Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-442/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “oğlunun cəzasının qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respublikasına ekstradisiya edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-806/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Moskva şəhərinin Savelovsk Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmünə əsasən X1 Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəinin “b” bəndinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edərək oğlu X3 cəzasının qalan hissəsini çəkməsi üçün Azəbaycan Respublikasına gətirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli 17/4 9380 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasında cəza çəkən məhkum X3 cəzasının qalan hissəsini çəkmək üçün ölkəmizə gətirilməsi məsələsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində baxılmış, sonuncunun yaxın müddətdə Azərbaycan Respublikasına gətirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu X3 cəzasının qalan hissəsini çəkməsi üçün Azəbaycan Respublikasına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olan oğlu X4 müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərində yaşayarkən cinayət əməli törətmiş və Moskva şəhəri Sovelyov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli (iş №1-431/15) hökmü ilə RF Cinayət Məcəlləsinin 162-ci maddəsinin B bəndinin 4-cü hissəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Moskva Şəhər Apelyasiya Məhkəməsinin 28 mart 2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Rusiya Federasiyası Ali Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 5-UKS18-726 nömrəli qərarı ilə kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Göründüyü kimi, artıq şikayət verilə biləcəyi yuxarı məhkəmə instansiyası qalmadığına, habelə iddiaçının ahıl qadın olmaqla Şamaxı şəhərində yaşadığına, oğlunun iki yetkinlik yaşına çatmayan uşaqlarına baxmağa maddi imkanı olmadığına görə Moskva şəhərinə oğlunun cəza çəkdiyi Tver vilayətinin Bejeç şəhərində yerləşən CCM-nə görüşünə gedə bilmir, ona sovqat göndərməyə belə imkanı yoxdur. Ona görə də dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirinə ərizə ilə müraciət edərək oğlunun AR vətəndaşı olduğu üçün cəzasının qalan hissəsinin ölkəmizdəki cəzaçəkmə müəssisələrindən birində çəkməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsini (ekstradisiyası) xahiş etsə də, müraciətinə müsbət cavab verilməmişdir. İlkin ərizəsindən sonra təxminən bir ildən artıq müddətə araşdırmalar aparılsa da, cavabdeh xx.xx.2020-ci il tarixli, 17/4 0380 saylı məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(112)-11752/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, əvvəllər məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşı məhkum X8 Federasiyası Moskva şəhərinin Savelovsk Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-cü maddəsinə əsasən (quldurluq) 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli xx.xx.2014-cü il, cəzanın sonu: xx.xx.2025ci ildir. Hazırda N.Cəfərov cəzasını Rusiya Federasiyasının Tver vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. Məhkəmə hökmündən görünür ki, məhkum N.Cəfərov bir qrup şəxslə əlbir olaraq Moskva şəhərində S.Amirova və V.Moysaka ticarət mərkəzində alış-veriş edib çıxdıqdan sonra avtomobilə getmək istəyərkən onlara xəsarət yetirməklə basqın etmiş və avtomobildə olan 2.163.000 rubla yaxın əmlaklarını quldurluq yolu ilə ələ keçirmişlər. Hökm üzrə mənəvi ziyanının ödənilməsi ilə bağlı 2.762.675 rubl borcu mövcuddur. Məhkum N.Cəfərov barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 53 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. İddiaçının Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən oğlunun cəzasının qalan hissəsini çəkmək üçün ölkəmizə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” na uyğun olaraq icraat başlanılmışdır. Belə ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər məhkumun şəxsi işi, xasiyyətnaməsi, hökm və s.) toplanılmışdır. Qaydaların 3.3-cü bəndinə əsasən məhkum N.Cəfərovun Azərbaycan Respublikasına gətiriməsi ilə əlaqədar müvafiq sorğular (AR Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə) göndərilmişdir. Sorğulara müvafiq rəylər daxil olmuş, DİN N.Cəfərovun ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Həmçinin, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyindən daxil olmuş arayışda məhkum N.Cəfərovun ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Belə ki, məhkum N.Cəfərovun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tanınmasını və oğlu X3 cəzasının qalan hissəsini çəkməsi üçün Azəbaycan Respublikasına ekstradisiya edilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-806/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qərardadında bir tərəfdən iş mahiyyəti üzrə həll edilərkən əsaslanmalı olan qanunlara və normativ aktlara və Qaydalara əsaslanaraq iddianın əsassız olması nəticəsinə gəlincəyini qeyd etmiş, digər tərəfdən isə iddia tələbinin İPM-nin 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə aid edilməsini mümkünsüz hesab etmişdir. Hesab edir ki, məhkəmə iddia tələbini düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində oğlu X3 cəzasının qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respublikasına ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu tələb isə İPM-nin 2.2.4-ci maddəsinə tam uyğundur. Həmin maddəyə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh isə onun və oğlunun hüquqlarını pozaraq onun cəzasının qalan hissəsinin öz ölkəmizdə çəkməsini təmin etməkdən əsassız imtina etməklə oğlunun hüquq və azadlıqlarına qanunsuz müdaxilə etmişdir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" 1998-ci il 06 mart tarixli Moskva Konvensiyasında məhkum N.Cəfərovun öz ölkəsinə verilməsinə mane olan hər hansı bir hal və şərt yoxdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (-) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı o əsasla mümkün saymamışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” təsdiq edilmişdir. İddiaçı oğlunun Azərbaycan Respublikasına ekstradisiya edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını tələb etsə də, konkret olaraq yuxarıda istinad olunan Qaydalarda göstərilmiş hansı hərəkətin edilməsini istədiyini göstərməmişdir. Belə ki, sözügedən hərəkətlərin bir qismi inzibati aktın qəbul edilməsi qaydasında, digərləri inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan faktiki xarakterli hərəkətlər kimi həyata keçirilməlidir. Bu hal iddia tələbinin İPM-nin 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə aid edilməsini mümkünsüz hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Rusiya Federasiyasında cəza çəkən oğlu X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına ekstradisiya edilməsindən imtinası təşkil edir. İşin faktiki hallarından görünür ki, Moskva şəhərinin Savelovsk Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmünə əsasən X1 Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəinin “b” bəndinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. N.G.Cəfərov özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla tətbiq edilməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməklə quldurluq cinayətində təqsirli bilinmiş, cəza müddətinin əvvəlinin 14 oktyabr 2014-cü il tarixdən hesablanması qərara alınmış, N.G.Cəfərovun vəkili tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Kollegiya qeyd edir ki, yaranmış mübahisə ilə bağlı hüquq münasibətləri “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” ilə tənzimlənir. Bununla bağlı kollegiya qeyd edir ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalarının: 1.1-ci maddəsinə əsasən bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. 2.1-ci maddəsinə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 2.5-ci maddəsinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinə ünvanlanır. 3.1-ci maddəsinə əsasən müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.3-cü maddəsinə əsasən penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4 və 3.5-ci maddəsinə əsasən idarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.7 və 3.9-cu maddəsinə əsasən məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. 3.10 və 3.11-ci maddəsinə əsasən hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. Göründüyü kimi qanunvericilik məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə icraatın ardıcıllığını təsbit etmişdir. İşə baxan məhkəmə iddiaçının tələbinin aydın olmadığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı konkret iradə ifadəsini bəyan edərək Rusiya Federasiyasında məhkum olunmuş oğlunun cəzanın qalan hissəsinin çəkilməsi üçün ölkəyə ekstradisiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, istinad edilən Qaydalarda təsbit edilmiş inzibati prosedur iddiaçının şəxsində məhkum olunmuş şəxslərin yaxın qohumlarının həmin şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərindən irəli gələn sənədləşmə prosedurlarıdır. Hazırkı işdən də görünür ki, cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətindən sonra qanunvericiliyin tələbinə uyğun inzibati prosedur həyata keçirilmiş, hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərilmiş, sorğu nəticəsində əldə olunmuş sənədlər məhkum olunmuş şəxsin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müvafiq orqanlara, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Miqrasiya Xidmətinə göndərilmiş və həmin orqanlardan da cavab məktubları əldə edilmişdir. Məhkum N.Cəfərovun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir Bununla razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, işə baxan məhkəmə iddiaçının tələbində Qaydalarda göstərilmiş hansı hərəkətin edilməsini istədiyini bildirməyini və bu səbəbdən iddianın İPM-nin 2.2-ci maddəsində göstərilən iddia növlərindən heç birinə aid edilmədiyini qeyd edərkən haqlı olmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Qaydalarda göstərilən inzibati hərəkətlər cavabdeh inzibati orqanın iddiaçının müraciətindən sonra həyata keçirilməli olduğu hərəkətlərdir ki, belə olan halda da iddia tələbində cavabdehin üzərinə konkret hansı hərəkətin edilməsi öhdəliyinin qoyulmasına ehtiyac yoxdur. İddiaçının mövcud tələbi aydın və hüquqi marağına uyğun olmaqla, öhdəliyin icrası haqqında iddiadır. Digər tərəfdən, kollegiya qeyd edir ki, əgər birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olduğunu hesab edirdisə, bununla bağlı iddiaçıya hüquqi yardım edərək tələbin dəqiqləşdirilməsini təklif etməli idi. Lakin, işdən görünür ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-806/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “oğlunun cəzasının qalan hissəsinin çəkməsi üçün Azəbaycan Respublikasına ekstradisiya edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-442/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-442/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver