Məhkəmə qərarları › İş №2-1(105)-446/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-446/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-446/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona verilmiş müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə qədər ödənilməmiş veteran pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-1193/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 iştirakçısı olmağına dair sənəd və sübutları nəzərə alaraq ona verilmiş müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə qədər hesablanaraq veteran pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və kostitusion quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə və erməni millətçi dəstələrinə qarşı əməliyyatlarında iştirak etmişdir. Laçın rayonu ərazisində gedən döyüş əməliyyatlarında Zabux kənd özünümüdafiə dəstəsinin tərkibində döyüşmüşdür. Ona müharibə veteranı adı və vəsiqəsi verilmiş, lakin 2006-cı il tarixdə həmin vəsiqəni ondan almış və bildirmişdirlər ki, yenisi ilə əvəzlənəcək. Lakin, indiyədək heç bir vəsiqə verilməmiş, eyni zamanda həmin vaxtdan veteran pulu da dayandırılmışdır. Məsələ ilə əlaqədar o, Laçın rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, oradan iddiaçıya bildirilmişdir ki, həmin məsələ Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan məsələdir və ora müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin oradan da müraciətə vəsiqələrin verilməsi üzrə komissiyanın iclasında baxıldığı və müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-1193/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev) İddiaçı qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddianın mümkün hesab edərək, iddia tələbinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi onun inzibati orqana müraciət etmədiyi əsası ilə iddianı mümkün saymamışdır. Qeyd edir ki, əvvəlcə inzibati orqana yazılı müraciət edib ondan imtina cavabı aldıqdan sonra həmin imtina məktubu ilə birlikdə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Hesab edir ki, iddia mümkün sayılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadı belə əsaslandırmışdır ki, iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə kimi hesablanaraq veteran pulunun ona ödənilməsi ilə bağlı yox, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, ərizədə iki tələb irəli sürülmüşdür: 1) müharibə veteranı vəsiqəsinin qaytarılması və 2) 2006-cı ildən bu günə qədər hesablanaraq veteran pulunun ödənilməsi. Birinci instansiya məhkəməsi hər iki tələb üzrə iddianın xüsusi mümkünlük şərti olaraq cavabdeh inzibati orqana müraciətin edilməməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Halbuki, 2006-cı ildən bu günə qədər hesablanaraq veteran pulunun ödənilməsinə dair iddia tələbi üzrə Müdafiə Nazirliyi iddiaya cavab verməli orqan deyildir. Plenum Qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı halda birinci instansiya məhkəməsi müavinətin ödənilməsinə dair tələb üzrə cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması ilə bağlı iddianın ümumi mümkünlük şərtini yoxlamadan, inzibati orqana müraciət ilə bağlı xüsusi mümkünlük şərtini yoxlamışdır. Birinci tələb üzrə isə kollegiya qeyd edir ki, veteran vəsiqəsinin qaytarılmasına dair iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə bu halla bağlı ətraflı araşdırma aparmadan iddianı mümkün saymamışdır. Belə ki, işdən görünür ki, iddiaçı ilk olaraq inzibati orqana müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı apelyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehə etdiyi müraciət veteran vəsiqəsinin qaytarılması ilə bağlı olmuşdur. Məhkəmə, qərardadda iddiaçının cavabdeh inzibati orqana müraciətinin müharibə veteranı vəsiqəsinin qaytarılması ilə bağlı yox, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olduğunu qeyd etsə də, bu qənaətə nəyin əsasında gəldiyi bəlli deyildir. Belə ki, iş materiallarına iddiaçının cavabdehə hansı məzmunda müraciət etdiyi etməsinə dair sübut əlavə edilməmişdir. Məhkəmə qeyd edilən halı aydınlaşdırmaq üçün ilk növbədə cavabdehə müvafiq sorğu ünvanlanmaqla müraciətin surətini əldə etməli idi. İşdən isə görünür ki, məhkəmə bu istiqamətdə, yəni iddiaçı tərəfindən cavabdeh orqana hansı məzmunda müraciət etməsinə dair heç bir araşdırma aparmamış, müvafiq sorğu ilə cavabdeh orqana müraciət etməmişdir. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Bundan əlavə işdən görünür ki, məhkəmə tərəfindən həmçinin yardım etmə vəzifəsinə riayət edilməmiş, iddianın mümkün sayılmamasına səbəb olan hallar iddiaçının diqqətinə çatdırılmaqla onunla müzakirə edilməmiş, cavabdehə hansı məzmunda müraciət etməsinə dair sübutlar təqdim etmək üçün lazımi şərait yaradılmamış, o cümlədən iddia ərizəsində yol verilən nöqsanları aradan qaldırmaq üçün ağlabatan vaxt təyin edilməmişdir. Halbuki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Ali Məhkəmə Plenumunun 5 nömrəli Qərarının 3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın mümkünlük şərtlərinin yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-1193/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “ona verilmiş müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə qədər ödənilməmiş veteran pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar