Məhkəmə qərarları › İş №2-1(105)-435/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-435/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-435/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Siyəzən rayonu Beşdam bələdiyyəsinə qarşı “bələdiyyənin 30 iyul 2021-ci il tarixli, 07 saylı qərarının “bələdiyyə qərarının “qərarın 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsinin ləğv olunması” na dair 3-cü bəndinin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2- 1(118)-354/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Siyəzən rayonu Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarına əsasən bələdiyyə təsərrüfatının ehtiyat fonduna aid torpaq sahəsindən sahibkarlığı və kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə 72 ha örüş, 33,9 ha əkin torpaq sahəsi İddiaçı müvəqqəti icarəsinə verilmişdir. Qeyd edilən qərara əsasən, tərəflər arasında 06 oktyabr 2006-cı il tarixdə 07 saylı icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 105,9 ha torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Siyəzən rayonu Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarına əsasən 50 il müddətinə iddiaçının icarəsinə verilmiş 72 ha torpaq sahəsinə dair DTXK-nin Siyəzən rayon şöbəsi tərəfindən AN seriyalı 169155 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, X8 kitabında xx.xx.2009-cu il tarixində, 591 nömrə ilə uçota alınmışdır. İşdən görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsi xx.xx.2021-ci il tarixli 04/M-227 nömrəli məktubla Siyəzən rayonu Beşdam bələdiyyəsinə müraciət edərək Beşdam bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 19 saylı qərarının bələdiyyənin örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsinin ləğv edilməsi təklif edilmişdir. Məktubdan görünür ki, X2 Siyəzən rayonu Beşdam bələdiyyəsi ərazisində qanunsuz zəbtlər və tikililərin olması, həmçinin, örüş torpaq sahələrinin qanuna zidd olaraq icarəyə verilməsi barədə Ədliyyə Nazirliyindən daxil olmuş müraciəti araşdırılarkən müəyyən olunmuşdur ki, bələdiyyənin xx.xx.2006-cı il tarixli 19 saylı qərarı ilə İddiaçı bələdiyyənin ehtiyat fonduna aid torpaqlardan sahibkarlıq və kənd təsərrüfatı məqsədilə 72 ha örüş, 33,9 ha əkin torpaq sahəsi müvəqqəti icarəyə verilmiş, lakin qərarda icarə müddəti qeyd olunmasa da Beşdam bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli torpağın icarəyə verilməsi haqqında müqavilədə 40 il, DTXK tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib olunmuş torpaq sahəsinin plan və ölçü sənədində isə icarə müddətinin 50 il qeyd olunduğu müəyyən edilir. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı iclas qərarından çıxarışın 3-cü bəndinə əsasən Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarının örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsinin ləğv edilməsi və bu barədə İddiaçı məlumat verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı iclas qərarının “Beşdam Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının bələdiyyənin örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsinin ləğv olunması” na dair 3-cü bəndinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarı ilə 72 ha örüş torpaq sahəsi, 33.9 ha əkinə yararlı torpaq sahəsi 50 il müddətinə ona icarəyə verilmişdir. Həmin vaxtdan başlayaraq hazırda da iddiaçı icarəyə verilən torpaq sahəsində davamlı olaraq əkin aparmaqla, iri və xırda buynuzlu heyvanların saxlanması ilə məşğuldur. Qeyd edilən qərara uyğun olaraq cavabdehlə aralarında torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 oktyabr 2006-cı il tarixli 07 saylı müqavilə bağlanmışdır. Torpaq sahəsi ona uzun müddətə verildiyindən daşınmaz əmlak AR DTXK-nin X6 kitabında xx.xx.2009-cu il tarixdə müvafiq olaraq 591 və 592 nömrələri ilə uçota alınmışdır. Qeyd edir ki, cavabdehlə bağladığı müqavilənin şərtləri, eləcə də torpaq qanunvericiliyinin tələbləri pozulmayıb, ona icarəyə verilən torpaq sahəsindən təyinatı üzrə və davamlı olaraq istifadə etmiş, icarə haqlarını vaxtında ödəmiş, bu öhdəliklə bağlı borcu olmamışdır. Hesab edir ki, torpağın icarəyə verilməsi barədə qərarın ləğv edilməsinin heç bir hüquqi və faktiki əsası yoxdur. Cavabdeh orqan iddia ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, Beşdam bələdiyyəsinin icarədarı olan İddiaçı icarəsində olan 72 ha örüş torpaq sahəsi və 33.9 ha əkin torpaq sahəsi, ümumi 105.9 ha torpaq sahəsi Beşdam bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 19 saylı qərarı ilə ona verilən zaman qərarda müddət göstərilməmiş, icarə müqaviləsində isə müddət 50 il nəzərdə tutulmuşdur. Halbuki, qanunvericilikdə heyvandarlıq məqsədilə torpaq sahələri icarəyə verilərkən, icarə müddəti maksimum 15 il nəzərdə tutulmuşdur. Buna görə də Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının bələdiyyənin örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsi bələdiyyənin 30 iyul 2021-ci il tarixli, 07 saylı qərarı ilə ləğv olunmuşdur. Həmçinin, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, torpaq sahələri icarəyə verilərkən əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan torpaq sahələri nəzərə alınmaqla, qalan torpaq sahələri hüquqi və ya fiziki şəxslərin icarəsinə verilə bilər. Həmin torpaq sahəsi, Beşdam bələdiyyəsinin Nardaran kəndinin ərazisi olmaqla, İddiaçı icarəsinə verilən zaman əhalinin ümumi istifadə torpaqlarına ehtiyacı az olmuş, hal-hazırda əhalinin mal-qarasının sayı artmış və ümumi istifadə torpaqlarına ehtiyac yaranmışdır. Həmin torpaq sahəsi də, Nardaran kəndinin tam yaxınlığında yerləşdiyi üçün həmin kəndin əhalisinin ümumi istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(118)-2064/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (hakim C.Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-354/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021ci il tarixli 07 saylı qərarının 3-cü bəndi ləğv edilmişdir (hakim C.Məmmədov). Həmin qərardan narazı qalan üçüncü şəxs Xaçmaz Regional Ədliyyə İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri X5 və X3 rayonu Beşdam bələdiyyəsi ərazisində torpaq sahələrinin qanunsuz zəbt edilməsi, örüş torpaq sahələrinin qanunamüvafıq qaydada icarəyə verilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və müxtəlif yuxarı instansiyalara etdikləri çoxsaylı müraciətlərinə Xaçmaz Regional Ədliyyə İdarəsində baxılmışdır. Müraciətlə bağlı sənədlər öyrənilərkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinin pozularaq Siyəzən rayon Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarı ilə sahibkarlıq və kənd təsərrüfatının inkişafı məqsədilə Nardaran kəndinin ətrafından 72 hektar örüş torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəsinə verildiyi müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin, Siyəzən rayon Dövlət Arxivi tərəfindən təqdim edilən 10 iyun 2021-ci il tarixli, 58 saylı arayışda qeyd olunan örüş torpaq sahələrinin iddiaçının icarəsinə verilməsi barədə bələdiyyə iclas qərarlarının, həmçinin qeyd olunan torpaq sahələri ilə əlaqədar müvafiq torpaqayırma sənədlərinin (bələdiyyənin iclas protokolu, DTXK-nin rəyi, torpağın dəyərinin bələdiyyənin bank hesabına ödənilməsini təsdiq edən qəbz, torpağın alqısatqısına dair akt və s.) dövlət arxivində aşkar olunmadığı bildirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinin pozularaq sahibkarlıq və kənd təsərrüfatının inkişafı məqsədilə Nardaran kəndinin ətrafından 72 hektar örüş torpaq sahəsinin 50 il müddətinə İddiaçı icarəsinə verilməsi barədə bələdiyyənin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının ləğv edilərək həmin ərazilərin bələdiyyənin mülkiyyətinə qaytarılması üçün qanunamüvafıq tədbirlərin görülməsi məqsədilə Siyəzən rayon Beşdam bələdiyyəsinə regional ədliyyə idarəsi tərəfindən təklif verilmişdir. Qeyd olunan təklif Siyəzən rayonu Beşdam bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı iclas qərarı ilə təmin edilərək bələdiyyənin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarı ləğv edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin izahatında əlavə olaraq qeyd etdi ki, Beşdam Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarı ləğv edilməzdən əvvəl iddiaçıya bu barədə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə verərək izahatında bələdiyyənin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarı ləğv edilməzdən əvvəl vətəndaş İddiaçı məlumat verilmədiyini, müvafiq bələdiyyə qərarının ləğv edilməsi barədə bələdiyyənin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarı qəbul edildikdən sonra məlumat verildiyini bildirdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlar. (-). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları:

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. (-).

12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət” haqqında Qanun: Maddə 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Maddə 3. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan 3.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. (-). Maddə 4. İnzibati nəzarətin həyata keçirilməsinin şərtləri 4.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir. 4.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. (-). "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Rerpublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 922 nömrəli Fərmanı: 2-ci bənd. Müəyyən edilsin ki: "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. (-). Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (-). Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Beşdam bələdiyyəsinin mübahisə predmeti olan qərarı iddiaçının hüquqlarını pozduğundan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Beşdam bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinin tələbləri baxımından bələdiyyənin özü tərəfindən qəbul edilən qərarın ləğv edilməsi səlahiyyətinin olmasına baxmayaraq hazırkı iş üzrə bələdiyyə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran 30 iyul 2021-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri baxımından torpaq sahələri inzibati orqan tərəfindən şəxsə istifadəyə verilərkən müvafiq qərar əsasında, icarəyə verilərkən müvafiq icarə müqaviləsi əsasında verilir. Belə ki, Məcəllənin 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Məhkəmə hesab etmişdir ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarının 3-cü bəndi iddiaçının hüquqlarını pozduğundan qərar həmin hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanları və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırırsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi). Cavabdehin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarı ilə bələdiyyənin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarının örüş torpaqlarından 72 ha torpaq sahəsinin iddiaçının müvəqqəti icarəsinə verilməsi hissəsi ləğv edilmişdir. İddiaçı cavabdehin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarının ona münasibətdə üçüncü bəndinin ləğvi barədə iddia ilə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Kollegiya hesab edir ki, cavabdeh orqan iddiaçının iştirakı olmadan, ona heç bir məlumat verilmədən, Xaçmaz Regional Ədliyyə İdarəsinin məktubuna əsasən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi haqqında bələdiyyə qərarının 3-cü bəndini ləğv edərkən qanunsuzluğa yol vermişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında bələdiyyənin 06 oktyabr 2006cı il tarixli 19 saylı qərarı ləğv edilməzdən əvvəl bu barədə iddiaçıya məlumat verilmədiyini, müvafiq bələdiyyə qərarının ləğv edilməsi barədə bələdiyyənin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarı qəbul edildikdən sonra məlumat verildiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində bələdiyyə qərarının ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi haqqında əvvəlki bələdiyyə qərarının qüvvədə olduğu müddətdə iddiaçıya bu barədə məlumat verilmədən bələdiyyə qərarının ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı bələdiyyənin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarının 3-cü bəndi ləğv edilərkən cavabdeh tərəfindən yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Cavabdeh hazırda mübahisə predmeti olan qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək inzibati icraat aparmamış, iddiaçını icraata cəlb etməmiş, qəbul etdiyi aktı əsaslandırmamışdır. Odur ki, həmin Qanunun 67-ci maddəsinə əsasən, haqlı olaraq bələdiyyənin qəbul etdiyi akt məhkəmə tərəfindən ləğv edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulduğundan, üçüncü şəxsin apelyasiya şikayətində sadaladığı digər dəlillərə hüquqi qiymət verilməsini kollegiya zəruri hesab etmir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh tərəfindən qərardan apelyasiya şikayəti veriməmiş, məhkəmənin hazırkı qərarı qəbul edildikdən sonra Beşdam bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 12 aprel 2022-ci il tarixli 02 nömrəli məktubla müraciət edərək, Beşdam bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 19 saylı qərarı ilə İddiaçı icarəsinə verilmiş 72 ha örüş torpaq sahəsi və 33,9 ha əkin torpaq sahəsi, ümumi 105,9 ha torpaq sahəsi üzərində icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada DƏDRX-də qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi xahiş etmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-354/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar