Məhkəmə qərarları › İş №2-1(105)-436/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-436/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-436/2022 18.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2- 1(118)-160/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Sumqayıt şəhərində 49 saylı professional-texniki peşə məktəbində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək 103 saylı Quba professional texniki peşə məktəbində oxumuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasında onun 23 aprel 1973-cü ildən 21 may 1975-ci ilədək Qusar rayon Qazıməmməd sovxozunda, 10 aprel 1977-ci ildən 13 iyul 1993-cü ilədək Ləcət kolxozunda, 14 iyul 1993-cü ildən 06 noyabr 1996-cı ilədək, 07 noyabr 1996cı ildən 27 yanvar 1999-cu ilədək “Ləcət” İstehsalat kooperativində işlədiyi qeyd edilmişdir.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 27 may 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2019-cu ildən sonar əlavə edilmiş 22-1.1.-ci maddəyə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri təsbit olunmuşdur. Həmin dəyişikliyə əsasən Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il və onların fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (qeydə alınmış pensiya kapitalının məbləğindən asılı olmayaraq) həyata keçirilir. Onun əmək kitabçasını, arxiv arayışı nəzərə alınmaqla 25 il sığorta stajı olmadığına görə təqdim edilən xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiya təyin etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 27 may 2021-ci il tarixli **********7 saylı məktubunun etibarsız sayılması, Qusar rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli 218 saylı arxiv arayışında və adına tərtib edilmiş əmək kitabçasında göstərilən xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi Qusar rayonunun “Ləcət” kolxozunda və “Ləcət” kənd X1 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuş, hazırda Qusar rayonun Həzrə kəndində ailəsilə birlikdə yaşayır. Əmək fəaliyyətinə 1973-cü ildə başlamış, həmin ildə adına əmək kitabçası tərtib edilmişdir. Əmək kitabçasında 23 aprel 1973-cü il tarixdən 27 yanvar 1999-cu ilə kimi əmək fəaliyyəti əks olunmuşdur. 30 may 1975-ci il tarixdən 09 iyun 1977-ci il tarixə kimi ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 10 sentyabr 1977-ci ildən 13 iyul 1993-cü il tarixə kimi Qusar rayonun Qazıməmməd adlı sovxozda işləmiş, həmin tarixli 101 saylı əmrə əsasən, sovxozun bazasında “Ləcət ” kolxozu yaradılması ilə əlaqədar sovxozda işdən azad olunmuşdur. 14 iyul 1993-cü il tarixdə 04 saylı sərəncama əsasən Qusar rayonunun “Ləcət ” kolxozuna üzv qəbul olunmuş, kolxozun fəaliyyəti dayandırıldığı üçün 06 sentyabr 1996cı il tarixli 114 saylı sərəncama əsasən kolxoz üzvlüyündən azad olunmuşdur. 07 noyabr 1996-cı il tarixdə 3 saylı sərəncama əsasən “Ləcət ” X6 Kooperativinə üzv qəbul olunmuş, torpaq islahatı ilə əlaqədar kooperativ ləğv edildiyi üçün 27 yanvar 1999-cu il tarixdə 06 saylı sərəncama əsasən kooperativin üzvlüyündən azad olunmuşdur. Yuxarıda şərh olunan əmək fəaliyyəti adına tərtib olunmuş əmək kitabçasında əks olunmuşdur. 1993-cü ildən 1999- cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləcət” kolxozunda daha sonra isə “Ləcət” X6 Kooperativində işlədiyi dövr əlavə olaraq Qusar rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli 218 saylı əmək haqqı ödənişi barədə Arxiv arayışı ilə də təsdiqlənir. Cavabdeh təşkilat şərh olunan Arxiv arayışında əmək haqlarının əks olunmadığı ayları əmək stajına daxil etməmişdir. Bu barədə cavabdeh təşkilat 27 may 2021-ci il tarixli **********7 saylı məktubla (Qərarla ) yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdeh təşkilatın 27 may 2021-ci il tarixli **********7 saylı Qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, sovxozlardan fərqli olaraq kolxozlarda və X2 əmək haqqı aybaay ödənilmir, əmək fəaliyyətinin nəticələrindən asıllı olaraq il ərzində bir neçə dəfə ödənilir. Həmin xüsusat 218 saylı 25 iyun 2021-ci il tarixli Arxiv arayışında əksini tapmışdır. 1996-cı ilin noyabr ayına kimi “Ləcət” kolxozunda hesablanmış əmək haqqı cədvəlindən aydın olur ki, 1993-cü ilin noyabr və dekabr, 1995- ci ilin isə oktyabr və noyabr aylarında müvafiq olaraq 7000,00 manat, 9000,00 manat, 85417,00 manat, 85417,00 manat, yəni digər aylardan xeyli artıq məbləğdə əmək haqqı hesablanmış, həmin əmək haqqları arayışda boş göstərilən aylara şamil olunur. 1998-ci ildə isə “Ləcət” Kooperativində icarədar olmaqla X5 istehsal etmiş, həmin məhsula görə iyul ayında ona 275000,00 manat əmək haqqı hesablanmışdır. Cavabdeh təşkilatın 27 may 2021-ci il tarixli **********7 saylı məktubu (Qərarı) ona poçt vasitəsi ilə göndərilmiş, tərəfindən 07 iyun 2021-ci il tarixdə alınmışdır. Bu xüsusat poçt zərfinin üzərindəki poçt ştempeli ilə təsdiqlənir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. 1. Sosial sığorta stajının yaşa görə pensiya təmin edilməsi üçün mümkün olmaması, əmək kitabçası və “Ləçət” kolxozun şəxsi hesab kitablarında olan pozuntulardır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixində ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial siğorta stajına malik olmaması və xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Tərəflərindən əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixinə qədər olan, xx.xx.1993-cü ildən xx.xx.1996 tarixinə qədər olan əmək fəaliyyəti işəgötürənin möhürü ilə təsdiq olunmamışdır. Həmçinin əmək kitabçasında qeyd olunan xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmət illəri, xx.xx.1977-ci ildən xx.xx.1993 il tarixinə qədər əmək fəaliyyəti haqqında qeydlər kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Sadalanan hallar əmək kitabçasının mötəbərliyini şübhə altına qoyur. Bunlarla yanaşı, tərəflərindən “Ləçət” kolxozunun şəxsi hesab kitabları araşdırılarkən pozuntular aşkarlanmışdır. Belə ki, şəxsi hesab kitablarında 1993-cü ilin sentyabr ayında əmək haqqı karandaşla qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Beləliklə, iddiaçının iddia ərizəsində 1993-cü ildən 1999-cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləçət” kolxozunda daha sonra isə “Ləçət” X6 Kooperativində işləməyə davam etdiyini bildirsə də, əmək kitabçası və arxiv arayışı nəzərə alınmaqla 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X9 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992- 2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X11 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, siğortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(118)-160/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, eyni zamanda əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur

11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallara təkrar olunmaqla yanaşı göstərilir ki, tərəflərindən iddiaçının əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir. Bundan başqa iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixə qədər olan, xx.xx.1993-cü ildən xx.xx.1996-cı il tarixə qədər olan əmək fəaliyyəti işəgötürənin möhürü ilə təsdiq olunmayıb. Həmçinin əmək kitabçasında qeyd olunan xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmət illəri, xx.xx.1977-ci ildən xx.xx.1993-cü il tarixinə qədər əmək fəaliyyəti haqqında qeydlər kiril əlifbası ilə yazılmışdır. Halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Sadalanan hallar əmək kitabçasının mötəbərliyini şübhə altına qoyur. Bunlarla yanaşı, tərəflərindən “Ləçət” kolxozun şəxsi hesab kitabları araşdırılarkən pozuntular aşkarlanmışdır. Belə ki, şəxsi hesab kitablarında 1993-cü ilin sentyabr ayında əmək haqqı karandaşla qeyd edilmişdir. İddiaçı iddia ərizəsində 1993-cü ildən 1999-cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləçət” kolxozunda, daha sonar isə “Ləçət” X6 Kooperativində işləməyə davam etdiyini bildirsə də, əmək kitabçası və arxiv arayışı nəzərə alınmaqla 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görəpensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X9 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-cı illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) …

17. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti… Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

22. SSRİ Nazirlər Sovetinin 17 oktyabr 1964-cü il tarixli, 859 saylı qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinə pensiyalar təyin edilməsi və verilməsi qaydası haqqında” Əsasnamə: İş stajını aşağıdakı sənədlər sübut edə bilər a) ... arxiv idarələrinin arayışları. 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İşdən görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir.

29. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Belə ki, cavabadeh iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.1993-cü ildən xx.xx.1996-cı il tarixinə qədər əmək kitabçasında qeyd olunan dövrləri onun sığorta stajı kimi nəzərə almamışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

31. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.1993-cü ildən xx.xx.1996-cı il tarixinə qədər işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1996-cı il tarixinə qədər işləməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 435/53 saylı arxiv çıxarışı və arxiv arayışı ilə də təsdiq olunur.

32. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 435/53 saylı arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 319 və Qusar rayon kənd təsərrüfatı və Ərzaq İdarəsinin 13 iyul 1993-cü il tarixli 98 nömrəli əmrinə əsasən Qazıməmməd adına sovxozun bazasında “Ləçət” kolxozunun təşkil edilməsi ilə əlaqədar olaraq sovxozun 4 və 5 nömrəli briqadanın fəhlələri 13 iyul 1993-cü il tarixdən işdən azad edilmiş, Ləcət kolxozu üzrə 12 saylı, 16 iyul 1993-cü il tarixli sərəncamla X7 kolxozuna bağ gözətçisi qəbul edilmiş, həmin kolxoz üzrə 114 saylı, 06 noyabr 1996-cı il tarixli sərəncamla kolxoz üzvlüyündən azad edilmiş, X3 3 saylı, 07 noyabr 1996-cı il tarixli sərəncamı ilə İddiaçı həmin kooperativə üzv qəbul edilmiş,67 saylı, 01 iyun 1997-ci il tarixli sərəncamla vəzifəsindən azad edilmiş, həmin kooperativin 69 saylı, 20 avqust 1997-ci il tarixli sərəncanı ilə kooperativə gözətçi təyin edilmiş, 88 saylı, 27 yanvar 1999-cu il tarixli sərəncamla kooperativdə gözətçilikdən azad edilmişdir.

33. Qusar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 435/53 saylı arxiv arayışında iddiaçının Ləcət kolxozu və Ləcət kənd İstehsalat kooperativində işlədiyi 1993- 1998-ci illərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd edilmişdir. Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 32/03 saylı arxiv arayışında isə qeyd edilmişdir ki, rayon arxivində saxlanılan keçmiş Ləçət kolxozunun şəxsi hesab kitablarında adam günü norması haqqında məlumat yoxdur. Hesablaşmanın yalnız əmək haqqı şəklindəödənilməsi qeyd edilmişdir. Əmək günləri isə 1964-cü illərə qədər olan kolxozlarda kolxozçuların əmək günləri uçot kitabında olmuşdur. İddiaçı 1993-1996-cı illərdə Qusar rayonu Ləcət kolxozunda adam günü norması barədə məlumatın verilməsi imkan xaricindədir.

34. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 182/35 saylı arxiv çıxarışında da iddiaçının əmək kitabçasında qeyd edilmiş bütün dövrlər üzrə əmək fəaliyyətinə dair işlədiyi müəssisələr tərəfindən verilmiş əmrlər, habelə 1973-cü ildən 1993cü ilədək işlədiyi dövrlərə aid aldığı əmək haqqı barədə məlumatlar öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin arxiv arayışında qeyd edilmiş iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi ilə bağlı ənrlətin tarixləri və nömrələri iddiaçının təqdim etdiyi və məhkəmə kollegiyasının iclasında əslinə baxış keçirilmiş əmək kitabçasındakı müvafiq qeydlərlə üst-üstə düşür.

35. Bundan əlavə, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki-peşə təhsili komitəsi tərəfindən verilmiş 503 saylı attestatdan görünür ki, İddiaçı 01 sentyabr 1970-ci ildən 15 iyul 1971-ci ilədək 49 saylı professional- texniki peşə məktəbində oxumuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki-peşə təhsili komitəsi tərəfindən verilmiş1239 saylı, 16 oktyabr 1974-cü il tarixli attestatdan görünür ki, İddiaçı 15 aprel 1974-cü ildən 28 sentyabr 1974-cü ilədək 103 saylı Quba professional texniki peşə məktəbində oxumuşdur.

36. Cavabdehin Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na istinad etməklə iddiaçının adına olan əmək kitabçasının tərtibində nöqsanlara yol verilməsi ilə bağlı etirazının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin əmək kitabçasının tərtib edildiyi zaman qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1 və 22-ci abzaslarına əsasən, əmək kitabçası fəhlə və qulluqçuların əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlə və qulluqçular üçün açılır. Hazırkı işdə, iddiaçının əmək fəaliyyətinin göstərildiyi dövrlər işlədiyi müəssisənin möhürü ilə təsdiqlənmişdir, onun ilk səhifəsinin imzalanmaması iddiaçının məsuliyyətinə, habelə arxiv arayışları ilə də təsdiqini tapam həmin dövrlərin sosial sığorta stajı kimi qəbul edilməsindən imtina olunmasına səbəb ola bilməz. İstinad edilən 186 nömrəli Qərar isə iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövründə deyil, onun qəbul edildiyi tarixdən sonrakı dövrə aid tələbləri müəyyənləşdirir. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının əmək kitabçası həmin qərarın qəbul edilməsindən əvvəl tərtib edildiyindən, sözügedən qərarla müəyyən edilmiş qaydalar həmin münasibətlərə tətbiq oluna bilməz.

37. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri və əmək iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi ilə bağlı şübhələri iddiaçının arxiv arayışları ilə də öz təsdiqini tapan işlədiyi illərin onun sığorta stajı kimi nəzərə alınmaması üçün kifayət deyildir. Əmək kitabçasındakı və arxiv arayışlarındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

38. Bundan başqa məhkəmə kollegiyası iddiaçının təhsil aldığı dövrlərin və hərbi xidmət dövrünün sosial sığortajına daxil edilməsi ilə bağlı, cavabdehlə iddiaçı arasında hansı mübahisənin olduğu müəyyən edilmir.

39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, eyni zamanda əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.

40. Hazırkı işdə iddiaçının əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər, habelə peşə məktəblərində təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər onun sığorta stajı kimi nəzərə alınmalı olduğundan və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 ildən artıq sosial sığorta stajı mövcud olduğundan onun pensiya hüququ yaranır.

41. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(118)-160/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar