Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-442/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı. cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(118)-775/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir. 1993-2014-cü illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunda ümumilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Şəhid ailəsinin üzvüdür, hərbi xidmət dövründə və sonradan dövlət tərəfindən mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamış, öz mənzili yoxdur, hazırda 5 (beş) nəfərlik ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Mövcud qanunvericiliyə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün vəkili vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan qanunla müəyyən olunmuş müddət ərzində müraciətə cavab verməmişdir. Bundan əvvəl isə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən şifahi şəkildə ona bildirilmişdir ki, xidməti qüsurlu olduğu üçün adı müvafiq siyahılara daxil edilməmişdir. Cavabdehin bu mövqeyini absurd, qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəla, Azərbaycan Respublikasının Konstitusiyasında, hər hansı bir qanununda, normativ hüquqi aktında ümumiyyətlə “qüsurlu xidmət” anlayışı yoxdur, həmçinin “qüsursuz xidmət” anlayışının da izahı verilmədiyinə görə həmin anlayış da qeyri-müəyyəndir. Cavabdeh onun vaxtilə şərti cəza almağını bəhanə edirsə, bununla bağlı bildirir ki, Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi və CM-nin 42-ci maddəsinə əsasən barəsində hökmün icrası döyüş əməliyyatları qurtaranadək təxirə salınmış, həmin məhkəmənin xx.xx.2000-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Beləliklə də, barəsində şərti olaraq tətbiq edilmiş cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs hesab edilir. Konstitusiyanın 149-cu maddəsinə və “X3 haqqında” qanunun 87.2-ci maddəsinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X3ın qüvvəsi geriyə şamil edilir. Başqa X3ın qüvvəsi geriyə şamil edilmir. Həmçinin, “X3 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. O, ehtiyata 2014-cü ildə buraxılmışdır, cənab Prezidentin Fərmanına isə 15 noyabr 2021-ci il tarixində bir sıra dəyişikliklər edilmişdir. Adı çəkilən Fərmana xx.xx.2021-ci ildə edilmiş dəyişikliklər o, ehtiyata buraxılandan sonrakı dövrdə qəbul edildiyindən ona münasibətdə geriyə ağırlaşdırıcı formada tətbig edilə bilməz, ona görə də məhkəmənin gəldiyi qənaət absurd omaqla qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 12 avqust 1993-cü il tarixdən 04 noyabr 2014-cü il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; hərbi qulluqçu azərbaycan respublikasının silahlı qüvvələrində xidmət etməli; hərbi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən biri olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki “hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməsi” şərti mövcud deyil. Azərbaycan Ordusunda hərbi xidmət müddəti 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir. Bakı Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökümünə əsasən məhkumluq müddəti 1 (bir) il 5 (beş) ay 23 (iyirmi üç) gün təşkil edir. İddiaçının məhkumluq müddəti çıxıldıqda sonra adı çəkilən hərbi qulluqçuların Azərbaycan Ordusu sıralarında 20 xidmət təqvim ili olmadığından onun dövlət vəsait hesabına mənzil təminatı bu Fərmanın təsiri xaricindədir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 12 avqust 1993-cü ildə hərbi xidmətə yollanmış, 04 noyabr 2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “f” bəndinə əsasən istefaya buraxılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli, **********123 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışdan görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.1997, xx.xx.1997-xx.xx.2014 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Bakı Qarnizonu Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin “a” bəndində nəzərdə tutulan cinayəti törətməsinə görə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinə uyğun olaraq hökmün icrası döyüş əməliyyatları qurtaranadək təxirə salınmış və İddiaçı döyüşən orduya göndərilmişdir. Bakı Qarnizonu Hərbi Məhkəməsinin 04 may 2000-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq N saylı hərbi hissə komandanlığının vəsatəti təmin olunmuş və İddiaçı cəzadan azad olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(118)-775/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Ordusunda hərbi xidmət müddəti ümümilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir. Lakin, məhkəmə hökmü ilə onun məhkumluq müddəti 1 (bir) il, 5 (beş) ay, 23 (iyirmi üç) gün təşkil etmiş və nəticədə onun qüsursuz xidmət illəri 20 ildən az təşkil etmiş olur. Belə olan halda onun dövlət vəsait hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə onun 12 avqust 1995-ci ildən 04 noyabr 2014-cü ilədək xidmət etməyini qeyd edir, halbuki o, 24 noyabr 2014-cü il tarixində ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirir ki, o, ehtiyata buraxılarkən ona qanunsuz şəkildə 3 (üç) aylıq məzuniyyət verilməmiş, bu da hərbi stajının 3 ay az hesablanması ilə nəticələnmişdir. Digər tərəfdən məhkəmə öz qərarında absurd nəticəyə gələrək qeyd edir ki, “iddiaçının Azərbaycan Ordusundakı hərbi xidmət müddəti 21 il, 4 ay, 22 gün təşkil edir. Lakin məhkəmə hökmü ilə onun məhkumluq müddəti 1 il, 5 ay, 23 gün təşkil etmiş və nəticədə onun qüsursuz xidməti 20 ildən az təşkil etmiş olur. Belə olan halda onun dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mümkün deyildir. Məhkəmənin bu qənaəti səhv olmaqla yalnız cavabdehin etirazında göstərilmiş mövqeyi öz qərarına köçürülməsindən başqa bir şey deyildir. Oxşar iddia tələbinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-357/2022 saylı Qərarının kassasiya məhkəməsinin mövqeyi hissəsində qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2019-cü il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X3ın qüvvəsi geriyə şamil edilir. Başqa X3ın qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Hazırki qanunsuz və ədalətsiz məhkəmə qərarı hüquqlarını kobud şəkildə pozaraq onu ədalətli məhkəmə müdafiəsindən məhrum etmişdir. Həmin maddənin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X3ın qüvvəsi geriyə şamil edilir. Məhkəmə isə 2014-cü ildə ehtiyata buraxıldığı halda cənab Prezidentin Fərmanına 15 noyabr 2021-ci il tarixində edilmiş dəyişikliyi ona münasibətdə geriyə ağırlaşdırıcı formada tətbiq edərək hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə hazırki işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, onun xeyrinə olan halı, yəni adı çəkilən dəyişikliyin mənzil hüquququnun yarandığı dövrdə mövcud olmadığını nəzərə almayaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin, İPM-nin 15.1- ci maddəsinə də riayət etməmişdir. Həmin maddənin tələblərinə əsasən, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Hazırki işdə isə görünür ki, cavabdeh tərəf işin halları araşdırılarkən, tərəflər çıxış edərkən heç bir məhkəmə iclasında iştirak etməmişdir. Belə olduğu təqdirsə hansı çəkişmədən və işin tam, hərtərəfli və obyektiv araşdırılmasından söhbət gedə bilər?! Məhkəmə "iddiaçının dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mümkün deyildir” qənaətinə gələrkən yanlışlığa yol vermişdir. Həmin nəticəyə gəlməzdən öncə məhkəmə onun hansı tarixdə ehtiyata buraxıldığını, adı çəkilən Fərmana hansı tarixdə dəyişiklik edildiyini, bu dəyişikliyin mənzil hüququnun yarandığı dövrdə mövcud olub-olmadığını, sonradan qəbul edilmiş dəyişikliyin ona münasibətdə geriyə ağırlaşdırıcı formada tətbiq edilməsinə qanunvericiliyin yol verib-vermədiyini araşdırmalı idi. Bütün bunlar baş vermədiyindən məhkəmə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul edərək hüquqlarını kobud şəkildə pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir)
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. ... 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. ...
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (Bakı Qarnizonu Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmü və Bakı Qarnizonu Hərbi Məhkəməsinin 04 may 2000-ci il tarixli qərardadı qəbul edildiyi zaman qüvvədə olan redaksiyada) Maddə 42. Müharibə dövründə və ya döyüş şəraitində hərbi qulluqçu və ya hərbi hərbi vəzifəli şəxs haqqında çıxarılmış hökmün icrasının təxirə salınması Müharibə dövründə və ya döyüş şəraitində hərbi qulluqçunu və ya orduya çağırılmalı, yaxud səfərbərliyə alınmalı olan hərbi vəzifəli şəxsi azadlıqdan məhrum etmə haqqında çıxarılmış hökmün icrası məhkəmə tərəfindən məhkumu döyüşən orduya göndərməklə, hərbi əməliyyat qurtaranadək təxirə salına bilər. Bu hallarda məhkəmə əlavə cəzaların da icrasını təxirə sala bilər. Döyüşən orduya göndərilmiş məhkum özünü vətəninin mətin müdafiəçisi kimi göstərərsə, o zaman müvafiq hərbi komandanlığın vəsatəti ilə məhkəmə onu cəzadan azad edə bilər və ya cəzanı başqa, daha yüngül cəza ilə əvəz edə bilər. Maddə 52. Cəzanı çəkməkdən azad etmə Ümumi əfv və bağışlama qaydası ilə cəzadan azad etmə və ya cəzanı yüngülləşdirmə hallarından başqa məhkumun cəzanı çəkməkdən azad edilməsi, habelə təyin edilmiş cəzanın yüngülləşdirilməsi qanunda göstərilən hallarda və qaydada ancaq məhkəmə tərəfindən tətbiq edilə bilər.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə iddiaçı apellyasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-357/2022 nömrəli qərarına istinad etmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 2014-cü ildə ehtiyata buraxıldığı halda müvafiq Fərmana 15 noyabr 2021-ci il tarixində edilmiş dəyişikliyi ona münasibətdə geriyə ağırlaşdırıcı formada tətbiq edərək hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(102)-120/2025 nömrəli qərarı ilə bu kateqoriyadan olan işlərlə bağlı yeni məhkəmə təcrübəsi formalaşdırılmışdır. Məhkəmə kollegiyası həmin təcrübəni nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakıları qeyd edir. Həmin qərarda qeyd olunmuşdur ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur. Şərhedici norma mövcud hüquq normasının məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla, izah edilən normanın əvvəldən hansı məna daşıdığını bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən, sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi və yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normaları isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3cü hissələrə tətbiq edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə zidd olmamalı, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəqiqləşdirən 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur.” İş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunan tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndirmə azadlığı olmuşdur. Lakin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilən dəyişikliklərdən sonra Fərmanda “qüsursuz xidmət” müddəti anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlama aparılmalıdır. Sözügedən normanı hazırki işə tətbiq edən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 12 avqust 1993-cü ildə hərbi xidmətə yollanmış, 04 noyabr 2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “f” bəndinə əsasən istefaya buraxılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli, **********123 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışdan görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.1997, xx.xx.1997-xx.xx.2014 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Bakı Qarnizonu Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin “a” bəndində nəzərdə tutulan cinayəti törətməsinə görə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinə uyğun olaraq hökmün icrası döyüş əməliyyatları qurtaranadək təxirə salınmış və İddiaçı döyüşən orduya göndərilmişdir. Bakı Qarnizonu Hərbi Məhkəməsinin 04 may 2000-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq N saylı hərbi hissə komandanlığının vəsatəti təmin olunmuş və İddiaçı cəzadan azad olunmuşdur. Göründüyü kimi, iddiaçı 21 il, 04 ay, 22 gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına əsasən, iddiaçının Bakı Qarnizonu Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmü ilə 2 (iki) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və hökmün icrasının döyüş əməliyyatları qurtaranadək təxirə salındığı, o cümlədən Bakı Qarnizonu Hərbi Məhkəməsinin 04 may 2000-ci il tarixli qərardadına əsasən cəzadan azad olunduğu nəzərə alındıqda, onun Azərbaycan Ordusunda qüsursuz xidməti 20 ildən az müddət təşkil edir. Belə ki, Bakı Qarnizonu Hərbi Məhkəməsinin hökmünün çıxarıldığı zaman qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsinin tələbinə əsasən müharibə dövründə və ya döyüş şəraitində hərbi qulluqçunu və ya orduya çağırılmalı, yaxud səfərbərliyə alınmalı olan hərbi vəzifəli şəxsi azadlıqdan məhrum etmə haqqında çıxarılmış hökmün icrası məhkəmə tərəfindən məhkumu döyüşən orduya göndərməklə, hərbi əməliyyat qurtaranadək təxirə salına bilər. Bu hallarda məhkəmə əlavə cəzaların da icrasını təxirə sala bilər. Döyüşən orduya göndərilmiş məhkum özünü vətəninin mətin müdafiəçisi kimi göstərərsə, o zaman müvafiq hərbi komandanlığın vəsatəti ilə məhkəmə onu cəzadan azad edə bilər və ya cəzanı başqa, daha yüngül cəza ilə əvəz edə bilər. Həmin məcəllənin 52-ci maddəsinə əsasən ümumi əfv və bağışlama qaydası ilə cəzadan azad etmə və ya cəzanı yüngülləşdirmə hallarından başqa məhkumun cəzanı çəkməkdən azad edilməsi, habelə təyin edilmiş cəzanın yüngülləşdirilməsi qanunda göstərilən hallarda və qaydada ancaq məhkəmə tərəfindən tətbiq edilə bilər. Hazırki iş üzrə hökm 11 noyabr 1998-ci il tarixli olsa da, iddiaçı 04 may 2000-ci il tarixində cəzadan azad olunmuş, beləliklə də iddiaçının məhkumluq müddəti 1 il, 5 ay, 23 gün olmuşdur. Bu isə onu deməyə əsas verir ki, qanunvericilikdə nəzərdə tutulmuş “20 il qüsursuz xidmət” tələbi iddiaçıya münasibətdə ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərt (Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmə) iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdeh imtinasında haqlı olmuşdur və onun üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri də əsaslı hesab etmir. İddiaçı qeyd edir ki, o ehtiyata buraxılarkən ona qanunsuz şəkildə 3 (üç) aylıq məzuniyyət verilməmiş, bu da hərbi stajının 3 ay az hesablanması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 3 aylıq məzuniyyətin verilməməsi və bu halın qanunsuz olması müəyyən edilsə belə, həmin dövrlər iddiaçının xidmət dövrünə hesablanması qanunvericiliyə əsasən mümkün olmadığına görə, kollegiya həmin dəlil ilə bağlı əlavə araşdırma aparmağa zərurət görmür və apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(118)-775/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.