Məhkəmə qərarları › İş №2-1(105)-445/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-445/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-445/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı cavabdeh X1rşı yaşadığı mənzilin genişzolaqlı internetlə təmin olunması və aidiyyəti məsələlərin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)- 864/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı mənzilin genişzolaqlı internetlə təmin olunması və aidiyyəti məsələlərin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-864/2021 saylı qərardadı ilə iddia mümkün saylımamışdır (hakim Vəfa Əzizova). Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməklə, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Xızı rayonunun Sitalçay kəndində yaşayır, eyni zamanda həmin ünvanda qeydiyyatdadır. Müasir dövrdə internetin nə qədər çox əhəmiyyətli olduğunu nəzərə alaraq, genişzolaqlı internetdən istifadə etmək üçün təxminən 2012-ci ildən X3, eyni zamanda həmin təşkilatın yerli, Xızı rayon Şöbəsinə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər etmişdir. Lakin bütün müraciətlərinə baxmayaraq qarşı tərəf onun yaşadığı mənzili heç vaxt genişzolaqlı internetlə təmin etməmişdir. Bu səbəbdən də o, məcbur qalıb hüquqlarının müdafəsi üçün 10 mart 2021-ci il tarixdə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi qərardad qəbul edərək həmin məhkəmə işinə baxmaqdan imtina etmişdir. Səbəb isə aidiyyat məsələsi kimi göstərilmişdir. O isə bu qərardadla razı deyil. Hesab edir ki, məhkəmə işi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəməyə təqdim etdiyi sənədlərə nəzər salsaq burada cavabdehin ona qarşı qərəzli mövqedə olduğunu açıq-aydın görünə bilər. Belə ki, 2012-ci ildən bəri dəfələrlə X3 və X2 müraciət etməyinə baxmayaraq onun yaşadığı mənzili genişzolaqlı internetlə təmin olunmamışdır. Amma qonşuluğunda yaşayan istənilən şəxs və ya şəxslər X2, internet üçün və ya stasionar telefon çəkilişi üçün müraciət etdikdə onların probilemləri həll olunub. Bütün bunları nəzərə alaraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin qəbul etdiyi 30 aprel 2021-ci il tarixli, 2-1(118)- 864/2021 saylı qərardadı ədalətsizdir və ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apelyasiyüa şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. İş üzrə cavabdeh X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda sadalanan inzibati orqanların sırasına daxil edilməmişdir. Mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki münasibətlərdən yaranmışdır və müvafiq mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Ümumi Müqavilə» adlanın 400-cü maddəsinin tələbləri baxımından müvafiq iddia ilə mülki qaydada birinci instansiya məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2-1(118)-864/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar