Məhkəmə qərarları › İş №2-1(105)-437/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-437/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-437/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı ona 11 oktyabr 2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-402/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona 11 oktyabr 2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci ildə anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sumqayıt Dəmir-beton zavodunda əmək fəaliyyətinə başlamışdır. 1980-1982-ci illərdə hərbi xidmətdə olduqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək Dəmir-beton zavodunda, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək 2 nömrəli Trestin 24 nömrəli tikinti idarəsində xüsusi bənna briqadasında bənna peşəsində, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək 20 saylı X2 iş ustası işləmişdir. xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək 2 nömrəli trestin 24 nömrəli tikinti idarəsində iş ustası və iş icraçısı, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Sumqayıt Sənaye Kommunal Tikinti birliyinin 2 nömrəli tikinti quraşdırma idarəsində işləmişdir. Onun ümumi əmək stajı 27 ilə yaxın olmuşdur. Onun ümumi iş stajı 27 il olmaqla pensiya hüququ verən iş stajı olduğuna görə əmək pensiyasına çıxmaq hüququ vardır. O, müvafiq sənədləri toplamaqla 2021-ci ilin oktyabr ayında cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğunu göstərmişdir. O cavabdehin bu imtinası ilə razılaşmır.

4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********2 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalından az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən “Azərsənayetikinti” SC-nin iddiaçıya dair 11 oktyabr 2021-ci il tarixli 09/25 nömrəli arayışında xx.xx.1994-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində 2 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsində və 2 saylı Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri “Azərsənayetikinti” SC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onların ümumi iş stajı 25 ildən az (20 il 2 ay 12 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1994-cü il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 2 ay 29 gün (xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 61 ay (5 il 1 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13259,96 manat təşkil edir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-402/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı 11 oktyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri

32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

14. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezident mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti...

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...

15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

21. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik əvvəllər qüvvədə olmuş qanunvericiklə o şəxslərə güzəştli şərtlərlə pensiya hüququ vermişdir ki, həmin şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tam əmək stajını toplamış olsun.

22. Hazırkı mübahisəyə münasibətdə şəxs 01 yanvar 2006-cı il tarixədək azı 25 il iş stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmiş olmalıdır.

23. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün onun toplamalı olduğu sosial sığorta stajına münasibətdə məhkəmə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 24 avqust 1978-ci ildən 08 may 1980-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

24. İddiaçı əmək fəaliyyətinə xx.xx.1978-ci ildən başlamış, müxtəlif işlərdə, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmişdir.

25. “Azərsənayetikinti” SC 2 nömrəli müəssisənin 11 oktyabr 2021-ci il tarixli 09/25 saylı arayışında qeyd olunmuşdur ki, X5 xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixə kimi 2 nömrəli trestin 20 saylı X1 xüsusi bənna manqalarında daimi işləmişdir. 2 saylı siyahının 2290000-a12680 şifrə kodu üzrə işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər 20 saylı X2 usta və iş icraçısı işləmişdir. xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə qədər 2 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsində usta və iş icraçısı, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər 2 saylı Quraşdırma İdarəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsinin 2290000-b24441 şifrə (kodu) üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir.

26. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid X3 bildirmişdir ki, iddiaçı onun rəhbəri olduğu müəssisədə işləyib. 1999-cu ildə TREST-in adı dəyişdirilərək “Sumqayıt Sənaye Tikinti Kommunal Tikinti Birliyi” olub. İddiaçı 1976-cı ildən həmin müəssisədə işləyib. 1994-cü ildə 2 nömrəli Tikinti Quraşdırma İdarəsi Sumqayıt Sənaye Tikinti Kommunal Tikinti Birliyinə birləşdirilmişdir.

27. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş, həmin qərar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

28. İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, o, 13 may 1980-ci ildən 12 may 1982-ci ilədək hərbi xidmətdə olmuşdur.

29. Göstərilən dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq ümumi stajı yaranmış olur.

30. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 12 il 6 ay il iş stajına münasibətdə isə cavabdeh imtinasında iddiaçının cəmi 3 il 2 ay 29 gün (xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) sosial sığorta stajının olduğunu göstərmişdir.

31. Bundan başqa, cavabdeh imtinasında göstərmişdir ki, “Azərsənayetikinti” SC-nin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir.

32. Apellyasiya şikayətinin iddiaçının xx.xx.1994-xx.xx.2000 və xx.xx.2000xx.xx.2005-ci illərdə işlədiyi “Azərsənayetikinti” SC-dəki sığorta stajının olmaması ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçının işlədiyi müəssisənin direktorunun birinci instansiya məhkəməsində şahid kimi verdiyi ifadə ilə yanaşı, təqdim edilmiş həmin müəssisənin nizamnaməsinin, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyesterinə alınma barədə şəhadətnamələrin surətlərindən, habelə iş materiallarında olan DSMF-nin Abşeron-Xızı regional filialının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə təkzib olunur.

33. Belə olan halda, iddiaçının xx.xx.2006-cı ilədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 25 ildən artıq ümumi iş stajı vardır. Odur ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalının çatışmaması ilə bağlı imtinası da əsassızdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin edərək iş üzrə düzgün nəticəyə gəlmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-402/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar