Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-436/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması əsası ilə iş üzrə icraata xitam verilməsi, üçüncü şəxsin şikayət vermək hüququ) Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 adına 9,90 ha torpaq sahəsinə dair JN-129 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsində X2 adına 9,90 ha torpaq sahəsinə dair işlənmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışın hissəvi olaraq, yəni onun ailə üzvlərinə məxsus 3,97 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-406/2023 nömrəli qərardadından üçüncü şəxs X4 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 adına 9,90 ha torpaq sahəsinə dair JN-129 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsində X2 adına 9,90 ha torpaq sahəsinə dair işlənmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışın hissəvi olaraq, yəni onun ailə üzvlərinə məxsus 3,97 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə ərizə təqdim edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 hazırkı mübahisəyə mahiyyəti üzrə baxıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-406/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir. (hakim Ceyhun Məmmədov) X4 qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur. Ona görə ki, AR İPM-nin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 29.2-ci maddəsinə əsasən Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Qeyd olunan maddənin tələbindən göründüyü kimi üçüncü şəxsin tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdir. Mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna üçüncü şəxsin işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququ da daxildir. Məhkəmə AR İPM Məcəllənin 55.2-ci maddəsinə - şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verildiyini istinad etsə də, görünür məhkəmə həmin maddəsinin mahiyyətini düzgün başa düşməmişdir. Məhkəmə qəbul etdiyi qərardadda qeyd olunan maddədəki “yalnız cavabdehin razılığı ilə yol verilir” sözünün altından xətt çəkməklə xüsusi olaraq vurğulamağa çalışsa da, həmin maddədəki “yalnız cavabdehin razılığı ilə yol verilir” müddəası ilə qanunvericilik iddiaçının imtina hüququnu cavabdehin razılıq verməsi şərtinə bağlayır. Həmin müddəa üçüncü şəxsin hüquqlarını, o cümlədən AR İPM-nin 29.1-ci maddəsində qeyd olunan mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququnu məhdudlaşdıran müddəa kimi qəbul oluna bilməz. Hazırki işin mahiyyəti onu tələb edir ki, iddiaçı tərəfindən hazırki iddi nə vaxt qaldırılarsa o zəruri cəlbetmə qaydasında prosesə cəlb olunsun. Məhkəmənin yanaşmasından belə çıxır ki, iddiaçı nə vaxt istəsə hazırki tələb üzrə iddia qaldırıb və geri götürəcək, o isə hüquqlarının müdafisəi üçün məcburən məhkəmə iclaslarında iştirak edəcək. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Maddə 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi məhz başqa şəxsin adına mülkiyyət hüququnun qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın hissəvi olaraq, iddiaçıya aid olan hissədə ləğv edilməsi ilə bağlı olmuşdur. Daha sonra iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, müvafiq məhkəmə qərardadı ilə həmin əsasla iş üzrə icraata xitam verilmişdir. İndiki halda üçüncü şəxs həmin qərardadan apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi onun işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi halda, onun razılığı olmadığı halda, iş üzrə icraata xitam verilməsinin qanunazidd olması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, mübahisə predmeti hazırki iş üzrə apellyasiya şikayəti verən şəxsin qanunla qorunan hüquqlarına birbaşa təsir etməklə, onun iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi iştirak etməsinin əsası kimi çıxış etmişdir. Lakin inzibati prosessual qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtlərinə iddia ərizəsinin geri götürülməsi zamanı yalnız cavabdehin razılığının tələb olunması şərt kimi qeyd edilmiş, həmin normada adi və ya zəruri cəlbetmə qaydasında işə cəlb edilmiş üçüncü şəxslərin razılığının alınmasının zəruri olması ilə bağlı heç bir şərt qeyd edilməmiş, habelə qanunvericilikdə bununla bağlı başqa hər hansı norma mövcud olmamışdır. Başqa sözlə, qanunverici iddiaçının iddia ərizəsini geri götürmək hüququnu şifahi məhkəmə baxışında tərəflərin çıxışından sonra realizə etdiyi halda bu hüququ yalnız bir şərtlə məhdudlaşdırmışdır ki, bu şərtə cavabdehin razılığının alınması daxildir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin təhlilindən görünür ki, inzibati məhkəmə icraatının iştirakçıları kimi iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər sayılır. Göründüyü kimi, üçüncü şəxslərlə cavabdehin inzibati məhkəmə icraatı zamanı prosessual hüquqi statusu fərqli qayda müəyyən edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda hazırki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi halı özlüyündə üçüncü şəxsin birbaşa hüquqlarına təsir kimi çıxış edə bilər. İndiki halda isə iddia ərizəsinin geri götürülməsi prosesi hüquqi nəticə olaraq işə mahiyyəti üzrə baxılmasını özündə ehtiva etməməklə, üçüncü şəxslərin hər hansı formada hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulması ilə bağlı nəticəyə səbəb olmur. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı məhz iddiaçı ilə müvafiq iznibati orqan arasında inzibati xarakterli mübahisə yarandığı halda, məhz iddiaçının tələbi əsasında ortaya çıxır və bu mübahisəinin məhz inzibati məhkəmə icraatı qaydasında həll edilməsini tələb etmək hüququ iddiaçıya aid olmaqla, onun iradə ifadəsinin nəticəsi kimi yaranır. İnzibati prosessual qanunvericilikdə isə iddiaçının iddiadan imtina etməsi ilə bağlı iradə ifadəsinin cavabdehin razılığından asılı edən yuxarıda istinad edilən bir müddəa qeyd edilmiş, həmin iradə ifadəsini məhdudlaşdıran başqa hər hansı şərt nəzərdə tutulmamışdır. Bundan əlavə, inzibati məhkəmə icraatının mahiyyətinə və inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatınının mövcud olması üçün iddiaçının iddia tələbi olmalı və həmin tələbdən irəli gələn məhkəmə mübahisəsi konteksində üçüncü şəxsin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi ilə bağlı məsələ ortaya çıxır. İndiki halda isə iddiaçının tələbi və məhkəmə mübahisəsini davam etdirməklə bağlı iradə ifadəsi mövcud olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina etməsi ilə bağlı yaranmış hüquqi nəticə apellyasiya şikayəti verən şəxsin hər hansı hüquq və mənafelərini pozmamaqla, onun müstəqil şəkildə mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməklə, özünün pozulduğunu hesba etdiyi hüquqlarının müdafiəsini həyata keçrimək hüququna hər hansı maneçilik törətmir, bu hüququn qarşısını almır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-406/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-436/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-436/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver