Məhkəmə qərarları › İş №2-1(105)-441/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-441/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-441/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X4, İddiaçının etibarnamə üzrə nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2-1(118)-503/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2019-cu il tarixli, 66 nömrəli əmrinə əsasən İddiaçı həmin tarixdən RİHB-nin Talabıqışlaq kənd üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanılaraq 6 aylıq staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2020-ci il tarixli, 42 nömrəli əmrinə əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə uyğun olaraq rayon İHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsindən 03 iyun 2020-ci il tarixdən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(118)-207/2021 nömrəli qərarı ilə iddiaçının tələbi təmin edilərək, cavabdehin 03 iyun 2020-ci il tarixli, 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu rayon İHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2-1(105)-305/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2-1(102)-331/2022 nömrəli qərarı ilə apelyasiya instansiya məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(118)-207/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdehin 04 iyul 2022-ci il tarixli, 53 nömrəli əmrinə əsasən rayon İHB-nin 03 iyun 2020-ci il tarixli 12 saylı əmri ləğv edilmiş və məhkəmə qərarı əsasında iddiaçı 04 iyul 2022-cu il tarixdən Quba RİHB Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə bərpa edilmişdir. Həmin əmrdən bir gün sonra cavabdehin 05 iyul 2022-ci il tarixli, 54 nömrəli əmrinə əsasən, stajçı kimi qulluğa qəbul olunmuş və Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında" Qanunun 28.7-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.8-ci bəndinə əsasən 05 iyul 2022-ci il tarixdən xitam verilmiş və o, vəzifəsindən azad edilmişdir. Qeyd edilən əmrlə razılaşmayan iddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 05 iyul 2022-ci il tarixli, 54 nömrəli əmrinin ləğv edilməsi, əvvəllər tutduğu Talabıqışlaq kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon İHB-nin 26 sentyabr 2019-cu il tarixli, 66 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən Talabıqışlaq kənd İƏD üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən etibarən işlədiyi müddətdə öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş, işə məsuliyyətlə yanaşaraq, heç bir pozuntuya yol verməmişdir. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən ona qarşı qərəzli münasibət göstərilməyə başlanılmışdır. Belə ki, əvvəlcə o, cavabdehin 03 iyun 2020-ci il tarixli əmri ilə həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş və Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 fevral 2021-ci il tarixli, 2-1(118)-207/2021 nömrəli qərarı ilə iddiası təmin edimişdir. Həmin məhkəmə qərarı əsasında rayon İHB-nin 03 iyun 2022-ci il tarixli əmri ləğv edilərək o, iddiaçı stajçı kimi işə bərpa edilmişdir. Lakin cavabdeh tərəfindən ona qarşı qərəzli münasibət göstərilməyə davam etmişdir. Belə ki, rayon İHB-nin 04 iyul 2022ci il tarixli əmri ilə o, formal olaraq, işə bərpa edilmişdir. Həmin vaxt onun yerində başqa şəxs işləmiş və onun vəzifələrini icra etmişdir. Həmin şəxsin işdən azad edilmədən, iddiaçının işə bərpa edilməsi sözügedən əmrin formal olduğunu sübut edir. Yəni, mahiyyət etibarı ilə məhkəmə qərarı icra edilməmiş, o, əvvəlki vəzifəsinə bərpa edilməmişdir. Bundan əlavə o, məhkəmə qərarının icrasının nəticəsi kimi cavabdeh tərəfindən işinə rəsmi olaraq bərpa edilsə də, cəmi bir gün sonra qəbul edilmiş, 05 iyul 2022-ci il tarixli əmrlə heç bir faktiki və hüquqi əsas olmadan yenidən işdən azad edilmişdir. Əmrin qəbul edilməsinə əsasən kuratorun iddiaçı barəsində tövsiyəsi və digər sənədlər olmuşdur. Qeyd edir ki, bir gün ərzində kuratorun iddiaçının vəzifəyə uyğun olub-olmaması ilə bağlı tövsiyə verməsi tamamilə absurddur. İddiaçı, ümumiyyətlə, işə çıxmamış, işə bərpa barədə əmri almamış, bir gün sonrakı tarixlə əsassız olaraq işdən çıxarılmışdır. Cavabdeh həmin əmrdə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən təkzib edilən, etimad göstərilməyən sənədlərə yenidən istinad etmişdir. Halbuki, məhkəmə qərarlarında cavabdehin istinad etdiyi sənədlərin heç bir hüquqi qüvvəsinin olmadığı göstərilmişdir. Həmçinin, cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı olduğu halda, hər hansı araşdırma aparılmamış, iddiaçının izahatı alınmamışdır. Qeyd edir ki, vəzifələrinin icrası zamanı tərəfindən hər hansı pozuntuya və ya səhlənkarlığa yol verilməsə də, hansı əsasla Qanunun 25.2.6-cı maddəsinə əsasən ən ağır intizam tənbehinin tətbiqi ilə (dövlət qulluqğundan azad edilməsi) işdən azad edilməsi cavabdeh tərəfindən əsaslandırılmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Quba rayon İHB-nin 26 sentyabr 2019-cu il tarixli, 66 saylı əmri ilə İHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə stajçı kimi təyin edilmişdir. Rayon İcra Hakimiyyətinin əməkdaşı X1 dövründə iddiaçının işini istiqamətləndirmək, fəaliyyətinə nəzarət etmək və staj müddəti qurtardıqdan sonra onun sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim etmək üçün “Dövlət qulluğu haqqında" Qanunun 28.7-ci maddəsinə əsasən kurator təyin edilmişdir. Kurator staj müddəti qurtardıqdan sonra həmin qanuna əsasən iddiaçının dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olmadığı barədə tövsiyə verərək bildirmişdir ki, iddiaçı icra etdiyi işlə bağlı bilikləri və peşəkar vərdişləri yetərli olmadığından ona tapşırılan işlərin öhdəsindən gələ bilməmişdir. Ümumiyyətlə o, Qanunun 29.2-ci maddəsinin 4-cü abzasının tələblərinə uyğun olmadan (müsahibədən keçmədən) işə qəbul edildiyindən onun dövlət qulluğuna qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Həmçinin, iddiaçı icra nümayəndəsi işlədiyi müddətdə nümayəndəlikdə yaşayan əhali ilə söhbət aparılan zaman müəyyən edilmişdir ki, onun fəaliyyətindən narazıdırlar, o, insanların problemləri ilə maraqlanmır, onların ehtiyacları barədə rayon rəhbərinə lazımi qaydada məlumat vermir və rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən ona verilmiş tapşırıqları keyfiyyətli şəkildə icra edə bilmir. Bu hallar isə nümayəndəlikdə yaşayan insanların haqlı narazılıqlarına səbəb olur. Göstərilənlərlə yanaşı, onun ‘Vətəndaşların müraciətləri haqqında" Qanundan, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair" təlimatdan və digər qanunvericilik aktlarından məlumatsız olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, stajçı kimi qulluğa qəbul olunmuş və vakant dövlət qulluğu vəzifəsinə təyin edilmiş iddiaçının dövlət qulluğuna qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. RİHB-nin 03 iyun 2020-ci il tarixli, 42 saylı əmri ilə iddiaçı başqa səbəblərə görə (belə ki, həmin əmrdə kuratorun tövsiyəsinə qiymət verilməmişdir) tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı üzrə verilən icra sənədi əsasında RİHB-nin 03 iyun 2020-ci il tarixli əmri ləğv edilmiş və iddiaçı stajçı kimi işinə bərpa olunmuşdur. O, stajçı kimi işinə bərpa olunduqdan sonra, "Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə əsasən kuratorun tövsiyəsi nəzərə alınaraq (tövsiyə mənfi olduğundan) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, vəzifəsindən azad olunmuşdur. Həmçinin, həmin Qanunun 29.2-ci maddəsinin 4-cü abzasına əsasən müvafiq icra hakimiyyəti orqanında inzibati beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. Lakin, iddiaçı qeyd olunan vəzifəyə yuxarıda göstərilən qanunun tələblərinə uyğun olmayaraq, müsahibədən keçmədən qəbul edilmişdir. Kuratorun tövsiyəsində qeyd olunan həmin məsələ də nəzərə alınaraq müvafiq qərar qəbul edilmişdir. İddiaçı hazırkı tələbini “Dövlət qulluğu haqqında” Qanunun 25-ci maddəsinin tələblərinin pozulması kimi izah etməyə çalışmışdır. Halbuki, mübahisələndirilən əmrdə Qanunun 25-ci maddəsində göstərilən dövlət qulluqçusunun – məsuliyyətindən söhbət getməmiş, o, tamam başqa əsaslarla (kuratorun tövsiyəsi nəzərə alınaraq) işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2-1(118)-503/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli, 54 nömrəli əmri ləğv edilmiş, iddiaçının rayon İHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 8 aydan artıq müddətdə müvafiq vəzifədə işləmişdir. Kuratorun tövsiyyəsi 6 ay bitdikdən sonra nəzərə alınmalı və bundan sonra inzibati orqanın rəhbəri stajçını 3 ay müddətinə işə qəbul etməlidir. Kuratorun tövsiyəsindən görünür ki, həmin tövsiyə xx.xx.2020-ci il tarixdə, yəni 6 ay başa çatdıqdan sonra verilmişdir. Buna baxmayaraq, iddiaçı barəsində heç bir əmr qəbul edilmədən o, xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləməyə davam etmişdir. İki ildən sonra məhkəmənin qərarının icrası qaydasında iddiaçının əvvəl tutduğu vəzifəyə bərpa edilməsi barədə əmr verilərkən isə cavabdeh yenidən xx.xx.2020-ci il tarixli tövsiyəni nəzərə alaraq və “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə istinad edərək onun tutduğu vəzifədən azad edilməsi barədə əmr vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş hallar öz təsdiqini tapmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı işə qəbul edilərkən həqiqətən də, test imtahanından və müsahibədən keçməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən dövlət qulluğuna qanunvericiliyin tələbləri pozularaq işə qəbul ediİdikdə xitam verilə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclası barədə məlumatlandırılmamış və bununla da işə baxan məhkəmə tərəfindən prosessual pozuntuya yol verilmişdir. Sonradan məhkəmə “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə istinadla bildirmişdir ki, həmin norma müsabiqədən müvəffəqiyyətlə keçmiş və vakant dövlət qulluğu vəzifəsinə təyin edilən namizədlərə aiddir ki, iddiaçı həmin şəxslərə aid deyildir. Hesab edir ki, məhkəmənin araşdırma aparmadan gəldiyi bu nəticə əsassızdır. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin 2.10-cu bəndinə əsasən yerli icra hakimiyyəti başçısının aparatında, başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və başçının yanında olan orqanlarda işləyən qulluqçuların qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Yəni, Rayon İcra Hakimiyyətində işə qəbul olunmuş şəxslər qeyd olunan qanunun normalarına əsasən dövlət qulluğu vəzifəsinə təyin edilirlər. Onlar da digər dövlət qulluqçuları kimi altı ay müddətinə stajçı kimi qulluğa edilərək, vakant dövlət qulluğu vəzifəsinə təyin edilirlər. Staj dövründə qeyd olunan şəxsə dövlət orqanının rəhbəri tərəfindən kurator təyin edilir. Staj müddəti qurtardıqdan sonra kurator stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. İddiaçı “Dövlət qulluğu haqqında” Qanuna uyğun işə qəbul edilməsə də, onunla müvafiq müqavilə bağlanmış və ona staj dövründə kurator təyin edilmişdir. Kurator staj müddəti bitdikdən sonra iddiaçı barəsində mənfi tövsiyə vermişdir. Qeyd olunan tövsiyə texniki səbəblərdən bir müddət keçdikdən sonra nəzərə alınaraq icra edilmişdir. Qanunvericilikdə, ümumiyyətlə, tövsiyənin müddəti və onun işçiyə təqdim edilməsi barədə göstəriş yoxdur. Bu hallar işçinin staj müddətindən uğurla keçməsi mənasına gələ bilməz. Qanunda konkret göstəriş qoyulmuşdur ki, işçinin dövlət qulluğuna qəbul edilməsi üçün yalnız kuratorun müsbət tövsiyəsi tələb edilir. Həmçinin, staj müddəti bitdikdən sonra iddiaçı barəsində qulluğa qəbul barədə əmr verilməmiş və onunla əmək müqaviləsi bağlanmamışdır. Bundan başqa, iddiaçı da etiraf etmişdir ki, onun məhkəmə qərarı ilə işə bərpa edilməsi əvvəlki stajının davamı olmuşdur. Məhkəmə qərarında iddiaçının sınaq müddəti ilə işə qəbul edilməsi barədə əmr və ya əmək müqaviləsinin məhkəməyə təqdim edilmədiyi göstərilsə də, qeyd olunan əmr və əmək müqaviləsi mövcuddur və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutlardan hesab olunur. Məhkəmə həmin sübutların əldə edilməsi üçün hər hansı araşdırma aparmayaraq hesab etmişdir ki, iddiaçı staj müddəti ilə işə təyin olunmamışdır. Hesab edir ki, işə baxan məhkəmə tərəfindən iş üzrə X9 əməkdaşı məhkəmə iclasına dəvət edilərək, Rayon İcra Hakimiyyətlərinə dövlət qulluqçularının işə qəbul edilmə, staj keçmə və sınaq qaydaları öyrənilə bilərdi. Hesab edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən yanlış nəticəyə gəlmişdir. Belə ki, əmrin verilməsi üçün əsas hesab olunan hal kuratorun tövsiyəsi olmuşdur, hansı ki, məhkəmə, ümumiyyətlə, həmin tövsiyəyə münasibət bildirməmiş və iddiaçı da qeyd olunan tövsiyəyə etiraz etməmiş, onu mübahisələndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinin tələbindən göründüyü kimi, bu normadakı tələblər müsabiqədən müvəfəqqiyətlə keçmiş və vakant dövlət qulluğu vəzifəsinə təyin edilən namizədlərə aiddir. Lakin işdən görünür ki, iddiaçı barəsində mübahisələndirilən əmr verilərkən o, həmin şəxslər kateqoriyasına aid olmamışdır. Belə ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı icra edilmiş və iddiaçı əvvəllər tutduğu vəzifəyə bərpa olunmuşdur. Bu isə iddiaçının əvvəlki stajının davamı olmuşdur və o, işə yeni təyin olunmuş şəxs hesab olunmuşdur. İddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 8 aydan artıq müddətdə həmin vəzifədə işləmişdir. Qanunun tələbinə görə isə kuratorun tövsiyəsi 6 ay bitdikdən sonra nəzərə alınmalı və bundan sonra inzibati orqanın rəhbəri stajçını 3 ay müddətinə işə qəbul etməlidir. Belə olan halda, iddiaçı barəsində kuratorun tövsiyəsi əhəmiyyətsiz olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işə bərpa edilmiş, xx.xx.2022-ci il tarixdə isə işdən azad edilmişdir. Elektron sistemdə problem olduğundan əmək müqaviləsi bildirişi 06 iyul 2022-ci il tarixdə sistemə daxil edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi izahatında bildirdi ki, iddiaçı onun qardaşıdır. Özü vaxtilə Quba rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləmişdir. İddiaçının işə bərpa olunması və işdən dərhal azad olunması cavabdeh orqanla onun arasında olan qərəzli münasibətlə əlaqədar olmuşdur. Belə ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iş yerinə formal olaraq bərpa edilmiş, bir gün sonra işdən azad edilmişdir. Elektron sistemdən iddiaçı ilə yenidən əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlanıldığı görünsə də, işdə olan işə bərpa əmrinin özü xx.xx.2022-ci il tarixlidir. Cavabdeh elektron sistemdə problem olması əsası ilə əmək müqaviləsi bildirişinin sistemə gec yerləşdirildiyini bildirsə də, araşdırma nəticəsində iyul ayının 4-ü, 5-i və 6-sı sistemin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş kuratorun tövsiyəsi isə formal olaraq tərtib edilməklə, o, 27 mart 2020-ci il tarixdə deyil, sonradan verilmişdir. Bundan əlavə, tövsiyə tərtib edilərkən iddiaçı barəsində yerli əhalinin izahatları, müvafiq tapşırıqların yerinə yetirilməməsi, işin öhdəsindən gələ bilməməsi və s. hallar aktlaşdırılmalı və tövsiyəyə əlavə edilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar (-)

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. (-). Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; (-) h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi (-)

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar: 2.1-ci bənd. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bənd. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 4.5-ci bənd. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir. 6.1-cı bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasında yaranmış mübahisə iddiaçının Quba rayon İHB-nin Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında əmrin ləğv edilməsi, əvvəllər tutduğu həmin vəzifə üzrə işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Quba rayon İHB-nin 26 sentyabr 2019-cu il tarixli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həmin tarixdən RİHB-nin Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, bununla bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq 6 aylıq staj müddəti müəyyən edilmiş və X7 iddiaçının staj müddətində kuratoru təyin edilmişdir. Staj müddəti qurtardıqdan sonra da iddiaçı sözügedən orqanda müvafiq vəzifədə işləməyə davam etmişdir. Daha sonra iddiaçı 03 iyun 2020-ci il tarixli, 42 nömrəli əmrlə nümayəndəliyin ərazisində çalışan şəxslərin bir qisminin əmək haqqı kartlarının mənimsənilməsi faktları əsasında “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən həmin tarixdən rayon kənd İƏD üzrə nümayəndə vəzifəsindən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, ləğv edilərək, iddiaçının əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmış və icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin b) yarımbəndinə görə əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Həmin maddənin 2-ci bəndində qeyd edilmişdir ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Hazırkı halda, işdən görünür ki, iddiaçı 03 iyun 2020-ci il tarixli əmrlə işdən azad edildikdən sonra 02 iyul 2020-ci il tarixdə onun yerinə Talabıqışlaq kənd İƏD üzrə nümayəndə vəzifəsinə başqa şəxs - X6 götürülmüşdür. Qanunun tələbindən göründüyü kimi əvvəllər müvafiq vəzifədə çalışan işçinin vəzifəsinə bərpa edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda o, dərhal işinə bərpa olunmalıdır, onun yerinə başqa işçi götürüldüyü halda isə həmin işçi ilə əmək müqaviləsinə xitam verilməlidir. Hazırki işdən isə görünür ki, cavabdeh tərəfindən iddiaçının işə bərpa edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin etmək məqsədilə onun yerinə işə götürülən Ə.H.İsmayılovla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmr qəbul edilsə də, həmin müqaviləyə xitam verilməsi ilə bağlı bildiriş elektron sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Əmək Məcəlləsinin 49.1-ci maddəsində qeyd edilir ki, ................................əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd edilən normanı hazırkı işə tətbiq etdikdə məlum olur ki, iddiaçının yerinə işə götürülmüş Ə.H.İsmayılovla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 04 iyul 2022-ci il tarixli əmr hüquqi qüvvəyə minmədən, başqa sözlə, iddiaçı vakant olmayan dövlət qulluğu vəzifəsinə işə qəbul edilmişdir. Analoji hala iddiaçıya münasibətdə də rast gəlinir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən rəsmi olaraq işə bərpa, 05 iyul 2022-ci il tarixdə işdən azad olunsa da, həm onun işə bərpa edilməsi ilə bağlı, həm də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, mübahisələndirilən əmrdən görünür ki, əmrin qəbul edilməsinə yeganə əsas iddiaçı barəsində “Dövlət qulluğu haqqında" Qanunun 28.7ci maddəsinə əsasən kuratorun 27 mart 2020-ci il tarixdə verdiyi mənfi tövsiyəsi olmuşdur. Həmin mənfi tövsiyədə qeyd edilmişdir ki, iddiaçı icra etdiyi işlə bağlı bilikləri və peşəkar vərdişləri yetərli olmadığından ona tapşırılan işlərin öhdəsindən gələ bilməmişdir. Ümumiyyətlə o, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin 4-cü abzasının tələblərinə uyğun olmadan (müsahibədən keçmədən) işə qəbul edildiyindən onun dövlət qulluğuna qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Həmçinin, iddiaçı icra nümayəndəsi işlədiyi müddətdə nümayəndəlikdə yaşayan əhali ilə söhbət aparılan zaman müəyyən edilmişdir ki, onun fəaliyyətindən narazıdırlar, o, insanların problemləri ilə maraqlanmır, onların ehtiyacları barədə rayon rəhbərinə lazımi qaydada məlumat vermir və rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən ona verilmiş tapşırıqları keyfiyyətli şəkildə icra edə bilmir. Bu hallar isə nümayəndəlikdə yaşayan insanların haqlı narazılıqlarına səbəb olur. Göstərilənlərlə yanaşı, onun ‘Vətəndaşların müraciətləri haqqında" Qanundan, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair" təlimatdan və digər qanunvericilik aktlarından məlumatsız olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, stajçı kimi qulluğa qəbul olunmuş və vakant dövlət qulluğu vəzifəsinə təyin edilmiş iddiaçının dövlət qulluğuna qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsi, dövlət qulluğundan inzibati vəzifələrin tutulması məsələləri isə həmin Qanunun 29-cu maddəsi ilə tənzimlənir. İddiaçı 26 sentyabr 2019-cu il tarixdə cavabdeh orqanda dövlət qulluğuna qəbul edildiyindən kollegiya “Dövlət qulluğu haqqında” Qanunun həmin tarixdə qüvvədə olan normalarını təhlil etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 10 aprel 2023-cü il tarixədək qüvvədə olan redaksiyasının: - 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. - 28.12-ci maddəsinə əsasən bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri vəzifələrinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. - 29.2-ci maddəsinə əsasən birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Həmin maddənin 4-cü abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. - Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluğu haqqında" Qanunun tətbiq edilməsi barədə Fərmana əsasən həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, həmçinin, 29.2-ci maddəsinin birinci və dördüncü abzaslarında “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulmuşdur. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilindən əldə edilən nəticəyə görə, iddiaçı xx.xx.2019-cu il tarixdə dövlət qulluğuna qəbul edilərkən, yerli icra hakimiyyəti orqanlarının yanındakı inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə qəbul müsabiqə keçirilmədən, cavabdeh inzibati orqanın rəhbərinin qərarına əsasən müsahibə yolu ilə həyata keçirilirdi və bu zaman 28.7-ci maddədə müəyyən edilmiş staj və sınaq müddəti ilə bağlı qayda müsahibə yolu ilə qulluğa qəbul edilmiş şəxslərə şamil edilmirdi. Belə ki, qanunun 28.7-ci maddəsində deyilir ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, iddiaçının işə qəbul edildiyi zaman qeyd edilən normada nəzərdə tutulmuş staj və sınaq müddəti ilə bağlı müəyyən edilən qayda yalnız müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vakant dövlət qulluğu vəzifəsinə təyin edildiyi hala aid olmuşdur. Müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslər üçün isə 31 may 2021-ci il tarixədək belə bir qayda nəzərdə tutulmamışdır. Belə ki, 31 may 2021-ci il tarixdə qanuna yeni 28.8-1 maddəsi əlavə edilmiş, həmin maddədə müəyyən edilmişdir ki bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir. Qanuna bununla bağlı xüsusi normanın əlavə edilməsinin özü də bir daha dəyişikliyə qədər, 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddətinin müsahibə əsasında dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmədiyini, onların birbaşa daimi dövlət qulluğuna qəbul edildiyini təsdiq edir. Bu mənada, kollegiya hesab edir ki, cavabdeh orqanın iddiaçını məhz Qanunun 28.7ci maddəsində göstərilən staj müddəti ilə qulluğa qəbul etmək və kurator təyin etmək səlahiyyəti olmamışdır. Bunun məntiqi davamı olaraq da kollegiyanın gəldiyi qənaətə görə, cavabdehin “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə istinadən, kuratorun mənfi tövsiyəsinə əsasən, daimi dövlət qulluğunda olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz və əsassız olmuşdur. Əlavə olaraq kollegiya qeyd edir ki, hətta iddiaçının 28.7-ci maddəsinə uyğun qaydada staj müddəti müəyyən edilməklə işə qəbul edilməsinin qanuniliyi şərti olaraq qəbul edilsə belə, kurator tərəfindən verilmiş mənfi tövsiyə əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq qanunda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi, “Dövlət qulluğu haqqında” Qanunda kuratorun mənfi tövsiyəsi əmək müqaviləsinə xitam verilmə əsası olaraq qeyd edilməmişdir. Mənfi tövsiyə olduğu təqdirdə, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmir. Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçı 26 sentyabr 2019-cu il tarixdən stajçı kimi dövlət qulluğuna qəbul edilməklə Quba RİHB-nin Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, 26 mart 2019-cu il tarixdə 6 aylıq staj müddəti qurtardıqdan sonra daimi əsaslarla dövlət qulluğunda işləməyə davam etmişdir. Qeyd olunan hal cavabdehin 03 iyun 2020-ci il tarixli əmri ilə də təsdiqlənir. Belə ki, həmin əmrə əsasən iddiaçı staj və ya sınaq müddəti ilə dövlət qulluğunda olan şəxs kimi deyil, Qanunun 25.2-ci maddəsinə əsasən daimi dövlət qulluqçusu ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi əsası ilə intizam məsuliyyətinə cəlb edərək, dövlət qulluğundan azad etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, əmrdə “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə istinad edilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, müqaviləyə xitam verilməsi əsası olaraq tamam başqa əsas “Dövlət qulluğu haqqında” Qanunun 33.1.5-ci maddəsi (dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə) qeyd edilmişdir. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, mübahisələndirilən əmr (əlverişsiz inzibati akt) qəbul edilərkən, həmçinin, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə də riayət edilməmiş, iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, əmr qəbul edilməzdən əvvəl izahatı alınmamışdır. Halbuki, “İnzibati icraat haqqında” qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən əmr cavabdeh tərəfindən Əmək Məcəlləsinin, “Dövlət qulluğu haqqında”, habelə “İnzibati icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozularaq, iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul edilmişdir. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbi baxımından hər bir halda ləğv olunmalıdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2-1(118)-503/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar