Məhkəmə qərarları › İş №2-1(105)-447/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-447/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-447/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, X3 işdən azad olunması üçün cavabdehin qarşısında öhdəlik qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-1646/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2023-cü il tarixli, 10/177-k nömrəli əmri ilə Sumqayıt şəhər Prokurorluğunun böyük mütəxəssisi X4 töhmət elan edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 2-2-10/4/3-558/2023 27 aprel 2023-cü il tarixli qərarın ləğv edilib, X3 işdən azad olunması üçün cavabdehin qarşısına öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, X3 işdən azad olunması üçün cavabdehin qarşısında öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhər 2 saylı Poliklinikasında tibb bacısı işləyir. İş yoldaşı, digər tibb bacısıyla aralarında bəzi anlaşılmamazlıqlar olmuşdur. 11 fevral 2023-cü il tarixdə əvvələr görmədiyi, sonradan adını bildiyi Sumqayıt şəhər Prokurorluğunun böyük mütəxəssisi X7 onun münaqişədə olduğu digər tibb bacısının və onlarla birlikdə işləyən baş həkim olan otağa daxil olmuşdur. Cibindən vəsiqə çıxararaq baş həkimə özünü prokurorluğun müstəntiqi kimi təqdim edərək ifadə almağa gəldiyini bildirmiş və baş həkimin otaqdan çıxmasını bildirmişdir. Baş həkim otaqdan çıxaraq bu barədə şöbə müdirinə məlumat verməyə getmiş, baş həkim otaqdan çıxdığı vaxt o və münaqişəli olduğu digər tibb bacısı otaqda qalmışdır. X7 digər tibb bacısının yanında ona nalayiq ifadələr işlətməyə və digər tibb bacısı ilə aralarında münaqişəni həll etməyə gəldiyini bildirmişdir. Bu vaxt o, məsələnin başqa istiqamətə doğru getdiyini gördüyü zaman otağı tərk etmişdir. Elə həmin vaxtda X7 da arxasınca otaqdan çıxaraq ona hamının gözü qarşında hədələr gəlməyə başlamışdır. İnsanların diqqətinin onlarda olduğunu gördükdə ona barmaq silkələyərək “bütün qohum əqrabanın başına nə gəlsə məndən bil deyərək” pilləkənlərdən aşağı enərək, Sumqayıt şəhər 2 saylı Poliklinikasını tərk etmişdir. Həmin gün işdən ona məxsus şəxsi nəqliyyat vasitəsilə evə gedərkən “Toyota” markalı qara avtomobilin onu təqib etdiyini hiss etmişdir. Xeyli məsafədən sonra “Toyota” markalı avtomaşın işiqforun qırmızı işığında onun nəqliyyat vasitəsinin yanında duranda X3 həmin avtomobili idarə etdiyini görmüşdür. X3 Sumqayıt şəhər 2 saylı Poliklinikasında ona etdiyi təhdidlər yadına düşmüş və yolu dəyişərək başqa istiqamətdə yolunu davam etdirmişdir. X7 idarə etdiyi nəqliyyat vasitəsinin yolunu dəyişərək onu yaşadığı evə qədər təqib etmişdir. Yaşadığı ünvana çatanda isə o, həmin ərazidən uzaqlaşmışdır. Düşünmüşdür ki, X7 ona etdiyi təhdidlərə görə göz dağı vermək qərarına gəlib, bu səbəbdən ona fikir verməmişdir. Ertəsi gün işdən evə qayıdanda eyni halın təkrarlandığını görmüşdür. Belə ki, Anar Həsənov idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə onu yenidən təqib etmişdir. Bu səfər cəld tərpənərək yaşadığı mənzilə yox, başqa istiqamətə yol almışdır. Ailəli olduğundan evdə bu barədə bir söz deməmişdir. Yeni bir iş günündən şəxsi nəqliyyat vasitəsilə işdən qayıdarkən işıqforda ağ rəngli nəqliyyat vasitəsinin yanında dayandığını hiss etmişdir. Yanında dayanan nəqliyyat vasitəsi ön yan şüşəni aşağı saldıqda X3 olduğunu görmüş və yolunu davam edərək qardaşıgil qalan məhləyə gəlmişdir. Bu vaxt yenə onun avtomobildən düşdüyünü gördükdə Anar Həsənov həmin ərazidən uzaqlaşmışdır. Bu hadisələrdən bərk qorxmuş, olmuş hadisələri ailəsinə danışmaq qərarına gəlmiş və bu barədə Sumqayıt şəhər Prokurorluğuna ərizə ünvanlamışdır. Sumqayıt şəhər Prokurorluğu işi araşdırmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərmiş və araşdırma başlanmışdır. Yuxarıda göstərdiyi bütün qanunsuz hallar şahid ifadələri ilə tam əksin tapmış və hadisənin düzgün əksini tapması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu ona 2-2-11/11859-22 saylı məktub ünvanlamışdır. Ona qarşı qanunazidd hərəkətləri barədə müraciətinin nəticəsi ilə maraqlandığı zaman ona məlum olmuşdur ki, X7 barəsində intizam tənbehi tətbiq edilib. X3 cinayət xarakterli hərəkətlərinin töhmət intizam tənbehi ilə nəticələnəcəyini gözləmirdi. X7 cinayət prosessual qanunvericiliyi ilə müstəntiqə həvalə edilmiş səlahiyyətlərdən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, cəmiyyətdə qəbul edilən əxlaq normalarına zidd olaraq himayə etdiyi şəxsə əlavə imtiyazların verilməsi məqsədi ilə yuxarı vəzifəli şəxslərə təsir edib, özünü prokurorluğun müstəntiqi kimi təqdim edərək səhiyyə orqanında şöbə müdirini xidməti otaqdan çıxarıb və ondan “ifadə” almağa çalışıb və prokurorluq əməkdaşına yaraşmayan, qadına qarşı hədə-qorxu gəlmişdir. Bundan əlavə, X7 üzrxahlıq etmək əvəzinə, yuxarı vəzifəli şəxs olduğunu, şikayətin xeyri olmyacağını ona çatdırmağa çalışıb, bahalı avtomobilini nümayiş etdirməklə 3 dəfə fərqli avtomobillərlə onu təqib etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi Nümayəndə1 müvafiq hüquqi yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-1646/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, məhkəmə qərardadında X5 töhmət elan edilməsinə dair əmri mübahisələndirmək üçün subyektiv hüququn mövcud olmamasını qeyd etmişdir. Subyektiv hüquq qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır. Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericilikdə müəyyən olunan və dövlət tərəfindən təmin edilən hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur. Azərbaycan Respublikası Konsitutsiyasının 72-ci maddəsinə görə hər kəs Konsitutsiya və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır. X3 qanunlara riayət etməməsi, iddiaçının hüquqlarını pozması, sonuncunun şikayət etmək, şikayət nəticəsində qəbul edilmiş qərarı mübahisələndirmək hüququ özündə subyektiv hüququnu ehtiva edir. Məhkəmənin Anar Həsənovu üçüncü şəxs olması əsası ilə iddianı mümkün saymaması İPM-nin tələblərinin pozulmasıdır. Belə ki, mübahisələndirmə haqqında iddiaların əksəriyyətində üçüncü şəxsin olması qaçılmazdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşdən görünür ki, iddiaçının tələbi “cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, X3 işdən azad olunması üçün cavabdehin qarşısında öhdəlik qoyulması” barədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-1646/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar