Məhkəmə qərarları › İş №2-1(105)-436/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-436/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-436/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-495/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 495/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarına əsasən İddiaçı satılmış 0.075 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, reyestrdən çıxarış və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarına əsasən ona satılmış 0.075 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarına əsasən ona satılmış 0.075 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin 31 mart 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində 0,075 ha torpaq sahəsi "xxxx" MMC-nin təsisisi olaraq ona ayrılmış və həmin torpaq sahənin plan və ölçüsü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007ci il tarixdə onun adına tərtib olunmuşdur. Bu torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq dövlət qurumları tərəfindən razılıq rəyləri alınmış və hal-hazırkı vaxta kimi bu torpaq sahəsi üzərində inşa edilmiş tikili ilə birlikdə sahibliyindədir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin ayrılması barədə memarlıq və tikinti şöbəsinin rəyi əlavə edilməmiş, torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi ictimai tikililər olan ərazidə yerləşir və bir hissəsi dövlət əmlakı ilə üst-üstə düşür. Cavabdehin gətirdiyi səbəblərin heç bir hüquqi əsası yoxdur, belə ki, bu torpaq sahəsi ona qanuni əsaslarla satılmış və torpaq sahəsinin dəyərini tam olaraq ödəmiş, uzun illərdir ki, istifadə edir və bu torpağın yerləşdiyi ərazidə bir çox obyektlər inşa edilmiş və fəaliyyət göstərir, obyektin olduğu sahənin başqa bir şəxsə məxsus və ya dövlət mülkiyyətində olan əmlakla üst-üstə düşməsi barədə dəlilin də hüquqi əsası yoxdur. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Ceyranbatan Bələdiyyəsi tərəfindən İddiaçı 0.075 ha torpaq sahəsinin 31 mart 2005-cı il tarixdə 02 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 11 aprel 2006-cı il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu, daşınmaz əmlakın Ceyranbatan Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən ictimai tikili konturu hüdudları daxilində yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlili iddia ərizəsinə etiraz ilə eyni məzmun daşımaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq izahatında bildirdi ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.1132 ha təşkil edir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin kateqoriyası İslahat Xəritəsinə əsasən ictimai tikililərin yerləşdiyi ərazi, Tekuis elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlara aiddir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0371 ha hissəsi dövlət əmlakı ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Lakin sonradan araşdırma aparılan zaman müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət torpağı deyildir. Bu barədə 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktub vermişdir. İddiaçının istifadəsində olan toraq sahəsinin 0,075 ha hissəsi sənəd üzrə qanuni istifadəsindədir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh orqanın təqdim etdiyi etiraz ərizəsi ilə apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etmir. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyi nəzərə alınaraq artıq rəylər cavabdeh tərəfindən hazırda mübahisələndirilmir. Daşınmaz əmlakın Ceyranbatan Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən ictimai tikili konturu hüdudları daxilində yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşməsi apellyasiya şikayətinin dəlili olaraq qeyd edilsə də, hazırda həmin məsələ ilə bağlı mübahisə mövcud deyildir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu mövcuddur. Apellyasiya şikayətinin yeganə dəlili qismində torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olması çıxış edir. İddiaçı özünə məxsus olan torpaq sahəsində tikinti aparmışdır. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadədə olan torpaq sahəsinin konfiqurasiya fərqi olmasına görə birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı iclasının qərarı ilə Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsində, tikintisi yarımçıq qalmış Mədəniyyət evinin yaxınlığındakı boş istifadəsiz 0,075 ha torpaq sahəsinin "xxxx" MMC-in direktoru İddiaçı ayrılması və satılması qərara alınmışdır. Alqı-satqı aktı 04 fevral 2007-ci il tarixdə tərtib edilərək 06 fevral 2007-ci il tarixdə 4509 nömrə ilə qeydə alınmışdır. Bələdiyyənin yerquruluşu planından çıxarış, torpaq sahəsinin kadastr planı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 11 aprel 2006-cı il tarixli 153 saylı rəyi, xx.xx.2006-cı il tarixli mədaxil qəbzinin surəti iş materiallarına əlavə edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 2624 nömrə ilə qeydə alınmış **********2000134 nömrəli torpaq sahəsinin kadastr planından müəyyən edilir ki, Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı iclasının qərarı ilə İddiaçı tikinti üçün ayrılmış Ceyranbatan qəsəbəsində 0,075 ha torpaq sahəsində 330 kv.m sahəsi olan tikinti vardır. Torpaq sahəsinin koordinatları göstərilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin faktiki 0.1206 ha olmaqla, daş hasar daxilində yerləşdiyi, bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü qeyd edilmiş, təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpağı kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-5619/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları qeyd olunmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. Lakin İddiaçı tərəfindən təqdim edilmiş ləğv edilmiş DT və XK-tərəfindən tərtib edilmiş koordinatlara əsasən torpaq sahəsinin naturada yerləşməsi sxemdə göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ictimai tikililər olan ərazidə yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsinin dövlət əmlakı ilə üst- üstə düşdüyü aşkar edilmişdir. (Sxemdə göstərilmişdir) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-13296/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.1132 ha təşkil edir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin kateqoriyası İslahat Xəritəsinə əsasən ictimai tikililərin yerləşdiyi ərazi, Tekuis elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlara aiddir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0371 ha hissəsi dövlət əmlakı ilə üst-üstə düşdüyü, lakin digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 32/332/2-Ə134-35/25 nömrəli məktubla İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-yə sorğu ünvanlanmış, sorğuya cavab olaraq təqdim edilən məktubda göstərilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisinə aid torpaqların yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid olmadığı qeyd edilmişdir. Abşeron rayon Ceyranbatan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 59 nömrəli məktubunda qeyd olunur ki, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin 31 mart 2006-cı il tarixli 02 saylı qərarı ilə İddiaçı Ceyranbatan qəsəbəsi Gündüz Abdullayev küçəsi Mədəniyyət evinin yaxınlığındakı 0,075 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar həqiqidir və hal-hazırda qüvvədədir. İddiaçı adına torpaq sahəsi üzərində döblət qeydiyyatının aparılmasına Bələdiyyənin etirazı yoxdur. Eyni zamanda hüquqi şəxs "xxxx" MMC-in hazırkı direktoru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı ilə "xxxx" MMC-in əvvəlki direktoru İddiaçı Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi, Mədəniyyət evinin yaxınlığındakı 0,075 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin İddiaçı adına dövlət qeydiyyatından keçməsinə "xxxx" MMC etiraz etmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. İşin araşdırılan hallarından göründüyü kimi torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya satılmışdır. Qərar hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin 31 mart 2005-cı il tarixdə 02 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyinin 11 aprel 2006-cı il tarixdə verilməsi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Çünki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Bundan əlavə cavabdeh qeyd etmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu, daşınmaz əmlakın Ceyranbatan Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən ictimai tikili konturu hüdudları daxilində yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya məxsus olan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisinə aid torpaqların yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ictimai tikililər olan ərazidə yerləşir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin dövlət əmlakı ilə üst-üstə düşmür və digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının tələbi faktiki istifadəsində olan 0.1132 ha torpaq sahəsi ilə bağlı deyil, qərarla ayrılmış 0.075 ha torpaq sahəsi ilə bağlı olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qərarla ayrılmış 0.075 ha torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmənin araşdırması zamanı iddiaçı tələbi dəqiqləşdirərək torpaq sahəsinə faktiki yerləşməsinə uyğun planölçü sənədinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktının sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi qanuni əsaslarla ayrılmış, ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və bələdiyyə həmin torpaq sahəsi üzərində sərəncam verməkdə səlahiyyətli olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya ayrılmış torpaq sahəsini onun adına ilkin huquqi qeydiyyata almaqdan imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-495/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar