Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-442/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(118)- 42/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,18 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən AA seriyalı 038567 nömrəli Torpaq sahəsini planı və ölçüsü tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə kompensasiya ödənilməsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət etmiş, cavabdeh isə 01 oktyabr 2020-ci il tarixli Q-3/16-6907 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə hər sotuna 9000 manat olmaqla, ümumilikdə 162.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,18 ha torpaq sahəsi 2015-ci ildə magistral avtomobil yolununun çəkilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət ehtiyacları, yəni magistral yol çəkilməsi üçün faktiki olaraq sahiblik və istifadəsindən alınmış, lakin bu günə qədər ona müvafiq kompensasiya ödənilməmişdir. 5 ildir ki, iddiaçı şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə, tikinti işləri apara bilmir. Belə ki, məlum olduğu kimi, 2015ci ildən artıq 5 il ötmüş, Azərbaycan manatı devalivasiyaya uğramış və tikinti materialları, usta-fəhlə məsrəfləri dəfələrlə bahalaşmışdır. Hal-hazırda ona Abşeron rayonu, Saray qəsəbəsində 0,18 ha torpaq sahəsi almaq üçün hər sotuna ən azı 9000-10.000 manat pul vəsaiti lazımdır. Qeyd edir ki, ona məxsus torpaq sahəsi artıq uzun müddətdir ki, magistral yolun bir hissəsidir, yəni müvafiq yol artıq çəkilmişdir. Əvvəllər də şifahi və yazılı olaraq dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsə də, hər dəfə ona kompensasiya ödənişi edilməsi yubadılmışdır. Sonuncu yazılı müraciətindən əvvəl olan müraciətinə cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır”. Həmçinin, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu yazılı müraciətinə isə 01 oktyabr 2020-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. Hesab edir ki, cavabdehin müvafiq kompensasiya ödənişinin həyata keçirilməsi ilə bağlı hərəkətsizliyi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(118)-42/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 54000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 10800 manat əlavə haqq, cəmi 64800 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin torpaq sahəsinə dair müəyyən etdiyi kompensasiyanın miqdarı ilə razı deyil. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Abşeron rayon Saray qəsəbəsində Bakı- Bilgəh-Sumqayıt avtomobil yoluna yaxın ərazidə torpaq sahələrinə dair Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 2015 və 2021-ci illər üzrə bir neçə alqı-satqı müqavilələrinin surətlərini əsas götürmüşdür. Həmin alqı-satqı müqavilələrinə əsasən sözügedən ərazidə bir sot torpaq sahəsinin dəyərinin ***-**** manat arasında dəyişdiyi müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə həmin ərazidə yerləşən torpaq sahəsinə dair kompensasiya məbləğində ağlabatan nəticəyə gəlməmişdir. Həmçinin, həm torpağın bazar qiyməti, həm də kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan digər amillər də nəzərə alınmamışdır. Məhkəmə torpaq sahəsinə dair kompensasiyanın məbləği qismində 2015-ci ildə ildəki bazar qiymətini əsas götürmüşdür. Məlumdur ki, 7 il əvvəlki torpaqların bazar qiymətində bu gün kəskim artım mövcuddur. Bundan əlavə, məhkəmə torpağın hər sotu üçün 3000 manat müəyyən etməsini də əsaslandırmamışdır. Hesab edir ki, məhkəmənin istinad etdiyi Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş alqı-satqı müqavilələri mötəbər sübutlar deyildir. Eyni zamanda bildirirəm ki, məhkəmə həmin ərazidə olan torpaq sahəsinə dair "B+Ş Audit Konsaltinq" MMC-yə mütəxəssis rəyi verilməsi üçün müraciət etmişdir. "B+Ş Audit Konsaltinq" MMC-nin xx.xx.2021-ci il tarixli rəyində həmin ərazidə olan torpaq sahəsinin hər sotunun bazar qiyməti qiyməti 9000 manat müəyyən edilmişdir, göründüyü kimi məhkəmənin gəldiyi nəticə ilə mütəxəssis rəyi arasında kəskin bir fərq mövcuddur. Alqısatqı müqavilələri "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 58.1 və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmiş, iddiaçıya verilən məktubda göstərilmişdir ki, “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” dayandırılmışdır və bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. Hesab edirlər ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus 1800.00 kv.m torpaq sahəsindən yalnız 982.84 kv.m hissəsi yolun tikinti altına düşmüşdür. Lakin birinci instansiya məhkəməsi isə “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1800.00 kv.m torpaq sahəsinin tam tikinti altına düşdüyünü hesab etmiş və kompensasiya məbləğini bütün sahəyə görə hesablamışdır. Hesab edir ki, bununla bağlı, məhkəmə mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyrimümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması" zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Apellyasiya şikayətlərinin dəlili ondan ibarətdir ki, hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınarsa, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsinin 64.800 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşmüş 982.84 kv.m hissəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Hesab edir, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. Beləliklə, qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən iddiaçının əmlakın qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi barədə hesabat qüvvədədir. Hazırda isə həmin hesabat iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Lakin, qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 54000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 10800 manat əlavə haqq, cəmi 64800 manat pul kompensasiyasının dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qərarı onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,18 ha torpaq sahəsinə cavabdeh tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi həyata keçirilən zaman müdaxilə edilmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi ona məxsus torpaq sahəsinin real bazar qiymətləri nəzərə alınmaqla hər sotu üçün 9000 manat olmaqla 162.000 manat kompensasiyanın ödənilməsini tələb etmiş, lakin cavabdeh həmin layihə çərçivəsində işlərin dayandırıldığını, bərpa edildikdən sonra məsələyə yenidən baxılacağını bildirərək iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə notariat kontorundan müqayisə üçün alınmış 5 il ərzində bağlanmış alqı-satqı müqavilələrindən görünür ki, həmin ərazidə torpaq sahəsinin bir sotunun dəyəri ***-**** manat arasında dəyişir. İddiaçının tələb etdiyi kimi torpaq sahəsinin bir sotunun 9000 manat olmasını təsdiq edən alqı-satqı müqaviləsinə rast gəlinməmişdir. Məhkəmə toplanan sübutları nəzərə alaraq hesab edir ki, iddiaçıya mülkiyyətində olan torpaq sahəsinin hər sotu üçün 3000 manat hesablanmaqla 0.18 ha üçün cəmi 54000 manat məbləğində kompensasiya ödənilməsi ədalətli və məqsədəuyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, 1) birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış; 2) hazırda daşınmaz əmlak (o cümlədən) torpaq bazarında qiymətlərin aşağı düşdüyünü nəzərə alsaq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,18 ha torpaq sahəsinin 64.800 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. İddiaçı isə apellyasiya şikayətində məhkəmə tərəfindən tutulan kompensasiyanın məbləği ilə razılaşmayaraq, iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı “B+Ş Audit” Konsalting MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində torpaq sahəsinin 10 sot hissəsinin tikinti altına düşdüyü, lakin torpaq sahəsinin 18 sot hissəsindən tam istifadə oluna bilmədiyi üçün həmin torpaq sahəsinin tamamilə istifadəyə yararsız olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən tikinti altına düşən torpaq sahəsi ilə bağlı əlavə araşdırma aparılmamış, cavabdehdən tərtib edilmiş kadastr planı tələb edilərək tədqiq ediməmişdir. “B+Ş Audit” Konsalting MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində belə, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşən hissəsinin 10 sot olduğunu qeyd etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan tikinti altına düşməyən torpaq sahəsinə görə də, iddiaçıya kompensasiya ödənilməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tikinti altına düşməyən torpaq sahəsinə görə cavabdehdən kompensasiyanın tutulması hissəsində birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaçının mülkiyyətində aid torpaq sahəsinin kadastr planından çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan 1800 kv m torpaq sahəsinin 982.84 kv.m hissəsi layihə çərçivəsində tikinti altına düşmüşdür. İşin qeyd edilən halı iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya məxsus 0,18 ha torpaq sahəsinin 10 sota yaxın hissəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyünü etiraf etmiş, lakin qalan 8 sot torpaq sahəsinin yolun çəkilməsi nəticəsində iki yerə bölündüyünü, yolun bir tərəfində 2 sot, digər tərəfində 6 sot torpaq sahəsi qaldığını bildirərək, həmin sahədən istifadənin mümkünsüz olduğunu qeyd etmişdir. “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşməyən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 27-ci maddəsində torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilməyən hallar konkret göstərilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda alınan torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilmir (torpaq tam (bütöv) alınır):
1. torpağın müəyyən (alınan) hissəsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində mövcud olan vahid tikilinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda;
2. torpağın müəyyən hissəsinin alınması eyni zamanda torpaqda mövcud olan ayrıca tikilinin də müəyyən hissəsinin alınması zərurətini yaratdıqda və tikilinin müəyyən (alınan) hissəsi həmin tikilinin saxlanılan (alınmayan) hissəsinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, yalnız iki halda torpağın müəyyən hissəsinin alınmasına yol verilmir. Hazırkı işdə isə bu halların mövcudluğu müəyyən edilmir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən layihə çərçivəsində yolun tikintisi altına düşməyən 817.16 kv m torpaq sahəsinə görə kompensasiyann tutulması hissəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, bu hissədə iddianın rədd edilməsi barədə qərar qəbu edilməlidir. “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən 982.84 kv.m torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı “B+Ş Audit” Konsalting MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, tikinti altına düşən torpaq sahəsinin 100 kv.m hissəsinə görə 9000 manat orta bazar qiyməti müəyyən edilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə uyğun olaraq torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular edərək torpaq sahəsinin bazar qiyməti ilə araşdırma aparsa da, 2015-2021-ci illər üzrə bağlanmış alqı-satqı müqavilələrinin orta göstəricisi əsasında torpaq sahəsinin hər sotu üçün 3000 manat, 0.18 ha üçün 54000 manat kompensasiya hesablamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2015-ci il tarixdə baş vermişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 2015-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2015-ci il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 18 manat, 16,66 manat, 10,00 manat, 16,87 manat və 8 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 18, 16.66 və 16.87 manat aid edildiyindən, onların orta göstəricisi (18+16,66+16,87)/3= 17,17 manat) 17.17 manat edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, layihə çərçivəsində yolun tikintisi altına düşmüş torpaq sahəsinin 982.84 kv.m hissəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblər əlavələrlə birlikdə 30,0 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirilməsinə dair hesabat hazırlanmışdır. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 07 sentyabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (17.17 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 % əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 982.84 kv.m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (982.84 x 30=) 29485.2 manat kompensasiya ödənilməlidir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən –iddianın təmin edilən hissəsində ləğv edilməli, bu hissədə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddianın təmin edilməyən hissəsində isə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(118)-42/2022 nömrəli qərarı qismən- iddianın təmin edilən hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 982.84 kv m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 29485.20 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddiaçının mülkiyyətində olan və “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşməyən 817,16 kv.m (1800 kv.m - 982,84 kv.) torpaq sahəsinə görə kompensasiyasının tutulması hissəsində iddia təmin edilməsin. Qərar qalan, yəni iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.