Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-438/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2, X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üxərində inşa edilmiş ümumi sahəsi 280 kv m ikimərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-1294/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarından görünür ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsində fərdi yaşayış evinini tikintisinə icazə verilmişdir.
2. Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.10 torpaq sahəsi barəsindədir.
3. AAF Construction tərəfindən 2018-ci ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin sənəd İddiaçı məxsus 2 mərtəbəli yaşayış evi barəsindədir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları faktiki göstərdiyi torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Elektron məlumat bazasına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fəqdı yaşayış evi tam olaraq 110 KV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür.
5. X3 Agentliyini Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Ağ hotel"ın arxasından keçən 110 kV-luq hava elektrik verilişi xətti 220/110 kV-luq “Sənaye Qovşağı” yarımstansiyasından çəkilmiş 110 kV-luq 2 dövrəli “Poladəritmə” hava xətti 1999-2000-ci illərdə çəkilib istismara verilmişdir.
6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Poladəritmə müəssisəsinin balansında olan 1999-cu ildə istismara verilmiş 110-kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.
7. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna mövcud olan Xırdalan Südçülük tərəvəzçilik sovxozunun və Xırdalan XDS İK-nin sənədlərində sorğuda qeyd olunan tarixli və nömrəli qərarlar aşkar edilməmişdir, belə ki, arxiv fondunda mövcud olan qərar nömrələri ilə tarixlər arasında ziddiyyət yarandığından sorğunun icrasının təmin edilməsi mümkün olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində və həmin 0,10 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 280 kv m, 1 girişli, 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********0 saylı aktı ləğv edilərək Abşeron rayonu Xırdalan qəsəbə XDS İcraiyyə komitəsinin 31 avqust 1990-cı il tarixli, 69-6 saylı qərarına əsasən ona Abşeron rayonu, Masazır qəsəbəsində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində və həmin 0,10 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 280 kv m, 1 girişli, 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 280 kv m ikimərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən iddiaçıya 1989-cu ildə Abşeron rayonu Masazır kəndi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron rayonu Xırdalan qəsəbə XDS İcraiyyə komitəsinin 31 avqust 1990-cu il tarixli 69-6 saylı qərarına əsasən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin RİK-in memarlıq şöbəsi tərəfindən naturada bölgüsü aparılmaqla təhkim aktı tərtib edilmiş və layihə üzrə fərdi ev tikilməsinə icazə verilmişdir. 1995-ci ildə iddiaçı tərəfindən ümumi sahəsi 280 kv m, 1 girişli, 2 mərtəbəli, hündürlüyü 8 metr olan fərdi yaşayış evi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilmişdir. İddiaçı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 14 noyabr 2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
11. Birinci instansiya məhkəməsində iddiaçının nümayənəsi bildirmişdir ki, torpaq sahəsindən 150 m məktəb ərazisinə düşdüyü üçün torpaq sahəsinin faktiki sahəsi 0.0845 təşkil edir.
b) Cavabdehin etirazının dəlilləri
12. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin (ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının) ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, müraciətə əlavə edilmiş Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 31 avqust 1990-cı il tarixli 69-6 saylı qərarının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan müraciət ünvanlanmışdır. Həmçinin sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin bir hissəsinin **********26-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
13. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-1294/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 280 kv m ikimərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə üzərinə qoyulması qərara alınmışdır.(hakim V.Əzizova)
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, mütəxəssis rəyində müayinə olunan torpaq sahəsinin 0.0151 ha hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir, bu səbəbdən qeyd olunan hal apellyasiya şikayətinin dəlili kimi qeyd edilməmişdir. Müayinə olunan torpaq sahəsinin faktiki ölçüsünün 0.0845 ha olduğu və yerquruluşu planından çıxarışda 0.0845 ha qeyd edildiyi müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinın qərarı 0.0845 ha torpaq sahəsinə dair verildiyi üçün bu hal apellyasiya şikayətinin dəlili kimi qeyd edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdilər ki, evin ümumi sahəsi 280 kv. metrdir, 110 kvt-luq yüksək gərginlikli elektrik xətti torpaq sahəsi və evin üzərindən keçir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, ev 1995-ci ildə tikilmişdir. Mübahisəli ərazi iki dəfə müayinə edilmişdir. Evin layihəsi İcra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Evin ölçüləri layihəyə uyğundur.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış.
19. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, 1.4-cü bənd yeni redaksiyada verilmişdir. “1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. Həmçinin həmin fərmanın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
27. Belə ki, torpaq sahəsinin hüquqmüəyyənedici və texniki (ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının) sənədlərin təqdim edilməməsi ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, iddiaçıya ayrılmış 0.10 torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyasına təqdim olunmuş xx.xx.2022-ci il tarixli müayinə aktı ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində 0.0845 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsi üzərində ümumi sahəsi fərdi yaşayış evi mövcuddur.
28. Fərdi yaşayış evi və torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşməsi barədə dəlili də kollegiya əsassız hesab edir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarı ilə iddiaçıya torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Poladəritmə müəssisəsinin balansında olan 1999-cu ildə istismara verilmiş 110-kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.
29. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1990-cı il tarixdə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsində iddiaçı qanunvericiliyin tələblərinə müvafiq surətdə fərdi yaşayış evi inşa etdirmişdir. Belə ki, iş materiallarında olan eskiz layihədən görünür ki, iddiaçıya məxsus 2 mərtəbəli yaşayış evi AAF Construction MMC tərəfindən layihələndirilmişdir. Torpaq sahəsi ayrıldıqdan sonra 1999-cu ildə elektrik xəttinin çəkilməsi iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
30. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu nəzərə alınmalıdır.
31. Odur ki, hazırki iş üzrə iddiaçının sözügedən torpaq sahəsi və fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur.
32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
33. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
34. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
35. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Həmin ərizə ilə Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində eskiz layihəyə uyğun inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması xahiş olunmuşdur. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
36. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində eskiz layihəyə uyğun inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-1294/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində eskiz layihəyə uyğun inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.