Məhkəmə qərarları › İş №2-1(105)-446/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-446/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-446/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Açar sözlər: vəzifə (tarif) maaşının misli məbləğində əlavə ödənişlərin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 033 saylı, 02 aprel 2020-ci il tarixli əmrindən görünür ki, yeni növ koronavirus (C0VİD-19) təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün 3 misli məbləğində əlavə ödənilməsi qərara alınmışdır (siyahı əlavə olunur), həmin siyahıda 38-ci sırada t/x baş leytenat İddiaçı-Poliknika şöbəsinin Təxirəsalınmaz bölməsinin rəisi qeyd edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 068 saylı, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, yeni növ koronavirus (COVİD-19) təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına 2020-ci il iyunun 1-dən oktyabrın 1-dək olan müddət üçün əlavələr ödənilməsi qərara alınmışıdr-(siyahı əlavə olunur), həmin siyahıda 23-cü sırada t/x baş leytenat İddiaçı-Poliknika şöbəsinin Təxirəsalınmaz bölməsinin rəisi qeyd edilmişdir. Cavabdeh Tibb Xidmətinin 08 may 2025-ci il tarixli, 3-18-17/2-253/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 388-ci sırasına əsasən (5.2-ci yarımbəndi - əməyin təşkili, əmək məhsuldarlığı, əmək intizamı) işə dəvamiyyət uçot jurnallarının saxlanma müddəti bir ildir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 2020- 2021-ci il tarixlərində əsas iş yeri üzrə və X6 giriş-çıxışlarına dair müvafiq məlumatların mövcud olmadığını bildiririk. Eyni zamanda bildiririk ki, məhkəmə sorğusuna əlavə edilmiş sənədlərlə əlaqədar Nazirliyin Tibb Xidmətində müvafiq məlumatlar mövcud olmadığından onlara dair münasibət bildirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “2020-ci ilin noyabr ayı və 01.02.-xx.xx.2021-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti X3 şöbəsinin Terapiya və Təxirəsalınmaz Yardım bölməsinin rəisi bölmə rəisi kimi həkim anestezioloqreanimatoloq vəzifəsində xidmət göstərmişdir. O, 02 mart 2022-ci il tarixdə ehtiyata buraxılıb. 2020-ci ilin noyabr ayı, 01.02.-xx.xx.2021-ci il tarixlərində COVİD-19 infeksiyasina qarşı fasiləsiz profilaktik tədbirlər və FHN əməkdaşlarının vaksinasiyanda fəaliyyət göstərib. Həmin müddətdə qanunvericiliklə nəzərdə tutulan aylıq vəzifə (tarif) maaşının 3 misli ona ödənilməyib. Eyni zamanda, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 3 ay müddətində FHN X7 tipli Hospitalında fasiləsiz COVİD-19 infeksiyasina yoluxmuş xəstələrin müalicəsi ilə bilavasitə məşğul olmuşdur. Lakin bu müddətdə də nəzərdə tutulan aylıq vəzifə (tarif) maaşının 5 misli ona ödənilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin 0261/ş nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən X3 şöbəsinin Təxirəsalınmaz bölməsinin bölmə rəisi həkim anestezioloq-reanimatoloq İddiaçı istefaya buraxılaraq xx.xx.2022-ci ildən 45 gün növbəti əmək məzuniyyəti və əlavə 45 gün məzuniyyət verilməklə xx.xx.2022-ci il tarixində şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli, 112 nömrəli Qərarının icrası məqsədilə, Fövqəladə Hallar Nazirliyinin 02 aprel 2020-ci il tarixli və 033 nömrəli əmrinə əsasən, 2020-ci ilin mart, aprel, may ayları üçün ştat üzrə 555.00 manat olan vəzifə maaşının 3 (üç) misli hər ay 1665.00 manat olmaqla cəmi 4995.00 manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 149.85 manat tutulmaqla 4845,15 manat ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 25 mart tarixli 112 nömrəli Qərarının icrası məqsədilə, Fövqəladə Hallar Nazirliyinin 07 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrinə əsasən 2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üçün vəzifə maaşının 3 (üç) misli hər ay 1665.00 manat olmaqla cəmi 6660.00 manat hesablanmış və 3 % məcburi dövlət sosial siğorta haqqı 199.80 manat tutulmaqla 6460,20 manat ödənilmişdir. 1 mart 2022-ci il tarixinədək iddiaçının əmək haqqı barədə məlumatları vəzifə maaşı - 555 manat, rütbə maaşı - 146 manat, 2-ci məharət dərəcəsi üçün - 138.75 manat, xidmət illərinə görə əlavə -105.15 manat, ərzaq pulu - 64 manat, cəmi 1119.9 manat müvafiq tutulmalar, gəlir vergisi - 70.14 manat 3 faiz sosial - 33.59 manat 2 faiz icbari -21.11 manat. Göründüyü kimi yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata keçirən siyahıda qeyd olunan işçi kimi iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 01 mart 2020-ci il tarixindən 01 oktyabr 2020-ci il tarixədək müddət üçün əlavə ödənişin edilməli olması müvafiq əmrlər əsasında təsdiqini tapmış və ödənişlər həyata keçirilmişdir. 2020-ci ilin noyabr ayı, 01.02-xx.xx.2021-ci il tarixləri, xx.xx.2020-ci il tarixdən - xx.xx.2020-ci il tarixənədək və 7.12.2020-ci il tarixdən 26 yanvar 2021-ci il tarixinədək İddiaçı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməsi barədə məlumatlar mövcud olmadığından iddia tələbəninin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirlər. Eyni zamanda, eyni məsələ ilə bağlı iddiaçı X1 iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmış və iddia tələbi həmin məsələyə aid olan hissədə rədd edilmişdir. İddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 033 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına 2020-ci ilin martın 1-dən iyunun 1-dək olan müddət üçün 3 misli məbləğində və 068 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən əməkhaqlarına aylıq vəzifə (tarif) maaşına 2020-ci ilin iyunun 1-dən oktyabr ayının 1-dək olan müddət üçün əlavələr ödənilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında ona həmin ödənişlərin ödənildiyini etiraf etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi dövlər üzrə (2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş hər hansı əmrin mövcudluğu aşkar edilməmişdir. Həmin dövrlər üzrə ümumiyyətlə heçbir şəxsə tələb olunan ödənişlər edilməmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya tələb etdiyi dövrlər üzrə ödənişlər edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı cavabdeh tərəfindən ona ödənişlərin ödənilməməsinə dair halları sübut edə bilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qeyri-qanuni qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı onun tələb etdiyi dövlər üzrə (2020-ci ilin noyabr ayı və xx.xx.2021xx.xx.2022-ci il tarixləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) Azərbaycan Respublikasının Fövqəladə HallarNazirliyi tərəfindən verilmiş hər hansı əmrin mövcudluğu aşkar edilməmişdir. Həmin dövrlər üzrə ümumiyyətlə heç bir şəxsə tələb olunan ödənişlər edilməmişdir.” Onun iddia olunan müddətlərdə cavabdeh FHN-nin modul tipli xəstəxanasında fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır və onun fəaliyyəti rəisi tərəfindən verilmiş göstəriş əsasında həyata keçirilib. Onun COVİD-19 infeksiyasina yoluxmuş xəstələrin müalicəsi üçün müəyyən olunan modul tipli xəstəxanada özbaşına xəstələri müalicə etməsi sadəcə mümkün deyil. Bütün dünyada təhlükəli, insanların xəstəliyə yoluxmadan qorxduğu bir zamanda özünü təhlükəyə atmaqdan çəkinməmiş, uzun müddət ağır xəstələri müalicə edərək sağaltmış, onları yenidən həyata, ailələrinin yanına qaytarmışdır. Məhz bu vəziyyəti – fəaliyyətin təhlükəliliyini, ağırlığını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam vermiş, Nazirlər Kabineti də həmin Sərəncamın icrasını təmin etməkməqsədilə qərar qəbul etmişdir. Bundan başqa, qərarda göstərilənləndən belə çıxırki, hərbiləşdirilmiş dövlət qurumunda hərbi qulluqçu olan o, təxirəsalınmaz qaydada modul xəstəxanaya getmək barədə rəhbərliyin göstərişi yerinə yetirməkdən boyun qaçırmalı, buna dair müvafiq əmri tələb etməliydi ki, nə zamansa məhkəməyə təqdim etsin. Məhkəmə onu da nəzərə almayıb ki, cavabdeh dövlət orqanı nəinki ona, hətta məhkəməyə də tələb olunan sübutların təqdim edilməsindən boyun qaçırıb. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixində iddia ərizəsi təqdim edilib. xx.xx.2024-cü il tarixdə məhkəmə sərəncamı verilib. Cavabdeh isə birilə yaxın müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə, yəni iş üzrə qərar qəbul edilməsindən bir gün əvvəl etiraz verib. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanı: Bənd 10.4. Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamı: Bənd 1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli Qərarı:

1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi “2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün vəzifə (tarif) maaşının 3 mislinin, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətlər üçün aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində ödənişlərin hesablanaraq ona ödənilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tibbi işçisi olmaqla, müvafiq tibbi profilaktik tədbirlərin həyata keçirilməsində iştirak etmişdir. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarının icrası məqsədilə yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşına əlavələr ödənilməsi ilə bağlı 033 saylı xx.xx.2020-ci il tarixli və 068 saylı xx.xx.2020-ci il tarixli Əmr qəbul edilmişdir. Həmin əmrlər əsasında adları qeyd edilən işçilərə (o cümlədən iddiaçıya) 033 nömrəli 02 aprel 2020-ci il tarixli əmri ilə 2020-ci ilin mart ayının 1-dən iyun 1-dək, 068 nömrəli 07 sentyabr 2020ci il tarixli əmrə əsasən isə iddiaçıya 2020-ci ilin iyun ayının 1-dən oktyabr 1-dək müddət üçün aylıq vəzifə maaşına əlavə ödəniş həyata keçirilmişdir. İndiki halda iddiaçı müvafiq əmrlər üzrə qeyd edilən dövrlərdən başqa 2020-ci ilin noyabr ayı və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətlərdə də yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilmiş tibbi profilaktik tədbirlərdə iştirak etdiyindən, həmin dövrlər üzrə də ona vəzifə maaşının 3 və 5 misli miqdarında əlavə ödənişlərin ödənilməli olduğunu bildirərək, hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan isə müvafiq tibbi proflaktik tədbirlərin həyata keçirilməsində iştirak edən şəxslərə əlavə ödənişin ödənilməsi ilə bağlı mövcud əmrlər əsasında ödənişin həyata keçirildiyini, həmin əmrlər əsasında iddiaçıya da ödənişin ödənildiyini, başqa hər hansı əmr və ya iddiaçının istinad etdiyi müvafiq tədbirlərdə iştirak etməsi ilə bağlı məlumatlar mövcud olmadığından, tələb edilən dövrlər üzrə ödənişin verilməsindən imtina etmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. İndiki halda isə iddiaçı tərəfindən həmin hallara dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən yalnız müvafiq tibb müəssisələrinə giriş-çıxış məlumatına dair kserosurət olan cədvəllər təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı həmin məlumatların mötəbərliyini müəyyən etmək məqsədilə iddiaçının iddia tələbində qeyd etdiyi dövrlər üzrə müvafiq tibb müəssisələrinə giriş-çıxış məlumatlarına dair sənədlər tələb edilsə də, cavabdeh tərəfindən işə davamiyyət jurnallarının saxlanma müddəti bir il olduğundan, həmin məlumatların mövcud olmadığı, habelə məlumatlar mövcud olmadığından həmin cədvəllərə münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki iddianın növü öhdəliyin icrası haqqında iddia olmuşdur. Qeyd edilən iddia növü üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübutetmək vəzifəsi iddiaçının üzərinə, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübutetmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İndiki halda cavabdeh inzibati orqan iddiaçıya mövcud olan əmrlər əsasında ödənişin etmiş, iddia edilən dövrlərlə bağlı hər hansı məlumat olmadığından, ödənişin edilməsindən imtina etmişdir. Məlumatın mövcud olmaması halı isə həmin sənədlərin saxlanma müddəti bitməsi ilə bağlı ortaya çıxmışdır. Belə olan halda kollegiya qeyd edir ki, indiki hala iddiaçı 2020-2021-ci ilə aid dövrlərlə bağlı ödənişin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə 2024-cü ildə müraciət etmişdir. Halbuki, iddiaçı hazırki iddia tələbinin əsası kimi istinad etdiyi hallara barədə artıq həmin vaxtda məlumatlı olmuşdur. Nəticə etibarilə iddiaçının məhkəmə müdafiəsi hüququndan hüququnun pozulması ehtimalı barədə məlumatlı olduğu vaxtda istifadə etməməsi halı məhz iddia tələbinin əsaslılığını müəyyən etmək üçün zəruri olan sübutların hazırda əlçatan olmamasına gətirib çıxartmışdır. Başqa sözlə desək, iddiaçının istinad etdiyi məlumatların hazırda məhkəməyə təqdim edilməməsi cavabdehin təqsiri nəticəsidə baş verməmiş, dolayısı ilə həmin məlumatların hazırda əldə edilməsinin mümkün olmamasına iddiaçının vaxtında hüquqi müdafiə vasitəsindən istifadə etməməsi ilə bağlı halların təsiri olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi cədvəllərin və tələbin əsası kimi istinad etdiyi məlumatların mövcduluğunu müəyyən etmək mümkün olmadığından, həmin məlumatların hazırki iddianının əsaslılığının müəyyən edilməsi üçün mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. İddiaçı tərəfindən isə bundan başqa hər hansı sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da iddianının əsaslılığını müəyyən edən hər hansı halın mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina və etirazının dəlilləri əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar