Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-440/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Ədliyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və sair tələblərinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə Nazirliyinin qanunsuz əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, buraxılmış müddətə görə əmək haqqının verilməsinin təmin olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1995-ci ilə qədər RF-nın hüquq mühafizə orqanlarında çalışmışdır, ölkə prezidentinin müraciətinə və göndərdiyi nümayəndənin təklifinə əsasən xalqına xidmət etmək üçün vətəninə qayıtmışdır. Lakin onun həyatı alt-üst olmuşdur.Ədliyyə polisinin ləğvindən sonra o öz hüquqlarını müdafiə etdiyinə görə qanunsuz olaraq Ədliyyə Nazirliyinin qanunsuz əmrlərinə əsasən işdən çıxarılmışdır, dəfələrlə də qanunsuz əmrlərin verilməsi və ləğvi barədə məhkəməyə və digər instansiyalara müraciət etdiyinə görə təzyiqə başlayıblar, iki dəfə saxta ittihamlarla həbs etdirərək susdurmağa məcbur etmək istəyiblər, onu işləməyə qoymayıblar. (əmək kitabçasını da korlayaraq), ailə üzvlərinə də qarşı təqib və təzyiqlər göstərilib və hələ də davam edir. Onların təzyiqləri nəticəsində məhkəmədə insult keçirmişdir, həyat yoldaşı da qan xəstəsidir, onun əlilliyinə görə də pensiya alınmasına imkan verilmir, böyük oğlu da hərbçi olub, müharibə veteranıdır ona da əlillik verilmir. Ona görə də cavabdehlərin hərəkət və hərəkətsizliyinə görə qanunsuz olaraq işləməyə imkan verilmədiyindən ədliyyə nazirliyinin qanunsuz əmrləri (2000ci il aprel, 2001-ci il yanvar və avqust) tələb olunaraq ləğv olunmalı, buraxılmış müddəti əmək stajına əlavə olunmalı və ona dəymiş ******* maddi və mənəvi ziyan cababdehlər tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən onların hərəkətlərinin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3406/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı hüquq normalarının pozuntusu ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının, İPM-nin heç bir maddəsinə əməl olunmamış, Ədliyyə Nazirliyindən qanunsuz əmrin və şəxsi işinin tələb olunması barədə vəsadət qaldırsa da cavabdeh tərəfə sorğu göndərilməmiş, məhkəmə iclasında qərar qəbul olunmamış, sonradan qərəzli qərar qəbul edilmiş, tərəflərin iştirakı olmadan qərar qəbul edilmişdir. Hansı ki, məhkəmə tərəfləri dəvət edərək sübutları araşdırmalı idi, cavabdehin nümayəndəsini məhkəməyə də dəvət etməmişdir. Halbuki onların cinayət əməlləri nəticəsində müvvəqəti əmrə etiraz etdiyinə görə işdən azad olunmağı, şikayətlərə görə RF,DİN-dən gətidirilmiş şəxsi işinin məhv edilməsinə görə və digər faktların araşdırılması hazırki işin qanuni araşdırılıb qərar qəbul edilməsi üçün böyük əhəmiyyəti vardır. Həmçinin qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə sorğular göndərilir.Məhkəmə tərəfindən qanunun tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edərək sonra qərar qəbul edir. Azərbaycan Respublikası İPM-nə əsasən məhkəmə bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələsində işin hallarını tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək cavabdehin qanunsuz əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, buraxılmış müddətə görə əmək haqqının verilməsinin təmin olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İndiki halda iddiaçının hüquqi marağı işdən azad edilməsi barədə xx.xx.2001-ci il tarixli əmrin ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi və həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmasından ibarət olmuşdur. İddiaçı bununla bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan RespublikasıKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci iltarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsiməhkəmədəntələbolunur.Mübahisələndirməhaqqında iddia ümumi mümkünlük şərtləri (iddianınlazımıqaydadaqaldırılması,iddiaçınınprosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazivəpredmetaidiyyətivəs.)iləyanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçünxüsusimümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İndiki halda işin halları baxımından qeyd edilməlidir ki, iddiaçı iddia tələbini qeyri-müəyyən şəkildə ifadə etsə də, hüquqi marağı məhz işdən azad edilməsi barədə müvafiq əmrin ləğv edilməsi və ondan irəli gələn tələblər olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia növünün mübahisələndirmə haqqında iddia kimi hüquqi qiymət verməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hazırki iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı hissədə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgünü hüquqi qiymət verilmişdir. Belə ki, hazırki halda iddiaçının mübahisələndirdiyi işdən azad edilməsi barədə əmr 2001-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı isə onun işdən azad edilməsi barədə əmri mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı müvafiq əmrin ona rəsmi qaydada təqdim edilməməsi və bu səbəbdən də prosessual müddətin üzrlü səbəbdən ötürülməsi halına istinad edir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı 2001-ci ildən həmin vəzifə üzrə işdən azad edilmiş, əmək kitabçasında bu barədə qeyd aparılmış, habelə ərizədə əmək kitabçasını aldığını və indiyədək çoxsaylı müraciətlərinin olduğunu bildirmişdir. Qeyd eidlən hallar isə özlüyündə iddiaçının müvafiq əmr barədə məlumatlı olmasını deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının müddətin üzrlü səbəbdən ötürülməsi halı ilə bağlı istinad etdiyi arqumenti əsassız olmuşdur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati ProsessualMəcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-440/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-440/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver