Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-437/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: İPM-in 13-cü maddəsinin pozuntusu; məhkəmənin yardım etmək vəzifəsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qurbanova Səkinə Ağakərim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2-1(118)-508/2021 sayli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarışın təsdiq edilməsi, torpaq sahəsinin onun adına sənədləşdirilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı 05.02.2021-ci il tarixli ərizəsi ilə iddia tələbini dəqiqləşdirərək, əvvəlki iddiası üzrə yalnız Abşeron rayon Hökməli Bələdiyyəsinin cavabdeh qismində saxlanılmaqla Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən Yerquruluşu planından çıxarışın təsdiq edilməsinin Bələdiyyənin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Hökməli qəsəbə XDS İcraiyyə Komiytəsinin 15.05.1990-cı il tarixli 3/21 nömrəli qərarı ilə Hökməli qəsəbəsində fərdi mənzil tikmək məqsədi ilə ona 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsinin tələb olunduğu bildirilmişdir. Bələdiyyəyə müraciət etdikdə isə bələdiyyə həmin səlahiyyətin DƏDRX orqanlarına aid olduğunu izah etmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq İdarəsinin imtinası qərəzli və əsaslı olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsini dəqiqləşdirərkən onu vurğulamışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərkən ona bildirilib ki, Abşeron rayon X1 planından çıxarış Bələdiyyə tərəfindən təsdiq edilməli olduğundan bələdiyyəyə müraciət etmiş, bələdiyyə isə bunu DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin icra etməli olmasını bildirməklə ona imtina etmişdir.
Cavabdehin etirazları:
5. Cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinin iddiaya qarşı heç bir etirazı olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2-1(118)-508/2021 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
7. Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2-1(118)-508/2021 saylı qərardadının ləğv edilərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
8. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-ci il tarixli, 55 nömrəli qərarı və Abşeron rayon Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin 15 may 1990-cı il tarixli, 3/21 nömrəli qərarı ilə Hökməli qəsəbəsində fərdi mənzil tikmək məqsədi ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan Hökməli qəsəbə XDS İcraiyyə Komitəsinin 15 may 1990-cı il tarixli, 3/21 nömrəli Qərarının 3-cü bəndində göstərilən qaydada ikimərtəbəli bir kənd evi tikərək ailəsi ilə birlikdə bu günə qədər o evdə yaşayırlar. İndi həmin evi və torpaq sahəsini özəlləşdirməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaqla çıxarış almaq istəyirlər. Bununla əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərkən ona məlum olub ki, təqdim olunan sənədlərə həmin torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının əlavə olunması lazımdır. Həmin sənəd onlarda yoxdur, hətta olmaya da bilər. Lakin həmin torpaq sahəsi ayrılan zaman Abşeron RİK-nin sərəncamına əsasən ayrılmış torpaq sahəsinin nişanlanıb vətəndaşa təhvil verilməsi, tikintinin yerinin təyin edilməsi, smeta-layihə sənədlərinin verilməsi Abşeron RİK-nin Memarlıq və Tikinti İşləri şöbəsinə həvalə edilmişdir. İcra Hakimiyyətinə müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədər arasında müvafiq bələdiyyənin yerqururuluşu planından çıxarış olmadığından naturada baxış mümkün olmamışdır.
b) apelyasiya şikayətinə qarşı etirazlar
9. apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, əlavə olaraq onu da qeyd etdi ki, birinci instansiya məhkəməsində ona düzgün istiqamət verilməmişdir. Belə ki, ona iddia tələbinin yalnız bir cavabdehə qarşı yönləndirilməsi izah olunmuş, bu səbəbdən də o iddianın dəqiqləşdirməsinə dair ərizə verərək Bələdiyyəyə qarşı hazırki tələbini yazmışdır. Lakin məhkəmə belə bir qərardad qəbul edərkən o maraqlanaraq öyrənmişdir ki, ona düzgün istiqamət verilməmiş və məhkəmə tərəfindən də bu barədə ona müvafiq yardım edilməmişdir. Ona görə də məhkəmənin məlum qərardadın ləğv edilərək iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir.
11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Abşeron rayonu, Hökməli Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
16. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
22. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
23. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı ilk öncə cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarışın təsdiq edilməsi, torpaq sahəsinin onun adına sənədləşdirilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 21.12.2020-ci il tarixli Sərəncamı ilə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin və cavabdehlərin sırasının dəqiqləşdirilməsi təklif edilmişdir.
26. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, torpaq sahəsinin yerquruluşu planından çıxarışın təsdiq edilməsi öhdəliyinin cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
27. İşə baxan məhkəmə iddianı mümkünsüz sayaraq belə hesab etmişdir ki, torpaq sahələrinin koordinatlarının, yerquruluşunun müəyyən edilməsi Bələdiyyənin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti orqanlarının səlahiyyətlərinə aid edildiyindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir.
29. Hazırki qərardadın 13-14-cü bəndlərində qeyd edilən prosessual hüquq normalarının tələblərinə görə işin baxılması zamanı çatışmamazlıqların aradan qaldırılması bilavasitə məhkəmənin xidməti vəzifəsi olmağına baxmayaraq, iddiaçının iddiasının əsası kimi torpaq sahəsinə yerquruluşu planından çıxarışın təsdiq edilməsi tələbinə dair hansı orqana müraciət etməsi barədə müvafiq hüquqi yardımı iddiaçıya göstərməmişdir.
30. Bununla da mübahisəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
31. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarınnın 3.1ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir.
33. Hazırki qərardadın 14-15-ci bəndlərində qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından, eləcə də 32-ci bənddə vurğulanan Plenum qərarının 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
34. Lakin hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmiş və nəticədə prosessual qanunla üzərlərinə qoyulan vəzifələri yerinə yetirməmiş, beləliklə də iş üzrə tərəflərin dinlənilmə hüququ pozulmuşdur.
35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 60-cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar.
36. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsasını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2-1(118)-508/2021 saylı qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 80, 87, 89, 90 və 94-cü maddələrinə əsasən məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2-1(118)-508/2021 sayli qərardadı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılsın. Məhkəmə qərardadı təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, 1193-cü məhəllə, Yusif Səfərov küçəsi 14) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.