Məhkəmə qərarları › İş №2-1(105)-444/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-444/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-444/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N3-cü il tarixli, 2-1(118)-721/N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N2-ci il tarixli imtina məktubundan görünür ki, vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N2-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixli 2018 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N3-cü il tarixli məktubundan görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş vəsatətə əsasən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N0-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli məktubundan görünür ki, “Laçının azad olunmasına görə” medalı Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsasız hesab olunması və “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi hərbi səfərbərlik əsasında 29 sentyabr N0-ci il tarixində silahlı qüvvələrə çağrılmış, hərbi hissəsi Tərtər rayonu Sarov kəndində yerləşmişdir. N nömrəli hərbi hissədə N günlük hərbi savaşda iştirak etmiş, Minaatan batalyonda olmuş, Talış kəndi, Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmiş, Sonra atəşkəs elan olunandan sonra onların hərbi hissəni Qubadlı istiqamətində olan döyüş bölgəsinə göndərmişlər. Orada Laçın istiqamətində gedən döyüşlərdə, Qubadlı istiqamətində olan döyüşlərdə iştirak etmiş, Laçın rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında onların hərbi hissəsi vəzifəsini layiqincə yerinə yetirdiyinə görə hərbi hissənin bütün heyəti Prezidentin 29 dekabr N0-ci il tarixli 2373 saylı sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müharibə veteranı adı və vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, Müdafiə Nazirliyi tərəfindən ərizəsinə müsbət cavab verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 2018 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edirik ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N3-cü il tarixli, 2-1(118)-721/N3 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə olan sənədlərdə iddiaçının döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq İddiaçı müharibə veteranı adı və vəsiqənin verilməsi qanunaziddir. Məhkəməyə təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 2018 nömrəli məktubundan müəyyən olunur ki, bir sıra hərbi qulluçular döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etmişlər və onların sıralarında İddiaçı də adı qeyd olunmuşdur. İddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmasına baxmayaraq, onun müharibə veteranı statusunun alınmasına görə kifayət deyildir. Belə ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapmamışdır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, hazırkı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qərarı nə qanuna, nə də sübutlara əsaslanmır. Məhkəmənin öz qərarını əsaslandırmaq üçün tətbiq etdiyi maddi hüquq normaları formal olaraq, düzgün hüquqi mənasında şərh və tətbiq etməmişdir. Onun döyüşən hərbi hissə olan N nömrəli hərbi hissənin minaatan manqanın komandiri kimi döyüş əməliyyatlarında iştirak etməyi barədə çoxsaylı yazılı sübutları isə nəzərə almaq əvəzinə, məhkəmə öz qərarını N nömrəli h/h komandirinin xx.xx.N2-ci il tarixli 2018 nömrəli əsassız arayışı ilə əsaslandırmağa çalışmışdır. Müharibə veteranı adı almağı qanuni və əsaslı olmaqla buna tam haqqı çatır. Lakin Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qanunsuz və əsassız qərarı onun bu hüququna Konstitusiya ilə verilmiş dövlət təminatının pozulması deməkdir. Məhkəmənin sözügedən qərarını həm də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamınən tələbinə ziddir. Əgər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməmişəmsə onda Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Laçının azad olunmasına görə” medalı niyə verilmişdir. Hərbi biletində “Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edib” sözləri yazılıb və N nömrəli hərbi hissənin möhürü və komandirinin imzası ilə təsdiq edilmişdir. Onun iddia tələbinə baxan Sumqayıt İnzibati Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin İ hissəsinin müddəalarını düzgün hüquqi mənasında şərh və tətbiq etməməklə Əsasnaməni pozmuşdur. Onun N günlük Vətən Müharibəsində N nömrəli hərbi hissənin minaatan manqasının komandiri kimi iştirak etməyi, “Laçmın azad olunmasına görə” medalı ilə təltif edilməyi, hərbi biletində “N günlük Vətən Müharibəsində döyüşlərdə iştirak etmişdir” qeydləri və digər mötəbər sübutlarım məhkəmə tərəfindən şübhə altında alınmışlar. Məhkəmə öz qərarında onun bu cür mötəbər sübutlarını qəbul etməməsini heç nə ilə əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikasının N0-ci il 26 noyabr tarixli qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə medalı haqqında” Əsasnamənin Maddə 1. Təltif edilən şəxslər “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təktif edən orqan “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N4-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etməsi halına istinad edərək, ona müharibə vetrenaı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması haqqında” 29 dekabr N0-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Laçın rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilsinlər:...əsgər İddiaçı... Həmçinin, iş materiallarında olan №İ-3818 Azərbaycan Respublikası Medalının Vəsiqəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə İddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materailallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş vəsatətə əsasən Azərbaycan Respublikası Prezidentinin N0-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə”Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur, əlavə olunmuş adlı siyahının7907-cı sıra sayında İddiaçı adı qeyd edilmiş, habelə hansı şəhər, rayon uğrunda gedən döyüşlərdə iştirak edib qrafasında Laçın şəhərinin adı əks olunmuş, həmin adlı siyahı hərbi hissənin komandiri tərəfindən təsdiq olunmuşdur. İş materailallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 051 saylı hərbi Hissə tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli məktubun məzmunundan görünür ki, “Laçının azad olunmasına görə” medalı Vətən Müharibəsində qələbə münasibətilə təsis edilmişdir, “Laçının azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular, həmçinin, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azda olunması uğrunda aparılmış döyüşlərdə iştirak edərək, şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N0-ci il tarixli 2373 saylı Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, həmin medalın verilməsi barədə vəsatət məhz cavabdeh inzibati orqanın müvafiq hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş, habelə həmin vəsatətin verilməsinə əsas olan hal kimi də məhz Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüşlərdə iştirak edərək, igidlik və şücaət göstərilməsi halına istinad edilmişdir. Göründüyü kimi, iddiaçı məhz müvafiq döyüş əməliyyatlarında iştirak edərək, həmin medal ilə təltif olunmuşdur. Nəticə etibarilə iddiaçının müvafiq döyüş əməliyyatlarında iştirak etməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Hansı ki iddiaçının həmin döyüş əməliyyatlarında iştirak etməsi halı özlüyündə yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtində ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas qismində çıxış etmişdir. Bununla da, işin müəyyən edilmiş halları əsasında cavabdehin imtina və etirazın əsası kimi istinad etdiyi hal təkzib olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının müvafiq döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə iştirak etməsi halına istinad edilsə də, həmin hala dair (o cümlədən işin müəyyən edilmiş hallarını təkzib edən) heç bir mötəbər sübuta istinad edilməmiş, formal olaraq, həmin hala istinad edilmiş, əsaslandırılmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazının dəlilləri əsassız olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinə münasibətdə onun qanuni əsası qismində çıxış edən "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin dispoztiv şərtləri mövcud olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N3-cü il tarixli, 2-1(118)-721/N3 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar