Məhkəmə qərarları › İş №2-1(105)-442/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-442/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-442/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(118)-597/2023 nömrəli qərardadından maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. İş üzrə maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. Maraqlı şəxs vəsatəti onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən qeyri-yaşayış binası ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün 15 il müddətinə aylıq icarə haqqı 50.000 manat olmaqla, Cəmiyyətin icarəsinə verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı icarəyə verdiyi sahəyə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almağı öhdəsinə götürmüşdür. Cəmiyyətlə iddiaçı arasında həmin qeyri-yaşayış binasına dair uzunmüddətli icarə müqaviləsi bağlandığından və Cəmiyyət hal-hazırda həmin binada fəaliyyət göstərdiyindən hesab edir ki, iş üzrə qəbul ediləcək qərar onların maraqlarına toxunacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(118)-597/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli "xxxx" MMC-nin hüquqlarına və qanunla qorunan manafelərinə toxunmadığına görə vəsatət təmin edilməməlidir. Maraqlı şəxs qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, məhkəmənin qərardadının ləğv edilərək və üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayətini vəsatətlə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Cəmiyyət tərəfindən qeyri-yaşayış binasında, təxminən, 1.000.000 (bir milyon) manat məbləğində tikinti, təmir-quraşdırma işləri görülmüşdür. Bu baxımdan, hesab edir ki, iş üzrə qəbul ediləcək qərar onların maraqlarına toxunacaqdır və buna əsasən işə üçüncü şəxs qismində cəlb edilmələri zəruridir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında maraqlı şəxsin üçüncü şəxs qismində icraata cəlb edilməsinə dair məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. İddiaçılar və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməyəyin səbəbləri haqqında məlumat verməmişlər. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçıların və maraqlı şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, "xxxx" MMC iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda qeyd edilir ki, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. İşdən görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.000 kv.m. olan qeyri-yaşayış binası iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün 15 il müddətinə aylıq icarə haqqı 50.000 manat olmaqla, Cəmiyyətin icarəsinə verilmişdir. Həmin müqavilənin 7.1.13-cü maddəsindən görünür ki, icarəyə verən icarə müddəti ərzində icarə obyektini icarəçinin razılığı olmadan satmamaq və ya hər hansı digər formada özgəninkiləşdirməmək öhdəliyi daşıyır. Hazırda iddiaçının tələbi həmin müqavilə predmeti olan qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədədir. Göründüyü kimi iddiaçı ilə maraqlı şəxs arasında qeyri yaşayış binasına dair uzunmüddətli icarə münasibətləri mövcud olduğundan kollegiya hesab edir ki, hazırkı iş üzrə qəbul ediləcək məhkəmə aktı maraqlı şəxsin qanunla qorunan maraqlarına toxunma halı yaradacaqdır. "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, "xxxx" MMC iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(118)-597/2023 nömrəli qərardadı ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar