Məhkəmə qərarları › İş №2-1(105)-441/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-441/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-441/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən, lakin pensiya ödənişlərinin 15 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-577/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 2 fevral 1961-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MTK-də işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” və “X6” proqram təminatlarında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial siğorta haqları ödəmədikləri müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (19 il 10 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979- 11.xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983- cü il, xx.xx.1984xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 17689,72 manat təşkil edir. Qeyd olunanlara görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" Kiçik Müəssisəsinin məktubundan görünür ki, "xxxx" Kiçik Müəssisəsi bizim müəssisəmiz deyil. Əmək kitabçasında qeyd olunan "xxxx" Kiçik Müəssisəsinin möhürü bizim müəsisəyə məxsus möhür deyil. Müəssisədə İddiaçı dair xx.xx.1997-cil tarixli, 37 nömrəli işə qəbul edilməsi haqqında əmr və xx.xx.2002-ci il tarixli, 14 nömrəli işdən azad edilməsi haqqında əmr barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı çox sayda kommersiya qurumu aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1997-xx.xx.2002-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2002-xx.xx.2004-cü il tarixədək "xxxx" MTK-da işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixindən 57 yaşa görə güzəştli şərtlərlə əmək pensiaysı təyin edilməsi və xx.xx.2018-ci il tarixindən hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödəməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən, lakin pensiya ödənişlərinin 15 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 57 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən həmin ərizənin təmin olunmasından xx.xx.2023-cü il tarixli imtina məktubu ilə müsbət cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 2 fevral 1961-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MTK-də işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” və “X6” proqram təminatlarında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial siğorta haqları ödəmədikləri müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin iddiaçının iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (19 il 10 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-11.xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 17689,72 manat təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-577/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 02 fevral 2018-ci ildən (lakin pensiya ödənişləri 15 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahına uyğun olmaqla xx.xx.2006-ci ilə qədər hərbi xidmət illəri də daxil olmaqla 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. İddiaçının əmək kitabçasında cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi stajı 2006-cı ilə qədər 19 il 10 ay 27 gün təşkil edir. Cavabdehin mübahisələndirdiyi iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərdir. Məhkəmə hesab edir ki, iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2002-ci illər onun iş stajına daxil edilməlidir.Belə ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş **********993200 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin müəssisə xx.xx.1993-cü ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçının əmək kitabçasına nəzər saldıqda N.Tahir 1997-2022-ci illərdə həmin müəssisədə işləmişdir.İddiaçının əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri və əmr kitablarının arxivə təhvil verilməməsi və ya həmin müəssisə tərəfindən sığorta haqlarının ödənilməməsi iddiaçının hərəkətləri nəticəsində olmamışdır.Bu amilin müəssisənin vəzifəli şəxslərinin səhlənkarlığı ucbatından olduğunu nəzərə alaraq iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir. Həmçinin, qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib.Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv məlumatlarında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 25 ildən çox təşkil edir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-N- 80206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı 15 mart 2023-cü il tarixində cavabdehə müraciət etmişdir. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi, 32.1-1-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu vaxtdan xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin ödənilməsi 15 mart 2020-ci il tarixdən ödənilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi dövrlərdən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır, ümumi iş stajının 25 ildən az olduğunu-19 il 10 ay 27 gün olduğunu, məcburi dövlət sosial siğorta haqları ödəmədikləri müəyyən edilmiş, qanunla tələb olunan pensiya kapitalının məbləği 10320 manat olduğu halda, iddiaçı barəsində qeydə alınmış pensiya kapitalı məbləği 17689,72 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1961-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2018-ci il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 15 mart 2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı mübahisələndirilmir, iddiaçının ümumi iş satjı kimi 19 il 10 ay 27 gün malik olduğunu qəbul edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı iş materialları (əmək kitabçası, işəgötürən tərəfindən verilmiş arayış) əsasında da öz təsdiqini tapır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan azı 25 il güzəştli iş stajına malik olmadığını, işlədiyi dövrlərdən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin işəgötürənin sığortaolunan kimi qeydiyyatda olmadığı və onun tərəfindən məcburi sosial sığorta haqqının ödənilməsi halı müəyyən edilmədiyindən iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qedy edir ki, iddiaçının qeyd olunan mübahisəli dövrlərdə işləməsinə dair (işə qəbul, işdən azad olunmasına dair) qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixli əmək pensiyalar haqqında qanunvericiliyin tələbinə əsasən işçinin iş stajını müəyyən edən yeganə sənəd qismində məhz əmək kitabçası çıxış edirdi, habelə iş stajının məhz məcburi sosial sığorta haqqının ödənilməsi əsasında müəyyən edilməsinə dair məcburi şərt ehtiva edilməmişdir. İndiki halda isə cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi şübhə altına alınmamış, habelə ona dair heç bir dəlilə istinad edilməmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki,qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilmiş həmin mübahisəli dövrlərin iş stajı kimi nəzərə alınmalı olduğu halda, nəzərə alınmaması ilə bağlı hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi həmin dövrlər ümumi iş stajı kimi nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş satjına malik olması şərti də ödənilmiş olur. Bu baıxmından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlillə bağlı qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinin əsasını məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Qeyd edilən qanunvericilik normalarının dispozitiv şərtlərinə güzəştli şərtlərlə yaşa görə əmək epnsiyasının təyin edilməsi üçün zəruri şərt kimi, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş satjı) ödənildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əaslı olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının bu tələblə cavabdeh inzibati orqana müraciəti 15 mart 2023-cü il tarixdə olduğundan, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbini əsas götürülməklə, pensiya məbləğinin məhz 15 mart 2020-ci il tarixdən etibarən ödənilməsi ilə bağlı gəldiyi qənaətində də haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-577/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar