Məhkəmə qərarları › İş №2-1(105)-44/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-44/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-44/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alnmaqla, çıxarış və plan-ölçü sənədinin və arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-452/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/4 nömrəli qərarına əsasən Şəfəq sovxozu AİK-nin Əcəxur birgə kəndli təsərüfatlarında torpaq islahatının aparılmasına və püşkatmanın nəticələrinə dair 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarının təsdiq edilməsi qərara alınmışdır.

2. Şəfəq sovxozu AİK-nin 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə cəmi 550,0 ha, o cümlədən, 320,0 ha əkin, 209,5 ha biçənək və 20,5 ha bağ sahəsi torpaqdan pay almaq hüququ olan subyektlərə paylanması qərara alınmışdır.

3. Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/4 nömrəli qərarı ilə təsdiq edilmiş Şəfəq sovxozunun bazasında yaradılmış Əcəxur birgə kəndli təsərüfatlarında torpaq islahatı zamanı torpaq almaq hüququ olan subyektlərin siyahısının 146-cı bəndində İddiaçı və onun ailə üzvü X1, X6, 171-ci bəndində isə iddiaçının anası X3 adları qeyd edilmişdir.

4. Qusar Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı və onun ailə üzvləri X1, X7 Qusar şəhəri, Əcəxur kəndindən 4,82 ha (“208B” nömrəli planşet üzrə 3.000,00 kv.m., “208” nömrəli planşet üzrə 4.632,00 kv.m., “208D” nömrəli planşet üzrə 7.819,00 kv.m., “208V” nömrəli planşet üzrə 12.436,00 kv.m., “208M” nömrəli planşet üzrə 18.787,72 kv.m.) torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onların adına 23 oktyabr 1998-ci il tarixli, JN:208 KOD 30104018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

5. Qusar Rayon AİK-nin həmin qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün X4 da Qusar şəhəri, Əcəxur kəndindən 1,55 ha (“219” nömrəli planşet üzrə 2.544,05 kv.m., “219D” nömrəli planşet üzrə 2.606,00 kv.m., “219V” nömrəli planşet üzrə 4.144,97 kv.m., “219M” nömrəli planşet üzrə 6.168,86 kv.m.) torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onun adına 23 oktyabr 1998-ci il tarixli, JN:219 KOD 30104018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

6. Həmçinin, Əcəxur kəndində torpaq islahatı zamanı: 1) qonşu Böyük Muruq kəndi ilə sərhəd münaqişəsi zamanı sərhədin dəqiqləşdirilməsi nəticəsində torpaq payı Böyük Muruq ərazisinə düşmüş 27 nəfərə cəmi 21,65 ha; 2) bölgü zamanı ayrı-ayrı çevrələrin kol-kos basması və kənd təsərrüfatına yararsız sahələrin düşməsi ilə əlaqədar sahənin tam çatışmaması nəticəsində 59 nəfərə cəmi 33,05 ha torpaq sahəsi çatışmadığı müəyyən edilmişdir.

7. Bununla əlaqədar Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarı ilə sərhəd münaqişəsi ilə əlaqədar torpaq payları Böyük Muruq kəndi ərazisinə düşmüş şəxslərə Dərvişbəy bulağı və ətraf ərazidən torpaq bölgüsü aparılması (Dağdan-dəniz istiqamətində) və buna müvafiq olaraq Böyük Muruq sərhədindən Əcəxura gələn yolun sol tərəfindən X4 219 nömrəli Dövlət Aktı üzrə Böyük Muruq kəndi ərazisinə düşmüş torpaq sahəsinin əvəzində 0,50 ha torpaq sahəsinin, Əhmədçuxur və köhnə bağ sahəsindən iddiaçıya 208 nömrəli Dövlət Aktı üzrə eyni qaydada 0,90 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

8. Hazırda İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarı ilə ona və anası X4 (16 fevral 2016-cı il tarixdə ölmüşdür) ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.

9. Cavabdeh 23 fevral 2023-cü il tarixli, 3-21-3-02/2-Ə-0225/02-8/2023 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, arxiv materialları (kağız və elektron) əsasında aparılmış araşdırma nəticəsində müraciətdə göstərilən Qusar rayonu Şəfəq sovxozunun 5 avqust 2002-ci il tarixli protokolu və bu protokol əsasında mülkiyyətinə verilmiş pay torpaq sahəsinin yerinin dəyişdirilməsi barədə hər hansı bir məlumat aşkar edilməmişdir.

10. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək və sonradan iddia tələbini dəqiqləşdirərək, Qusar rayon Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli protokol qərarı əsasında ona ayrılmış 0,90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi və Qusar rayon Şəfəq sovxozu AİKnin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli protokol qərarı əsasında anasına ayrılmış 0,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon notariat ofisi tərəfindən cavabdeh orqana ünvanlanmış 13 mart 2024-cü il tarixli, X-308 nömrəli məktubdan görünür ki, iddiaçı X3 vərəsəsidir və sonuncunun ölümündən sonra ondan miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar notariat ofisinə müraciət etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Şəfəq sovxozu AİK-nin xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə torpaq islahatı zamanı torpaq bölgüsü aparılmış və islahat zamanı bütün Əcəxur kənd camaatına, o cümlədən, ona və anasına torpaq sahəsi verilmişdir. Lakin, onlara paylanmış torpaq sahəsi qonşu Böyük Muruq kəndinin sahələri ilə münaqişə yarandığına görə və paylanmış sahənin müəyyən hissəsi kənd təsərrüfatına yararsız dağ ərazisinə düşdüyünə görə həmin sahənin əvəzində Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 saylı iclas protokolunda göstərilmiş qaydada otlaq sahədən ona 0,90 hektar, anasına 0,50 hektar torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin otlaq sahəsindən istifadə edirlər. Lakin, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 05 avqust 2002-ci il tarixli, 45 nömrəli iclas protokolundan başqa heç bir dövlət aktı verilməmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-452/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Qusar rayon Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 saylı protokol qərarı əsasında iddiaçıya ayrılmış 0.90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi və Qusar rayon Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 saylı protokol qərarı əsasında iddiaçının anasına ayrılmış 0.50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov).

15. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş və X11 rayon filialı tərəfindən verilmiş 3-48-18RA/2-xxxx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, Qusar rayonu keçmiş “Şəfəq” sovxuna aid Aqrar İslahat Komissiyasının 1999-2002-ci illərin əmlak payçılarının verilməsinə dair sənədlər qovluğunda “Şəfəq” sovxozun AİK-nın 05 avqust 2002-ci il tarixli, 45 nömrəli iclas protokolu aşkar edilmişdir ki, həmin protokolda Böyük Muruq sərhədindən Əcəxura gələn yolun sol tərəfi adlanan adlı siyahısının 5-ci sıra sayında X2 adı, ondan sonrakı vərəqənin “Əhməd çuxur və köhnə bağ sahəsi” adlanan adlı siyahısının 57-ci sıra sayında isə İddiaçı adı qeyd edilmişdir. Belə olan halda, iddiaçıya müvafiq icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması öz təsdiqini tapmışdır və iddia tələbi təmin edilməməsində heç bir maneə mövcud deyildir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin dəyişikliyi ilə bağlı Qusar rayonu Şəfəq sovxozunun 05 avqust 2002-ci il tarixli protokolu əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciət etməmişdir. İddiaçı tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, aqrar islahat zamanı ayrılmış 86 nəfərin torpaq sahəsi həm Böyük Muruq ərazisinə, həm də dağlıq zonaya düşmüşdür. Ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsi isə dağlıq zonaya düşmüşdür. Ayrılmış torpaq sahəsinin 1 ha 80 sot olmaqla, suvarılan hissəsini satmışdır, dağlıq ərazidə yerləşən torpaq sahələrini isə satmamışdır. Torpaq sahəsinin bir hissəsi dağlıq əraziyə düşdüyündən ot biçmək mümkün deyildi. Onlara ayrılmış torpaq sahələrinin bir hissəsi Böyük Muruq kəndinə düşmüş, bir hissəsi isə kənd təsərrüfatına yararsız olmuşdur. Bu səbəbdən, ona və anasına 90 və 50 sot topaq sahələri yararsız sahənin əvəzinə verilmişdir. Həmin yararsız torpaq sahələrindən heç vaxt istifadə etməmişdir.

19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları

1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; ... Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. ...

23. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. ...

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

29. İddiaçının hazırkı tələbi iki hissədən ibarətdir: 1) Qusar rayon Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli protokol qərarı əsasında iddiaçıya ayrılmış 0,90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi; 2) Həmin protokol qərarı əsasında mərhum anası X4 ayrılmış 0,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun sonuncuya məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

30. İşin hazırkı qərarın 1-7-ci bəndlərində qeyd olunan hallarından göründüyü kimi iddiaçı, onun ailə üzvləri və anasına aqrar islahat zamanı əvvəlcə Qusar rayonu, Əcəxur kəndindən 4,82 ha və 1,55 ha torpaq sahələri ayrılsa da, sərhəd münaqişəsi ilə əlaqədar həmin torpaq sahələrinin bir hissəsi Böyük Muruq kəndi ərazisinə düşdüyündən Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarı ilə iddiaçı və onun mərhum anasına başqa kəndin ərazisinə düşmüş sahələrin əvəzində 0,90 ha və 0,50 ha torpaq sahələri ayrılmışdır.

31. Yəni, islahat zamanı iddiaçı və ailə üzvlərinə ayrılmış 4,82 ha hissəsinin Böyük Muruq kəndi ərazisinə düşən hissəsinə görə onlara 0,90 ha, anasına ayrılmış 1,55 ha sahənin eyni məsələyə görə istifadəsi mümkünsüz olan hissəsinə görə ona 0,50 ha torpaq sahəsi verilmişdir.

32. Hazırda iddiaçı tələbinin əsası olaraq qeyd olunan torpaq sahələrinə dair Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarına istinad edir.

33. Cavabdehin imtinasının əsası Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarı əsasında mülkiyyətinə verilmiş pay torpaq sahəsinin yerinin dəyişdirilməsi barədə hər hansı bir məlumatın aşkar edilməməsidir.

34. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək iddianı təmin etmişdir.

35. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

36. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" MMC-nin 15 aprel 2025-ci il tarixli, 3- 21-3-60/2-980/2025 nömrəli məktubundan Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarının Qusar Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilməsi barədə məlumat aşkar edilmədiyi görünür.

37. Lakin, kollegiya hesab edir ki, qeyd olunan hal Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarının mötəbərliyinə şübhə yaratmır.

38. Nəzərə almaq lazımdır ki, “Torpaq islahatı haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunlarının hazırkı qərarın 22-23-cü bəndlərində qeyd olunan normalarının tələbindən göründüyü kimi yerli aqrar islahat komissiyası aqrar islahat orqanlarından biri olmaqla, islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir.

39. Kollegiya qeyd edir ki, iddiaçının və onun mərhum anasının torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

40. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

41. Şəfəq sovxozu AİK-nin 05 avqust 2002-ci il tarixli, 45 nömrəli qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

42. Başqa sözlə, həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

43. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır.

45. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-140/2023 nömrəli iş üzrə də kassasiya instansiya məhkəməsi yerli “Şəfəq” aqrar islahat komissiyasının qərarı (hazırkı işdə olduğu kimi həmin qərarın rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilməsi müəyyən edilmir) əsasında ayrılmış daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüququnun qeydə alınması qənaətinə gələn birinci və apellyasiya instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmışdır.

46. Cavabdehin şikayətinin əlavə dəlili torpaq sahəsinin müayinəsinin keçirilmədiyi, onun kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməməsidir.

47. Şikayətin bu dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, məhkəmə kollegiyasının sorğusu əsasında mübahisəli 0,90 ha və 0,50 ha torpaq sahələri yerində müayinə edilmiş və bununla bağlı müayinə aktı tərtib edilmişdir. Müayinə aktından görünür ki, həmin torpaq sahələri Qusar rayonu, Əcəxur kəndində yerləşir, uqodiyası biçənəkdir, torpaq sahələrinin faktiki koordinatları TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir, kommunikasiya xətlərinin qoruma zolağında yerləşmir.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-452/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar