Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-440/2022 05.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-1111/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-635F KOD 30317018 saylı şəhadətnamə ilə Quba rayon Dövlət Notariat Kontorunun 17 fevral 2005-ci il tarixli 4-ə-105 saylı müqaviləsi ilə satılmış 0,40 hektar torpaq sahəsi (fərdi yaşayış evi, həyətyanı sahə) İddiaçı mülkiyyətinə verilmişdir.
2. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Məktubda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi JN-635F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmamışdır. Quba rayonu, Qəçrəş kəndində həyətyanı torpaq sahəsi verilmiş subyektlərin adlı siyahısında iddiaçının adı qeydə alınmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki cizgi elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqlidir. Torpaq sahəsinin faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə kəsişir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsində göstərilir ki, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-Ə-105 reyestrli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisindən satın almışdır. Torpaq sahəsi xx.xx.2005-ci il tarixdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində onun mülkiyyətinə qeydə alınaraq, adına torpağın mülkiyyətə verilməsinə dair JN-635F KOD 30317018 saylı şəhadətnamə verilmiş, bununla da torpaq sahəsinə dair mülkiyyətçi hüquqları əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə həyata keçirilmiş dəyişiklikdən sonra, daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sayıldığından, xx.xx.2022-ci il tarixdə müvafiq hərəkətləri edib, çıxarış verməsi üçün müraciət etdiyi cavabdeh **********44 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətindən imtina etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtina məktubunun məzmununa istinad edərək göstərir ki, şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazİ İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmaması onun iradəsindən asılı olmayan səbəbdən, hansısa məmurun öz vəzifə öhdəliyini düzgün icra etməməsi ilə bağlı olduğundan, bu hal onun artıq qeydə alınmış mülkiyyət hüququnun pozulması üçün əsas ola bilməz. Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-Ə-105 reyestrli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisindən satın almış və xx.xx.2005-ci il tarixli qeydiyyat həmin alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. O, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə aparılmış və hüquqi qüvvəsini saxlayan qeydiyyata əsasən hazırda daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsini və şəhadətnamədə əksini tapan sxem əsasında texniki pasportun verilməsini istədiyindən, cavabdehin torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə əsaslanması qanunsuz olmuşdur. Sadalanan hallar, üçüncü şəxslərin ona qarşı və ya onun üçüncü şəxslərə qarşı müvafiq iddia ilə müraciət etməsinə əsas olmaqla, xx.xx.2005-ci il tarixdə aparılmış və hüquqi qüvvəsini saxlayan qeydiyyata əsasən hazırda daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə maneə olmamışdır. Belə ki, imtinasında istinad etdiyi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən cavabdeh yalnız torpağın mülkiyyətə verilməsinə dair JN-635F KOD 30317018 saylı şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamalı idi. Bundan başqa, 29 iyun 2004-cü il tarixdə 713-İİQ saylı qanunla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilsə də, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxladığından, satın aldığı və mülkiyyətçi hüquqlarının əmələ gəldiyi torpaq sahəsinə dair əlavə araşdırmaya ehtiyac olmamış, cavabdehin imtinasında qeyd edilənlər müvafiq hərəkətlərin aparılmasından imtina üçün səbəb ola bilməzdi.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
6. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-1111/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0, 40 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən şəhadətnamə ilə qeydiyyata alınmış 0,40 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İddiaçı sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və 10 mart 2005-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.
8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsasıandırılmışdır ki, Quba rayonu, Qəçrəş kəndində həyətyanı torpaq sahəsi verilmiş subyektlərin adlı siyahısında hüquq sahibinin adı qeydə alınmamışdır. Bundan əlavə JN-635F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki cizgisi elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqlidir. Torpaq sahəsinin faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə kəsişir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
10. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayıtinin təmin edilməməsini, iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,3870 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
15. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
21. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.
22. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili JN-635F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmamasından və şəhadətnamədəki cizginin elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqli olmasından, torpaq sahəsinin faktiki koordinatlarının elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə kəsişməsindən ibarətdir.
23. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi yuxarıda qeyd edilən nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə əsasən əlavə məhkəmə araşdırması da aparılmış və həmin dəlillərin iddiaçının müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan olmadığı müəyyən edilmişdir.
24. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının özünün təqdim etdiyi Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-635F KOD 30317018 saylı şəhadətnamənin verilməsinə əsas olmuş 17 fevral 2005-ci il tarixdə 4Ə-105 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilmədiyi göstərilmişdir.
25. Qeyd edilən xüsusatla bağlı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı torpaq sahəsini 2005-ci ildə notariat qaydasında təsdiqlənmiş alqı-satqı müaviləsi əsasında X1 aldığını, lakin müqavilənin hazırda onda olmadığını bildirmiş, eyni zamanda növbəti məhkəmə iclası zamanı X2 notarial qaydada təsdiqlənmiş ərizəsini təqdim etmişdir. C.Ərəbov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli həmin ərizədə göstərilir ki, “Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan torpaq sahəsindən 0.40 hektarını Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-ə-105 reyesterli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışam. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində alqı-satqı müaviləsinə əsasən 2005-ci ildə Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsi İddiaçı adına qeydə alınıb. Satdığım 0.40 hektar torpaq sahəsinə dair hər-hansı tələbim və ya şikayətim yoxdur, gələcəkdə də olmayacaq. Həmin sahəyə dair İddiaçı adına dövlət reyesterindən çıxarışın və texniki pasportun verilməsinə razıyam”.
26. İşin yuxarıda qeyd edilən xüsusatları, habelə apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar kollegiya tərəfindən müvafiq sorğular verilmiş, mütəxəssis rəyi alınmışdır.
27. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********69 saylı məktubunda bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş JN-635F KOD 30317018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin elektron baza məlumatlarında öz əksini tapmış, lakin şəhadətnamənin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmin şəhadətnaməyə dair elektron baza məlumatlarından müvafiq çıxarışın, müvafiq torpaq sahəsinin müayinə aktının təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Quba rayonu, Qəçrəş kəndində həyətyanı torpaq sahəsi verilmiş subyektlərin adlı siyahısında X2 adı yoxdur və həmin şəxsin adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir.
28. Cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsinin qərb istiqaməti qonşu divarı tərəfindən yol ilə əhatə olunub, sərhədləri mişar daşla hasara alınıb. Torpaq sahəsinin müayinəsi zamanı mübahisə qeyd olunmadı. DN-635F nömrəli sxem DVJ faylında baza məlumatları var. Torpaq sahəsinin faktiki cizgiləri ilə sənədlərin konfiqurasiyası fərqlidir. Faktiki koordinatlar DVJ faylında pay torpaqları ilə kəsişir, kommunikasiya xətləri keçmir. Aktda torpaq sahəsinin faktiki ölçüsü 0,3870 ha göstırilmişdir.
29. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********10 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin arxivlərində İddiaçı adına verilmiş JN-635F (kod********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və onun işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Quba rayonu, Qəçrəş kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında ərəbov Cahangir Qüdrət oğlu və onun ailə üzvlərinin adları 220-ci sırada qeyd olunub. Qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0,08 ha göstərilib.
30. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********48 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılar qeyd edilmişdir: a) İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-635F kod 30317018 saylı şəhadətnamə ilə Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən iddiaçıya məxsus 0,40 ha torpaq sahəsinin sənəd üzrə koordinatları daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə TEKUİS-nin məlumatlarına əsasən üst-üstə düşmür və faktiki sahə 0,3870 ha-dır; b) Həmin torpaq sahəsinin naturada faktiki istifadə vəziyyəti üzrə koordinatları şəhadətnamədə göstərilən koordinatlarla uyğundurmu (üst-üstə düşürmü?) Faktiki istifadə vəziyyəti üzrə koordinatlar şəhadətnamədə göstərilmiş cizgilərdən fərqlidir, konfiqurasiya fərqliliyi mövcuddur; c) Həmin şəhadətnaməyə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin naturadakı koordinatları daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə TEKUİS-nin məlumatlarına əsasən üst-üstə düşmə yoxdur; d) Torpaq saəhəsinin naturada faktiki istifadə vəziyyəti üzrə koordinatları ilə şəhadətnamədə göstərilən koordinatları arasında uyğunsuzluq mövcuddur və həmin uyğunsuzluğun torpaq sürüşməsi nəticəsində baş verməsi mümkün deyildir.
31. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının adına qeyd alınmalı olan torpaq sahəsinin ölçüsünü faktiki müəyyən etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin ölçüsünü şəhadətnaməyə istinadən 0,40 ha qeyd etmiş, lakin yuxarıda istinad edilən müayinə aktında və mütəxəssis rəyində torpaq sahəsinin sənəd üzrə 0.40 ha olsa da, faktiki ölçüsünün 0,3870 ha olduğu müəyyən edilmişdir.
32. Qeyd edilən halla bağlı iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,3870 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Ərizənin icraata qəbulu ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
34. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
35. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının adına olan JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun istinad olunan maddələrinə əsasən müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması üçün əsas qismində çıxış etdiyindən, habelə həmin şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapdığından cavabdehin imtinasında və apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
36. Belə ki, təqdim edilmiş müayinə aktı və mütəxəssis rəyində də, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən hər-hansı hal müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd üzrə və naturadakı koordinatları daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmür. Faktiki istifadə vəziyyəti üzrə koordinatların şəhadətnamədə göstərilmiş cizgilərdən fərqli olması, konfiqurasiya fərqliliyi isə cavabdeh tərəfindən qeydiyyat prosesində aradan qaldırılmalı olan hallardır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.
38. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə dövlət reyestrindən çıxarışla yanaşı “texniki pasport”un da verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, qanunvericiliyə əsasən torpaq sahələrinə dair texniki pasport deyil “torpaq sahəsinin planı və ölçüsü” sənədi verildiyindən iddia həmin məzmunda təmin edilməlidir. Belə ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-1111/2022 nömrəli qərarı dəyişdirilsin. JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,3870 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.