Məhkəmə qərarları › İş №2-1(105)-44/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-44/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-44/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X4 ibarət tərkibdə, X27 qızının katibliyi, İddiaçılar İddiaçı və X5, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı, X5, X6, X7, X9 və X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyata alınması, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-654/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X11, X3, X12, İddiaçı, X14, X16 və X15 verildiyi göstərilən 0,06 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən həmin şəxslərin adına 12 aprel 2005-ci il tarixli, JN-2363A, KOD 30219088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. X3 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Mərhumun qızı- İddiaçı 18 iyul 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası zamanı qeyd olunan torpaq sahəsinin 0,12 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların olması aşkar edilmişdir. Belə ki, qeyd olunan 0,06 ha torpaq sahəsinə dair mərhum X1 və ailə üzvlərinin adına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-2363A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə istinad edərək ərizənin icrasından imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mərhum anası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mərhum anası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə cavabdehə müraciət etmiş, lakin cavabdeh təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar olmasına istinad edərək müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iş materialında olan Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 613 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli protokolu ilə Xaçmaz rayonunun Müşkür sovxozu AİK üzrə pay almaq hüququ olan vətəndaşların siyahısının 2363-cü bəndində mərhum X1 adına qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,12 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Yəni, Xaçmaz rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-2363A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən texniki səhvə yol verilərək torpaq sahəsinin ölçüsü 0,12 ha əvəzinə 0,06 ha yazılmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən sənəd üzrə 0,06 ha torpaq sahəsindən əlavə tələb edilən 0,06 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi məlum deyildir və bununla bağlı hər hansı sənəd və ya sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)-3028/2022 nömrəli qərardadı ilə X11, X12, X14, X16 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-654/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qaytanlanmış kitab üzrə iddiaçının mərhum anası X2 0,12 ha torpaq sahəsi məxsus olmuşdur. Bu fakt yerli aqrar islahatları aparılan zaman Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə faktiki olaraq təsdiq edilmiş və vətəndaşların adlı siyahısında da C.Q.Hacımuradovanın adının qarşısında “0,12 ha” sözləri qeyd edilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə aid texniki pasportda da torpaq sahəsinin ölçüləri “1200 kv.m” kimi qeyd olunmuşdur. Buna baxmayaraq, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilərkən torpaq sahəsinin ölçüsü 0,06 ha yazılmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə JN- 2363A, KOD 30219088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən şəxsləri işə cəlb etmədən, həmin şəhadətnamənin ləğv olunub-olunmamasına münasibət bildirmədən, əlavə 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən etməklə, bütövlükdə, 0,12 ha torpaq sahəsinə X1 mülkiyyət hüququnu tanımışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Üçüncü şəxslər X11, X12, X14, X16, X17 və İddiaçı məhkəmə kollegiyasına birgə ərizə təqdim edərək Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi, həmçinin, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(105)-44/2024 nömrəli qərardadı ilə X11, X12, X14, X16 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, adıçəkilən şəxslər və İddiaçı birgə iddiaçı qismində tanınmışlar. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı (iddiaçılar X12, X14, X16 və X10 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini və dəqiqləşmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini və dəqiqləşmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına istinad edərək həmin qərarla onun mərhum anası X2 Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndindən 0,12 ha torpaq sahəsinin ayrılmasını və həmin torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarında Xaçmaz rayon AİK-nin sözügedən xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə C.Q.Hacımuradovaya 0,12 ha torpaq sahəsinin ayrıldığını, "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin 0,06 ha göstərilməsinin vətəndaşın təqsiri olmadığını qeyd edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən ....................................... Müzəffər-oba, Müşkür, Müşfiq və Köhnə Xaçmaz kəndləri ətrafında torpaq sahələrinin az olması ilə əlaqədar əhalinin arzusunu nəzərə alaraq torpaq payı alacaq subyektlərə iki hissədən torpaq paylarının verilməsi, yəni bir hissəsinin müvafiq kəndin ətrafından (hər bir subyektə Müzəffər-oba kəndi üzrə 0,035 ha, Müşkür kəndi üzrə 0,05 ha, Müşfiq kəndi üzrə 0,08 ha və Köhnə Xaçmaz kəndi üzrə 0,025 ha) qalan hissəsinin isə təsərrüfatın kənar ərazisindən verilməsi barədə “Müşkür” sovxozu AİK-nin 23 noyabr 1998-ci il tarixli qərarlarının təsdiq edilməsi qərara alınmışdır. Sorğuya cavaba əlavə edilən “Müşkür” sovxozu üzrə torpaq sahəsi almaq hüququ olan vətəndaşların adlı siyahısının 2363-2369-cu bəndlərində X3, İddiaçı, X11, X12, X14, X16 və X10 adları göstərilmiş və onların faktiki istifadələrində və qaytanlanmış kitab üzrə 0,12 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Eləcə də, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, cədvəlin 2363cü bəndində adları qeyd edilmiş İddiaçı, X11, X3, X12, X14, X16 və X15 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin, X26, Monitorinqi və İnformasiya Mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş “Köhnə Xaçmaz kəndində vətəndaşların mülkiyyətlərində olan torpaq sahələrinə aid cədvəl” dən də görünür ki, cədvəlin 2363-cü bəndində adları qeyd edilmiş İddiaçı, X11, X3, X12, X14, X16 və X10 hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi 0,12 ha, faktiki 0,1239 ha (0,0487 ha, 0,0079 ha, 0,0054 ha, 0,0619 ha) təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı, X11, X3, X12, X14, X16 və X15 rayonun Köhnə Xaçmaz kəndindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili mübahisələndirilən 0,12 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların olması, JN 2363A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ayrılmış torpaq sahəsinin ölçüsünün 0,06 ha göstərilməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən araşdırma ilə işin müəyyən edilən hallarından müəyyən edildiyi kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə hazırki iş üzrə iddiaçılara 0,12 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, həmin qərar əsasında DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-2363A, KOD 30219088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtibində texniki səhvə yol verilərək torpaq sahəsinin ölçüsü 0,06 ha göstərilmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddiaçılara 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda, həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, Aqrar İslahat Komissiyasının qərarına əsasən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün əksik göstərilməsi isə iddiaçıların təqsiri deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin nəticəsidir. Hazırki halda iddiaçılar belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması cavabdeh orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin hüquqi halları ilə bağlı kollegiya “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun “Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsinin əsasları” adlı İİİ fəslinin normalarını da qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin fəslin 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddədə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası təsbit edilərək qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçıların və mərhum X1 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpaq islahatı haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələblərindən irəli gələn hüquqmüəyyənedici sənədə - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına əsaslanır. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçıların sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. Kollegiya qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlili əsassızdır. Bununla yanaşı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, mübahisəli 0,12 ha torpaq sahəsinin aqrar islahat zamanı X1 xüsusi mülkiyyətinə deyil, ailə üzvlərinin birgə mülkiyyətinə verilməsi faktını nəzərə almadan, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Odur ki, məhkəmə kollegiyası tərəfindən bununla bağlı hüquqi yardım edildikdən sonra İddiaçı və ailə üzvləri birgə iddiaçı qismində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 0,12 ha torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmçinin, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-654/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X5, X6, X7, X9 və X10 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi, həmçinin, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar