Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-447/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X4 adına verilmiş 02.12.2016-cı il tarixli, Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-923/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən X4 adına verilmiş 02.12.2016-cı il tarixli, Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-923/2021 saylı qərardadı ilə iddia mümkün saylımamışdır. (hakim Leyla Mirzəyeva) Qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-923\2021 saylı qərardadı ilə onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına zidd olaraq mümkün sayılmamışdır. Həmin qərardadı aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, ünvan 1 ünvanda 600,0 kv.metr torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun atası X2 adına qeydiyyata alınmışdır. Qusar rayon məhkəməsinin icratında qardaşı X3 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki iş olmuş və məhkəmənin 16 may 2014-cü il tarixli, 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X3 01 iyun 2003-cü il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış, 01 iyun 2003-cü il tarixdə vəfat etmiş X5 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra o, mərhum atası Səbri Babayevin qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan vərəsə kimi özünə çatası payını tələb etmişdir. Bu məqsədlə Qusar rayon Məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar rayon Məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli, 2(029)-240/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin, Qusar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artıq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oğlu Faiq Babayevin adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Ona görə də, o, Qusar rayon Məhkəməsində Abdulməcid Babayevin adına verilmiş çıxarışın, o cümlədən Faiq Babayevin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)- 292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş Seriya RX ******* saylı, 02 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X4 adına verilmiş 11 noyabr 2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Faiq Babayevin adına 02.12.2016-cı il tarixli, seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, həmin çıxarışın verilməsinə əsas olan sənədlər etibarsız hesab olunmuşdur. Lakin, Sumqayıt İnzibati Məhkəməsi Faiq Babayevin adına verilmiş həmin çıxarışın onun hüquq və mənafeyini pozmasını nəzərə almamış və məhkəmə müdafiəsi hüququnu pozaraq iddianı mümkünsüz hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müvafiq tələblə müraciət edilməsi müəyyən edilmir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Sumqayıt Ərazi İdarəsinin 24 iyul 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, həmin məktub fərdi qaydada fəaliyyət göstərən vəkil X7 məlumat xarakterli 11 fevral 2020-ci il tarixli, 05 №-li məktubuna cavab olaraq yazılmışdır. Həmin cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur. «Bildiririk ki, X4 adına olan Qusar şəhəri, H.Əliyev prospekti, 87 ünvanında yerləşən fərdi yaşayış evi Sumqayıt «ASAN xidmət» mərkəzində notariat kontorunun 01 iyul 2018-ci tarixli, 4Ə-2254 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X6 adına özgəninikiləşdirilmişdir. Həmin sənədlərin təsdiq olunmuş surətilərini sizə göndəririk» (i\v 8). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-923/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-447/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-447/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver