Məhkəmə qərarları › İş №2-1(105)-446/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-446/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-446/2020 08.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir- Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən əmək pentiyasının təyin edilməsi və hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-757/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən əmək pentiyasının təyin edilməsi və hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh isə imtina cavabında onun kifayət qədər pensiya kapitalı və ya 25 il sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığını bildirmişdir. Belə ki, ona tələb olunan 23040.00 manat sosial sığorta kapitalına qarşı cəmi 6502.19 manat pensiya kapitalı hesablanmışdır. Daha sonra iddiaçıya izah edilmişdir ki, onun xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində fəhlə işlədiyi müddət sosial sığorta stajına daxil edilməmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, iddiaçının müraciəti əsasında aparılan zamanı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində sığortaedən Sumqayıt şəhər 18 saylı X7 aid 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar aşkar edilməmişdir, eyni zamanda sığorta edən Sumqayıt şəhər 18 saylı X10 tərəfindən 2017-2018-ci illərin İ-İV rübləri üzrə təqdim olunmuş məlumatlardan məlum olur ki, həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Sumqayıt şəhər 18 saylı X5 xx.xx.2008-ci il tarixdən sığortaedən kimi qeydiyyatdan keçmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Lakin Rayonlararası Təmir Tikinti Baş İdarəsinin Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti xx.xx.2008-ci il tarixdən sığortaedən kimi qeydiyyatdan keçdiyindən yuxarıda qeyd olunan Qanun həmin müəssisəyə münasibətdə tətbiq edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Sumqayıt şəhər 18 saylı X10 xx.xx.2008-ci il tarixindən sığortaedən kimi qeydiyyatdan keçməsi nəzərə alaraq demək olar ki, həmin müəssisə xx.xx.2002-ci il tarixindən xx.xx.2008-ci il tarixinə qədər sosial sığorta münasibətlərinin iştirakçısı olmamışdır. Eyni zamanda Sumqayıt şəhər 18 saylı X10 tərəfindən 2017-ci ilin İ rübünə qədər hər hansı bir hesabat təqdim edilməmiş, 2017-2018-ci illərin l-İV rübləri üzrə hesabat təqdim etsə də, İddiaçı ilə bağlı hər hansı ödəniş edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-757/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İddiaçı üçün məcburi sosial sığorta haqlarının ödənilməsini təmin etmək işçisi olduğu 18 saylı X3 Səhmdar Cəmiyyətin həmin haqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti həyata keçirmək isə DSMF-nin vəzifəsi olmuşdur. İddiaçı qanunvericiliyə görə sözügedən haqları ödəmək imkanına sahib olmamış və belə vəzifə daşımamışdır. Ona görə də, daşımadığı vəzifənin yerinə yetirilməməsinin məsuliyyət yükü son nəticədə onun üzərinə qoyula bilməz. İddiaçı “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit olunmuş etimad hüququnun qorunması prinsipinə əsaslanmaqla inzibati orqan kimi DSMF-nin üzərinə qanunla qoyulmuş vəzifələrini lazımi qaydada icra etdiyinə dair etimad hüququna malik olmuşdur. Digər tərəfdən isə onun həmin illər ərzində 18 saylı X3 Səhmdar Cəmiyyətində real olaraq işləməsi də cavabdeh tərəfindən mübahisələndirilmir. Odur ki, faktiki olaraq işlədiyi halda onun təqsiri olmadan məcburi sosial sığorta haqlarının ödənilməməsi, eləcə də DSMF tərəfindən üzərinə düşən vəzifələrin lazımi qaydada icra olunmaması iddiaçının pensiya hüquqlarının həyata keçirilməsinə maneə təşkil etməməlidir. Cavabdeh iddiaçıya pensiya təyinatı aparmalıdır. Bununla yanaşı, cavabdehin 18 saylı X3 Səhmdar Cəmiyyətinə qarşı məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görməsi imkanları da istisna olunmur. İş materiallarına nəzər salarkən cavabdeh iddiaçını həqiqətən də 2016-cı ildən 2018-ci ilə kimi həmin müəssisədə işləməsi faktını qəbul edir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. Sumqayıt şəhəri 18 saylı X5 xx.xx.2020-ci il tarixli 02 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən Sumqayıt şəhəri 18 saylı X6 fəhlə işinə qəbul edilmişdir və xx.xx.2018-ci il tarixdə 38 saylı əmrlə işdən azad edilmişdir. ИТ-№ ******* iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1990-cı ildən xx.xx.2002-ci il tarixədək X8 fabrikində, xx.xx.2002-ci ildən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhəri 18 saylı X6 işləmişdir. Naxçıvan MR Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 12/364 saylı arxiv arayışından görünür ki, İddiaçı 1976-1978, 1980, 1982-1983, 1986-1988ci illərdə keçmiş M.Hüseynzadə adına kolxozda işləmiş və əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən çıxarışdan görünür ki, Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti xx.xx.2008-ci il tarixdə sığortaedən kimi qeydiyyatdan keçmiş, VÖEN-i xx.xx.2004-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən çıxarışlar görünür ki, sığortaedən Sumqayıt şəhər 18 saylı X7 aid 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar aşkar edilməmişdir. Eyni zamanda sığorta edən Sumqayıt şəhər 18 saylı X10 tərəfindən 2017-2018-ci illərin İ-İV rübləri üzrə təqdim olunmuş məlumatlardan məlum olur ki, həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçı adı 2017-2018-ci illərə aid hesabatlarda qeyd olunsa da, ödənişlər aparılmamışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19/20 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestinə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən idarə öz fəaliyyətini dayandırmış və işçilər öz hesabına buraxılımışdır. 2016-cı ilin yanvar ayından idarə öz fəaliyyətini bərpa etmişdir. Həmin ilin İ rübünün məcburi dövlət sosial sığorta ödəmələri ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd hissəsinə əsasən, 7-ci maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işdən görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən yaş həddinə çatmış və ona yaşa görə pensiyanın təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040,00 sosial sığorta kapitalına qarşı 6502,19 pensiya kapitalı olması səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, Sumqayıt şəhər 18 saylı X10 vergi ödəyicisi kimi 2004-cü ildə, sığortaedən kimi 2008-ci ildə qeydə alınmışdır. Həmin müəssisə tərəfindən verilən arayışda müəssisənin 2006-cı ildən 2016-cı ilədək fəaliyyət göstərmədiyi və işçilərin həmin dövrə öz hesablarına məzuniyyətə buraxıldığı qeyd olunmuşdur. Müəssisənin təqdim etdiyi hesabatlarda iddiaçının adı yalnız 2017-2018-ci illərdə qeyd edilmişdir ki, həmin illər üzrə də məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Lakin Sumqayıt şəhər 18 saylıl Təmir-Tikinti Tresti xx.xx.2008-ci il tarixdən sığortaedən kimi qeydiyyatdan keçdiyindən qeyd olunan norma həmin müəssisəyə münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respiblikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə yaşa görə pensiyanın təyini üçün iddiaçının ya minimum 25 il sığorta stajı olmalı, ya da fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalıdır. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, iddiaçı nə minimum sığorta stajına, nə də ki pensiya təyini üçün kifayət edən minimum kapitala malik olmamışdır Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-757/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-757/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar