim C.Məmmədov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina»nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamış, imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.” Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının icarəsinə verilmiş bağ torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlıdır. Belə ki, işdən görünür ki, Sumqayıt şəhər Sovet İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında 08 iyun 1990-cı il tarixdə bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 11246 saylı müqavilə imzalanmış, müqaviləyə əsasən, Novxanı kəndində yerləşən 0,12 ha ümumi sahəsi olan 734b saylı bağ sahəsi İddiaçı uzun müddətli icarəyə verilmişdir. Hazırda iddiaçı, cavabdehə müraciət edərək, sözügedən müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 734B saylı, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh, icarə müqaviləsinin arxiv əsaslarının Sumqayıt Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmədiyini əsas tutaraq, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən öncə qeyd edilməlidir ki, cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətində hazırki iddianın mümkünlüyü məsələsini mübahisələndirir. Belə ki, işdən görünür ki, cavabdeh, iddiaya etirazında bəyan edir ki, o, daşınmaz əmlaka hüququn qeydə alınmasından iddiaçıya imtina etməmiş, təqdim olunmuş sənədlərdə olan çatışmazlıqların aradan qaldırılmasını təklif etmişdir. İddiaçı həmin çatışmazlıqları aradan qaldırmaq əvəzinə, məhkəmədə iddia qaldırmışdır. İmtinanın əsasını ərizəyə zəruri sənədlərin (mübahisə predmeti olan bağ torpaq sahəsinə dair bağlanmış müqavilənin arxiv əsaslarının) əlavə edilməməsi təşkil edir. Həmin çatışmazlıq aradan qaldırılacağı, yəni təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. Cavabehin bu mövqeyi ilə bağlı kollegiya qeyd edir ki, qanuni əsaslarla icarəsinə verilmiş bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliklə onlara verilən hüquq və vəzifələri tam icra etmədən əsaslandırılmamış imtina etmişdir. Hazırki işdə, bir halda ki, cavabdeh mübahisə predmeti olan bağ torpaq sahəsinə dair bağlanmış müqavilənin arxiv əsaslarının inzibati orqana təhvil verilməməsini mübahisələndirir və işin hallarına əsasən onu nə ərizəçidən, nə də Sumqayıt Bələdiyyəsindən əldə etmək mümkün deyil, bu halda cavabdeh inzibati orqan özünün xidməti vəzifəsi olan işin hallarının araşdırılmasını təmin etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İstinad olunan normalardan da göründüyü kimi xidməti araşdırma aparmaq inzibati orqanın vəzifəsidir və təqdim olunmuş sübutlar yetərli olmadıqda inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bu cür sübutun onda deyil, digər inzibati orqanda olmasına istinad da vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, cavabdeh həmin sübutu digər inzibati orqandan qarşılıqlı hüquqi yardım qaydasında əldə etməlidir (“İnzibati icraat haqqında” Qanunun 5-ci maddəsi). Bundan əlavə məktubdan görünür ki, məhz bu əsasla cavabdeh, daşınmaz əmlak üzərində hüququ qeydə almaqdan imtina etmiş, tərəfər arasında inzibati mübahisə yaranmış və iddiaçı düzgün olaraq məhkəmədə iddia qaldırmışdır. Beləliklə də iddianın mümkün sayılmaması barədə cavabdehin dəlillərini kollegiya əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, hazırki iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının təqdim etdiyi icarə müqaviləsində Sumqayıt şəhər İcraiyyə Komitəsi bağ sahələrinin verilməsi üzrə komissiyasının 26 oktyabr 1988-ci il tarixli, 26 saylı protokol qərarına istinad edildiyindən, həmin qərarın arxiv surətinin təqdim edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş Sumqayıt şəhər XDS İK-nın 26 oktyabr 1988ci ilə dair 26 saylı iclas protokolunun 3.389 saylı qərarının arxiv surətindən görünür ki, (...) şəhər sakinləri İcraiyyə Komitəsinə müraciət edərək bağçılıq təsərrüfatının inkişafının problemlərinin həllinin sürətləndirilməsini xahiş etmişlər. (..) Bununla bağlı müəyyən edilmişdir ki, Abşeron ərazisində hazırki dövrdə 4218 bağ sahəsi icarə müqaviləsi əsasında, 655 bağ sahəsi isə özbaşına zəbt əsasında istifadə olunur. 400-ə dək bağ sahəsi mövcud icarə müqaviləsi əsasında kənar şəxslər tərəfindən istifadə olunur, 1241 bağ sahəsi isə həm Bakı, həm də Abşeronda yaşayan vətəndaşlar tərəfindən istifadə olunduğundan, hazırda boşdurlar. (..) Beləliklə də bağçılıq təsərrüfatının gələcək inkişafını tənzimləmək məqsədilə Sumqayıt şəhər X1 İcraiyyə Komitəsi qərara almışdır ki, 0.12 hadan az olmayaraq hər payçıya torpaq sahəsi ayrılsın, (..) bağ sakinləri ilə bağ sahələrinə dair icarə müqaviləsi bağlanılsın. Həmçinin, cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş 07.08.2020-ci il tarixli mübahisəsi gedən bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsi mişar daşı ilə hasarlanıb, bir tərəfi yol, digər tərəfləri qonşu torpaqlarla əhatə olunub, torpaq sahəsinə dair mübahisə yoxdur. Torpaq sahəsi üzərində əlavə iki mərtəbəli boş ev mövcuddur. Yerüstü kommunikasiya xətləri keçmir. 0.0083 ha əlavə torpaq sahəsi vardır. Bundan əlavə, iş materiallarından görünür ki, ünvan 1 ünvanlayaraq bildirmişdir ki, vətəndaş İddiaçı istifadəsində olan Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 18 mart 1966cı il tarixli 07 saylı protokol qərarı əsasında ayrılmış “Novxanı” bağlar massivində yerləşən sahəsi 1200 kv.metr olan ərazinin sxematik xəritəsinə əsasən 734b saylı bağ torpaq sahəsinin arxiv sənədləri 2004-cü ildə keçmiş X4 tərəfindən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş arxiv sənədləri içərisində qeydə alınmamışdır. Lakin tərəflərindən aparılmış araşdırmalar zamanı torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olduğu və hasar daxilində yerləşdiyi və yuxarıda göstərilən torpaqayırma sənədi də əsas götürülməklə, İddiaçı ayrılmış torpaq sahəsi üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əvəzsiz mülkiyyət hüququ yarandığından adı çəkilən vətəndaşın adına bağ torpaq sahəsinin müvafiq texniki pasportu hazırlanmış və vətəndaş İddiaçı tərəfindən verilən etibarnaməyə əsasən F.Babayevə təqdim olunmuşdur. “Torpaq islahatı Haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İstinad olunan normalardan görünür ki, torpaqlar vətəndaşların mülkiyyətinə qanuni istifadəyə götürdüyü ölçüdə verilir. Hazırda da iddiaçının istifadəsinə 0,12 ha torpaq sahəsi ayrılmış və iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq istəyir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, bağ torpaq sahəsi iddiaçıya Sumqayıt Bağ təsərrüfatı tresti ilə 8 iyun 1990-cı il tarixdə bağlanılmış icarə müqaviləsinə əsasən ayrıldığından, iddiaçının birinci instansiyası məhkəməsi tərəfindən təmin olunan tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olmuşdur. Belə ki, həmin normanın tələbinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri......daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və ya onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda kollegiya qeyd edir ki, müqavilənin arxiv əsaslarının Bələdiyyə tərəfindən cavabdehə təhvil verilməməsi iddiaçının təqsiri üzündən baş vermədiyindən, bu əsasla cavabdehin imtinası düzgün olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun mötəbərlik prezumpsiyası adlanan 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda da, iddiaçı tərəfindən təqdim edilən icarə müqaviləsindəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(118)-782/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar