Məhkəmə qərarları › İş №2-1(105)-438/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-438/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-438/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Saray Bələdiyyəsinə qarşı “İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdeh tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehin öz hesabına sökülməsi, İddiaçı mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-105/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Saray Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdeh tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehin öz hesabına sökülməsi, İddiaçı mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX N°1119500 nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi təyinatlıdır. Buna baxmayaraq Abşeron rayonu, Saray Bələdiyyəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolu daş hasarla bağlayaraq, girişə dəmir darvaza qoymuş, bununla da onun mülkiyyətindən istədiyi kimi yararlanmasına, ondan istifadə etməyə maneə yaratmışdır. Hesab edir ki, bu addım qanunsuz və əsassızdır, bu baxımdan aradan qaldırılmalıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 7.2-ci bəndinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi bələdiyyə ərazisində olan yolların mühafizəsinin həyata keçirilməsi, onların təyinatına uyğun istifadə edilməsinə nəzarətin formalaşdırılması birbaşa olaraq bələdiyyənin vəzifəsidir. Lakin hazırki halda bələdiyyə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolu bağlamaqla sonuncunun konstitusiya və digər qanunlarla, o cümlədən beynəlxalq konvensiyalarla tanınmış ən ümdə hüququ olan mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. Bu səbəbdən də iddiaçı iddanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-105/2021 saylı qərarı ilə idiaçı İddiaçı “mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdeh tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehin öz hesabına sökülməsi, İddiaçı Rütəm qızının mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması” vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmşdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-105/2021 saylı qərarını qəbul edərkən məhkəmə yekun fikrini aşağıdakılarla əsaslandırmışdır: "... bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri başqa şəxslər tərəfindən zəbt olunduğu tədqirdə həmin torpaq sahəsinin boşaldıraq, yenidən qaytarılması torpaq və mülki qanunvericiliyin tələbləri baxımından məhkəmədə qaldırılan iddia tələbi əsasında həyata keçirilir. Hazırki iddia tələbi araşdırılan zaman müəyyən edilmişdir ki, X9 və X3 tərəfindən inşa edilmiş hasar və quraşdırılmış darvaza bələdiyyənin inzibati ərazisində yerləşir və həmin darvazının üzərində sahiblik hüququ Saray bələdiyyəsinin deyil, hazırki iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş X6 və X2 məxsusdur. Saray bələdiyyəsinin başqa şəxsin sahibliyində olan darvazanın mülkiyyətində olan torpaq sahəsindən özü tərəfindən götürülməsi X4 və X1 darvaza üzərində olan sahiblik hüququnun pozulmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisəli torpaq sahəsinin X4 və X1 qanunsuz sahibliyindən geri alınması ilə deyil, həmin torpaq sahəsinin üzərində X9 və X3 tərəfindən inşa edilmiş daş hasarın və darvazanın Saray bələdiyyəsinin hesabına sökülməsindən ibarətdir. Hesab olunur ki, daş hasar və darvaza Saray bələdiyyəsi tərəfindən inşa edilmədiyi tədqirdə onun hesabına sökülməsi yolverilməzdir. Başqa sözlə desək, Saray bələdiyyəsi öz mülkiyyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı aidyyatı məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunmasına nail olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan Məcəllənin 4.1-ci maddəsindən bəlli olur ki, məhkəməyə müraciət etmək fiziki və hüquqi şəxslərin vəzifələrinə deyil, hüquqlarına aiddir. Belə olduğu tədqirdə Saray Bələdiyyəsinin üzərinə məhkəməyə müraciət etmək üçün öz hüquqlarından istifadə edilməsi vəzifəsinin qoyulması qeyd olunan Məcəllənin prinsiplərinə ziddir. Çünki yuxarıda qeyd olunanlara əsasən Saray Bələdiyyəsi mübahisəli torpaq sahəsinin üzərində başqa şəxslər tərəfindən inşa edilmiş hasarın və darvazanın sökülməsini məhkəmə qərarı olmadan həyata keçirmək səlahiyyətinə malik deyil. Beləliklə, məhkəmə hesab etmişdir ki, bələdiyyənin mülkiyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı birbaşa səlahiyyətə malik olmadığına görə ona qarşı qaldırılmış iddia təmin dilə bilməz...". Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)- 105/2021 saylı qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmiş, məhkəmənin mövqeyi qanuni və əsaslı deyildir, bu baxımdan apelyasiya instansiyası tərəfindən ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə yekun fikrini əsaslandırarkən hesab etmişdir ki, inzibati icraata üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin hazırki iddia üzrə İddiaçı mülkiyyətindən istifadəsini tamamilə mümkünsüz edən darvaza və daş hasar üzərində sahiblik hüquqları mövcuddur. Görünən odur ki, məhkəmə həmin darvaza və daş hasarın qanuniliyini tanıyır. Halbuki, sözügedən torpaq sahəsi üzərində üçüncü şəxslərin hər hansı qanuni əsasla hüququ mövcud olmadığı halda, həmin torpaq sahəsi üzərində inşa etdiyi istənilən tikiliyə də qanunla tanınan hüququ mövcud ola bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 ci maddəsinə görə Azərbaycan Respublikasından torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşıan tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, Saray bələdiyyəsi özünə məxsus torpaq sahəsində kənar şəxslərin qanunsuz hərəkətlərinə göz yummuş, məhkəmə prosesində isə bunu əvvəllər baş vermiş hadisə kimi dəyərləndirirək, hazırda özünün baş vermiş qanunsuzluğa qarşı hər hansı addım ata bilməyəcəyini qeyd etmişdir. Məhkəmə isə bunun bələdiyyənin hüquqi kimi dəyərləndirməklə mülkiyyət hüququ dövlət tərəfindən qorunan iddiaçını çıxılmaz vəziyyətdə qoymuşdur. Apeylasiya şikayətində qeyd olunur ki, hazırki vəziyyətdə bu maddi hüquq normasının tələbi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsi DƏDRX-dən verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. DƏDRX-nin 4 saylı ərazi İdarəsinin iddiaçıya ünvanladığı 27.05.2019-cu il tarixli **********13 saylı məktubdan və tərəflərin məhkəmədə verdiyi izahatlardan məlum olmuşdur ki, İddiaçı torpaq sahəsinin yan tərəfində yerləşən torpaq sahəsinin girişinə X10 və X3 tərəfindən darvaza quraşdırılmışdır. Bunun nəticəsi olaraq İddiaçı öz torpaq sahəsinə olan giriş çıxışı məhdudlaşdırılmışdır. Darvaza quraşdırılmış torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Məhz bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Saray Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə X10 və X3 tərəfindən inşa edilmiş hasarın və quraşdırılmış darvazanın Saray Bələdiyyəsi tərəfindən götürülməsini tələb edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri başqa şəxslər tərəfindən zəbt olunduğu tədqirdə həmin torpaq sahəsinin boşaldıraq, yenidən qaytarılması torpaq və mülki qanunvericiliyin tələbləri baxımından mülkiyyətçi tərəfindən məhkəmədə qaldırılan iddia tələbi əsasında həyata keçirilir. Hazırki iddia tələbi araşdırılan zaman müəyyən edilmişdir ki, X10 və X3 tərəfindən inşa edilmiş hasar və quraşdırılmış darvaza bələdiyyənin inzibati ərazində yerləşir və həmin darvazının üzərində sahiblik hüququ Saray bələdiyyəsinin deyil, hazırki iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş X7 və X2 məxsusdur. Saray bələdiyyəsinin başqa şəxsin sahibliyində olan darvazanın mülkiyyətində olan torpaq sahəsindən özü tərəfindən götürülməsi X5 və X1 darvaza üzərində olan sahiblik hüququnun pozulmasına səbəb ola bilər. İşin araşdırılan hallarından göründüyü kimi iddia tələbi mübahisəli torpaq sahəsinin X5 və X1 qanunsuz sahibliyindən geri alınması ilə deyil, həmin torpaq sahəsinin üzərində X10 və X3 tərəfindən inşa edilmiş daş hasarın və darvazanın Saray bələdiyyəsinin hesabına sökülməsindən ibarətdir. Hesab olunur ki, daş hasar və darvaza Saray bələdiyyəsi tərəfindən inşa edilmədiyi tədqirdə onun hesabına sökülməsi yolverilməzdir. Başqa sözlə desək, Saray bələdiyyəsi öz mülkiyyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı aidyyatı məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunmasına nail olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan Məcəllənin 4.1-ci maddəsindən bəlli olur ki, məhkəməyə müraciət etmək fiziki və hüquqi şəxslərin vəzifələrinə deyil hüquqlarına aiddir. Belə olduğu tədqirdə Saray Bələdiyyəsinin üzərinə məhkəməyə müraciət etmək üçün öz hüquqlarından istifadə edilməsi vəzifəsinin qoyulması qeyd olunan Məcəllənin prinsiplərinə ziddir. Çünki yuxarıda qeyd olunanlara əsasən Saray Bələdiyyəsi mübahisəli torpaq sahəsinin üzərində başqa şəxslər tərəfindən inşa edilmiş hasarın və darvazanın sökülməsini məhkəmə qərarı olmadan həyata keçirmək səlahiyyətinə malik deyil. Ona görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-105/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar