Məhkəmə qərarları › İş №2-1(105)-443/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-443/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-443/2022 20.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 2 saylı Regioanl Ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 2 saylı regional ərazi filialına qarşı onun xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-279/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

2. Quba 3 nömrəli texniki peşə məktəbi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1973-cü il tarixlərdə həmin peşə məktəbində traktorist-maşinist peşəsi üzrə təhsil almışdır.

3. İddiaçının tədqim etdiyi əmək kitabçasında olan qeydlərdə onun xx.xx.1977xx.xx.1985-ci il il tarixlərdə S.M.Kirov adına meyvəçilik sovxozunun 9№ briqadasında fəhlə və traktorçu, xx.xx.1985-xx.xx.2005-ci il tarixlərində Quba Kəndkimya birliyində (daha sonra "xxxx" ASC-ə adlandırılmışdır) traktorçu işləməsi barədə qeydlər vardır.

4. İddiaçı ona yaşa görə əmək pensiyasının hesablanması üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı tələb olunan 25 il sığorta stajı olmadığına görə ona yaşa görə əmək pensiyasını təyin etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək onun xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, 1974-1976-cı illərdə keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. Quba rayonunda yerləşən 3 saylı Peşə məktəbində 1 il təhsil almış, təhsilini başa vurduqdan sonra isə 1977-ci ildə Quba rayonu “Kirov adına Meyvəçilik soxvozu”nda fəhlə kimi əmək fəaliyyətinə başlamış və 1985- ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə yenidən Quba rayonu “Kimya birliyi”ndə traktorçu kimi işə qəbul edilmiş, 2005-ci il dekabr ayının 28-dək bu vəzifədə çalışmışdır. Beləliklə, onun ümumilikdə 28 il fasiləsiz əmək stajı, 2 il hərbi xidməti və 1 il texniki peşə təhsili olmuşdur. Həmin illər də sosial sığorta stajına daxil edildikdə onun 31 ilə yaxın əmək stajı vardır. xx.xx.2021-ci ildə onun 65 yaşım tamam olmuş və o, əmək kitabçası, hərbi bilet, diplomun surətini cavabdeh təşkilata təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli məktubla ona imtina cavabı vermişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın ********** nömrəli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1985-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayon “X7”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 xx.xx.2021-ci il tarixdə **********9 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn xx.xx.2021-ci il tarixli 1164 nömrəli cavab məktubunda Quba rayon “X7”nin xx.xx.1997-ci ildən sonrakı dövr üçün əmr kitabları və heç bir il üçün əmək haqqı cədvəlləri Azərbaycan Respublikası X4 filialına təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-279/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işləməsi barədə iddiası öz təsdiqini tapmadı. Bununla da onun tələb olunan 25 il sığorta stajına malik olması sübuta yetmədi.

11. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi hallara istinad etməklə göstərir ki, Quba rayonunda yerləşən 3 saylı peşə məktəbində 1 il təhsil almışdır, təhsilini başa vurduqdan sonar isə 1977-ci ildə Quba rayonunun “Kirov” adına meyvəçilik sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış və 1985-ci ildə işdən azad edilmişdir. 1985-ci ildə yenidən Quba rayonun “Kimya birliyi”ndə traktorçu vəzifəsində işə qəbul edilmiş, 2005-ci il dekabr ayının 28-dək bu vəzifədə çalışmışdır. Göründüyü kimi onun ümumilikdə 28 il fasiləsiz əmək stajı olub. 2 il hərbi xidmətdə olmuşdur. 1 il “Texniki peşə məktəbi”ndə təhsil almışdır. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi onun iddiasını əsassız sayaraq 31 il iş stajını və hərbi xidmət və təhsilini qeydə almayaraq iddiasını təmin etməmişdir.

13. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2005-ci il tarixədək Quba rayon “X7”ndə işlədiyini iddia edir. Qeyd etmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3xx.xx.2021-ci il tarixdə **********9 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn xx.xx.2021-ci il tarixli 1164 nömrəli cavab məktubunda Quba rayon “X7”nin xx.xx.1997-ci ildən sonrakı dövr üçün əmr kitabları və heç bir il üçün əmək haqqı cədvəlləri Azərbaycan respublikası X4 filialına təhvil verilmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən X4 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək Kirov adına meyvəçilik sovxozunda işləmiş və əmək haqqı almışdır, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək Quba X7ndə işləmişdir. Belə ki, müvafiq əmrlər kitabında onun xx.xx.1985-ci il tarixli 33 saylı əmrlər tpaktorçu kimi işə qəbul edilməsi və xx.xx.1995-ci il tarixli 30-k saylı əmrlə sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işdən azad edilməsi barədə əmrlər aşkar edilmişdir. Həmin müəssisənin 1997-ci ildən əmr kitabları X4 filialına təhvil verilməmişdir. Qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı İ.B Novruzov xx.xx.1995-ci ildə sürücülük hüququndan məhrum edilməsi ilə bağlı traktorçu vəzifəsindən azad edilsə də, fəhlə kimi işini davam etdirmişdir. Lakin bu sualı təsdiq edən hərhansı sübut təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

15. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

22. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

25. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının 65 yaşına çatması, habelə peşə təhsili alması, həqiqi həqdi xidmətdə olması və onun xx.xx.1977-xx.xx.1985-ci il il tarixlərdə S.M.Kirov adına meyvəçilik sovxozunda işləməsi işin mübahisəsiz halı.

28. Cavabdehin imtinasında iddiaçının tələb olunan 25 illik sığorta stajının olmamasına istinad etmiş, iddianı təmin etməyən birinci instansiya məhkəməsi də qərarını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1995-ci ildə sürücülük hüququndan məhrum edilməsi ilə bağlı traktorçu vəzifəsindən azad edilsə də fəhlə kimi işini davam etdirdiyini bildirsə də bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işləməsi barədə iddiası öz təsdiqini tapmamış, bununla tələb olunan 25 il sığorta stajına malik olması sübuta yetirilməmişdir.

29. Birinci intansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya baxışı zamanı aparılmış əlavə araşdırma zamanı da onun xx.xx.1995-ci il tarixdən sonra fəhlə kimi işlədiyini iddia etdiyi “Kimya Birliyi”ndə işləməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.

30. Belə ki, X4 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək Kirov adına meyvəçilik sovxozunda işləmiş və əmək haqqı almışdır, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək Quba X7ndə işləmişdir. Belə ki, müvafiq əmrlər kitabında onun xx.xx.1985-ci il tarixli 44 saylı əmrlə traktorçu kimi işə qəbul edilməsi və xx.xx.1995-cil tarixli 30-k saylı əmrlə sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işdən azad edilməsi barədə əmrlər aşkar edilmişdir. Həmin müəssisənin 1997-ci ildən sonra əmr kitabları X4 filialına təhvil verilməmişdir.

31. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 1 saylı Quba-Xaçmaz regional filialının 13 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı Quba rayon “X7”ndə işləməsi ilə bağlı X4 filialında araşdırıldıqda məlum olmuşdur ki, 28 mart 1985-ci il tarixdə 44-k saylı əmrlə traktorçu işinə qəbul edilmişdir. 27 iyun 1995-ci il tarixdə 30-k 1 saylı əmrlə traktorçu işindən azad edilmişdir. Vətəndaş İddiaçı Quba rayon “X7”ndə işlədiyi dövrdə əmək haqqının alınması ilə bağlı əmək haqqı cədvəlləri və ya kitabları təhvil verilmədiyindən məlumat tapılmadı. Quba rayon “X7” tərəfindən 1997-ci ildən sonrakı dövrlər üçün əmrlər və əmək haqqı kitabları X4 filialına təhvil verilmədiyindən məlumat tapılmadı. Ümumiyyətlə sorğuda göstərilən dövr ərzində Quba rayon “X7”ndə işləməsi ilə bağlı əmək haqqı cədvəlləri və ya kitablar aşkarlanmadı.

32. İşə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən "xxxx" ASC-yə sorğu verilərək iddiaçının Quba X7ndə işlədiyi dövrlərlə bağlı ətraflı arayışın, o cümlədən müvafiq əmrlərin və əmək haqqı cədvəllərinin qısa zaman ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, "xxxx" ASC xx.xx.2022-ci il tarixli, 04/2022 saylı məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 389 nömrəli sərəncamı ilə Quba rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında "xxxx" ASC yaradılmış, cəmiyyətin özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmiş və daha sonra sözügedən cəmiyyətin özəlləşdirilməsi həyata keçirilmişdir. Quba-Kəndkimya ASC-nin təsdiq edilmiş Özəlləşdirmə planında olan məlumatlara görə İddiaçı xx.xx.1985-ci il tarixdən müəssisədə traktorçu vəzifəsində işləmişdir. Cəmiyyətin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi 2003-2005-ci illərdə tam başa çatdırılmış və cəmiyyətin səhmlərinin əsas hissəsi "xxxx" MMC-yə məxsus olmuşdur. Daha sonra "xxxx" MMC ona məxsus səhmləri başqa şəxslərin mülkiyyətinə vermiş, cəmiyyətin səhmdarları dəyişilirkən hüquqi sənədlər (təsis sənədləri) istisna olmaqla müəssisəyə aid arxiv sənədlərinin tam və bütünlüklə təhvil-təslimi rəsmiləşdirilməmişdir. Cəmiyyətin inzibati binasında olan mövcud sənədlərə baxış keçirilərkən 2010-cu il tarixdən əvvəlki illərə aid əmrlər kitabı və kadrlar uçotu üzrə sənədlər, eləcə də əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Cəmiyyətin təsdiq edilmiş Özəlləşdirmə planı və maliyyə-təsərrüfat fəaliyyətinə dair sənədlərin təhlili, habelə əldə olunan məlumatların təhlili nəticəsində yekun olaraq belə nəticəyə gəlinir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək Cəmiyyətin işçisi olmuşdur. Qeyd edilmişdir ki, müəssisə uzun illərdir ki, fəaliyyət göstərmir və heç bir işçisi yoxdur.

33. Kollegiya tərəfindən müvafiq sənədlərin təqdim edilməsi barədə təkrar sorğuya cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubuna Quba rayon “Kəndtəssərrüfatıkimya” birliyinin özəlləşdirilmə planı (emissiya prospekti) əlavə edilmiş, həmin planda yer alan işçilərin 01 aprel 1997-ci il tarixə olan siyahısında 78-ci sırada iddiaçının adı və xx.xx.1985-ci il tarixdən traktorçu işləməsi qeyd edilmişdir.

34. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan Quba rayon “X7”ndə işləməsinə dair qeydlər tələb olunaraq araşdırılmış sübutlarla öz təsdiqini tapmadığından, əksinə ziddiyyət təşkil etdyindən cavabdeh inzibati orqan iddiaçının 25 il stajının olmaması əsası ilə ona pensiya təyin etməkdən imtina etməkdə haqlı olmuşdur.

35. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-279/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar