Məhkəmə qərarları › İş №2-1(105)-440/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-440/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-440/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icra başçısı nümayəndəliyinin sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0652 ha hissəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-995/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı ayrılmışdır. Cavabdehin imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinizin olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayonu Masazır kəndində yerləşən ona ayrılmış 0.052 ha torpaq sahəsinin daşınmaz əmlakın üzərində hüquqların qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0652 ha hissəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masazır kənd nümayəndəliyinin Xırdalan üzümçülük tərəvəzçilik savxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84N məktubuna əsasən onun adına torpaq sahəsinin naturada bölgüsü memarlıq şəbəsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublkasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə 0.1 ha ölçüsünə torpaq sahəsi fərdi tikinti üçün ayrılmışdır. Belə ki, Abşeron Rayonu Masazır kəndində ona Abşeron Rayon İH başçısının kənd üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamında DT və XK-nin Abşeron Rayon şöbəsinin rəyində hüquqi sahibi adna münasibətdə uyğunsuzluq qeyd olunmuş və bu əsasla imtina verilmişdir. Belə ki, iş materiallarına əlavə olunan DT və XK-nin torpaq sahəinin plan və ölçüsündən göründüyü kimi Abşeron Rayon Masazır kəndində ona Abşeron Rayon İHBnm 28 nömrəli Sərəncamı ilə 652 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı kadastr çəkilmişdir. Abşeron Rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışda ona ayrılan torpaq sahəsinin miqyas 1:10 000 çəkilmişdir. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.20213-cü il tarixli arxiv çıxarışından göründüyü kimi ona Abşeron Rayon İHnin başçısının 1995-ci il tarixli 84N-li məktubuna əsasən ona 0.1 ha toıpaq sahəsi ayrılmışdır. Cavabdehə torpağın daşınmaz əmlak üzərində qeydiyyata alınmasına dair cavab məktublarından göründüyü kimi daşınmaz əmlaka dair çıxarış vermir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 08 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı və ləğv edilmiş DT yə XK-mn Abşeron rayon şöbəsinin rəyində hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin bir hissəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi, torpaq sahəsinin 0.0652 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiqlənmiş azalma ərizəsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, daşınmaz əmlakın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-995/2024 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0652 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. İddiaçının adında nəzərə çarpacaq şəkildə olmayan texniki səhvin olması onun hüquqlarının məhdudlaşdırlması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Qeyd torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi olmasını nəzərə alaraq, iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında heç bir maneə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Göründüyü kimi kənd təsərrüfat təyinatlı az yararlı və yarasız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolveriləndir. İddiaçı azalma ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin, iddiaçı ona ayrılmış torpaq sahəsindən yalnız 0.0652 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya torpaq sahəsinin 0,10 ha dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Bu səbəbdən də cavabdeh təşkilatın 3-cü arqumenti də əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə dair etirazının dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0652 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina əsası kimi müraciət etmək səlahiyyətinin olmaması halına istinad etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz dəlillərini onunla əsaslandırmışdır ki, hüquq sahibinin adında uyğunsuzluq aşkar edilmiş, torpaq sahəsinin bir hissəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (yararsız) torpaqlara aid olduğunun müəyyən edilmiş, torpaq sahəsinin bir hissəsinin 0,0652 ha hissəsinin istifadəsində olduğu və buna dair notarial qaydada təsdiq edilmiş sənədlər əlavə edilməmiş, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin (6 kvt) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısı Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli Sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli məktubuna əsaslanaraq X3 adına 0,10 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması qərara alınmış, həmin Sərəncamın arxiv arayışı mövcuddur. Sözügedən torpaq sahəsinin 652 kv.m hissəsi ilə bağlı bələdiyyə tərəfindən yerləşmə planı və ölçülərinə dair sənəd təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin 652 kv.m hissəsi ilə bağlı plan və ölçü sənədi tərtib edilərək, təsdiq edilmiş, X8 kitabında 24 oktyabr 2013-cü il tarixdə uçota alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin müayinə edilməsi və onun texniki göstəricilərinə dair müayinə aktı təqdim edilmişdir. Həmin müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada 0,0652 ha ölçüdə mövcuddur, iddiaçının faktiki istifadəsindədir, 1 ədəd yaşayış evi, 1 ədəd yarımçıq tikili vardır, yol və qonşu torpaq sahələri ilə həmsərhəddir, torpaq sahəsinin şimal hissəsindən 6 kvt-luq elektrik xətti keçir, daş hasar daxilində yerləşir, az miqdarda sahə fərdi vardır, habelə ortoto görüntüsü əlavə edilmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsi faktiki iddiaçının istifadəsində olmaqla, naturada mövcuddur, habelə həmin torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri vardır və yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin sənəd torpağa dair mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Bu halda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ilkin baş planı və ya ayrıc aktı əlavə edilməmiş, hüquq sahibinin adına münasibətdə uyğunsuzluq şakar edilmiş, torpaq shaəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (yarasız) təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi ayrıldığı vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Habelə müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə və ya üst-üstə düşmə halı yoxdur. Qeyd edilən hallar özlüyündə hüquq sahibinin adında bir hərf uyğunsuzluğunun mövcudluğunun texiki səhv olaraq olması kimi deməyə əsas verir. Nəticə etibarilə isə həmin həmin hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir. İddiaçının məsuliyyət daşımadığı hallara istinad edilməklə, mövcud olan hüququnun məhdudlaşdırılması qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə və məqsədinə ziddir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, həmin hal cavabdeh inzibati orqan tərəfindən məhz inzibati icraat çərçivəsində araşdırıla bilən, habelə həmin uyğunsuzluğun aradan qaldırılması mümkün olan hal kimi çıxış etsə də, cavabdeh tərəfindən bununla bağlı araşdırma aparmadan, formal olaraq, həmin əsasa istinad etmişdir. Bu hal isə iddiaçının hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxartmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etiraz və şikayətinin dəlilləri həmin hissədə formal olmaqla, əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı halı mübahisələndirərək, həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfatı (yararsız) təyinatlı torpaq sahələrinə aid olmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə kolegiyası qeyd edir ki, torpaq haqqında qanunvericiliyin tələbinə əsasən kənd tərərrüfatı az yararlı və ya yararsız torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrıla bilər. Cavabdeh tərəfindən özünün həmin torpaq sahəsinin yararsız olması halını qeyd etdiyi və qanunvericiliyin tələbinə əsasən yararsız kənd təsərrüfatı torpaq sahələrinin başqa məqsədlər üçün ayrılması yolverilən olduğu halda formal olaraq, həmin halı mübahisələndirmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, etiraz və şikayətin dəlilləri həmin hissədə əsassız olmuşdur. Həmçinin, cavabdeh inzibati orqan müvafiq torpaq sahəsinin ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusunda aşkar edilmədiyini bidlirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, qeyd eidlməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının apellyasiya şikayətinin dəlili həmin hissədə formal xarakter daşımaqla, əsassız olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, həmin hal cavabdeh tərəfindən birinci instansiya məhkəməsində aparılmış icraat zamanı mübahisələndirilməmiş, apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir. Habuki, həmin halın cavabdeh tərəfindən müəyyən edilməsi ilkin məhkəmə icraatı zamnaı mümkün olmuşdur. Bu hal da özlüyündə cavabdehin həmin əsasa formal olaraq istinad etməsini deməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-995/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar