Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-445/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə xx.xx.2021-ci il tarixdə göndərdiyi teleqrama qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin teleqrama cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 5,10 manat pulun cavabdehdən iddiaçının tutulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-899/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə xx.xx.2021-ci il tarixdə göndərdiyi Teleqrama qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin teleqrama cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 5,10 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması”nı məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə xx.xx.2021-ci il tarixdə teleqram göndərmişdir və ********** №-li göndərişə görə Azərpoçt MMC-nin ********* Məxaric qəbzinə əsasən 5,10 manat pul ödəmişdir. Lakin bu günə kimi cavab verilməmişdir. Həmin teleqramda yazılmışdır: “Yenidən dövlət xəstəxanasında müayinə və müalicə almışam və göndəriş rəsmiləşdirilmişdir. 63 yaşın içindəyəm. 30 ildir infeksion-allerqik astmadan əziyyət çəkirəm və son 18 ildir əlillik qərarlarla təsdiq edilmişdir. X4 araşdırma nəticələrinə görə astmadan sağaltmaq mümkün deyildir. Xahiş edirəm əlilliyimin qiymətləndirilməsinə dair qərarın alınmasında köməklik edəsiniz.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-899/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının qaldırdığı iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia növləri arasında mövcud deyil. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsində iddiaçının qaldırdığı iddia növü müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqana müraciət nəzərə alınaraq hazırkı iddia öhdəliyin icrası kimi qəbul edilsə bilə, iddia mümkün hesab edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələbi inzibati icraat çərçivəsində etdikləri müraciətlərə aid edildiyi üçün ayrıca iddia predmeti olmamalı və mümkün hesab edilməməlidir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı apellyasiya şikayətində göstərir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-cu müddəsində göstərilən müraciətə baxılması müddəti cavabdeh tərəfindən pozulmuşdur. Həmin Qanunun 7.5-ci maddəsinin tələbləri, yəni müraciətə müvafiq qaydada baxılması tələbləri də cavabdeh tərəfindən pozulmuşdur. Korrupsiya ilə mübarizə haqqında Qanunun 9.3.8.-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Bu Qanunların tələbləri baxımından məhkəmədən cavabdehin hərəkətlərinə (hərəkətsizliyinə) qiymət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin qərardadında heç nə yazılmamışdır. Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə əsasən hər müraciətə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməlidir. “İnformasiya əldə etmək haqqında” qanunun 24.1-ci maddəsinin tələblərinə əsasən informasiya sorğusuna 7 iş günündən gec olmayaraq cavab verilməlidir. Məlumatı verməmək və ya gecikdirmək korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9.3.8-ci maddəsinə əsasən vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Hüseynova apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İşdən görünür ki, iddiaçının tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə xx.xx.2021-ci il tarixdə göndərdiyi teleqrama qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi, cavabdehin qanun pozuntusu kimi tanınması, həmin teleqrama cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 5,10 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərək öz qərardadında qeyd etmişdir ki, iddiaçının qaldırdığı iddia İPM-də nəzərdə tutulan iddia növləri arasında mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana yuxarıda qeyd edilən məzmunda müraciəti nəzərə alınaraq hazırkı iddia öhdəliyin icrasına dair iddia kimi qəbul edilsə belə onun müraciəti inzibati icraat çərçivəsində edilən müraciətlərə aid edildiyi üçün mümkün hesab edilməməlidir. Belə ki, “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, İddiaçı inzibati icraat çərçivəsində əlliliyin təyin edilməsi haqqında eyni cavabdeh təşkilatın imtinasına görə Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2(118)-463/2022 nömrəli “əlillik təyinatından imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxılmış, məhkəmənin 07 fevral 2022-ci il tarixli 2-1(118)-463/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilməsi və İddiaçı İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti əsasında iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-899/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-445/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-445/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver