Məhkəmə qərarları › İş №2-1(105)-437/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-437/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-437/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icra başçısı nümayəndəliyinin sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı əsasında ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 17/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamından görünür ki, İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan və plan və ölçü sənədindən görünür ki, həmin sənədlər İddiaçı ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi barəsindədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında olan məlumatlara əsasən kənd təsərrüfatı təyinatlı (yararlı) örüş torpaq sahəsidir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsmın 36 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamın arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Abşeron rayon XDS İK-nın sənədləri 1992-ci ildən saxlanması və mühafizə edilməsi məqsədilə Abşeron rayon Dövlət Arxıvın arxiv fonduna təhvil verildiyindən xx.xx.1991-ci il tarixli qərarın araşdırılması mumkun olmamışdır. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İKnin 18 may 1991-ci il tarixli 100 saylı sərəncamının “fərdi yaşayış evi tikintisi üçün Saray qəsəbə XDS İK-nə həyətyanı torpaq sahəsi ayrılması haqqında” olan hissəsinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il cavab məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin ortofoto baza xəritəsindən çıxarış və ətrafındakı torpaq və yaşayış sahələri üzərində mülkiyyət hüququ verilməsinə əsas olmuş bütün sənədlərin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cil tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncam ilə ayrılmış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 26 iyul 2011-ci il tarixli, A№ 358084 saylı 0,10 ha torpaq sahəsinin plan, və ölçüsündə göstərilən koordinatlar ilə iddiaçının faktiki istifadəsində olan 0,0996 ha torpaq sahəsi (üst-üstə düşür) naturada mövcuddur. Göstərilən torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlara aiddir. Sözügedən torpaq sahəsinin kənd təsərrüfat, üçün yararlı, az yararlı və yararsız olmamasını, müəyyənləşdirmək mütəxəssisin səlahiyyətinə aid deyildir. Cavabdehin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2020-ci il tarixli imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha rorpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 "ömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Saray qəsəbəsində yerləşən 0.10 hektardan ibarət həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı əsasında ayrılmış 0.0996 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində onun adına 0,10 ha həyətyanı torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı əsasında ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 08 sentyabr 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri-Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamından çıxarışı, Bələdiyyənin yerqurulıışu planından çıxarışı, AR DT və XK Abşeron rayon şöbəsinin torpağ sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünü və digər iddia ərizəsinə əlavə etdiyi sənədləri əlavə etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Abşeron saylı Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 30 sentyabr 2020-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində müxtəlif, bir-biri ilə əlaqədar olmayan əsaslar gətirməklə qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu ii tarixli, 36 saylı sərəncamı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi qəbul edilə bilməz və s. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Əlavə olaraq, təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron ravon İcra Hakimiyyəti Bascısının Sarav qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrılmıs 0.10 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-17/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0996 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə torpaq sahəsinin ayrıldığı halda torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktı təqdim edilməmişdir. Müayinə olunan 0.10 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Məhkəmə sorğusuna əsasən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsi Mərkəzin elektron bazasında olan məlumatlara əsasən kənd təsərrüfatı təyinatlı (yararlı) örüş torpaq sahələrinə aiddir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Apellyasiya şikayətinə dair etirazının dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi Saray qəsəbəsində yerləşən 0.0996 hektardan ibarət həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha rorpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrıldığının müəyyən edilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 "ömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamlarının nəzərdə tutulmaması, həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyinin aşkar edilməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə Nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 №li qərarı ilə Abşeron rayonu XDS-nin İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq shaəsindən iddiaçının adına 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması və həmin sahədə ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Saray Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilmiş, bələdiyyə, qəsəbə üzrə nümayəndəlik, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair plan və ölçü sənədi hazırlanmış və kadastr qeydiyyat kitabında uçota alınmışdır. İş materiallarında lan mütəxəssis rəyinin məzmunundan görünür ki, qeyd edilən torpaq sahəsi naturada mövcuddur, müvafiq plan və ölçü sənədində əks olunan torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan 0,0996 ha torpaq sahəsi üst-üstə düşür, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İş materiallarında olan müvafiq Arxiv İdarəsinin məktubunlarını məzmunundan görünür ki, Abşeron XDS İK-nın 4 sayda ayrı-ayrı mövzularda 18 may 1991-ci il tarixli 100 saylı əmrləri mövcuddur, həmin əmrlərdə X2 adı aşkar edilməmiş, adının aşkar edilməməsinin səbəbi həmin qərara dair adlı siyahının olmamasıdır. Həmçinin, Abşeron XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il 100 saylı qərarının arxiv surətinin məzmunundan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün “Köhnə Saray” adlanan yurd yerindən hər ailəyə 0,10 ha hesabı ilə 10 ha həyətyanı, 2,0 hektar yollar, küçələr üçün, cəmi 12,0 ha Saray üzümçülük sovxozunun dəmyə örüş kimi uçota alınan torpaq sahəsindən alınıb Saray qəsəbə XDS icraiyyə Komitəsinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüququn əldə edilməsini təsdiq edən sənədlər kimi qeyd edilmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. İndiki halda sözügedən torpaq sahəsinin ayrılmasına dair Saray qəsəbə nümayəndəliyi tərəfindən qəbul edilmiş müvafiq qərar məhz Abşeron XDS İcraiyyə Komitəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətin ötürülməsini ehtiva edən 18 may 1991-ci il tarixli, 100 saylı qərarına əsaslandığından, hazırki iddia tələbi məhz yuxarıda istinad edilən müvafqi Fərmanın 2.7-ci bəndinin dispozitiv şərtləri ilə uzlaşır. Qeyd olunan normaların dispozitiv şərtlərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın müvafiq Siyadıda nümayəndəliyin sərəncamının nəzərdə tulmaması ilə bağlı imtinaya dair arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq torpaq sahəsinin ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusunda aşkar edilmədiyini bidlirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, bununla bağlı qeyd edilməlidir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin hallar formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı halı da mübahisələndirmişdir. Belə ki, cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı örüş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin alqı-satqı predmeti ola bilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bir neçə şəxsə münasibətdə isə qeydiyyata alınmasına əsas olan sənədlər qismində də məhz Abşeron XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı, Saray qəsəbə üzrə Nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı qərarının əsas olması halı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan arqumenti də əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-17/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar