Məhkəmə qərarları › İş №2-1(105)-446/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-446/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-446/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)- 3957/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Saray üzümçülük sovxozunun torpaqlarından sovxozun örüş yerindən Saray qəsəbəsinə 34,7 ha həyətyanı torpaq fondu ayrılması haqqında toplanmış sənədlərin təsdiq edilməsi, o cümlədən, hər ailəyə 0,10 ha hesabı ilə 250 ailəyə 25 ha həyətyanı torpaq sahəsi verilməsi, 5 ha torpaq sahəsi küçə və yollar üçün, 4,7 ha sahənin isə məktəb, uşaq baxçası, ticarət mərkəzi və s. tikintilər üçün ayrılması, baş planın hazırlanması üçün sifarişin İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin vasitəsilə verilməsi və torpaq sahəsinin paylanması işində qəsəbə üzrə nümayəndənin məsuliyyət daşıdığı qərara alınmışdır. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 02 noyabr 1998-ci il tarixli, 07 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayon İHB-nin xx.xx.1992-ci il tarixli, 488 nömrəli sərəncamı ilə Saray qəsəbə İH-nin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsindən İddiaçı 0,10 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yaşayış evinin inşasına icazə verilməsi qərara alınmışdır. Abşeron rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən 18 mart 2005-ci il tarixdə təsdiq edilmiş Abşeron rayonunun Saray kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçının nümayəndəsi X2 17 may 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********00 nömrəli məktubu ilə iddiaçının nümayəndəsinin müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 02 noyabr 1998-cı il tarixli, 07 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi və sözügedən torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən olunmuşdur. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 02 noyabr 1998-ci il tarixli, 07 saylı sərəncamına əsasən ona ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray qəsəbə icra nümayəndəliyinin 02 noyabr 1998-ci il tarixli, 07 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə həmin vaxtdan sahiblik etmiş, vaxtaşırı torpaq vergisini ödəmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı 17 may 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və tələbi üzrə qərar qəbul edilməlidir. Belə ki, torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi inzibati orqanın vəzifəsi olmuşdur və bu aktın tərtib edilməməsinə görə o, məsuliyyət daşımamalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-3957/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 02 noyabr 1998-ci il tarixli, 07 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının mövcud olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırki mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, məhkəmənin cavabdeh orqana sorğusu nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir qismi kənd təsərrüfatı təyinatlı, digər qismi isə yaşayış məntəqəsi torpaqları kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bu baxımdan, cavabdeh imtinası əsassız hesab edilərək iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

9 noyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Maddə 69. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilindəki bütün torpaqlar şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin torpaqları hesab edilir və müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin ixtiyarındadır. Maddə 70. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri torpaqlarının tərkibi Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 1) tikinti torpaqları; 2) ümumi istifadədə olan torpaqlar; 3) kənd təsərrüfatı təyinatlı və digər torpaqlar; ... Maddə 71. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadə Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə, eləcə də yer-təsərrüfat quruluşu planlarına müvafiq surətdə istifadə edilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi qərarında ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsinin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasına maneə təşkil etmədiyini və mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alındığını qeyd etmiş, bununla da cavabdehin imtinasını əsassız sayaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 02 noyabr 1998-ci il tarixli, 07 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının olmaması; 2) Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, mübahisəli 0,10 ha torpaq sahəsinə dair Saray bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin yerləşmə yeri və koordinatları dəqiq göstərilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 14 iyun 2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,1107 ha olduğu, torpaq sahəsində yaşayış evinin olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər hansı inzibati icraat çərçivəsində sənədləşmə işinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması ilə bağlı cavabdehin ikinci dəlilinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi mübahisəli torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, 34,7 ha torpaq sahəsi icra hakimiyyəti başçısının sərəncamı əsasında Saray üzümçülük sovxozunun torpaqlarından sovxozun örüş yerindən qəsəbə üzrə nümayəndəliyə verilmiş, daha sonra nümayəndəliyin sərəncamı ilə 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Cavabdehin istinad etdiyi kənd təsərrüfatına yararlı torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı məhdudiyyət isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir. Hazırkı torpaq sahəsi isə iddiaçıya bələdiyyə tərəfindən deyil, sovxoz torpaqlarından icra hakimiyyətinin nümayəndəliyinə verilmiş torpaqlardan icra hakimiyyətinin nümayəndəsi tərəfindən ayrılmışdır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, kolxozlara, sovxozlara, kəndli (fermer) təsərrüfatlarına, digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına — əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi sovxozların mülkiyyətində olan torpaqlar məhz kənd təsərrüfatı təyinatlı torpaqlardır, hansı ki iddiaçının hazırda üzərində mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi vaxtilə sovxoz mülkiyyətində olmuş bu kateqoriyadan olan torpaq sahəsidir. Bununla yanaşı, cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, **********09, **********75 və **********44 reyestr nömrəli çıxarışlara əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələri mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin qonşu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair **********09, **********75 və **********44 reyestr nömrəli çıxarışlardan müəyyən edilir ki, qonşu torpaq sahələrinin hər üçü kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən, bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya cavabdehin 2-ci dəlilini də əsassız hesab edir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ siyahının 2.7-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 02 noyabr 1998-ci il tarixli, 07 nömrəli sərəncamına əsaslanır. “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri baxımından, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-3957/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar